Qafqazdakı mövcud status-kvo heç kəsə sərf etmir, xüsusilə də Ermənistana
18.08.2010 [09:34]
Türkiyə Prezidenti Abdullah Gülün ölkəmizə növbəti səfəri beynəlxalq aləmin diqqətini yenidən yaşadığımız regiona yönəldib. Bunun bir səbəbi bir millət iki dövlət olan Türkiyə ilə Azərbaycan arasında müzakirə edilən məsələlərə beynəlxalq birliyin xüsusi marağı, digər səbəbi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Daha doğrusu, qardaş Türkiyənin sözügedən münaqişənin həlli istiqamətində göstərdiyi çabalar fonunda Abdullah Gülün Bakıda nə deyəcəyi beynəlxalq ekspertləri ciddi şəkildə maraqlandırırdı. Bu barədə bir qədər sonra. Hələlik isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki son duruma ötəri nəzər salaq.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, münaqişənin həlli istiqamətində son 5-6 il ərzində aparılan danışıqlar müəyyən təkliflərin hazırlanmasına gətirib çıxarıb. Eyni zamanda, bu təkliflər Minsk qrupu tərəfindən rəsmi şəkildə Ermənistana və Azərbaycana təqdim edilib. Dövlət başçısının sözlərinə görə, təkliflərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın işğala məruz qalmış bölgələrindən Ermənistanın işğalçı qüvvələri çıxarılır və Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıdırlar. Bununla bərabər, təhlükəsizliyin təmin olunması üçün bölgədə sülhməramlı qüvvələr yerləşdirilir. Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyət göstərməsi və digər məsələlər nəzərdə tutulur. Yəni, məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan torpaqları işğal altından çıxır və beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəzərdə tutulur.
Dağlıq Qarabağ münaqişəsi Bakı danışıqlarının ana xəttini təşkil edib
Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə Prezidenti Abdullah Gülün ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlərin mərkəzində dayanıb. Həmin məsələyə toxunan Azərbaycan Prezidenti İlham Əliyev “Bu barədə də biz çox geniş danışdıq və fikir mübadiləsi apardıq” deyib. Dövlət başçısı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinin yaratdığı acı nəticələrə də toxunub: “Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır, qaçqın-köçkün vəziyyətində yaşayır. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, bütün beynəlxalq hüquq normaları pozulmuşdur. Beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti məsələnin həlli ilə bağlı çoxsaylı qətnamələr, qərarlar qəbul etmişdir və onların hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd-şərtsiz tələb edir. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi məsələnin həlli üçün imkan yaratmır. Ancaq Azərbaycan bundan sonra da ərazi bütövlüyünün bərpası üçün bütün lazımi tədbirləri görəcək, öz siyasi və diplomatik səylərini artıracaqdır. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Fürsətdən istifadə edərək, Sizə və bütün qardaş türk xalqına Azərbaycana bu məsələ ilə bağlı daim dəstək verdiyinizə görə minnətdarlığımı, təşəkkürümü bir daha bildirmək istəyirəm”.
öz növbəsində, Türkiyə Prezidenti Abdullah Gül də Bakı danışıqlarında Qafqazın sabit və təhlükəsiz bir bölgə olması üçün həyata keçirilməli olan tədbirlər barədə ətraflı müzakirələrin aparıldığını bəyan edib: “Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarında işğalın sona çatdırılması-bütün bunların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müzakirə etdik. Bunu müzakirə edərək, qısa müddət ərzində bu problemin həllinin zəruri olduğuna inanırıq. Milyonlarla köçkünün, qaçqının çox çətin şəraitdə yaşadığını bilirik. Əslində, bütün dünya bu həqiqəti görməlidir. Uzun illərdir, 18 ildir ki, dünyada bu problemə kifayət qədər diqqət yetirilmədi. ümid edirik ki, artıq bunun da zamanı gəlib çatmışdır və bütün bu məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir”.
“Şübhəsiz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu hər kəs bilməlidir. çünki BMT-nin tanıdığı sərhədlərin hər hansı şəkildə başqa bir ölkə tərəfindən işğalı nə beynəlxalq hüquq tərəfindən qəbul edilə, nə də hər hansı şəkildə müsbət qarşılana bilər. Bu baxımdan bu problemin həlli üçün hamımız hər cür kömək göstərməyə davam edəcəyik” deyən qardaş ölkənin Prezidenti, həmçinin, bu məsələnin dondurulmuş şəkildə saxlamağın doğru olmadığını da əlavə edib. Onun sözlərinə görə, dondurulmuş münaqişələr gözlənilmədən çox böyük problemə çevrilə bilər.
Ermənistan işğalçılıq siyasətinin girovuna çevrilib
Onu da bildirmək yerinə düşər ki, cənab Abdullah Gül Bakıya səfəri zamanı APA-ya müsahibəsində də dondurulmuş münaqişələr məsələsinin üzərində xüsusi olaraq dayanmış, Qafqazdakı mövcud status-kvonun dəyişilməsinin vacibliyini önə sürmüşdü: “Qafqazdakı bu status-kvo heç kimin faydasına deyil - nə Azərbaycanın, nə Türkiyənin, nə də Ermənistanın. Dünya çox dəyişir, problemləri həll etmək lazımdır. Problemləri donmuş halda soyuducuda saxlasaq, daha sonra qəfildən o problemlər yenidən ortaya çıxa bilər”.
Yeri gəlmişkən, Türkiyə Prezidentinin status-kvo ilə bağlı fikirləri yerli və xarici ekspertlər tərəfindən də maraqla qarşılanıb. Gəlinən ümumi qənaət ondan ibarətdir ki, mövcud status-kvo daha çox işğalçı ölkə Ermənistanın xeyrinə deyil. çünki işğalçılıq siyasətindən əl çəkməməsinin bu ölkəyə nələrə başa gəldiyi bütün çılpaqlığı ilə ortadadır. Bu gün Ermənistan qlobal əhəmiyyətli layihələrdən kənarda qalıb. ölkə iqtisadiyyatı tamamilə iflic vəziyyətinə düşüb. Əhali arasında baş alıb gedən yoxsulluq və xəstəliklər erməni cəmiyyətini məhvə doğru sürükləyir.
ölkədəki mövcud sosial-iqtisadi və ictimai-siyasi geriləmələrdən ən çox əziyyət çəkən isə Ermənistan ordusudur. Bu gün Ermənistan vətəndaşları olan gənclər işğal altında olan Azərbaycan torpaqlarında xidmət çəkməmək üçün hər şeyə hazırdırlar. Bunun üçün tələb olunan rüşvəti tapıb verə bilməyən erməni əsgərləri hərbi hissələrdə hökm sürən özbaşınalıqdan, aclıq və səfalətdən yaxa qurtarmağın yolunu Azərbaycan tərəfinə əsir düşməkdə görürlər.
Baş verənləri ümumiləşdirsək, o zaman hazırda Ermənistanda dövlət səviyyəsində xaos və anarxiyanın hökm sürdüyünü deyə bilərik. Sarkisyan rejiminin sadə erməniləri deyil, qrup maraqlarını düşünməsi, həmçinin, öz hakimiyyətini qorumaq üçün Ermənistanda nə varsa hər şeyi satışa çıxarması isə vəziyyəti daha da gərginləşdirir. Təbii ki, satıcı varsa, alıcı da var. Və mövcud vəziyyətdə Sarkisyan rejiminin satışa çıxardığı Ermənistan üçün “sərfəli” alıcı qismində məhz Rusiya iştirak edir. Rusiyanın nə qədər uğurlu alıcı olması və Ermənistanın bunun nəticəsində koloniya vəziyyətinə düşməsi məsələsi ayrıca bir müzakirə mövzusudur. Bu məqamda isə Rusiyanın işğalçı ölkəni ayaqda saxlamaq üçün göstərdiyi səxavətin heç də Azərbaycan üçün bəyan etdiyi “mehriban və səmimi qonşuluq” prinsiplərinə sığmadığını qeyd etmək yerinə düşər.
Kremlin saatı hələ də “köhnə vaxtla” işləyir
Məsələ burasındadır ki, dünya düzənində proseslərin sürətlə dəyişməsinə, bəşəri münasibətlərdə yeni metod və vasitələrdən istifadə edilməsinə baxmayaraq, Rusiya hələ də köhnə zamanların qaydası ilə oynamağa üstünlük verir. Daha dəqiq desək, Kremlin saatı hələ də “köhnə vaxtla” işləyir. O mənada ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların müəyyən təkliflərin hazırlanmasına gətirib çıxardığı bir vaxtda Rusiya yenə də “silah diplomatiyası”na üstünlük verməyə başlayıb. Elə bir “diplomatiya” ki, bu, işğalçıları yenidən həvəsə gətirə, daha dəqiq desək, onları hər hansı razılaşmanın imzalanmasından vaz keçməyə sövq edə bilər.
Hər halda, Rusiya prezidenti Dmitri Medvedevin İrəvana avqustun 19-da baş tutacağı gözlənilən səfəri ərəfəsində yayılan məlumatlar belə deməyə əsas verir. Rusiya mənbələri xəbər verir ki, Medvedevin səfəri zamanı bir sıra mühüm ikitərəfli müqavilələr, həmçinin, Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasının ölkədə 49 il müddətinə qalması barədə müqavilə bağlanacaq. Bu, Rusiya qoşunlarının 2044-cü ilə qədər Ermənistanda qalacağı deməkdir. Yeri gəlmişkən, dünən “Media forum” saytı Rusiya prezidenti Dmitri Medvedevin avqustun 19-da Ermənistana səfərində iki ölkə arasında imzalanacaq hərbi əməkdaşlıq sənədinin - razılaşma protokolunun layihəsini əldə edib. Rusiya hökumətinin rəsmi saytında verilmiş həmin layihəni oxucuların diqqətinə çatdırırıq. Tərəflər Rusiya hərbi bazasının Ermənistan Respublikasının ərazisində yerləşdirilməsi ilə bağlı 16 mart 1995-ci il tarixli müqaviləni rəhbər tutaraq, əvvəllər əldə olunmuş razılaşmaları nəzərə alaraq qərara gəlirlər: Rusiya hərbi bazası tərəflərin uyğun razılaşmalarından irəli gələn vəzifələri yerinə yetirir; Rusiya hərbi bazası Ermənistan Respublikasının ərazisində olduğu müddətdə Rusiya Federasiyasının maraqlarının müdafiəsindən başqa Ermənistan silahlı qüvvələri ilə birgə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir; Bu məqsədlər üçün Rusiya tərəfi Ermənistan Respublikasının müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təminatının gerçəkləşməsində yardımçı olur; Rusiya hərbi bazası birləşmələrinin tətbiqi tərəflərin qarşılıqlı razılaşmaları, 15 may 1992-ci il tarixli kollektiv təhlükəsizlik müqaviləsi, Rusiya Federasiyası və Ermənistan arasında 24 avqust 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləyə və tərəflərin qanunvericiliyinə əsaslanır; Müqavilə 49 il müddətində qüvvədədir və tərəflərdən biri müqavilənin qüvvədən düşməsinə altı ay qalmış onun dayandırılması haqda yazılı müraciət etməzsə, avtomatik olaraq beş il müddətinə uzadılır; Müqavilənin müddəalarına tərəflərdən birinin və ya hər ikisinin qarşılıqlı razılaşması ilə yenidən baxıla bilər; Protokol ratifikasiya edilməlidir və ratifikasiya sənədlərinin dəyişdirilməsi günü qüvvəyə minir.
Sənəddən də göründüyü kimi, Ermənistandakı Rusiya hərbi bazası Moskvanın maraqlarını müdafiə etməklə yanaşı, həm də Ermənistanın təhlükəsizliyini qoruyur və bu məqsədlə Ermənistan Silahlı Qüvvələri ilə birgə çıxış edir. Eyni zamanda, bu məqsədlər üçün Rusiya tərəfi Ermənistanın müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təminatının gerçəkləşməsində yardımçı olur.
“Armenia Today” agentliyi isə Medvedevin səfəri zamanı Rusiyanın Ermənistana yeni silahlar verməsinə dair müqavilənin imzalanacağını xəbər verir. Bildirilir ki, Rusiya prezidentini səfər zamanı yüksək rütbəli hərbçilər müşayiət edəcək. Ermənistana yeni silahların KTMT bloku çərçivəsində qarşılıqlı hərbi yardım barədə öhdəlik əsasında veriləcəyi gözlənilir.
1,5-2 milyonluq koloniya və ya Rusiyanın imperiya ambisiyalarının qurbanları
Bəli, Rusiya bir daha köhnənin Rusiyası olduğunu ortaya qoyur. ABŞ-dakı “Heritage” (İrs) Fondunun rəhbəri, Rusiya və Avrasiya üzrə ekspert Ariel Koenin təbirincə desək, Rusiya, əslində, bununla Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını nümayiş etdirir. Əgər belə demək mümkünsə, rəsmi Moskva yaranmış əlverişli vəziyyətdən və ermənilərin qorxaqlığından istifadə edərək 1,5-2 milyon insanın yaşadığı Ermənistanın bir koloniya, açıq həbsxana kimi tam şəkildə öz nəzarəti altında qalması üçün yeni bir addım atıb. Kreml Ermənistanı və bu ölkənin vətəndaşlarını hələlik 49 illiyə tam şəkildə öz vassalına çevirmək istiqamətində hərəkətə keçib.
Mövcud Sarkisyan rejimi bunun fərqində olmasa da, proseslərin Ermənistanın bir dövlət halında köləyə çevrilməsinə apardığının fərqində olan ermənilər də az deyil. Məsələn, Daşnaksütyun Partiyasının Siyasi Məsələlər və Erməni Məhkəməsi ofisinin rəhbəri Kiro Manoyan Rusiya bazasının Ermənistanda mənzillənməsi müddətinin uzadılmasının əsaslandırılmadığını bildirib. Onun sözlərinə görə, bu məsələlərə aydınlıq gətirilməsə, əsaslandırılıb cəmiyyətə izah edilməsə, təşvişə səbəb ola bilər. “Bu müqavilə Ermənistanda gələcək 2-3 nəslin ömrü boyu qüvvədə qalacaq. Bəlkə onlar Rusiya qoşunlarının Ermənistan ərazisində qalmasına razı olmayacaqlar. Nədir mövcud Ermənistan rəhbərliyini belə müqavilə imzalamağa vadar edən?”.
öz növbəsində, Ermənistan Milli və Strateji Tədqiqatlar Mərkəzinin eksperti Ruben Mehrabyan da deyib ki, bunun Ermənistanın maraqlarına heç bir aidiyyəti yoxdur və Ermənistana heç nə vermir: “çünki sürətlə dəyişən dünyada istənilən məsələ üzrə 49 il müddətinə müqavilə imzalamağın özü cəfəngiyyatdır. Bu müqavilə ilə biz Ermənistanın suverenliyinin son əlamətləri ilə vidalaşırıq”.
Erməni ekspertlərinin də qeyd etdikləri kimi, bu razılaşma birbaşa Rusiyanın maraqlarına xidmət edir və ermənilərin nəinki indiki, hətta gələcək 2-3 nəslinin rusların köləsi kimi, onların hərtərəfli, xüsusilə də hərbi nəzarəti altında qalmasına səbəb olacaq. Deməli, Moskva bununla heç də bəzi ermənilərin sadəlövhcəsinə düşündükləri kimi yalnız Ermənistanın və erməni xalqının təhlükəsizliyini qorumaq məqsədini güdmür. Kreml bu sazişlə özünün Cənubi Qafqazdakı forpostunu, daha açıq şəkildə desək koloniyasını tam şəkildə öz nəzarəti altında saxlamaqda israrlı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyir.
Rusiya üçün son şans
Lakin istənilən halda Kremlin Ermənistan üzərində hegemonluğunun təsdiqi üçün seçdiyi zaman və bu təsdiqin nümayiş forması Rusiya-Azərbaycan münasibətləri acısından heç də başadüşülən deyil.
Əvvəla, ona görə ki, yuxarıda da qeyd etdiyimiz kimi, sözügedən müqavilənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son 5-6 il ərzində aparılan danışıqlar nəticəsində müəyyən təkliflərin hazırlanması mərhələsində ortaya çıxması, sadəcə, işğalçılıq siyasətini davam etdirmək istəyində olan Ermənistanın işinə yaraya bilər. Və deməli, Rusiyanın bu addımı dolayısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane ola bilər.
İkinci bir tərəfdən, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsi haqqında 1995-ci ildə imzalanmış 25 illik müqavilənin başa çatmasına hələ 10 il qaldığı bir vaxtda Moskvanın bu tələskənliyinin səbəbi başadüşülən deyil.
Bütün bunları qeyd etməklə yanaşı, onu da vurğulamaq yerinə düşər ki, Rusiyanın hansı yardımı göstərməsindən, eyni zamanda, Ermənistanın nə etməsindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və istənilən halda bu, baş verəcək. ölkəmizin buna hərtərəfli gücü və imkanı çatır. Belə olan halda Rusiya işğalçı Ermənistanı silahlandırmaqdansa, Azərbaycanla bağlı siyasətində səmimiyyət nümayiş etdirsə daha doğru olardı. Bəlkə də hazırki tarixi şəraitdə Rusiya dövlətçiliyi bu səmimiyyəti nümayiş etdirmək üçün gözəl şans qazanıb. Bunu, eyni zamanda, Rusiya üçün son şans kimi də dəyərləndirmək olar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13

