Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fərdi və peşə fəallığı ictimai faydalı olduqda əhəmiyyətlidir...

Fərdi və peşə fəallığı ictimai faydalı olduqda əhəmiyyətlidir...

20.08.2010 [10:01]

Yaxud, Mehman Əliyevin məktubuna qısa cavab
Açıq məktubun paradoksu və ya ziddiyətli məntiqi
Hörmətli Mehman müəllim!
“Yeni Azərbaycan” qəzetinin 14 avqust tarixli sayında işıq üzü görən “Mehman Əliyevi danışdıran nədir?” sərlövhəli yazıya etiraz olaraq qələmə aldığınız açıq məktubu oxudum və açığı xeyli təəccübləndim. Məktubunuzda bizim yazdıqlarımızı bu və ya digər şəkildə təsdiq edirsiniz. Məsələn, biz “Soros” fondunun AXCP və Müsavat partiyalarına nə qədər vəsait ayırdığını bilmirdik, amma, Siz bunun 70 min dollar olduğunu məktubunuzda göstərmisiniz. Mətbuatımızın mötəbər nümayəndələri haqqında işlətdiyiniz “satılmışlar” ifadəsini təkrar edirsiniz. Biz də elə bu məsələni tənqid etmişdik. Belə olan halda nədən və niyə narazısınız?
“Yeni Azərbaycan” qəzetinin fəaliyyəti, tirajı və Peşə-Davranış Məcəlləsinə əməl etməməyi ilə bağlı söylədiklərinizin də heç bir faktoloji əsası olmadığını vurğulamaq istərdim. Nəzərinizə çatdırmaq istəyirəm ki, “Yeni Azərbaycan” qəzeti öz oxucu auditoriyası, ictimai rəyə təsir etmək imkanlarına malik olan ölkəmizin əsas KİV-lərindən biridir. Qəzetimiz ictimai nüfuzunu və əxlaq kodekslərini nəzərə alaraq, daim jurnalistikanın ümdə prinsiplərini qoruyur.
Qəzetimizin internet versiyasının oxunub-oxunmaması yönündə fikirlərinizə də bir qədər aydınlıq gətirmək istəyirəm. Şübhəsiz ki, qəzetdə dərc olunan bütün materiallar hamı üçün maraqlı ola bilməz. Hansısa yazının çox, hansısa yazının az oxunması da oxucu zövqündən asılıdır. Amma, ümumən, bunu deyə bilərəm ki, internet saytındakı materiallarımızın əksəriyyəti oxunur. Sizinlə bağlı məqalə isə son olaraq, nəzər saldığımda sizin iddia etdiyiniz kimi 5 dəfə deyil, 115 dəfə oxunmuşdu.
KİV-lərin maliyyələşməsi ilə bağlı çağırışınıza gəlincə, biz də hesab edirik ki, nəinki qəzetlərin, ümumiyyətlə, bütün təşkilatların maliyyə fəaliyyəti qanunamüvafiq şəkildə həyata keçirilməlidir və şəffaflıq təmin olunmalıdır. Biz “Yeni Azərbaycan” qəzeti olaraq, fəaliyyətimizi bu prinsiplər üzərində qururuq və istənilən maliyyə yoxlamaları üçün hazırıq. Narahatçılığınıza son qoymaq üçün bildirmək istəyirəm ki, “Yeni Azərbaycan” qəzetinin tirajı 6074-dür. Bunun da 4800 nüsxəsi abunə (“Azərmətbuatyayım”- 2736, “Qasid”-205, “Qaya”-275, “Avista”-140, “Səma-M”-459, “Səda-M”-100, “Metro-Servis” MMC-45, “Xpress Elita” MMC-26, “Kaspi”-784, “Ziya”-2, “Pressainform” MMC-28), 1274-ü isə satışdır. Halbuki, siz də qəbul edərsiniz ki, 500 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan qəzetimiz bu statusundan istifadə edərək abunələrinin sayını daha da artıra bilər. Amma, biz bu sahədə monopoliya yaratmamaq üçün bu addımı atmaqdan imtina edirik.
Siz qeyd edirsiniz ki, “Turan”ın informasiya məhsullarının satışından əldə etdiyi rəsmi gəliri gündəlik 5 min nüsxə qəzetin satışına ekvivalentdir. Görünür, Siz, ya hesablamanı düz aparmırsınız, ya da 5 min tirajla dərc olunan gündəlik qəzetin gəlirlərindən xəbərsizsiniz. Bizim hesablarımıza görə, “Turan”ın informasiya məhsullarının satışından əldə olunan gəlir 5000 tirajla işıq üzü görən gündəlik qəzetlərin aylıq gəlirinin 1/4-dən də azdır. Əgər belə deyilsə, siz də satış müqavilələrini biz abunələrimizin sayını və hansı mətbuatyayım firması ilə apardığımızı dərc etdiyimiz kimi dərc edin. Etiraz etdiyiniz yazıda da vurğulandığı kimi, “Turan”ın kənar mənbələrdən əldə olunan gəlirlərlə fəaliyyət göstərdiyi fikrində bu gün də israr edirik. Hərçənd ki, Siz özünüz də bu faktların bəzilərini müxtəlif müsahibələrinizdə təsdiq etmisiniz. Sizə 2004-cü ildə Norveçin “Azad Söz Fondu” tərəfindən 10 min avro, “Sərhədsiz Repartyorlar Təşkilatı” tərəfindən 30 min avro (bu haqda bütün dövri mətbuatda kifayət qədər informasiya yayılıb), “Soros” fondu tərəfindən 70 min dollar (özünüz açıq məktubda bildirirsiniz), Demokratiyaya Dəstək Fondu tərəfindən 40 308, İREX təşkilatı tərəfindən 8 565 dollar verilməsi haqqında (Turan İnformasiya Agentliyinin 10 avqust tarixli xəbər buraxılışında bununla bağlı məlumat var) məlumatları yəqin ki, inkar etməzsiniz. çünki bu faktların hamısını Siz özünüz ifadə etmisiniz. Deməli belə çıxır ki, bu gəlirlərin “Turan”a heç bir aidiyyəti yoxdur?! Siz özünüz belə deyirsiniz: “Turan”ın informasiya məhsullarının satışından rəsmi gəliri (başqa gəliri yoxdur) gündəlik 5 min nüsxə qəzetin satışına ekvivalentdir”. Əgər həqiqətən, digər, qeyd olunan mənbələrdən əldə olunan gəlirlər Turan İnformasiya Agentliyinin fəaliyyətinin təmin olunmasına xərclənmirsə, onda bu pulların hara xərclənməsi kimi maraqlı bir sual ortaya çıxır.
Sizin qəzəbinizə səbəb olan məqalədə də vurğulandığı kimi, cəmiyyət Sizi peşəkar jurnalist, qələm sahibi kimi deyil, daha çox siyasətçi, müxalifət partiyalarının funksioneri kimi tanıyır. Etiraf edin ki, “Soros”un sizi tərcih etməsinin də kökündə məhz, bu məqam dayanır. Amma, bu uğursuz təqdimatınızın Sizin jurnalist kimi fəaliyyətinizə mənfi təsir göstərdiyi də aşkardır. İndi həm siyasi, həm də mətbuatdakı fəaliyyətinizdə yarımçılıq var. Ya qələmi əldən qoyun siyasətə keçin, ya da siyasətdən uzaq olun. çünki, bu təkcə Sizə yox, həm də rəhbərlik etdiyiniz agentliyin işinə ciddi təsir göstərir.
Açıq məktubda “Soros” fondunu müdafiə etməyinizi də başa düşürəm. Nəzərə alsaq ki, Siz bu fondun Azərbaycan bölümünün idarə heyətinin rəhbərisiniz, onda bu fonda ünvanlanmış tənqidlərin Sizi niyə bu qədər narahat etməsi anlaşılandır. Amma, fondun fəaliyyəti ilə bağlı gerçəkləri saptırmağa çalışmağınız və açıq məktubda da bu cəhdlərin aydın sezilməsi, hər şeydən əvvəl, bir jurnalist kimi Sizə uğur gətirmir. Bildirirəm ki, “Soros” fondunun ölkəmizdə ictimai institutların, o cümlədən, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, sosial, humanitar problemlərin həll olunmasına yardım məqsədilə həyata keçirdiyi layihələr bizi narahat etmir. Əksinə, bu kimi addımlar Azərbaycan dövləti və onun rəhbərliyi tərəfindən dəstəklənir. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də belə aksiyaları təqdir edirik. Amma, biz, hər hansı bir xarici təşkilatın ölkəmizdə siyasi proseslərin yönləndirilməsində iştirak etmək cəhdlərini, Azərbaycanın daxili işlərinə qarışmaq niyyətlərini, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalara maliyyə yardımları ayıraraq onları dövlətçilik əleyhinə fəaliyyətə sövq etməsini doğru hesab etmirik. Düşünürük ki, bu kimi cəhdlər digər dövlətlərdə artıq müşahidə etdiyimiz kimi, Azərbaycanda da  sabitliyin pozulmasına xidmət edir ki, bu da milli maraqlarımıza ziddir.

Vətəndaşlıq və peşə fəallığı şəxsi eqo ilə məhdudlaşmamalıdır
Hörmətli Mehman müəllim, iddia edirsiniz ki, vətəndaşlıq və peşə mövqeyinizlə əlaqədar olaraq, daima fəallıq nümayiş etdirmisiniz. Bu, Sizin şəxsi fikrinizdir və biz hesab edirik ki, fərdi və peşə fəallığı o zaman əhəmiyyət kəsb edir ki, o, insanın öz şəxsi maraqlarından başqa həm də ictimai maraq kəsb etsin. Cəmiyyətin müəyyən auditoriyasının maraqları ilə uzlaşsın və onun bir qismini təmin etsin. Biz hesab edirik ki, vətəndaşlıq və peşə mövqeyinin fəallığı o zaman əhəmiyyət kəsb edir ki, bu millətin, dövlətin maraqları ilə üs-üstə düşsün və o, maraqların təmin olunmasına xidmət göstərmiş olsun. Əgər hər hansı bir vətəndaşın və hər hansı bir fərdin ictimai fəallığı, vətəndaşlıq və peşə fəallığı, sadəcə, onun şəxsi eqosu ilə məhdudlaşırsa, hesab edirik ki, bu o qədər də yararlı bir fəallıq deyil. Eyni zamanda, Sizin də vətəndaşlıq və peşə fəallığınızın məhz, bu cür olmasına, ictimai fayda gətirməsinə inanmaq istəyirik və bunu arzulayırıq.

Hər kəsin siyasi mövqeyi mənimsədiyi dünyagörüşü və əqidəsi ilə bağlıdır
Mənim ittiham etdiyiniz “passiv” mövqeyimə gəlincə isə, hesab edirəm ki, bu, belə deyil. Mən öz siyasi və ictimai mövqeyimi gənc yaşlarımdan müəyyənləşdirmişəm və kifayət qədər fəal olmuşam. Bu, mənim bir fərd kimi, cəmiyyətin bir üzvü kimi mənimsədiyim, qəbul etdiyim və inandığım dünya görüşümlə, siyasi əqidəmlə, inancımla bağlıdır. Mən millətimizin, dövlətimizin və xalqımızın maraqlarını təmin edəcəyinə inandığım bir siyasi əqidəyə xidmət edirəm və bu mövqeyimdə çox səmimiyəm. Mənim vətəndaş kimi fəallığım isə özümü dərk etdiyim andan başlayıb. Əgər, bu, hardasa, eyni zamanda, ictimai əhəmiyyət kəsb edibsə, mən çox böyük fəxarət hissi keçirərəm. Amma, bunun ictimai əhəmiyyət kəsb edib-etmədiyini, məndən başqa kimlərəsə də xeyir gətirdiyi, yaxud hər hansı bir auditoriyaya, ya da milli maraqların təmin olunmasına xidmət etdiyi kimi məsələləri qiymətləndirmək mənim işim deyil və özüm haqqında bunun belə olduğunu iddia etməyi əsla düşünmürəm.
Mənim Yeni Azərbaycan Partiyasına üzvlüyümü təsdiq edən partiya biletimin nömrəsi 000126-dır. Bu bileti aldığım tarix isə 1993-cü ildir. Amma, bu gün də zaman sübut etdi ki, mən doğru yolda olmuşam və bununla qürur duyuram, fəxr edirəm. Mən 1993-cü ilin əvvəllərində, partiyamızın müxalifətdə olduğu dövrdə də, sonrakı dövrlərdə də heç bir zaman siyasi mövqeyimi və siyasi əqidəmi gizlətməmişəm. Və bu gün də açıq şəkildə bəyan edirəm ki, “Yeni Azərbaycan” qəzetində təmsil etdiyim partiyanın maraqlarına xidmət göstərirəm. Və bunu “KİV haqqında” Qanunun verdiyi əsaslara söykənərək, milli mənəviyyatımıza uyğun olaraq, siyasi etika və mədəniyyət çərçivəsində edirəm. Ancaq Siz isə özünüzü müstəqil jurnalist və yaxud müstəqil agentliyin rəhbəri kimi təqdim edirsiniz. Əslində isə, bunu öz fəaliyyətinizlə təkzib edirsiniz.

Bizim cəmiyyətə inqilab yox, inkişaf lazımdır
Bizə ünvanladığınız məktubda yazırsınız ki, “Xalq Cəbhəsi və Müsavat partiyalarının fond tərəfindən maliyyələşdirilməsi ilə bağlı narahatlığınıza da son qoymaq istəyərdim. Əvvəlki seçki ilində olduğu kimi, bu il də fond qarşıdakı parlament seçkiləri üçün əhəmiyyətli dərəcədə vəsait ayırmayıb”.
Siz müstəqil bir jurnalist olaraq, müstəqil agentliyin rəhbəri olaraq və özünü cəmiyyətə siyasi ambisiyası və siyasi iddiası olmayan şəxs kimi təqdim edən və özünü jurnalist hesab edən bir fərd kimi nəyə görə AXCP və  Müsavat Partiyasının vəkili kimi çıxış edirsiniz və onlara lazımi qədər, “əhəmiyyətli dərəcədə” pul ayrılmadığını haradan bilirsiniz? Bu şeylər Sizi nə üçün maraqlandırır? Axı Siz doğrudan da, iddia etdiyiniz kimi, müstəqil jurnalistsinizsə, tərəfsiz şəxssinizsə bu məsələləri haradan bilirsiniz və bu məsələlərə niyə təəssüflənirsiniz?
Hörmətli həmkarım, qeyd edirsiniz ki, “ayrılmış 70 min dollar həcmində kiçik qrantlarla inqilab etmək olmaz”. Məntiqinizdən belə çıxır ki, bir az daha çox vəsait olsaydı, bəlkə inqilab etmək olardı. Mənim üçün maraqlıdır, doğrudanmı Siz hələ də inqilab etmək fikrindəsiniz və doğrudanmı hesab edirsiniz ki, Azərbaycan cəmiyyətinə inqilab lazımdır? Axı biz bu inqilabları sizinlə bərabər 1991-ci ildə, 1992-ci ildə gördük, həmçinin, sonrakı dövrlərdə 1993-cü ildə, 1995-ci ildə və s. inqilaba cəhdləri gördük. Eyni zamanda, bunların cəmiyyətə gətirdiyi bəlaları da gördük. Belə olan halda bir ziyalı kimi, bir tərəfsiz kimi Siz doğrudanmı hələ inqilab istəyirsiniz və cəmi 70 min dollarla inqilabı etməyin mümkün olmadığına da təəssüf edirsiniz? İnqilabların baş verdiyi ölkələrdəki vəziyyət gözümüzün qarşısındadır. Qırğızıstan, Ukrayna və s. Siz bir ziyalı, tərəfsiz jurnalist kimi doğrudanmı Azərbaycanın yenidən o günlərə qayıtmasını istəyirsiniz?
Mən inanıram ki, Siz bu fikirdə deyilsiniz və bu fikirdə ola bilməzsiniz, olmamalısınız.

Görülən işləri etiraf etməniz daxili böyüklükdür
Mənim üçün xoşdur ki, Siz etiraf edirsiniz ki, Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev mətbuatın inkişafı ilə bağlı əlindən gələni edir. Hətta hazırda, bu və ya digər səbəbdən reklam bazarında yaranmış ədalətsizliyi qəbul etmir və Siz bunu təqdir edirsiniz. Hesab edirəm ki, Sizinlə bərabər eyni siyasi mövqeyi paylaşan digər həmkarlarınızdan fərqli olaraq, bunları etiraf etməniz Sizin daxili böyüklüyünüzdür. Mən istəyirəm ki, sizin daxilinizdəki o müdriklik daha da artsın. Və əminəm ki, bunları görməklə və dilə gətirməklə özünüzə cəmiyyətdə rəğbət oyadırsınız.
Amma, özünüz də etiraf edərsiniz ki, bu problemlərin məhz, Sizin təşəbbüsünüzlə həll olunması məsələsində daxili eqonuz məntiqinizi bir qədər üstələyib. Bəlkə də, ola bilər ki, bu problemlərin həlli ilə bağlı hansısa təşəbbüslə çıxış etmisiniz. Lakin, eyni zamanda, nəzərə almaq lazımdır ki, Sizinlə bərabər, çoxlu sayda mətbuatın cəfakeşləri var və onlar da bu problemlərin həll olunması ilə bağlı dəfələrlə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi qarşısında və digər əlaqədar qurumlar qarşısında məsələ qaldırıblar. Məhz onların dəstəyi ilə də bir çox problemlərimiz öz həllini tapıb.

Heç bir monitorinqdə “yeni azərbaycan” lider olmayıb
Hörmətli həmkarım, iddia edirsiniz ki, “Yeni Azərbaycan” qəzeti həmişə Azərbaycan Jurnalistinin Peşə Davranış Məcəlləsinin pozulması üzrə lider mövqelərdən birini tutur. Nəzərinizə çatdırıram ki, Sizin də İdarə Heyətinin üzvü olduğunuz Mətbuat Şurasının (hərçənd ki, bu şuraya daxil olanları “satılmışlar” adlandırırsınız) apardığı monitorinqlərin heç birində heç bir vaxt, ən azından son iki il yarım ərzində “Yeni Azərbaycan” qəzeti 1-ci, 2-ci və 3-cü yerdə olmayıb və həmişə sizin yüksək tirajla satıldığını iddia etdiyiniz qəzetlərdən sonrakı yerlərdə, özü də bir neçə pillə aşağıda gəlib. Buna görə də, hesab edirəm ki, bu fikrinizdə də qəzetimizə qarşı bir qədər ədalətsiz olmusunuz. Xahiş edirəm ki, gələcəkdə bizim haqqımızda fikir söyləyəndə bu məqamları nəzərə alasınız.

Milli mətbuatımızın inkişafına töfhə vermək hər birimizin şərəf borcudur
Hörmətli Mehman müəllim, Azərbaycan mətbuatının inkişaf etməsində, Azərbaycan mətbuatının keyfiyyətcə yeni mərhələyə daxil olmasında, Azərbaycan mətbuatında milli mentalitetimizə, milli mədəniyyətimizə, siyasi mədəniyyətimizə yad olan ünsürlərin aradan qaldırılması məsələsində, Azərbaycan mətbuatının maddi bazasının daha da yaxşılaşdırılması, mətbuatımıza intellektlərin axınının təmin olunması məsələsində, Azərbaycan mətbuatının doğrudan da cəmiyyətimizi irəli götürəcək keyfiyyətləri mənimsəməsi və bu funksiyanı yerinə yetirməsi məsələsində ən azından mən də Sizin qədər maraqlıyam. Amma, etiraf etməliyik ki, doğrudan da bunun baş verməsini istəyiriksə, bir-birimizə qarşı dözümlülük və qarşılıqlı hörmət nümayiş etdirməyi bacarmalıyıq. Azərbaycanın mətbu orqanlarının hamısının maddi vəziyyəti təqribən bir-birinə bənzərdir. Yaxşı olar ki, biz enerjimizi, intellektual səylərimizi və istedadımızı daha çox bu problemlərin necə həll olunmasına yönəldək. Eyni zamanda, çıxışlarımızda hansısa qəzetin çox satıldığını, digərlərinin satılmadığını və yaxud, Azərbaycan mətbuatının böyük bir qismini “satılmış” adlandırmaq kimi lüzumsuz iddialardan imtina edək. Tam əksinə, dövlətimizin dəstəyinə söykənərək, bərabər şəkildə mətbuatımızın inkişafını təmin edəcək məsələlərin həll olunması ilə bağlı birgə cəhdlər göstərək.
Hörmətlə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Hikmət Babaoğlu

Paylaş:
Baxılıb: 973 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30