Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yüksək səviyyəli səhiyyə sistemi sağlam və vətənpərvər vətəndaş, güclü dövlət deməkdir

Yüksək səviyyəli səhiyyə sistemi sağlam və vətənpərvər vətəndaş, güclü dövlət deməkdir

10.07.2010 [08:08]

Respublikamızda ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası Lerik rayonunda səhiyyə aksiyası keçirib
Respublikamızda ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası iyulun 1-dən 5-dək Lerik rayonunda səhiyyə aksiyası keçirib. Hələ ötən ilin sonlarında YAP Qadınlar Şurasının bölgələrdə keçirdiyi müşavirələr çərçivəsində Lerik rayonunda tibbi problemlərin olduğu müşahidə edilmiş və həmin vaxtdan etibarən tibbi müayinəyə ehtiyacı olan uşaqların siyahısı tərtib olunmuşdu. Lerik Mərkəzi Rayon Xəstəxanasında (MRX) baş tutan və beş gün davam edən aksiya zamanı 861 uşağı diaqnostik müayinədən keçirməklə, onlara müvafiq müalicə kursu təyin edilib, həmçinin, 78 uşaq müxtəlif diaqnozla paytaxtdakı tibb müəssisələrinə müalicə olunmağa göndərilib. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın sözlərinə görə, partiyanın Qadınlar Şurası ötən ildən fəaliyyətinin yeni istiqamətlərini müəyyənləşdirərkən, bölgələrdə YAP-ın üzvü olan qadınlarla görüşmək qərarını vermişdi: “Hələ o zaman, yerlərdə keçirilən görüşlərdə, bir sıra problemlər diqqətimizi cəlb etmişdi ki, onlardan biri də, məhz Lerik rayonundakı uşaqların müayinəsi və diaqnostikası ilə bağlı idi. Bu problemin olması və bu istiqamətdə tədbirlərin görülməsi üçün lerikli qadınlar özləri bizə müraciət etmişdilər. Təbii ki, belə bir aksiyanın keçirilməsini də həmin vaxtdan etibarən məqsədəuyğun hesab etdik”.
Sədrin fikrincə, bu respublikamızda keçirilən ilk belə aksiyadır. Bu baxımdan, aksiyanın əhəmiyyətini və aktuallığını nəzərə alaraq, 12 nəfərlik qrupa daxil olmuş həkimlərlə görüşdük və onların tədbirlə bağlı fikirlərini öyrəndik.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi, YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova aksiya ilə bağlı təəssüratlarını danışaraq deyib ki, müxtəlif profilli həkimlərdən ibarət qrup Lerikdə xeyli insanı müayinədən keçirib: “Həmin qrupda 6 nəfər pediatr, 1 nəfər fitiziatr, genekoloq və rentgenoloq, 2 nəfər laborant var idi. Amma aksiyadan sonra bizə tam aydın oldu ki, bundan sonra hansı profilli həkimlər daha çox lazım olacaq”.
Tamilla Şahbazova söyləyib ki, Lerikdə müasir standartlara cavab verən, ən qabaqcıl texnologiya, avadanlıqlarla təmin olunmuş xəstəxana inşa olunub: “Burada insanları müayinə etmək üçün hər cür şərait var. Bir sözlə, insanlara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün bütün lazımi şərait yaradılıb. Məhz bu amil, ilk növbədə, həkimlər qrupunu çox sevindirdi. Təbii ki, bu qürurverici bir haldır ki, Bakıdan çox uzaqda rayon yerində bu cür əlverişli şərait yaradılıb. Bu faktlar onu göstərir ki, Azərbaycan səhiyyəsi yüksələn xətlə inkişaf edir”.
Həkimin sözlərinə görə, rayondan ayrılmadan yüksək səviyyədə tibbi yardım almaq və ya müayinədən keçmək üçün leriklilərin istifadəsinə çox gözəl bir xəstəxana verilib: “Biz həmin xəstəxananın bütün otaqlarında olduq, həkimlər profilləri üzrə leriklilərə tibbi xidmət göstərdi. Əlbəttə ki, bizim Lerikə səfərimizdən əvvəl sakinlərə xəbər verilmişdi. Ona görə də, aksiyanın başlanmasına qədər hazırlıq işləri görülmüşdü. Aksiyaya start verildikdən sonra müayinə üçün xəstəxanaya kütləvi axın oldu”.
“Əsas məqsədimiz indidən uşaqlarda hansısa problemlərin olmasını üzə çıxarmaq və onlara düzgün istiqamətdə müalicə almağa yardım etmək idi”, deyən Tamilla Şahbazova bildirib ki, Lerikdə bəzi uşaqlarda müxtəlif xəstəliklər aşkar olunsa da, orada yaradılmış şərait onların müalicəsinin tam həyata keçirilməsinə imkan verir.
Həkim reanimatoloq-neomatoloq Solmaz Eyvazova söyləyib ki, YAP-ın təşkil etdiyi səhiyyə aksiyasında iştirak etmək onun üçün böyük fəxrdir. Onun sözlərinə görə, Lerik rayonunda yaşayan bütün yaş qruplarına aid uşaqların sağlamlığı qənaətbəxşdir: “Amma hər bir halda onların vaxtaşırı müayinəsi, gələcək inkişafı üçün düzgün istiqamətin verilməsi vacibdir. Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi səhiyyə aksiyası uşaqlarımızın gələcəyinin sağlam qurulmasına bir töhfədir. Hər zaman partiyamızın təşkil etdiyi bu cür tədbirlərdə iştirak etməyə hazırıq”.
İnstitutun laborantı Fatima Məmmədova da öz fikirlərini bizimlə bölüşüb: “Partiyamızın təşəbbüsü ilə təşkil olunmuş aksiya çərçivəsində mən də Lerik rayonunda insanların müayinəsi prosesində iştirak etmişəm. Bizim əsas vəzifəmiz laboratoriya fəaliyyətilə bağlıdır. Lerik Mərkəzi Rayon Xəstəxanasının laboratoriyasında ən son avadanlıqlar quraşdırılıb. Kliniki, biokimyəvi və digər analizləri aparmaq üçün əlverişli şərait yaradılıb. Biz orada 180-ə qədər uşağın analizlərini müayinə etdik. Bu uşaqlarda ən çox qan azlığı müşahidə olunurdu. Təhlillərdən sonra uşaqlara düzgün müalicə olunma qaydalarını başa saldıq”.
Müayinə olunmaq üçün insanların kütləvi surətdə gəldiyini söyləyən 4 saylı vərəm dispanserinin rentgenoloqu Devran Cavadov isə deyib ki, xəstəxanada ən qabaqcıl avadanlıqların tətbiqi müayinə işlərini tez bir zamanda həyata keçirməyə imkan verir: “5 gün ərzində onlarla insanı müayinə etdik. İnsanlar isə bütün bunlara görə, öz razılıqlarını bildirirdilər”.
7 saylı uşaq yoluxucu xəstəxanasının həkimi Mehriban İsayeva aksiya zamanı hər hansı bir problemlə rastlaşmadıqlarını bildirib: “Yüksək səviyyədə avadanlıqlarla təchiz edilmiş və yenicə inşa olunmuş xəstəxanada bizə işləmək üçün əlverişli şərait yaradılmışdı. Siyahı ilə bir-bir bütün uşaqları müayinədən keçirdik və əldə olunan nəticələrə əsasən müalicə kursları yazdıq”.
Həkim Xalidə Cabbarova isə müayinələr zamanı uşaqlarda yoluxucu xəstəliklərin aşkar olunmadığını əlavə edib: “Baxmayaraq ki, Lerik rayonu relyef və iqlim baxımından əlverişli məkandır, orada biz 8-9 yaşlarında olan uşaqlarda raxitliyin əlamətlərini aşkar etdik. Ona görə də, çox ciddi şəkildə uşaqları müayinədən keçirdik və müvafiq müalicə kursları yazdıq”.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva keçirilmiş səhiyyə aksiyasının yekunu olaraq söyləyib ki, havasının, suyunun gözəl olmasına baxmayaraq, Lerik rayonunda xəstə uşaqlar hələ də var: “Rayonda istifadə olunan suyun yodunun olmaması müəyyən problemlər yaradır. Digər tərəfdən, aparılmış müayinələrin nəticəsi olaraq, deyə bilərəm ki, aşkar olunmuş xəstəliklərin çoxu endokrinoloji xəstəliklərdir. Eyni zamanda, burada uşaqların revmatizm, böyrək xəstəliklərinə tutulması diqqətimizi cəlb etdi”.
Müasir tələblərə uyğun inşa edilmiş və bütün lazımi avadanlıqlarla təchiz olunmuş xəstəxanada yaradılmış şəraitdən razılığını ifadə edən Nurlana Əliyeva vurğulayıb ki, bu, Prezident İlham Əliyevin yürütdüyü genişmiqyaslı sosial islahatlar siyasətinin məntiqi nəticəsidir: “Dövlətimizin başçısının səhiyyə sahəsinə xüsusi diqqət ayırması, ən ucqar kəndlərdə bu cür aksiyaların keçirilməsinə imkan verir”.
Qeyd edək ki, YAP Qadınlar Şurası bölgələrdən yenidən belə bir təklif alarsa və ya buna ehtiyac yaranarsa, daha belə bir aksiyanı təşkil edə bilər.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 981 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30