Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir

Dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir

08.06.2021 [09:35]

YAP ilə AKP arasında çoxistiqamətli əlaqələr və sıx təmaslar hər iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, eyni zamanda, tarixi ədalətin təmin olunmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına nail oldu. Digər tərəfdən, Azərbaycanın möhtəşəm qələbə qazanmaqla yaratdığı geostrateji reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və aparıcı güc mərkəzləri üçün də mühüm dividendlər vəd edir. Çünki bu gerçəkliklər fonunda bölgədə yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir. Yaranmış reallıqlardan biri də ölkəmizin yerləşdiyi regionun yeni geostrateji status əldə etməsidir. Şərqdən Qərbə geosiyasi tranzit oxunun mərkəzi nöqtələrindən olan bu bölgə, şübhəsiz ki, yeni mərhələdə çoxaktorlu - multilateral əməkdaşlıq platformasına çevriləcək.
Mühüm məqamlardan biri budur ki, postmünaqişə mərhələsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər miqyasına görə regional, strateji əhəmiyyətinə görə isə qlobal xarakterlidir. İndiki mərhələdə Azərbaycan Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Azərbaycanın fəal iştirakı və üstün mövqeyi fonunda cərəyan edən bütün bu proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək.
Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməllərə söykəndiyini və sarsılmaz olduğunu bir daha gördü
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın möhtəşəm tarixi qələbəsinin təmin olunmasına dost ölkələr də mənəvi-siyasi dəstək göstərməklə öz töhfələrini veriblər. Heç şübhəsiz ki, bu sırada qardaş Türkiyə həmişəki kimi öndə gəlir. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Dövlətimizin başçısının vurğuladığı kimi: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi”.
Əlbəttə, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. Başqa sözlə, iki qardaş ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir.
Bütövlükdə isə, bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Yeni mərhələdə də sıx təmaslar və intensiv əlaqələr dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan, ən yüksək zirvədə olan münasibətlərin uğurla davam etdirilməsində xüsusi rol oynayır.
YAP ilə AKP arasında əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır
Şübhəsiz ki, Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Eyni zamanda, bu münasibətlərin inkişafı dövlət qurumları ilə yanaşı, ölkələrimizin qeyri-hökumət təşkilatları, media qurumları, müxtəlif ictimai-siyasi təsisatları, o cümlədən hakim partiyaları arasındakı əlaqələrdə də özünü göstərir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi və YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdan ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri də ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, səfər zamanı YAP-ın nümayəndə heyəti bir sıra görüşlər keçirib, iki hakim partiya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Vurğulamaq yerinə düşər ki, Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbulu zamanı iki partiya arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır. Bundan başqa, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankarada AKP-nin mərkəzi qərargahında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşü zamanı iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə olunub. Həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar. İmzalanma mərasimindən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Azərbaycan münasibətlərini bütün dünya üçün qardaşlıq nümunəsi kimi dəyərləndirən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş deyib ki, Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki dövlət olsaq da, bir millət olduğumuzu bir daha həm azərbaycanlı qardaşlarımıza, həm də bütün dünyaya göstərdik. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə bildirib ki, ölkələrimiz tarixdə ən uğurlu və güclü əməkdaşlıq dövrünü yaşayır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP və AKP əməkdaşlıq əlaqələrində də dinamik mərhələ yaradıb.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə görüşü zamanı isə YAP-AKP əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. YAP nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyası Sədrinin müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımla görüşü zamanı da iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin vəziyyəti yüksək dəyərləndirilib. Bununla yanaşı, səfər çərçivəsində YAP nümayəndə heyətinin Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç ilə görüşü zamanı da Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib. Eyni zamanda, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun AKP Gənclər qollarının sədri Eyyub Kadir İnan ilə görüşü, həmçinin YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ilə Ədalət və İnkişaf Partiyasının Təftiş Komissiyasının sədri Ahmet Aydın arasında keçirilən görüş iki qardaş ölkənin hakim partiyalarının təcrübə mübadiləsi, gələcək əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Bütövlükdə, Ankarada YAP ilə AKP arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparılması, əməkdaşlığın səmərəliliyini artırmaq üçün koordinasiyanın yaradılması imkanlarının müzakirə olunması, iki partiya arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması və digər bu kimi məqamlar olduqca mühüm əhəmiyyət daşıyır.
Bütün bunlar həm də onu göstərir ki, dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Ən əsası, qeyd etdiyimiz kimi, YAP ilə AKP arasında səmərəli münasibətlər hər iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31