Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın reallaşdırdığı yol-nəqliyyat layihələri bölgənin inkişafına, regionda əməkdaşlıq və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir

Azərbaycanın reallaşdırdığı yol-nəqliyyat layihələri bölgənin inkişafına, regionda əməkdaşlıq və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir

05.06.2021 [09:13]

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə və zəruri infrastrukturun yaradılmasına başlayıb. Bəhs olunan ərazilərin bərpası yeni yanaşmalar əsasında həyata keçirilir və layihələrin icrası zamanı dünyadakı ən müasir standartlar tətbiq edilir. Dost ölkələrin şirkətlərinin iştirakı ilə görülən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini isə yol-nəqliyyat infrastrukturunun yaradılması təşkil edir ki, bu da təsadüfi deyil. İşğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun yaradılması, necə deyərlər, bir sıra nöqteyi-nəzərdən həyati vacib əhəmiyyətli məsələdir. Mütəxəssislərin də bildirdikləri kimi, zəruri yol infrastrukturu qurulmadan bəhs olunan ərazilərə Böyük Qayıdışı reallaşdırmaq, bölgənin iqtisadi inkişafını təmin etmək əsla mümkün deyil. Digər tərəfdən, yaradılacaq yeni nəqliyyat bağlantıları regionda əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Sülhsevər dövlət olan Azərbaycan üç onillik ərzində işğaldan əziyyət çəkməsinə rəğmən, müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq niyyəti sərgiləyir.
Naxçıvanın blokadasına son qoyulması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq
Hazırda Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə paralel şəkildə bir neçə yol-nəqliyyat layihəsinin icrası uğurla davam etdirilir. O cümlədən bizim hər birimiz üçün əziz olan Şuşanın Azərbaycanın digər bölgələri ilə rahat nəqliyyat bağlantısını təmin etmək üçün iki yol çəkilir. Həmin yollardan birinə dövlət başçımız “Qələbə yolu” adı verib. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Şuşaya çəkilən digər yol isə nisbətən aran ərazilərdən keçir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev müharibə başa çatdıqdan sonra vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfərlərə gedir və orada müxtəlif təyinatlı layihələrin icra vəziyyəti ilə şəxsən tanış olur. Dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində yeni yol layihələrinin təməlinin qoyulması da bir növ ənənə halını alıb. Bu baxımdan Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə son səfəri də istisna təşkil etmir. 28 May - Respublika Günündə baş tutan bu səfər zamanı dövlətimizin başçısına Ağdam şəhərinin Baş Planı təqdim olunub. Prezident İlham Əliyev burada bir sıra infrastruktur obyektlərinin, o cümlədən də Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasiminə qatılıb. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında yeni yolun inşasına başlanılmasından məmnunluğunu bildirərək “Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur”, - deyə vurğulayıb.
İşğaldan azad olunmuş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması kompleks səciyyə daşıyır. Yəni burada icrası nəzərdə tutulan layihələr yalnız avtomobil yollarının çəkilməsini deyil, həm də dəmir yolu xətlərinin inşasını , hava limanlarının tikintisini də əhatə edir. Hazırda Füzulidə beynəlxalq hava limanının inşası uğurla davam etdirilir. Daha bir beynəlxalq hava limanının təməli Prezident İlham Əliyevin iştirakı ilə Zəngilanda qoyulub. İşğaldan azad edilmiş ərazilərdə sayca üçüncü beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində reallaşdırılacaq.
Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yol-nəqliyyat layihələrindən biri Horadiz-Ağbənd dəmir yolu xəttinin inşasını əhatə edir. Bu infrastruktur obyektinin də təməli Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bəhs olunan nəqliyyat bağlantısı işğaldan azad edilmiş ərazilərə ölkənin digər bölgələrindən vətəndaşların gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, bərpa və ondan sonrakı dövrdə bu ərazilərə yüklərin tez və ucuz çatdırılmasına yeni imkanlar yaranacaq, turistlərin gediş-gəlişi asanlaşacaq. Horadiz-Ağbənd dəmir yolunun inşası Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa bağlantı yaradılması baxımından da mühüm əhəmiyyətə malikdir. Naxçıvanın blokadasına son qoyulması Azərbaycan üçün strateji önəm daşıyır. Buna görə də respublikamız regionda nəqliyyat kommunikasiyalarının bərpasını və Naxçıvanla ölkəmizin əsas hissəsini birləşdirən zəruri infrastrukturun qurulmasını şərt kimi irəli sürüb. Bununla bağlı müddəalar ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda təsbit olunub. Sözügedən sənədin 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Sənəddə o da qeyd olunub ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Eyni zamanda, cari il yanvarın 11-də Moskvada imzalanan yeni üçtərəfli bəyanat tərəflərin noyabrın 10-da imzalanan sənədin müddəalarına sadiq qaldıqlarını bir daha təsdiqlədi. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə dəmir yolu və avtomobil yolu kimi iki mühüm komponenti birləşdirir. Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında yaradılacaq nəqliyyat dəlizinin önəminə diqqət çəkərək vurğulayıb: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.
Yaradılacaq Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qardaş Türkiyə və digər region dövlətləri ilə nəqliyyat bağlantıları daha da möhkəmlənəcək
Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən istifadə edərək tranzit imkanlarını ardıcıl şəkildə genişləndirməyi hədəfləyib. Bu strateji kursa uyğun olaraq son 17 ildə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin ölkəmizin ərazisindən keçən hissələrində böyük həcmlərdə investisiya qoyuluşu hesabına əsaslı yenidənqurma işləri görülüb. Ölkəmiz qədim İpək Yolu marşrutunun bərpasında fəal iştirak edir. Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur. Ölkəmiz liderlik keyfiyyəti nümayiş etdirərək Xəzərin sahilində ən böyük liman inşa etməyə nail olub. Aparılan ardıcıl siyasət, öz növbəsində, Azərbaycanın regionun əvəzolunmaz nəqliyyat-logistika habına çevrilməsini təmin edib. Yuxarıda bəhs olunan üçtərəfli Bəyanata əsasən Zəngəzur dəlizinin yaradılması ilə ölkəmizin tranzit imkanları daha da artacaq. Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, dəhliz işə düşdükdən sonra Azərbaycanın qardaş Türkiyə ilə ikinci dəmir yolu bağlantısı yaranacaq. Prezident İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bundan məmnunluğunu xüsusi olaraq nəzərə çatdırıb. “Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qədim Azərbaycan torpağı olan Zəngəzurdan keçməklə yaradılacaq nəqliyyat-kommunikasiya dəhlizi yalnız respublikamızın deyil, həm də bütün region dövlətlərinin maraqlarına cavab verir. 44 günlük müharibənin nəticəsi olaraq yeni əməkdaşlıq konfiqurasiyasının yaradılması və onun funksionallığının təmin edilməsi Cənubi Qafqazda sabitliyin, qarşılıqlı etimad mühitinin formalaşmasının mühüm şərtlərindən biridir. Beynəlxalq miqyasda Zəngəzur dəhlizi kimi qəbul edilən yeni nəqliyyat-kommunikasiya bağlantısı praktiki müstəvidə də region dövlətlərinə fayda gətirəcək. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müzakirələrdəki çıxışında bu amilə diqqət çəkərək deyib: “Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.
Hazırda regionun bütün dövlətləri yeni nəqliyyat dəhlizinin yaradılmasına böyük maraq göstərirlər. Qeyd edək ki, yeni dəhlizin yaradılması ilə Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Ağıllı siyasət aparacağı təqdirdə Ermənistanın özü də regionda yaranan yeni konfiqurasiyadan faydalana bilər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31