Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AXCP-Müsavatın qara piarı, yaxud məğlubiyyətə məhkum edilmişlərin son tanqosu

AXCP-Müsavatın qara piarı, yaxud məğlubiyyətə məhkum edilmişlərin son tanqosu

12.08.2010 [08:52]

Turana qılıncdan daha kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.
Hüseyn Cavid

Son dövrlərdə Azərbaycan mətbuatında müxtəlif tipli, müxtəlif səpkili yazılar işıq üzü görməkdədir. XXI əsrdə təəssüf ediləcək haldır ki, hələ də bu yazıların bir qismi istər mədəni baxımdan, istər etika baxımından, istərsə də siyasi etika və siyasi mədəniyyət baxımından arzuolunan səviyyədə deyil. Bu eyni zamanda, cəmiyyətin tələbatlarına da uyğun deyil. Dəfələrlə qeyd etmişik ki, jurnalistika cəmiyyətin aparıcı institutu kimi, lokomotivi kimi belə münasibətlərdə, ictimai və siyasi münasibətlərin yeni keyfiyyətdə təzahür etməsində, mübarizə üsullarının yeni metodlarla, yeni keyfiyyətdə formalaşmasında və ölkəmizin siyasi palitrasına yeni mədəni keyfiyyətlərin aşılanmasında böyük rola malikdir.
Təəssüf ki, müəyyən bir pauzadan sonra cəmiyyətimizdə baş verəcək böyük bir ictimai-siyasi hadisə ərəfəsində, yəni parlament seçkiləri ərəfəsində həmkarlarımızın ayrı-ayrı vaxtlarda gözləməyə cəhd göstərdikləri və bizim müşahidələrimizə görə buna müəyyən qədər nail olduqları jurnalist etikası yenidən ciddi şəkildə pozulmağa başlayır. Belə ki, bir sıra mətbuat orqanları, xüsusilə də, müxalifət mətbuat orqanlarının bir hissəsi heç bir etika gözləmədən, heç bir peşəkarlıq gözləmədən ölkəmizdə ictimai nüfuza sahib, yaxud dövlət icra strukturlarında təmsil olunan, yaxud ölkəmizin siyasi sistemində özünəməxsus yeri alan ayrı-ayrı şəxsləri, ictimai və siyasi liderləri qeyri-etik ibarələrlə, qeyri-etik ifadələrlə mətbuatın həqarət hədəfinə gətirirlər. Biz hesab edirik ki, bu yolverilməzdir.

Geriyə yox, irəliyə addımlamalıyıq
Hər şeydən öncə qeyd etmək lazımdır ki, bu cür münasibət və davranışlar ilk növbədə həmin müəlliflərin və yaxud onların arxasında duran ideoloqların, siyasi təşkilatların və partiyaların özünün mədəni-etik səviyyəsinin nümayişidir. Əlbəttə ki, bu gün Azərbaycan cəmiyyəti artıq o səviyyədə inkişaf edib ki, nəinki bu cür davranışlara, bu cür münasibətlərə layiq olmadığını dəfələrlə sübut edib, hətta, bu cür münasibətlər sərgiləyən ayrı-ayrı ictimai və siyasi təşkilatları, yaxud bizim çox hörmətli həmkarlarımızı müxtəlif şəkildə cəzalandırıb, özünün ictimai qınağına məruz qoyub və onları cəmiyyətin bir küncünə sıxışdırıb. Ona görə də, biz müasir mərhələdə siyasi münasibətləri nəhayət keyfiyyət etibarı ilə yeni müstəviyə daşımalıyıq. Hesab edirəm ki, bu, Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı yazıları qələmə alan jurnalistlərin ilk növbədə Azərbaycan xalqı qarşısında, Azərbaycan cəmiyyəti qarşısında, Azərbaycan siyasi mədəniyyəti qarşısında, Azərbaycan dövləti qarşısında borcudur, vətəndaşlıq borcudur və nəhayət, indiki mərhələdə tarixi borcudur.
çünki biz ötən əsrin 90-cı illərinin əvvəllərində formalaşan siyasi ənənələrlə, siyasi üslubla, siyasi stillə millətimizi, xalqımızı irəli daşıya bilmərik. Qeyd etmək lazımdır ki, Azərbaycan siyasi palitrasında yeni münasibətlər sisteminin formalaşması, yeni siyasi-əxlaqi dəyərlərin pərvəriş tapması üçün kifayət qədər ciddi münbit zəmin var və bu tarixi fürsətdən istifadə edərək- xüsusən də, mənim hörmətli həmkarlarım olan jurnalistlər bu şeyə diqqət etməlidirlər-jurnalistlər olaraq biz nəinki bu siyasi üslubu siyasilərin necə deyərlər ağzından alıb, daha da sərtləşdirməli, əksinə, cəmiyyətin aparıcı qüvvəsi kimi, cəmiyyətdə böyük nüfuza sahib peşənin daşıyıcıları kimi biz özümüz siyasiləri o cür danışıq tərzindən imtina etməyə və yaxud da onu korrektə etməyə məcbur etməliyik. Hesab edirəm ki, bu, Azərbaycan jurnalistikasının qarşısında duran başlıca vəzifədir və jurnalistikamızın Azərbaycan xalqı qarşısında şərəf borcudur.

Hər bir yaradıcılıq məhsulu qələm sahibinin fərdi keyfiyyətlərinin göstəricisidir
Onu da qeyd etmək yerinə düşər ki, mədəniyyət spesifik, sosial bir hadisədir. Mədəniyyət insan və cəmiyyətin tarix boyu əldə etdiyi nailiyyətlərin, inkişafın müasir səviyyəsidir. Mədəniyyət insanın yaratdığı, necə deyərlər istehsal etdiyi və nəsildən-nəsilə varislik əsasında ötürdüyü maddi və mənəvi dəyərlər sistemidir. Biz hesab edirik ki, dünya sivilizasiyası, dünya mədəniyyəti bugünkü inkişaf səviyyəsinə görə, bir mənada həm də məhz Azərbaycan mədəniyyətinə də borcludur. Ən azından dünya mədəniyyətinin müasir inkişaf səviyyəsinə qovuşmasında Azərbaycan xalqının tarix boyu əldə etdiyi mədəni nailiyyətlərin də böyük bir rolu olub. Belə olan halda bizim heç bir mənəvi haqqımız yoxdur ki, mətbuatda, cəmiyyətdə bu mədəniyyətin varisləri olaraq onun önündə tormozlayıcı funksiyanı yerinə yetirək. Hansı ki, biz jurnalistlər cəmiyyətin lokomotiv qüvvəsi olaraq bu mədəniyyəti daha da irəliyə götürməyə borcluyuq.
Mədəniyyət, eyni zamanda, fərdi hadisədir. Mədəniyyət hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik, vərdiş, tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi keyfiyyətlər məcmusudur. Bu mənada hər birimizin davranışı və hər birimizin yazdığımız yazı bizim o keyfiyyətləri necə mənimsədiyimizin və ictimai münasibətlərdə həmin keyfiyyətləri cəmiyyətə necə təqdim etdiyimizin sübutudur. Belə olan halda, yəni, hər bir yaradıcılıq məhsulu bu qələm sahibinin fərdi keyfiyyətlərinin göstəricisidir.
Ona görə də, heç kəs düşünməsin ki, qəzet, mətbuat vasitəsilə kimi təhqir edirsə, kimin haqqında böhtan yazırsa bununla cəmiyyətdə hansısa, siyasi, yaxud da ictimai dividentlər əldə edir. Tam əksinə, o, bununla bəlkə də əvvəlcədən əldə etdiyi hansısa dividentləri itirmiş olur.
Əksər ekspertlərin də qeyd etdikləri kimi mətbuatımızın 135 illiyi ilə əlaqədar olaraq Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar mətbuatımızda yeni keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Həm bunu, həm də ölkəmizdə KİV-in inkişafına yönəlmiş addımları xatırlatmaqla yanaşı bütün həmkarlarımı məhz yuxarıda qeyd etdiyimiz prinsiplərdən çıxış etməyə, öz yazılarında təhqir, böhtan və iftiralardan uzaq olmağa çağırıram.
Onu da vurğulamaq yerinə düşər ki, mədəniyyətin çoxsaylı funksiyası var. Mədəniyyət insanların dünyanı mənimsəməyə yönəlmiş yaradıcı fəaliyyətidir. Biz dünyanı mənimsəyə-mənimsəyə, onu öyrənə-öyrənə bu cür, mədəni münasibətləri yaradırıq. Və bu münasibətlər hər bir xalqın, hər bir millətin gələcək taleyini müəyyənləşdirir, onu formalaşdırır. Mədəniyyət çoxsaylı funksiyaları yerinə yetirir. Mədəniyyət insanın yaradıcı fəaliyyət prosesində aşkara çıxır. O, bir ünsiyyət funksiyasını həyata keçirir. Mədəniyyət idrakı funksiyanı yerinə yetirir. Qiymətverici funksiyanı yerinə yetirir və s. Belə olan halda unutmamalıyıq ki, bizim mədəni münasibətimizə qiyməti məhz xalq verir və xalq qarşısındakı tarixi məsuliyyətimizi dərk etməliyik.

Siyasi mədəniyyət fərdi olduğu qədər də ümumidir
Bütün bunları qeyd etməklə yanaşı, bir qədər də Azərbaycan cəmiyyətinin siyasi palitrasındakı münasibətlərdə mədəni-əxlaqi dəyərlərin səviyyəsi və keyfiyyətindən danışmaq olar. Siyasi mədəniyyət cəmiyyət üzvlərinin siyasi səviyyəsinin artmasına, cəmiyyət üzvləri tərəfindən demokratiyanın öyrənilməsinə xidmət edir, eyni zamanda, siyasi mədəniyyət siyasi prosesdə iştirak edənlərin bir-birinə qarşılıqlı hörmətini şərtləndirir, onun materialist, fəlsəfi dünya görüşünü, onun şüurundakı müxtəlif davranış qaydalarını özündə ehtiva edir və siyasi münasibətlərdə onun siyasətçi kimi, yaxud da fərd kimi, yazar kimi, jurnalist kimi keyfiyyətlərini büruzə verir. Ona görə də, siyasi mədəniyyət mədəniyyətin ayrıca bir spesifik sahəsi olmaqla, ictimai həyatımızın bütün sektoruna, bütün bölmələrinə ciddi təsir göstərir. çünki demokratik cəmiyyətdə bütün cəmiyyət üzvləri bu və ya digər dərəcədə siyasiləşiblər, siyasi proseslərdə iştirak edirlər, onların müxtəlif siyasi maraqları və məqsədləri olur. Ona görə siyasi mədəniyyət özlüyündə bir hadisədir və bu daha çox cəmiyyətin aktiv fərdlərini maraqlandırdığı üçün cəmiyyətdə daha populyardır. Məhz bu səbəbdən də, siyasi sferada baş verən əxlaq hadisəsi, mədəniyyət hadisəsi dərhal cəmiyyətin digər alt qatlarına transfer olunur. Bu hadisənin özü isə bir daha bizim üzərimizə böyük məsuliyyət qoyur.
Hazırda, Azərbaycanda açıq cəmiyyət və vətəndaş cəmiyyəti qurulmaqdadır. Bu baxımdan da, bu gün qurduğumuz cəmiyyət hansı əxlaqi dəyərlərə söykənəcəksə, gələcəkdə də məhz bu təməllər üzərində inkişaf edəcək. Ona görə də, bizim siyasi etikamız, siyasi davranışlarımız, siyasi mədəniyyətimiz nə qədər fərdidirsə, yəni, nə qədər bizə aiddirsə, bir o qədər də ümumidir və gələcəyimizə aiddir. Məhz bu tezisindən çıxış edərək biz gələcək nəsillər qarşısında, həmçinin, xalqımızın və cəmiyyətimizin tarixi inkişafı prosesindəki məsuliyyətimizi dərk edərək öz sözlərimizi korrektə etməyə borcluyuq. Ya bunu etməliyik, ya da ictimai təsiri olan, ictimai əhəmiyyəti olan institutlardan geri çəkilməliyik. Heç olmasa bu şəkildə vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
Eyni zamanda, qeyd etmək lazımdır ki, siyasi etika da siyasi mədəniyyətin ayrılmaz tərkib hissəsidir. Siyasi etika demokratik inkişafın stimulverici, qidaverici ünsürlərindən biridir. Siyasi etika hüquqi dövlətin fundametal xarakteristikasıdır, vətəndaş cəmiyyətinin tələbatıdır. Bu baxımdan da, biz mütləq və mütləq siyasi mədəniyyət və siyasi etikamızın o şəkildə formalaşmasını təmin etməliyik ki, bu Azərbaycan cəmiyyətini irəli götürsün, geri deyil. Siyasi etika hakimiyyətin öz tələbatının məhdudlaşdırılmasını tələb edən bir sosial hadisədir. Siyasi etika qanunların aliliyini qabardan, onu önə sürən, onu irəli götürən bir hadisədir. Eyni zamanda, siyasi etika qanunsuz fəaliyyəti qanunla əvəz edən, dövlətin və hakimiyyətin, cəmiyyətin və vətəndaşların dövlətlə əlaqələrinin fəaliyyət istiqamətlərinin normalarını müəyyənləşdirən bir hadisədir. Siyasi etika şəxslərin, qrupların, birliklərin bu və ya digər ictimai təşkilatda, dövlət orqanlarında münaqişəli fəaliyyətlərinin əxlaqını nəzarət altına alan və onu müəyyən çərçivəyə salan bir hadisədir. Biz nəzərə almalıyıq ki, bu gün özünə hörmət edən hər bir fərd dediyimiz ictimai təsir vasitəsinə malikdirsə, müəyyən auditoriyaya bu və ya digər siyasi əqidə sahibi olan, yaxud da bu və ya digər ideoloji düşüncəni mənimsəmiş hər hansı bir auditoriyaya təsir etmək gücündədirsə, onun cəmiyyət və həmin auditoriya qarşısında məsuliyyəti birə-beş artır. Ona görə də, biz siyasi etika, siyasi əxlaq və siyasi mədəniyyətimizi daxilimizdə baş verən və yaxud daxilimizdə formalaşan fərdi hadisə kimi qiymətləndirmək hüququna sahib deyilik.
Belə olan halda nəyə görə Azərbaycanda bu gün də arzuolunmaz hadisələr baş verir. Nəyə görə hələ Azərbaycan mətbuatı, ayrı-ayrı mətbu orqanlarımız bu cür ünsürlərə yer verməkdə davam edirlər. Deməli buradakı insanlar ya məsuliyyətsizdirlər, ya dediyimiz anlayışları mənimsəməyiblər, ya da məqsədli şəkildə cəmiyyətdə formalaşması vacib olan və cəmiyyətin ictimai tələbatı olan yeni keyfiyyətli ictimai-siyasi münasibətlərin formalaşmasına əngəl törədən, onun qarşısını almağa cəhd göstərən lazımsız ünsürlərdir. Hətta bir az daha irəli gedib deyə bilərik ki, Azərbaycan cəmiyyətinin inkişafında maraqlı olmayan ayrı-ayrı daxili və xarici təşkilatların sifarişini yerinə yetirən ünsürlərdir. Biz hesab edirik ki, Azərbaycan cəmiyyətində belələrinə yer olmamalıdır.

Durub göy üzünə daş atan oğlan
Göy üzü daş saxlamaz...
Ramiz Rövşən
... Yaxud durub şüşə qabdan daş atan oğlan
Hörmətli şairimiz Ramiz Rövşənin şeirini belə dəyişək-Durub şüşə qabdan daş atan oğlan, sizin cəmiyyətə atdığınız daşı cəmiyyət saxlamayacaq, sizin özünüzə atacaq. Məşhur bumeranq hadisəsini yada salaq. Şüşə qabda oturacaqsansa heç kəsə daş atma. çünki cəmiyyət daş saxlamır və biri də götürüb həmin daşı sənə atacaq. Şüşə qabın qırılacaq və bütün paxırların üzə çıxacaq, ifşa olunacaqsan. Axı, ayrı-ayrı qəzetlərin baş redaktorlarının, ayrı-ayrı qəzetlərin yazarlarının, Rauf Arifoğlunun, Qənimət Zahidin, İsa Qəmbərin, Əli Kərimlinin, müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı partiya liderlərinin həyat tərzi haqqında, əxlaqi-mənəvi dəyərləri və normaları haqqında, həmçinin, onların yaşam tərzlərində olan müəyyən qüsurları biz də bilirik. Axı, biz indi vurub sizin şüşə qabınızı sındırsaq, o zaman bu şeylərin hamısı açılacaq. Sual olunur, nəyə görə, bu gün seçki ərəfəsində “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində və yaxud o qəzetlərin təsiri altında olan, yaxud da bilərəkdən və bilməyərəkdən o qəzetlərdə gedənləri təkrar edən qəzetlərdə müxtəlif nazirlər haqqında, komitə sədrləri və onların övladları haqqında uydurmalar yer alır, ölkəmizi, xalqımızı təmsil edən, dövlətimizin idarə olunmasında bilavasitə iştirak edən, siyasi sistemimizin önündə gedən Yeni Azərbaycan Partiyasının adı təhrif edilir, bu, bizim əxlaqımıza, mədəniyyətimizə, cəmiyyət qarşısındakı məsuliyyətimizə nə dərəcədə uyğundur, bu qara piar nə üçün başladılıb və nəyə görə məhz parlament seçkiləri ərəfəsində başladılıb?
Axı, indi biz də sizə qarşı qeyri-etik antitəbliğata başlasaq, nə baş verəcək? Onda siz buna cavab verə biləcəksinizmi? Yaxud da əldə olunan faktlara söykənərək iqtidar mətbuatı sizə qarşı qurşaqaltı zərbələr endirsə, buna dözə biləcəksinizmi, hörmətli həmkarlar? Siz yaxşı bilirsiniz ki, buna dözə bilməzsiniz. Bəs, onda nəyə görə bu kampaniyanı başladırsınız? Gəlin buna son qoyaq və XXI əsrdə yeni, sivil metodlarla, siyasi əxlaqın, siyasi mədəniyyətin və siyasi etikanın bizə verdiyi o çərçivə daxilində siyasi mübarizəmizi aparaq. Ən nəhayət, nə qədər ki, xalq hələ də sizin siyasəti istismar etmənizə, sözü hörmətdən salmağınıza, mədəniyyətimizi kiçiltməyinizə dözür, son məsuliyyətinizi dərk edərək, heç olmasa indi bu addımı atın.

Zəng kimin üçün çalınır
Ernest Heminquey
Amerikalı yazıçı Ernest Heminquey “Zəng kimin üçün çalınır” adlı əsərində maraqlı bir ifadə işlədib. Həmin hissəni olduğu kimi hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm: “Elə bir insan olmamışdır ki, o ada kimi, özü-özlüyündə tənha qalsın. Hər kəs qitənin, torpağın bir hissəsidir. Əgər dalğa okeanın bu sahilindən bir daş qoparırsa, demək o sahildə olan Avropa kiçilir. Hər bir ölən adam məni də kiçildir. çünki mən bütün insan nəsli ilə birəm. Bax buna görə də, heç vaxt soruşma ki, zəng kimin üçün çalınır? O sənin üçün çalınır”.
Görün nə qədər gözəl deyimdir və bu deyimdən yola çıxaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan xalqının, Azərbaycan millətinin bir fərdiyəm. Mən Azərbaycan mədəniyyətinin daşıyıcılarından biriyəm. Eyni zamanda, hesab edirəm ki, mənimlə bərabər bu cəmiyyətdə mövcud olan, mənim millətim olaraq bu mədəniyyətin, düşüncənin, etnik kökün, qanın daşıyıcıları olan bu insanların kiçilməsi, Azərbaycan mədəniyyətinə bu cür həqarət etmələri mənə də həqarətdir və cəmiyyətin hər bir üzvünə həqarətdir. Onlar kiçildikcə bu və ya digər şəkildə mən də kiçilirəm. Ən mədəniyyətli, ən etikalı insanımız da kiçilir. çünki biz millət olaraq birik, bütövük. Bizi fərd olaraq kiçildən hər bir hərəkət bütün xalqımızı kiçildir. Gəlin biz bundan imtina edək və nəhayət, bu seçki mübarizəsində köhnə vərdişlərimizdən əl çəkək. Azərbaycan siyasi palitrasını yeni mənəvi dəyərlərin, yeni əxlaqi dəyərlərin, yeni siyasi dəyərlərin mövcud olduğu keyfiyyətcə yeni müstəviyə transfer edək. Bu bizim borcumuzdur.
Hikmet Babaoglu
Paylaş:
Baxılıb: 929 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30