Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

09.06.2010 [14:05]

Sessiyanın ilk iclasında millət vəkilləri seçki qanunvericiliyinə münasibət bildiriblər
Dünən Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb. Sessiyanın ilk iclasında dövlət himni səsləndirilib. Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar edib.
ümid Partiyasının sədri İqbal Ağazadə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin növbədənkənar sessiyanın gündəliyinə daxil edilməsini təklif edib. O, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla da bağlı analoji təklif irəli sürüb. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə təklif edib ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilsin. O, həmçinin, parlamentdə azlığı təmsil edən partiyaların MSK-da boş qalmış yerlərə nümayəndələrinin seçilməsini də təklif edib. Spiker Oqtay Əsədov YAP-ın MSK-da bütün yerlərə nümayəndə irəli sürdüyünü deyib: “Parlamentdə təmsil olunan müxalifət partiyalarının sayı çoxdur. Bir yerə toplaşın və konkret fikrə gəlin. Azlığı təmsil edən siyasi partiyalar ümumi qərara gəldikdən sonra MSK-da boş qalmış iki yerlə bağlı qərar veriləcək”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilə bilər, amma bu, müxalifətin təklif etdiyi dəyişikliklər olmamalıdır. Onun sözlərinə görə, Seçki Məcəlləsində Avropa qanunvericiliyində olan müddəalar öz əksini tapıb.
S.Novruzov bildirib ki, YAP-ın Seçki Məcəlləsində namizədliyin qeydə alınması, müşahidəçilik missiyası və s. məsələlərlə əlaqədar təklifləri nəzərə alınıb. Millət vəkili hesab edir ki, Seçki Məcəlləsində olan müddəalar tam mütərəqqidir. Onun sözlərinə görə, siyasi partiyalar, QHT-lər müstəqil şəxslər istənilən halda seçkiləri müşahidə edə bilərlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tətbiqinə gəlincə, YAP İcra katibinin müavini vurğulayıb ki, Bakı şəhər İcra Hakimiyyəti bunun üçün müvafiq yerlər ayırıb. Hər hansı siyasi partiya həmin yerlərdə sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Amma müxalifət partiyalarının sosial bazası olmadığı üçün aksiyalar keçirə bilmir.
Milli Məclis sədrinin müavini Bahar Muradova Seçki Məcəlləsinin müddəalarının yerinə yetirilməməsi barədə deyilənləri əsassız hesab edib: “Qanundan narazı olanlar onu hər gün dəyişdirmək istəyənlərdir. Dünyanın heç bir yerində qanun tez-tez dəyişmir. Tez-tez dəyişiklik edildikdə qanuna inam azalır, insanlar onu mənimsəyə bilmirlər”. Vitse-spiker onu da deyib ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik və əlavələrin edilməsinə parlament seçkilərindən sonra baxıla bilər. “Siyasi partiyalar haqqında” Qanun yenidən işlənilməlidir. Lakin seçkilər ərəfəsində olmağımızı nəzərə alaraq, bu müzakirələri parlament seçkilərindən sonra siyasi partiyaların nisbətinə uyğun olaraq dəyişiklik etmək olar”, - deyə B.Muradova vurğulayıb.
Daha sonra YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov seçki qanunvericiliyi ilə bağlı müxalifət deputatlarının fikirlərinə münasibət bildirib: “Artıq parlament seçkiləri yaxınlaşır və bir sıra partiyalar öz imkanları daxilində bu prosesə hazırlıq işləri aparır. O cümlədən, Yeni Azərbaycan Partiyası da seçkilərə hazırlaşır. Müxalifət partiyaları isə seçkilərə hazırlaşmaq əvəzinə, yenə də səmərəsiz məşğuliyyətlə vaxtlarını keçirirlər. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycanda keçirilən seçkilər xalqımızın iradəsini ifadə edən səsvermə kimi tariximizə düşüb. Bu faktı beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir”.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycanın bugünkü inkişafı, yeniləşməsi, müasirləşməsi, eləcə də, vətəndaşların ölkədə həyata keçirilən siyasəti dəstəkləməsi də seçkilərin şəffaf keçirilməsini birmənalı şəkildə təsdiqləyir. O, bildirib ki, hər bir seçkinin nəticəsi xalq tərəfindən qəbul olunur, dəstəklənir. Müxalifətin taktikasının seçki komissiyalarının formatı üzərində qurulmasına gəlincə, YAP Sədrinin müavini hesab edir ki, bu taktika tamamilə səmərəsizdir. Əli Əhmədovun sözlərinə görə, bu gün seçki komissiyaları qanunauyğun fəaliyyət göstərir. “Dünyanın heç bir yerində seçki komissiyaları seçkinin taleyini həll etmir, seçki komissiyasında kimin olması seçkinin taleyini həll edən bir amil kimi nəzərdən keçirilmir. Azərbaycan müxafiləti tərəfindən bu təklif hər dəfə onların seçki konsepsiyasının mərkəzində duran məsələyə çevrilib. Bir neçə dəfə Azərbaycanda seçki komissiyalarının tərkibi dəyişib, yenə də nəticə eyni olub, xalq öz seçimini edib. Müxalifət seçki komissiyalarının tərkibi hesabına özlərinin itirilmiş nüfuzlarını kompensasiya etmək istəyir. Amma Azərbaycan vətəndaşları buna razı deyillər. Ona görə də, müxaliflər özlərinin xalq arasında nüfuzlarının itirilməsindən narahatlıq keçirməlidirlər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasını tələb edən müxalifətin dürüst seçki istəyinə şübhə etdiyini deyib: “Komissiyaların tərkibi paritet əsaslarla formalaşsa belə, müxalifətin seçkiyə namizəd verməyə adamı yoxdur. ötən bələdiyyə seçkilərində bunu gördük. 2009-cu ilin bələdiyyə seçkilərində ümumi namizədlərin 54,98 faizi YAP-ın, 39 faizi bitərəflərin nümayəndələri olub. Bu seçkilərdə 28 müxalifət partiyası ümumi namizədlərin 8 faizini təşkil edib. 28 müxalifət partiyası bələdiyyə seçkisində cəmi 8 faiz namizəd irəli sürürsə, hansı potensialla seçki komissiyalarının tərkibinin dəyişdirilməsini istəyirsiniz?”.
Onun sözlərinə görə, həm 2008-ci ilin prezident seçkilərində, həm də 2009-cu ilin referendumunda MSK-ya seçki komissiyaları ilə bağlı heç bir şikayət daxil olmayıb. 2000-ci ildə hakimiyyətin seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına getdiyini deyən birinci vitse-spiker xatırladıb ki, o zaman müxalifət seçki prosesini pozmaq istəyib. “Müxalifətin əsl niyyəti bizə məlumdur. Hər bir yerdə seçkinin məsuliyyəti iqtidarın üzərindədir. Müxalifət seçki prosesini pozmaqla məsuliyyətin hakimiyyətin üzərində qalmasını istəyir” deyə Z.Əsgərov vurğulayıb.
Daha sonra millət vəkilləri gündəlikdə duran məsələləri müzakirə ediblər.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1105 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30