Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır

05.06.2021 [09:14]

1991-ci ildə ikinci dəfə dövlət müstəqilliyi əldə etmiş Azərbaycan qısa zaman kəsiyində çox ciddi siyasi, ictimai və iqtisadi problemlərlə üz-üzə qaldı. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin, eləcə də hakimiyyətə can atan AXC-nin hərisliyi ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsini yaratdı. Bəhs edilən dövrdə Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, eləcə də daxili qarşıdurmalar müstəqilliyini yenicə əldə edən respublikamızın varlığına çox ciddi təhdidlərin yaranmasına səbəb oldu.
Vurğulamaq lazımdır ki, 1992-ci ilin fevralından başlayaraq hakimiyyətə gəlmək üçün bütün vasitələrə baş vuran Azərbaycan Xalq Cəbhəsi əllərində olan silahlı birləşmələri şəxsi məqsədləri üçün cəbhə xəttindən paytaxta gətirir, siyasi hakimiyyətə yiyələnmək üçün silahlı təzyiqlər həyata keçirirdi. Məhz bu hakimiyyət oyunları nəticəsində ard-arda Şuşa və Laçın mənfur düşmənin işğalına məruz qaldı. Həmin il mayın 14-də respublikada cərəyan edən son dərəcə ziddiyyətli hadisələrin fonunda qeyri-qanuni yolla hakimiyyətə yiyələnən AXC-”Müsavat” iqtidarının siyasi səriştəsizliyi qısa zamanda ölkəni idarəolunmaz vəziyyətə gətirib çıxardı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşınalıq, xaos, hərc-mərclik o dövrü xarakterizə edən əsas cəhətlərdən idi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, tez-tez dəyişən qərarlar, ölçüyəgəlməz özbaşınalıqlar AXC-”Müsavat” iqtidarının ölkəni idarə edə bilməyəcəyini aşkar şəkildə ortaya qoyurdu. Onu da xüsusi olaraq vurğulayaq ki, həmin vaxt AXC-”Müsavat” iqtidarının daxilindəki çəkişmələr və səriştəsizlik 1993-cü ilin aprelində Dağlıq Qarabağa bitişik ən strateji nöqtələrdən sayılan Kəlbəcər rayonunu da xəyanətin qurbanına çevirdi. Ardından isə ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı.
Xatırladaq ki, AXC-”Müsavat” hakimiyyətinin təyin etdiyi ordu birləşmələri komandirləri özlərini “səhra komandanı” kimi görür, silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Belə bir məqamda Azərbaycan hakimiyyəti silahlı birləşmələri, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-”Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Beləliklə, 1993-cü ilin 4 iyun hadisələri Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkə vətəndaş müharibəsi astanasına gəlib çıxdı.
Yenicə qazanılmış müstəqilliyin itirilməsi təhlükəsini hiss edən Azərbaycan xalqının ümid dolu nəzərləri isə həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən və şəxsi nüfuzu, aldığı müdrik qərarlarla muxtar respublikanın ayaqda qalmasını təmin edən Ulu Öndər Heydər Əliyevə dikilmişdi. AXC-”Müsavat” iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin bu ağır günündə öz dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə təkid edirdi. Heydər Əliyev xalqın və respublikanın ovaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəldi. Ulu Öndər bütün məsələləri öyrənib təhlil etdikdən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə qəti qərarını verdi və ölkə müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.
Vurğulamaq lazımdır ki, 1993-cü ilin 4 iyununda ölkədə baş verən gərgin və ziddiyyətli hadisələrdən sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi müstəqillik tariximizdə dönüş nöqtəsi, Milli Qurtuluşumuz oldu. Ümumilli Liderimiz Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində Milli Məclisin Sədri seçilməsi ilə ölkəmizin inkişaf tarixində yeni mərhələnin başlanğıcı qoyuldu. Qısa zaman ərzində ölkədə sabitlik əldə olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi. Bundan sonra isə Ulu Öndərin rəhbərliyi ilə dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsi, müstəqil ölkənin qanunvericilik bazasının formalaşdırılması, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi və digər istiqamətlər üzrə mühüm addımlar atıldı. Atılan ilk addımlardan biri ölkəmizdə nizami ordunun formalaşdırılması və vahid komandanlıq altında birləşdirilməsi oldu ki, bu da növbəti illərdə ordu quruculuğu prosesində əhəmiyyətli rol oynadı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan dövlətinin iqtisadi əsasları möhkəmləndirildi, ölkə özünün inkişaf yoluna qədəm qoydu. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə ilk müstəqil Konstitusiyamızın hazırlanması və qəbul edilməsi isə hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsinə yol açdı. 1993-2003-cü illər ərzində Ulu Öndərin rəhbərliyi ilə ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində də sistemli fəaliyyət göstərildi. Eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində mühüm addımlar atıldı. Dünyanın bir sıra dövlət və təşkilatları Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Nəticə etibarilə, 1993-cü ildə dövlətçiliyimizin və xalqımızın xilası ilə başlanan Milli Qurtuluş tarixi müasir, güclü və inkişaf etmiş Azərbaycanın təməllərini yaratdı.
Qeyd etmək lazımdır ki, məhz Milli Qurtuluşdan başlanan və 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun davam və inkişaf etdirilən dövlət siyasəti kursu bu gün də müasir Azərbaycanımızı böyük uğurlara daşımaqdadır. Ötən il baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində vaxtilə AXC-”Müsavat” hakimiyyətinin səriştəsizliyinin və hakimiyyət davasının qurbanına çevrilmiş işğal altındakı rayonlarımızın azad edilməsi də məhz əsası Milli Qurtuluşumuzla qoyulan böyük yolun uğurlu nəticəsidir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31