/ / Müasir Azərbaycanın inkişafı tendensiyasının əsasları Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
Müasir Azərbaycanın inkişafı tendensiyasının əsasları Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
16.07.2010 [08:48]
14 iyul 1969-cu il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür. Məhz bu gün Ulu öndər Heydər Əliyev Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbər seçilib, Azərbaycanın inkişafında dönüş yaranıb. Ulu öndərin ölkə rəhbərliyinə seçilməsi respublikamız üçün bütün mənalarda dəyişikliklərin əsasını qoydu. O dövrdə reallaşmış iqtisadi dirçəliş, sənayenin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, hərbi məktəbin yaradılması, təhsilin inkişafına göstərilən diqqət, xaricə tələbələrin göndərilməsi, mədəniyyətin dirçəlməsi, azərbaycançılıq fəlsəfəsinin dövlət idarəçiliyində tətbiqi və bu kimi digər böyük əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi müasir Azərbaycanın inkişafında özünəməxsus yer tutur. Bütün bu məsələləri və ümumiyyətlə, Ulu öndərin Azərbaycan dövlətçiliyinin inkişafı istiqamətində gördüyü işləri Dəyirmi masaya dəvət etdiyimiz qonaqlarla müzakirə etdik. Dəyirmi masada millət vəkili, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, millət vəkili, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vilayət Əliyev, millət vəkili, AVP sədri Fəzail Ağamalı, Əməkdar incəsənət xadimi Yasif Nəsirli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev iştirak ediblər.
Hikmət Babaoğlu: Bu gün, 14 iyul Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 41-ci ildönümüdür. Bu gün, Azərbaycanın tarixində olduqca əlamətdar bir hadisədir. çünki bu seçim özü ilə bərabər demək olar ki, Azərbaycanda bütün sahələrə-siyasi, iqtisadi, sosial, mədəni, mənəvi spektrlara yeni keyfiyyət dəyişikliyi gətirdi. O gündən bu günə 41 il ötür. Bu gün yaddaşımızı cəmləyib həmin dövrə bir daha qayıtsaq görərik ki, sanki həmin dövrdə əsası qoyulan siyasət birbaşa Azərbaycanın müstəqilliyi, milli mənafeyinin təminatı üçün düşünülmüşdü. Ənənəvi olaraq Yeni Azərbaycan Partiyası partiyamızın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gəlişini müxtəlif formalarda qeyd edir. Bu dəfə isə Yeni Azərbaycan Partiyası İcra katibliyi ilə birgə “Yeni Azərbaycan” qəzeti olaraq belə bir qərara gəldik ki, həm o dövrü xatırlayan, həm də sonrakı proseslərdə yaxından iştirak etmiş ziyalılarımızın, ictimai xadimlərimizin bir neçəsini bir araya toplayaq.
Mübariz müəllim, ilk olaraq sizə müraciət etmək istərdik. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi zaman ideoloji baxımdan görülən işlər, atılan addımlar əvəzsiz idi. Həmin dövrdə Bakı Azərbaycanın yeganə sənaye şəhəri, paytaxtı idi. Bakı ilə bağlı tarixən müxtəlif planların olduğunu da bilirik, hətta Bakının bir ayrı əyalət kimi Rusiyaya birləşdirilməsi məsələsi də vardı. Bunun bir qismi tarixi faktorlardan, bir qismi isə sovet dövrünün xüsusiyyətlərindən qaynaqlanırdı. Məhz Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Bakı xüsusi diqqət mərkəzinə düşdü. Məhz o dövrdən, Bakı milliləşməyə, paytaxt olaraq bir Azərbaycan şəhərinə çevrilməyə başladı. Hesab edirəm ki, Azərbaycan dövlətçiliyinin əsasında duran başlıca ideoloji prinsiplərdən biri-azərbaycançılıq prinsipinin də məhz o dövrdə, Bakının milliləşməsi ilə əsası qoyuldu.
Mübariz Qurbanlı: Təşəkkür edirəm və “Yeni Azərbaycan” qəzetinə belə bir təşəbbüslə çıxış etdiyi üçün minnətdarlıq bildirirəm. Biz, həqiqətən də bu gün çox aktual bir mövzunu müzakirə etməyə yığışmışıq. Mən bir neçə tezisi vurğulamaq istəyirəm. ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi və fəaliyyəti haqqında saatlarla danışmaq mümkündür. Xatırladım ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 40 illiyi ilə əlaqədar biz ötən il çox böyük tədbir keçirmişdik və həmin tədbirdə müxtəlif müzakirələr aparılmışdı. çox sanballı fikirlər səsləndirildi. Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlə bağlı ümumiyyətlə geniş müzakirələr aparılıb, məqalələr, kitablar yazılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, sosial, mənəvi, psixoloji, ideoloji əhəmiyyəti var. Verdiyiniz suala qayıdaraq bildirmək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, psixoloji durumunda, milli şüurunda böyük təkamülün, dəyişikliyin yaranmasına gətirib çıxarıb. Bu addımlar 1969-1982, 1982-87-ci illərdə atılıb. 1993-2003-cü illərdə müstəqil dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasətdə Ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyin təməl prinsiplərini müəyyənləşdirməklə bu addımları davam etdirib. Bu prinsiplər bu gün də Azərbaycan üçün, Azərbaycan xalqı üçün çox önəmlidir və hesab edirəm ki, bu prinsiplər gələcəkdə də xalqımız tərəfindən daim istifadə olunacaq. Bizim təməl prinsiplərimiz Azərbaycan xalqı üçün hər zaman ideoloji baza rolunu oynayacaq. Bu, prinsiplərin əsasında azərbaycançılıq dayanır. Azərbaycançılıq ideoloji xətt olaraq hələ XIX əsrin axırlarında o dövrün ziyalıları tərəfindən ortaya atılıb. XX əsrin əvvəllərində də bu fikirlərdən istifadə olunub. Bu ideyadan praktiki olaraq milli inkişaf baxımından yararlanmaq Ulu öndər Heydər Əliyevə nəsib olub. ümummilli liderimiz bu ideyanı bütün dünya azərbaycanlıları üçün vahid ideologiyaya çevirə bilib. İndiyə qədər diaspora qurumlarımızın tədbirləri, qurultayları keçirilib. Heydər Əliyevin hakimiyyətə gəliş tarixi olan 14 iyul ümumdünya tarixində də böyük hadisə ilə yadda qalıb. Bu gün Fransa burjua inqilabının başlanması tarixidir və 1789-cu ildə xalq bütövlükdə Fransada insan hüquq və azadlıqları, vətəndaş azadlıqları uğrunda ayağa qalxaraq böyük bir ideologiyanın əsasını qoyub. Bu da tarixin təkərini, tarixin axarını dəyişdi. Bu mənada Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi Azərbaycan tarixində dönüş nöqtəsi sayılmalıdır. Fransada Bastilya qalasının alınması yeni dövrün başlanğıcıydısa, Azərbaycanda da Heydər Əliyevin hakimiyyətə gəlişi milli maraqlar baxımından böyük bir dönüşün başlanğıcıdır. Heydər Əliyevin qoyduğu ideoloji yol Azərbaycan xalqına inkişaf bəxş edib. Bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun lider dövlətinə çevrilib. Bu ideyaların içində azərbaycançılıq böyük rol oynayır. Bu baxımdan biz Heydər Əliyevin ideoloji töhfəsi olaraq bu hadisəni qeyd edirik.
Hikmət Babaoğlu: İstərdim ki, Mixail müəllimə müraciət edək. Azərbaycançılıq ideyası ölkəmizdə yaşayan fərqli etnosların etnik kimliyini arxa plana keçirən, xalqları bir ideya, bir ideologiya, vətəndaşlıq ətrafında birləşdirən fundamental ümummilli ideoloji xətdir. 1969-cu ildə Ulu öndər hakimiyyətə gələn zaman paytaxt Bakıda qəribə bir durum yaşanırdı, ayrı-ayrı etnik hegemoniya mövcud idi. Məsələn, əsas etibarı ilə rus dilində danışan, rayonlardan, kəndlərdən gələn, rus dilini bilməyən gənclərə qarşı, daha doğrusu, bu ölkənin super etnosuna qarşı bir az yuxarıdan aşağı baxan qruplar mövcud idu. Bu qruplardan da “bakılı” milləti düzəltməyə çalışırdılar. Bunun özündə də bir ayırıcılıq vardı. Məhz, Ulu öndərin hakimiyyətə gəlişindən sonra xalqlar bərabər oldu. Bütün xalqların, o cümlədən, Azərbaycanda super etnos olan türklərin etnik kimliyindən imtina edərək böyük ümummilli kimlik altında birləşməsini təmin edəcək azərbaycançılıq ideologiyası irəli sürüldü. Əlbəttə ki, bu, bir qədər maneələrlə rastlaşırdı, problemlər olurdu. Amma nəticə etibarı ilə vahid milli kimlik formalaşdı.
Mixail Zabelin: İlk olaraq bildirmək istəyirəm ki, Heydər Əliyevin birinci dəfə də hakimiyyətə gəlişi çətin dövrə təsadüf edirdi. ölkə həmin dövrdə öz imkanlarını səfərbər edə bilmirdi. Mən bu məqamı ona görə, xüsusi vurğulayıram ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrün düzgün mənzərəsini yarada bilək. Baxmayaraq ki, ölkə ümumi cəhətdən orta səviyyəli sayılırdı, amma Heydər Əliyev ölkəyə öz imkanlarını açmağa yardım göstərdi. O şəxsiyyət fenomen idi. Mən həmin dövrdə Heydər Əliyevin köməkçisi işləyirdim və görürdüm ki, ölkənin inkişafı ilə bağlı nə qədər məktublar gəlir. ölkə sözün əsl mənasında çiçəklənmə dövrünü yaşayırdı. Təsəvvür edin ki, iqtisadi cəhətdən nə qədər böyük yüksəliş əldə olundu. Bundan başqa, möhtəşəm tikililərin, sənaye müəssisələrinin yaradılması hər birimizin xatirindədir. Mən bunları bir daha yada salmaq istəmirəm. Mən bir məqama toxunmaq istəyirəm. Milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş Heydər Əliyevə inanırdı. Və Heydər Əliyevə olan bu inam, Onun prinsipiallığı, yüksək siyasi intellekti hər bir vətəndaşın-kiçikdən böyüyə qədər hər bir kəsin Ulu öndəri ikinci dəfə hakimiyyətə gəlişi zamanı dəstəkləməsinə ən böyük səbəblərdəndir. Düzdür, qeyd edirlər ki, 60-70-ci illərdə Azərbaycan dili rus dilinin kölgəsində qalmışdı, sıradan çıxmışdı. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan dilinə hörmət yenidən qaytarıldı, qəbul olunan Kostitusiyada Azərbaycan dilinin dövlət dili elan olunması təmin edildi. Heydər Əliyevin birinci hakimiyyəti dövründə rayonlarla bağlı bütün sənədləşmələr Azərbaycan dilində aparılırdı. Məcburiyyət qarşısında protokolların yazılışını tərcümələrlə həyata keçirirdik. İkinci dəfə Heydər Əliyev hakimiyyətə qayıdan zaman isə ölkə dağılmaq üzrə idi. ölkənin bütövlüyü, suverenliyi təhlükə qarşısında idi. ölkənin bütövlüyünün qorunması, demokratiyanın bərqərar olması birbaşa Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xatırlayırsınızsa, sovet hökuməti dağılan ərəfədə ölkəni çox adam tərk edirdi. Bu, əsasən siyasi motivlərlə bağlı idi. İqtisadi durumla bağlı həmin vaxt Azərbaycanı tərk edənlərin sayı az idi. Bir xatirə danışmaq istərdim. Hakimiyyətə gəlişinin birinci ili idi, Heydər Əliyev mənə zəng etdi ki, Mixail, yanvarda sizin milad bayramınız olacaq, qeyd edəcəksinizmi? Cavab verdim ki, bəli, cənab Heydər Əliyev. Mənə dedi ki, sizin bayramınızda iştirak edəcəm. Bayram vaxtı isə Heydər Əliyev zəng vurdu ki, xəstələnmişəm, amma gələcəm, sadəcə, konsertin bir az vaxtını qısaldın. Ulu öndər bayramda iştirak etdi. Havanın soyuq olmasına baxmayaraq Ulu öndərin gələcəyi bilindiyi üçün ora çox adam yığılmışdı və gələnlər təkcə ruslar deyildi, orada başqa millətlərin də nümayəndələri vardı. Ulu öndər çıxışında bildirdi ki, milliyyətindən və inancından asılı olmayaraq Azərbaycan bütün vətəndaşların Vətənidir: “Mən sizlərin bu vətəndə sülh və əmin-amanlıq şəraitində yaşamanıza zəmanət verirəm”. Bu çıxış, təəssüf ki, həmin vaxt televiziya ilə verilmədi, amma qəzetlər bu nitqi çap etdilər. Həmin vaxt bu fikirlər bütün respublikaya yayıldı. Həmin dövrdə hətta ölkəni tərk etməyə hazırlaşan ruslar və başqa millətlər artıq vətənində sülh şəraitində yaşayacağına əmin oldu. Hamı əmin oldu ki, Heydər Əliyev dövlətin başındadır və həm müstəqilliyin, həm də sülhün zəmanətidir. Hamı dərk edirdi ki, ölkədə milli ayrı-seçkilik kimi bir qarşıdurma yaşanmayacaq. Heydər Əliyev başqaları kimi milli ayrı-seçkilik yaratmırdı. Heydər Əliyev hər bir vətəndaşın bərabərliyi məsələsində israr edirdi. Bu yol Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər zaman bildirmişik ki, bizim dövlətimizin çoxmillətliliyi bizim daimiliyimizdir. Bir müddət öncə biz Milli Məclisin spikeri Oqtay Əsədovun Rusiyaya rəsmi səfəri çərçivəsində duma üzvləri ilə görüş keçirdik. Qrızlovla görüş zamanı mən bildirdim ki, Azərbaycanda yaşayan ruslar və digər millətlər bu ölkədə yalnız maddi cəhətdən yaxşı yaşandığı üçün qalmırlar. Onlar Azərbaycan xalqının, rəhbərlərinin özlərinə qarşı münasibətlərini görürlər. Bu ölkədə, bütün millətlərə bərabərhüquqlu, hörmətli, etibarlı münasibət nümayiş etdirilir. Mən dedim ki, Azərbaycandan başqa hansı ölkədə qeyri-yerli millətlərin arasında Milli Qəhrəman var? Deyin görüm, hansı ölkədən Yuri Kovalyov kimi oğullar çıxıb? O oğullar ki, ərazi bütövlüyü uğrunda, xalqının suverenliyi uğrunda canından keçib. Belə misallara mən nə Ermənistanda, nə Gürcüstanda rast gəlməmişəm. Bizdə isə belə misallar çoxdur. Mən hər zaman bildirirəm ki, mən təkcə rus olduğum üçün parlamentin üzvü deyiləm. Mən partiyanın yaranmasında xidmət göstərmişəm, ən çətin anlarda dövlətçilik uğrunda Heydər Əliyevin yanında yer almışam. ölkəmizə qarşı aparılan işğalçı müharibədə bütün rus vətəndaşlarımız birmənalı şəkildə ölkəmizin suverenliyi uğrunda mübarizəyə qoşuldu. Bu baxımdan, həm rus, həm də Azərbaycan xalqlarının bir-birilərinə münasibəti dostcasına, qarşılıqlı anlaşma çərçivəsindədir. Mən bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, Ulu öndər Heydər Əliyev özündə xalqının ən gözəl cəhətlərini, ən gözəl xüsusiyyətlərini birləşdirmişdi. Ulu öndərin bütün xalqlara münasibəti məhz bu çərçivədə formalaşmışdı. O baxımdan da, Azərbaycanda yaşayan bütün xalqların Azərbaycana münasibəti hörmətə əsaslanır. çünki bu xalqlar əsrlər boyu bu ölkədə tolerantlıq, dostluq şəraitində yaşayıblar. Bu gün də Azərbaycanda yaşayan xalqlar bu dövlətin bütövlüyü uğrunda canından keçməyə hazırdırlar. Lazım olan anda hər bir Azərbaycan vətəndaşı düşmənə qarşı bir yumruq kimi birləşəcək.
Hikmət Babaoğlu: Cənab millət vəkilinin vurğuladığı məqamlar çox gözəl məqamlardır. Yəqin ki, bu həm də Azərbaycan dövlətinin öz vətəndaşlarına qarşı münasibətindən qaynaqlanır. çünki bu ölkədə yaşayan bütün xalqlar dövlətimizdən doğma münasibət görürlər. Bütün vətəndaşlarımızın hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Din, vicdan, söz azadlıqları, yaşamaq hüquqları bütün Azərbaycan vətəndaşları üçün bərabər şəkildə təsbit olunub. Bu isə ölkəmizdə yaşayan bütün xalqların milli birliyini təmin edib. Bunun arxasında isə milli-mənəvi dəyərlərin reabilitasiyası durur. Bu məqamlardan biri Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili elan oluması ilə bağlıdır. İkinci bir məsələ, Stalin repressiyasına qurban getmiş görkəmli ziyalılarımıza bəraətin verilməsi idi. Hüseyn Cavid kimi Azərbaycanın yüksək dəyərlərini özündə birləşdirən böyük zəka sahibinin nəşinin Azərbaycana gətirilməsi o dövr üçün çox böyük cəsarət tələb edirdi. Bununla paralel ölkədə milli özünüdərk prosesi gedirdi. Bunu təmin edən siyasi iradə Ulu öndərimizin iradəsi idi.
Fəzail Ağamalı: öncə onu deyim ki, ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi tarixi zərurətdən qaynaqlanırdı. Həmin dövrdə respublikamız çox ağır bir vəziyyətdə idi. Azərbaycan bir aqrar respublika olaraq ağır günlər yaşayırdı. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ümumi nəticələrini müddəalar şəklində belə təsnifatlandırmaq istəyirəm. Birincisi, Azərbaycan aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrildi. İkincisi, milli-mənəvi dəyərlərin bərpası və inkişaf etdirilməsi prosesi başlandı. üçüncüsü, milli şüurun və milli mənliyin formalaşması üçün çox əlverişli mühit formalaşdı. Dördüncüsü, müstəqil Azərbaycan dövlətinin təməl daşları qoyuldu. Bu təməl daşları 1991-ci ildə müstəqillik əldə edildikdən sonra ölkənin gələcək inkişafında çox ciddi əhəmiyyətə malik oldu.
Hikmət Babaoğlu: Siz qeyd etdiniz ki, o zamanlar Azərbaycan aqrar ölkə idi. Amma bu faktdır ki, həmin dövrdə Azərbaycanda aqrar sahənin də inkişafı çox zəif və aşağı səviyyədə idi. Sadəcə, Bakıda neft sənayesi mövcud idi. Ulu öndər hakimiyyətə gələndən sonra isə 1973 və 1976-cı illərdə SSRİ Nazirlər Sovetinin iki qərarının qəbuluna nail oldu. Bu qərarların birincisi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafı, ikincisi isə su-meliorasiya sisteminin bərpası, əkinçiliyin və heyvandarlığın inkişafı ilə bağlı idi. Hər iki qərarın arxasınca SSRİ büdcəsindən o dövrdə Azərbaycanın illik büdcəsinə bərabər olan maliyyə vəsaiti ayrıldı. Bu, Azərbaycanın kənd təsərrüfatında dönüş yaratdı. üzümçülüyün, şərabçılığın inkişafı özü ilə bərabər ölkəyə böyük aqrar sənaye kompleksi gətirdi. İkincisi isə taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı bu sahələrin daha da gücləndirilməsinə şərait yaratdı. Bu gün böyük əhəmiyyətə malik olan baş Mil-Muğan kollektorunun, Yuxarı Şirvan, Yuxarı Qarabağ kanallarının çəkilməsi də məhz həmin dövrə təsadüf edir.
Fəzail Ağamalı: Mən də Azərbaycanın aqrar ölkədən sənaye ölkəsinə çevrilməsini qeyd edəndə, məhz respublikada böyük aqrar komplekslərin yaradılması prosesini nəzərdə tuturdum. Həmin dövrdə artıq Azərbaycan istehsal etdiyi məhsulları-üzümü, pambığı xammal şəklində satmırdı, öz emal müəssisələrini yaratmışdı. Bu müəssisələr özü də sənayenin yalnız şəhərlərdə deyil, regionlarda, bölgələrdə inkişafını təmin etdi. Mən milli şüur məsələsinə də toxunmaq istərdim. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin geniş təbliğinə imkan verəcək addımlar atırdı. Məsələn, yazıçıların qurultayında Ulu öndər hər zaman Azərbaycan dilində danışar, onların bütün problemlərini həll edərdi. Həmin görüşlərdə ölkənin, xalqın milli-mənəvi dəyərlərinin qorunması, milli şüurun inkişafı ilə bağlı proqramlar ortaya qoyulurdu. Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edən Ulu öndər Heydər Əliyev çoxlarını təəccübləndirdi. O zaman bu addımı atmaq əsl qəhrəmanlıq tələb edirdi. ölkənin birinci şəxsinin belə tədbirlərdə Azərbaycan dilində çıxışı möcüzə idi. Bunun çox böyük effekti oldu. Mən o zamanlar tələbə idim və universitetdə 3-cü kursda oxuyurdum. Həmin çıxış biz tələbələrin düşüncəsində, şüurunda çox böyük inqilabın və dəyişikliyin əsasını qoydu. Azərbaycan dilinin 1978-ci ildə Konstitusiyada dövlət dili kimi rəsmiləşdirilməsi, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi o zaman üçün böyük addım idi. Məlum olduğu kimi, Cavid türkçü, millətçi, islamçı olduğu üçün repressiyaya məruz qalmışdı. Bu o demək deyil ki, Heydər Əliyevin başqa millətlərə münasibəti fərqli idi, xeyr, sadəcə olaraq, Ulu öndər hər şeydən əvvəl azərbaycanlı olduğunu sübut etdi. Sonradan bu fikri bildirdi ki, mən hər zaman azərbaycanlı olmağımla fəxr etmişəm. Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsində işləyənlərin mütləq əksəriyyəti qeyri-azərbaycanlılar idi. Heydər Əliyev qısa zaman kəsiyində bu komitəni milliləşdirdi. Bu isə ölkədə milli şüurun inkişafına öz töhfəsini verdi.
Hikmət Babaoğlu: Bəli, qısa müddətdə Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrildi. Yeni-yeni müəssisələr yaradıldı, zavodlar açıldı. Ən əsası isə bu sənaye kompleksləri paytaxtdan regionlara köçməyə başladı. Ağır, yüngül, əlvan metallurgiya sənayesi yaranmağa başladı. Neft maşınqayırma sənayesi xüsusilə böyük vüsət əldə etdi. Bir faktı qeyd etmək istəyirəm ki, 1978-80-ci illərdə Azərbaycan dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edirdi. Bu sənayeləşmənin böyük göstəricisi idi. Sənayenin inkişafı isə öz növbəsində tikinti sahəsinin genişlənməsinə yol açdı, Bakıda mikrorayonlar salındı.
Şahlar Əsgərov: İstərdim mən də 1969-cu ilin iyul ayını xatırlayım. Həmin dövrdə Rusiyada aspirantların yataqxanasında yaşayırdım. Biz həmin yataqxanada eşitdik ki, Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi baş verib və DTK-nın sədri Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Həqiqətən də o dövrdə cəmiyyətdə böyük dəyişikliklərə ehtiyac vardı və Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanda insanların sevinci, böyük ruh yüksəkliyi ilə müşayiət olunurdu. 1969-cu ildə mən Ulu öndər Heydər Əliyevlə şəxsən görüşdüm. Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi ilə bağlı mərasimdə Ulu öndər Heydər Əliyev məşhur Azərbaycan dilində çıxışını etdi. Bu da həm gənclərdə, həm də Azərbaycan ziyalılarında hədsiz dərəcədə ruh yüksəkliyi yaratdı. Biz milli özünüdərk məsələsində də bundan qidalanırdıq, milli oyanış yaranırdı. O zaman bizə dedilər ki, hərə öz laboratoriyasında olsun, gəlib baxacaqlar. Mən öz qurğumun yanında dayanmışdım, qapı açıldı Heydər Əliyev və universitetin rəhbərliyi içəri daxil oldu. Ulu öndər soruşdu ki, cavan oğlan bu nə qurğudur? Cavab verdim ki, bu qurğunun energetikada böyük əhəmiyyəti var və bu qurğu vasitəsilə nüvə enerjisi əldə edə biləcəyik. Bu ilk görüş mənim yaddaşımda hər zaman qalır.
Mən Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünü 3 mərhələyə ayırardım. 1969-87-ci illər, sonra ümummilli liderin Naxçıvandan başlayan hakimiyyət dövrü və 1993-ü ildən başlayan Heydər Əliyev yolu, hansı ki, bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. O zamanlar bütün qabaqcıl ölkələr sənaye ölkələri idi. Xüsusilə, Qərb ölkələrində sənayeləşmə böyük sürətlə inkişaf edirdi. Ulu öndər Heydər Əliyev başa düşürdü ki, respublikanı irəli aparmaq üçün sənayeləşməni gücləndirmək lazımdır. Beləliklə, respublikada sənayeləşmə istiqamətində görülən işlər böyük vüsət aldı, təkcə Bakı şəhəri deyil, bölgələrdə də sənaye komplekslərinin tikintisinin inşasına start verildi. üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı SSRİ Nazirlər Sovetinin qərarı da dolayısı ilə sənayeləşmənin inkişafına xidmət edirdi. Həmin dövrdə tikilən müəssisələrə nəzər yetirsək görərik ki, əsasən neft maşınqayırması sənayesi inkişaf etdirilirdi, üzümçülük və pambıqçılığın istehsalında işlənən avadanlıqlar istehsal olunurdu. Bununla yanaşı, müasir dövrün ruhuna uyğun olan elektron sənayenin inkişafı əsas işlərdən idi. Ulu öndər elektron sənayesinin tərkib hissəsi olaraq “Azon” zavodunu tikdirdi. Onun elmi bazasını yaratmaq üçün Elmi Tədqiqat İnstitutunu yaratdı. Bunun əsasında soyuducu, kondisioner, elektron hesablayıcı maşınları zavodları tikildi. Bunun bir sıra üstünlükləri vardı. Belə ki, əhali işlə təmin olunurdu, sənaye sahəsində məvaciblər yüksək olduğu üçün əhalinin sosial rifah halı da yüksəlirdi. Onu da qeyd edim ki, 1970-80-ci illərdə həmin zavodda istehsal olunan elektron cihazlar insan saçından 10 dəfə kiçik idi. Bu, böyük elmi tutumlu sənaye idi. Məhz görülən bu işlər sayəsində Azərbaycanda böyük alim ordusu formalaşdı.
Məlahət İbrahimqızı: 14 iyul 1969-cu il Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan bir gündür. Azərbaycanın inkişaf və tərəqqisinin istinad nöqtəsi məhz həmin tarixdir. Ulu öndər Heydər Əliyevin fəaliyyəti elə zəngin mənbədir ki, bu haqda saatlarla danışmaq olar. Burada tədbir iştirakçıları Ulu öndərin çoxşaxəli fəaliyyətinin bəzi məqamları haqqında fikirlərini bildirdilər. Mən isə Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən qadın siyasəti haqqında fikirlərimi bildirmək istəyirəm. Bilirsiniz ki, qadın məsələləri bütün dünyanın diqqət mərkəzindədir, mötəbər beynəlxalq təşkilatlarda qadınlarla bağlı qurumlar fəaliyyət göstərir, önəmli sənədlər qəbul olunur. Hələ SSRİ dövründə bu istqamətdə aparılan siyasət sovet kvotasından başqa bir şey deyildi. Amma bu istiqamətdə yeniliyi məhz Ulu öndərimiz etdi. 14 iyul 1969-cu ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra avqustun 1-də respublikada tanınmış, ziyalı qadınların konfransını keçirildi. Bu SSRİ miqyasında ilk belə hadisə idi. Ona görə də, ölkə KİV-ləri bu barədə geniş məlumatlar verirdilər. Yəni, ittifaq respublikalarının birinci katibləri arasında Azərbaycan rəhbəri qadınların cəmiyyətdəki roluna önəm verərək belə bir toplantı keçirdi. Bundan sonra isə gənc qadınların ümumrespublika yığıncağı keçirildi. 1969-cu ildən başlayaraq respublikada gender siyasəti uğurla həyata keçirilirdi. Eyni zamanda, qadınlar dövlət idarəçiliyində irəli çəkilirdi. Bununla da onlar cəmiyyətin bərabərhüquqlu üzvləri kimi özlərini təsdiq etmək imkanı qazandılar. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə üç dəfə qadınların qurultayı keçirilib. Sonuncu qurultay isə Azərbaycan müstəqillik qazandıqdan sonra - 1998-ci ildə keçirilib. O zaman Heydər Əliyev Azərbaycanın həyatındakı proseslərdə qadınların iştirakına böyük önəm və dəstək verirdi. Ulu öndərin qadınlar haqqında dediyi fikirlər artıq aforizm kimi özünü təsdiq edib. ümummilli liderin dövlətin qadın siyasəti haqqında imzaladığı Sərəncam 2000-ci ildə BMT-də insan hüquqları ilə bağlı ən önəmli sənəd kimi dəyərləndirildi və dünya dövlətlərinə təqdim olundu.
ümumiyyətlə, Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə böyük uğurlara imza atıb. Heydər Əliyev uzaqgörən siyasətçi idi və bilirdi ki, nə vaxtsa SSRİ dağılacaq. Abraam Linkolnun belə bir fikri var ki, şəxsiyyətlər o vaxt liderə çevrilir ki, millətin ruhuna uyğun olsun. ümummilli lider Heydər Əliyev millətin ruhu idi. Təkcə bir faktı deyim ki, Ulu öndərimiz Hüseyn Cavidin nəşini Vətənə qaytarmaqla o rejimə etirazını bildirirdi. Mən hesab edirəm ki, müstəqil Azərbaycanın inkişaf konsepsiyası 14 iyul tarixinə köklənməlidir. Ulu öndər Heydər Əliyev Azərbaycanın qürur mənbəyidir. Ulu öndər necə ki, azərbaycanlı olmağı ilə fəxr edirdisə, biz də Heydər Əliyev kimi böyük öndərimizlə, Onun müasiri olmağımızla fəxr edirik. Onun ruhu qarşısında baş əyirəm.
Hikmət Babaoğlu: O dövrdə təhsilin inkişafı ən çox diqqət yetirilən sahələrdən idi. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə gənclərimiz başqa respublikalara təhsil almağa göndərilirdi. O zamanlar bu sahədə böyük boşluqlar vardı və bütün bunları görən ümummilli liderimiz bu istiqamətdə siyasət müəyyənləşdirdi. Bu isə, öz növbəsində bu gün ölkəmizin ən aparıcı, qabaqcıl ziyalılarının meydana çıxmasına şərait yaratdı.
Vilayət Əliyev: Həqiqətən də, o dövrdə Heydər Əliyevin atdığı bu addım günümüzdə öz bəhrəsini verir. Mən ali məktəbi 1962-ci ildə bitirmişəm. Ali məktəbi bitirdikdən sonra Daşkənd Universitetində aspiranturaya daxil oldum və ilk azərbaycanlı filoloq oldum. Qayıdandan sonra da ali məktəblərdə, akademiya, redaksiya sistemində işləmişəm. Məni hər zaman bir sual düşündürüb? Xalqımızda Heydər Əliyevə qarşı olan bu qədər böyük məhəbbətin sirri nədir? Mən qətiyyətlə deyirəm ki, dünyada Heydər Əliyev qədər xalqı tərəfindən sevilən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bununla yanaşı, bəşəriyyət tarixində Heydər Əliyev qədər yenilikçi, bu yenilikləri möhkəmləndirməyi bacaran lider yoxdur. Dünyada Heydər Əliyev qədər sülhpərvər lider olmayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi hər iki dövrü təhlil etsək görərik ki, ölkədə analoji durum yaşanıb: ölkədə iqtisadi, mənəvi cəhətdən çökmə baş vermişdi, xalqlar arasında ziddiyyət yaratmaq istəyirdilər. Məhz belə çətin zamanlarda Heydər Əliyev siyasi səhnəyə çıxıb və bu problemləri həll etmək kimi tarixi missiyanı yerinə yetirib. Açıq demək lazımdır ki, 1969-cu ilə qədər Heydər Əliyevi nadir insanlar tanıyırdı. Xüsusilə, dövlət təhlükəsizlik orqanlarına rəhbər vəzifəyə təyin olunandan sonra xalqın qəlbində bir Heydər Əliyev sevgisi, obrazı yarandı. 1958-ci il hadisələrini yada salaq. Həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin adi bir məsələ üzərində mövqeləri üst-üstə düşmürdü. Buraxılan ötəri bir səhvdən isə Moskva və bunun fonunda ölkəmizi istəməyən qüvvələr bacarıqla istifadə edirdi. Bu isə, ölkəmizə, milli mənəviyyatımıza böyük zərbə vururdu. Heydər Əliyev anarxiyaya, mənəm-mənəmliyə, özbaşınalığa son qoyulması üçün siyasi səhnəyə çıxdı. Bu bir faktdır ki, həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlişini, ölkədə güclü dövlət quruculuğu işlərinə başlanılmasını istəməyənlər də vardı. Həmin illərdə Azərbaycanda rüşvət tüğyan edirdi və bu işlə məşğul olanlar bilirdilər ki, DTK generalı rüşvətin kökünü kəsəcək, ölkədə normal mühit yaradacaq. Heydər Əliyevin Azərbaycan rəhbərliynə gəlişi xalq tərəfindən bir bayram kimi qarşılandı. Nazirlərin, rektorların, digər yüksək vəzifəlilərin isə kürkünə birə düşmüşdü, onlar bilirdilər ki, Heydər Əliyev onları silib atacaq və yaranan anormal şəraiti aradan qaldıracaq. Heydər Əliyev gəldi, işlədi və qısa bir zaman kəsiyində Azərbaycanı yüksəltdi, ölkəmizi dünyaya tanıtdı. SSRİ imperiyasına anlatdı ki, Azərbaycan yalnız sizin gördüyünüz neft məkanı deyil, ölkəmizin, xalqımızın nəyə qadir olduğunu hamıya nümayiş etdirdi. Məhz parlaq fəaliyyətinin nəticəsində Heydər Əliyev qısa müddətdən sonra SSRİ-nin rəhbərlyinə gətirildi, Nazirlər Sovetinin sədrinin müavini vəzifəsinə yüksəldi. Heydər Əliyevin ikinci dəfə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi dövründə də ölkədə hakimiyyətsizlik, anarxiya baş alıb gedirdi. Həmin vaxt idarəetmədən xəbəri olmayanlar hakimiyyətə yiyələnmək, onu zor gücünə saxlamaq istəyirdilər. Amma nəticədə gördülər ki, onların səriştəsizliyi özlərinin belə iflasına gətirib çıxarıb, Azərbaycan dağılır. Heydər Əliyev tarixi zərurətdən hakimiyyətə gəldi. O ki, qaldı Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu dövrdə təhsilə verdiyi qiymətə, Ulu öndər bilirdi ki, xalqın inkişafı üçün ilk növbədə təhsilli, savadlı kadrların yetişməsinə ehtiyac var. Ona görə də Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gənclərin SSRİ-nin aparıcı ali təhsil müəssisələrində təhsil almasına şərait yaratdı. Bu gün də ölkənin rəhbərliyində həmin gənclərdən təmsil olunanlar çoxdur. Onların arasında diaspora quruculuğunda iştirak edən, ölkəmizi xaricdə təmsil edən insanlar var. Naxçıvanski adına hərbi liseyin yaradılması o dövr üçün inqilab sayılmalı idi. Bu addım 1993-cü ildən sonrakı dövrdə aparılan ordu quruculuğu işində özünü göstərdi. Əgər bu təməl olmasaydı, peşəkar zabit heyəti yetişdirmək mümkünsüz olardı. O baxımdan, Heydər Əliyevin uzaqgörənliyi bugünkü Azərbaycanın qüdrətinin təməli saylır. Heydər Əliyev bütün fəaliyyətini, quruculuğunu kompleks şəkildə tənzimləyirdi. Bu isə 1993-cü ildən sonra həm diaspora işində, həm iqtisadiyyatın yüksəlməsində, ümumiyyətlə, bütün sahələrdə özünü göstərdi. Ulu öndər Heydər Əliyevin mütləq zəkası nəticəsində Türk dünyası diaspora məsələsində bir araya gəldi və problemlərin həllində eyni nöqtəyə zərbə endirməyi bacardı. Heydər Əliyevin qoyduğu yol bu gün də davam etdirilir. Əgər SSRİ zamanında minlərlə tələbə xaricə oxumağa göndərilirdisə, bu gün həmin say dəfələrlə çoxdur. Və ən əsası bu gün həmin tələbələr dünyanın ən aparıcı ali təhsil müəssisələrində təhsil alırlar. Heydər Əliyev ideyalarını çox layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin inkişafı uğrunda çox yüksək səviyyəli addımlar atır, proqramlar həyata keçirir.
Yasif Nəsirli: Mən özümü xoşbəxt hesab edirəm ki, Ulu öndər Heydər Əliyevlə bilavasitə, uzun illər təmasda olmuşam. Bu, mənim üçün şərəfdir. Hələ o çətin dövrlərdə Heydər Əliyev mənim üçün hər şəraiti yaratmışdı. Mənim atam müharibədə həlak olmuşdu, özüm rayondan Bakıya təzə gəlmişdim. Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçiləndə mən komsomolun mərkəzi komitəsində şöbə müdiri idim. Birinci katib seçiləndən 15 gün sonra ilk büroda məni Mərkəzi Komitəyə işə götürdülər. O zamanlar bütün sənədləşmələr rus dilində aparılırdı, amma biz onu Azərbaycan dilinə çevirirdik. Bir gün şöbə müdirimiz Teymur Əliyev məni çağırdı və bildirdi ki, rus dilindən Azərbaycan dilinə tərcümə olunan məruzəyə baxmaq və düzəlişlər etmək lazımdır. Mən də oxudum və başa düşdüyüm şəkildə düzəlişlərimi etdim. Heydər Əliyev hər zaman həm məruzənin əslinə, həm də düzəliş edilən varianta baxırdı. Mənim düzəlişlərimə baxıb və görüb ki, böyük fərqlər var. Bəlkə də, o mənim gəncliyimdən irəli gəlirdi. Mənim düzəlişlərim Ulu öndərin xoşuna gəlmişdi. Sonradan mən məruzələri özüm apardım. Demək olar ki, beş il Ulu öndərin Azərbaycan dili üzrə köməkçisi oldum. Mən lap öncədən DTK-ya dəvət edilmişdim, amma razı olmamışdım. Beş ildən sonra məni yenidən DTK-ya keçməmlə bağlı təklif verdi. Mən Moskvaya oxumağa göndərildim, evlə təmin olundum. Heydər Əliyev bir dəfə Brejnevlə birgə səfərə çıxmışdı, Moskvaya gəlmişdi və məni qaldığı “Oktyabr” mehmanxanasına çağırtdırdı. Soruşdu ki, nəyə ehtiyacın var. Bütün bunları onun üçün xatırlayıram ki, Heydər Əliyev hər bir adi şəxsə qarşı diqqəti ilə seçilirdi. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi zaman respublika çox ağır vəziyyətdə idi. Təsəvvür edin ki, Axundov Siyasi Büronu idarə edə bilmirdi. Kənd təsərrüfatında pambıq istehsalı olduqca aşağı səviyyədə idi, neft istehsalı çox aşağı enmişdi. Yazıçılar İttifaqı kimi bir qurumda birinci katib intriqalardan kreslosunda həyatını itirmişdi. Fikrət Əmirovla Qara Qarayev hər ikisi Bəstəkarlar İttifaqının rəhbər şəxsləri idilər, üz-üzə qapısı olan otaqlarda otururdular, bir-biriləri ilə danışmırdılar. Ziyalılar arasında çox böyük çəkişmələr vardı. Ali təhsil ocaqlarındakı vəziyyət hamıya bəlli idi. Rayonlardan gələnlərə “127”lər deyirdilər. İnsanların bir-birilərinə münasibəti çox pis idi. Heydər Əliyev üçün xüsusi bir region, bakılı, cəbrayıllı yox idi, bir Azərbaycan vardı. Ulu öndər bizləri də belə tərbiyə edirdi. Mən Moskvada təhsilimi başa vurub Azərbaycana qayıtdım və 1975-ci ildə ölkənin əks-kəşfiyyat idarəsinə rəhbər təyin olundum. Bundan başqa, birinci katibin mühafizəsinin təşkili də mənə tapşırıldı. O zaman indiki kimi mühafizə yox idi, komitədə bu işlə bağlı məsul bir bölmə fəaliyyət göstərirdi. Mən Heydər Əliyevlə səfərlərdə olmuşam, çox xatirələrim var. Heydər Əliyev azərbaycanlı olduğu qədər də beynəlmiləl, bəşəri adam idi. Rəhbərlik etdiyim şöbə yaradıcı, elm, maarif, ali məktəb və digər bu kimi təşkilatlara nəzarət edirdi. Bu şöbədə işləri təhvil aldıqdan sonra sənədlərlə tanışlıq məndə təəssüf hissi oyatdı. çünki 17 doktorluq və namizədlik dissertasiyasının üzərinə arayışlar tikilmişdı. Bu arayışlarda isə həmin işlərin millətçilik və antisovet ruhunda yazıldığı qeyd olunmuşdu. Əsərlərin müəlliflərini şəxsən tanıdığım üçün sözügedən arayışların düzgün tərtib edilmədiyinə əmin idim. Buna görə də, 3 ay bu işlə məşğul oldum. Bununla bağlı bir arayış yazıb DTK sədri Krasilnikova verdim. O da həmin arayışı aparıb Heydər Əliyevə təqdim etdi. Bundan sonra Ulu öndər məni çağırdı və ətraflı məlumat aldı. Heydər Əliyev sənədin üzərinə dərkənar qoydu və DTK-dakı dissertasiyaların hamısı növbədənkənar müdafiəyə buraxıldı. Mübariz şair Xəlil Rza da oxşar vəziyyətdə idi. Pedaqoji institutdakı işindən xaric etmişdilər, Maqsud Şeyxzadədən doktorluq dissertasiyası yazmışdı, müdafiəyə buraxmırdılar. Ona da köməklik göstərdik, hətta ev verildi. Bir daha vurğulamaq istəyirəm ki, bizə də bu ruhu, cəsarəti verən ümummilli liderimiz idi. Onun məsələlərə xüsusi həssaslıq nümayiş etdirməsi, ziyalılarımıza diqqət, qayğı ilə yanaşması nəticəsində ziyalılarımız həbs və təqiblərdən xilas oldu.
1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev dağılmaqda olan respublikamızı, daha doğrusu, canından artıq sevdiyi Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi. ölkədə hökm sürən hərc-mərcliyə son qoydu, sabitlik və inkişafa doğru lazımi addımlar atdı, təxirəsalınmaz tədbirlər gördü. Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin rəhbərliyə yenidən qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Hakimiyyətsizlik, dağıdıcılıq quruculuq mərhələsi ilə əvəz edildi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində respublikamız çox sürətli inkişaf yolu keçib. Həyatımızın bütün sahələrində, o cümlədən, siyasi-iqtisadi, təhsil, elm, mədəniyyət və digər sahələrdə çox böyük nailiyyətlər əldə edib və uğurlara imza atmışıq.
Bəhruz Quliyev: Həqiqətən də, Heydər Əliyevin fəaliyyəti həddindən artıq geniş spektrləri əhatə edir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla ölkəmizdə çoxpartiyalı sistemin modelini, uğurunu ortaya qoydu, bugünki müxalifətə siyasi müxalifətçilik mədəniyyətini öyrətdi. Mən 1969-cu illə bağlı sadəcə bir məqama toxunmaq istəyirəm ki, o zamanlarda iqtisadiyyatdakı yüksəliş, yeni sənaye obyektlərinin, hərbi məktəbin və digər vacib infrastrukturların yaradılması Ulu öndərimizin xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri idi. Bu gün müstəqil Azərbaycanın Silahlı Qüvvələri baza olaraq həmin məktəbdən qidalanır. Həmin məktəbi o zaman bitirən müdavimlər bu gün general rütbəsilə ölkəmizin uğurları üçün çalışır. Ulu öndər Heydər Əliyev Azərbaycana hüquqi, demokratik dövlət modelini bəxş etdi. Ulu öndər deyirdi ki, müstəqilliyi əldə etmək çətindir, amma bu müstəqilliyi qoruyub saxlamaq ondan da çətindir. Tarixə nəzər saldıqda ümummilli liderimizin haqlı olduğunu görərik. 1918-ci ildə yaranan müstəqi dövlətimizi qoruyub saxlaya bilmədik. 1993-cü ildə Ulu öndərimiz xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün yaşadığımız güclü, qüdrətli Azərbaycanın qurulması mümkünsüz idi. Bu demokratik ölkə quruculuğu modelində bütün sahələr öz yerini tapdı. Mətbuatın inkişafına, vətəndaş cəmiyyətinin bərqərar olmasına, müxtəlif institutların yaranmasına, inkişafına güclü təkan verildi. Müstəqil Azərbaycan dövlətinin atributları təsdiq olundu, dünyaya tanıdıldı. Hüquqi dövlətin əsas göstəricisi olan milli Konstitusiyamız qəbul olundu. Bu gün Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsində cənab Prezidentimizin böyük xidmətləri var. Azərbaycan xalqı bu xidmətə görə də, Ulu öndər Heydər Əliyevə borcludur. Birmənalı olaraq qeyd etmək mümkündür ki, Azərbaycanın dünyada tanınmasında Ulu öndər Heydər Əliyev faktoru böyük rola malik olub. çünki Heydər Əliyev şəxsiyyəti dünyada Azərbaycan adından populyar olub, bu birmənalıdır. Dünyanın bir çox yerlərində Azərbaycanı məhz Heydər Əliyev adı ilə tanıyıblar, tanıyırlar. Mən öz adımdan bir daha “Yeni Azərbaycan” qəzetinə bu Dəyirmi masanı təşkil etdiyi üçün öz təşəkkürümü bildirirəm. Mən əminəm ki, Ulu öndərimizin ideyaları hər zaman bizimlədir və hər bir müzakirədə, hər bir toplantıda Heydər Əliyev böyüklüyü bir daha yenidən kəşf olunacaq.
Hikmət Babaoğlu: Mən də öz adımdan, “Yeni Azərbaycan” qəzetinin kollektivi adından maraqlı söhbətə görə qonaqlarımıza öz təşəkkürümü bildirirəm.
Pərviz SADAYOÄžLU,
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

