Rusiya-Ermənistan razılaşmasının görünən və görünməyən tərəfləri
31.08.2010 [09:22]
Məlum olduğu kimi, avqustun 20-də İrəvanda Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. Sənədə prezidentlər Dmitri Medvedev və Serj Sarkisyanın görüşündən sonra müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar. Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb. Belə ki, əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, indi bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb.
Yeni protokol özündə nələri ehtiva edir?
Sözügedən protokolda qeyd edilir ki, tərəflər Rusiya hərbi bazasının Ermənistan Respublikasının ərazisində yerləşdirilməsi ilə bağlı 16 mart 1995-ci il tarixli müqaviləni rəhbər tutaraq, əvvəllər əldə olunmuş razılaşmaları nəzərə alaraq qərara gəlirlər: Rusiya hərbi bazası tərəflərin uyğun razılaşmalarından irəli gələn vəzifələri yerinə yetirir; Rusiya hərbi bazası Ermənistan Respublikasının ərazisində olduğu müddətdə Rusiya Federasiyasının maraqlarının müdafiəsindən başqa Ermənistan silahlı qüvvələri ilə birgə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir; Bu məqsədlər üçün Rusiya tərəfi Ermənistan Respublikasının müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təminatının gerçəkləşməsində yardımçı olur; Rusiya hərbi bazası birləşmələrinin tətbiqi tərəflərin qarşılıqlı razılaşmaları, 15 may 1992-ci il tarixli kollektiv təhlükəsizlik müqaviləsi, Rusiya Federasiyası və Ermənistan arasında 24 avqust 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləyə və tərəflərin qanunvericiliyinə əsaslanır; Müqavilə 49 il müddətində qüvvədədir və tərəflərdən biri müqavilənin qüvvədən düşməsinə altı ay qalmış onun dayandırılması haqda yazılı müraciət etməzsə, avtomatik olaraq beş il müddətinə uzadılır; Müqavilənin müddəalarına tərəflərdən birinin və ya hər ikisinin qarşılıqlı razılaşması ilə yenidən baxıla bilər; Protokol ratifikasiya edilməlidir və ratifikasiya sənədlərinin dəyişdirilməsi günü qüvvəyə minir. Sənəddən də göründüyü kimi, Rusiya hərbi bazası Ermənistan ordusu ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bu məqsədlə Rusiya tərəfi Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək. Rusiya hərbi bazasındakı hərbi qüvvədən istifadə edilməsi ikitərəfli razılaşmalar əsasında gerçəkləşəcək.
Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir.
Razılaşma Cənubi Qafqazda sabitliyə xidmət etmir
Qeyd edək ki, istər sənədin imzalanmasından əvvəl, istərsə də sonra məsələ ilə bağlı bir sıra fikirlər səslənib. öz növbəsində sözügedən protokolla bağlı sualı cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “Azərbaycan ümid edir ki, Rusiya Ermənistandakı 102-ci bazanın hərbi texnika və resurslarından Azərbaycana qarşı istifadə edilməməsi haqda öz üzərinə götürdüyü öhdəliklərə bundan sonra da sadiq qalacaq” deyib. E.Poluxov xatırladıb ki, Rusiya 2006-cı ildə Gürcüstanın Batumi və Axalkalaki şəhərlərindən hərbi bazalarını çıxararkən bu bazaların Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazaya göndərilən silah və hərbi texnikasından Azərbaycana qarşı istifadə olunmaması barədə öhdəlik götürüb.
Məsələyə münasibət bildirən ölkəmizdəki əksər ekspertlər isə haqlı olaraq hesab edirlər ki, Rusiya-Ermənistan razılaşması Cənubi Qafqazda sabitliyin yaranmasına xidmət etmir. Əvvəla, ona görə ki, regional təhlükəsizlik baxımından işğalçı Ermənistanın silahlandırılması olduqca qorxuludur. Digər tərəfdən, Qafqaz həssas bölgədir və sözügedən razılaşma ümumilikdə bu, bölgədə gərginliyi daha da artıracaq.
Eyni zamanda, Rusiya Azərbaycanla da strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu baxımdan Ermənistanla imzalanmış müqavilə İrəvanın təcavüzkar siyasətinin dəstəklənməsi deməkdir. Yəni, ATƏT-in Minsk qrupunun həmsədri kimi aparılan danışıqlarda əsas vasitəçilərdən olan Rusiyanın belə bir müqavilə imzalaması rəsmi Moskvanın bu vasitəçilikdə rolunun müəyyən mənada, bitərəf yox, tərəf kimi olduğunu göstərir. Başqa sözlə desək, Rusiyanın Ermənistanı birtərəfli qaydada silahlandırması, bu cür müqavilənin imzalanması, əslində, təcavüzkarı şirnikləndirmək siyasətidir.
Bu addım Rusiya-Azərbaycan strateji tərəfdaşlıq prinsiplərinə ziddir
Bütün bunlarla yanaşı, qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanla Rusiya strateji tərəfdaşdırlar. Yəni, bu gün Rusiya ilə sıx əlaqələrimizin olduğu kimsəyə sirr deyil. Heç şübhəsiz Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana gözlənilən səfəri zamanı da ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi əsas müzakirə mövzusu olacaq. Lakin bütün bunlarla yanaşı, Moskva tərəfindən Ermənistana əlahiddə münasibət göstərilməsi, Rusiyadakı bəzi imperialist dairələrin işğalçı ölkənin silahlandırılmasına yönəlik addımları Azərbaycan tərəfindən haqlı olaraq narazılıqla qarşılanır. ölkəmizdə belə hesab olunur ki, əslində, sözügedən razılaşma da məhz bu imperialist güclərin, siyasətdə silahlara üstünlük verən qüvvələrin, həmçinin, “hər hansı hərbi qarşıdurma silah satışı üçün əlavə gəlir mənbəyidir” prinsipinə üstünlük verənlərin “əməyi” nəticəsində ortaya çıxıb.
Azərbaycanla strateji əməkdaşlıq ruhunun qorunmasına çalışan Rusiyanın dövlət və siyasi xadimlərinin isə razılaşmanın indiki məqamda Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın bu hərəkətinə açıq dəstək kimi dəyərləndirilə bilinəcəyini gözəl dərk etdiklərinə isə şübhəmiz yoxdur. Heç şübhəsiz ki, bu qüvvələr sözügedən müqavilənin Rusiya ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq prinsiplərinə tamamilə zidd olduğunu da bilirlər.
İkinci bir tərəfdən, yerli politoloqların da qeyd etdikləri kimi, indiki məqamda Rusiya ilə Ermənistan arasında hərbi sahədə yeni bir sazişin imzalanmasına o qədər də böyük ehtiyac yox idi. çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxildir. Eyni zamanda, hər iki dövlət arasında bundan əvvəl də bir sıra müqavilələr imzalanıb ki, həmin sənədlərə uyğun olaraq Rusiyanın Ermənistanda hərbi bazaları var. Bəs, elə isə Rusiyanın bu addımı atmasına səbəb nədir?
Moskva Ermənistanı öz quberniyalarından birinə çevirib
Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən işğalçı Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən də belə bir sənədin imzalanması bir daha onu göstərir ki, Rusiya Ermənistana həqiqi mənada özünün Qafqazdakı forpostu kimi baxır. Yəni, Rusiya bununla dünyaya və region dövlətlərinə mesaj ünvanlayır ki, Ermənistan onun Qafqazda forpostudur. Bununla, ilk növbədə, Ermənistan qalan müstəqilliyini də qurban verir. Rusiya isə bu müqavilə ilə Ermənistana böyük silahlar yerləşdirəcək və bölgədə öz imperialist maraqlarını qorumaq üçün hərbi gücünü artıracaq.
Müqavilənin müddətinin uzadılması Rusiya tərəfindən Ermənistana uzunmüddətli nəzarət kimi qiymətləndirilir. Bu addım, birinci növbədə Ermənistanın bundan sonra daha 35 il Rusiyanın nəzarəti altında qalması deməkdir.
Daha dəqiq desək, hələ bu müqaviləyə qədər Rusiya Ermənistanı sosial-iqtisadi və hərbi-siyasi baxımdan tam nəzarətə götürmüşdü. İşğalçılıq siyasəti ucbatından acınacaqlı duruma düşən Ermənistan əlində olan bütün var-yoxunu öz ağasına, yəni, Rusiyaya vermək məcburiyyətində qalmışdı. Məhz bu məcburiyyətin nəticəsidir ki, hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar. 1991-ci ildən Rusiyanın Ermənistana yatırdığı investisiyanın həcmi 2,4 milyard dollar, bütövlükdə Ermənistana yatırılan xarici sərmayələrin 60 faizi həcmində olub. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.
Siyasi baxımdan asılılığa gəlincə, erməni publisist Qrand Ter-Abramyanın erməni saytlarında səsləndirdiyi aşağıdakı fikir real mənzərəni ortaya qoyur: “Bizim yarımmüstəqil prezidentimiz bu müqavilənin imzalanmasından sonra faktiki olaraq Rusiyanın qubernatorlarının birinin səviyyəsinə enəcək”.
Hərbi müqavilə sadə erməniləri girova çevirib
Bu fikir Ermənistandakı vəziyyətin açıq şəkildə ifadəsidir. Əgər belə demək mümkünsə, rəsmi Moskva yaranmış əlverişli vəziyyətdən və ermənilərin qorxaqlığından istifadə edərək 1,5-2 milyon insanın yaşadığı Ermənistanın bir koloniya, açıq həbsxana kimi tam şəkildə öz nəzarəti altında qalması üçün yeni bir addım atıb. Kreml Ermənistanı və bu ölkənin vətəndaşlarını hələlik 49 illiyə tam şəkildə öz vassalına, daha doğrusu, girovuna çevirmək istiqamətində hərəkətə keçib. Mövcud Sarkisyan rejimi bunun fərqində olmasa da, proseslərin Ermənistanın bir dövlət halında köləyə çevrilməsinə apardığının fərqində olan ermənilər də az deyil.
Məsələn, Daşnaksütyun Partiyasının Siyasi Məsələlər və Erməni Məhkəməsi ofisinin rəhbəri Kiro Manoyan Rusiya bazasının Ermənistanda mənzillənməsi müddətinin uzadılmasının əsaslandırılmadığını bildirib. Onun sözlərinə görə, bu məsələlərə aydınlıq gətirilməsə, əsaslandırılıb cəmiyyətə izah edilməsə, təşvişə səbəb ola bilər. “Bu müqavilə Ermənistanda gələcək 2-3 nəslin ömrü boyu qüvvədə qalacaq. Bəlkə onlar Rusiya qoşunlarının Ermənistan ərazisində qalmasına razı olmayacaqlar. Nədir mövcud Ermənistan rəhbərliyini belə müqavilə imzalamağa vadar edən?”.
öz növbəsində, Ermənistan Milli və Strateji Tədqiqatlar Mərkəzinin eksperti Ruben Mehrabyan da deyib ki, bunun Ermənistanın maraqlarına heç bir aidiyyəti yoxdur və Ermənistana heç nə vermir: “çünki sürətlə dəyişən dünyada istənilən məsələ üzrə 49 il müddətinə müqavilə imzalamağın özü cəfəngiyyatdır. Bu müqavilə ilə biz Ermənistanın suverenliyinin son əlamətləri ilə vidalaşırıq”.
Erməni ekspertlərinin də qeyd etdikləri kimi, bu razılaşma birbaşa Rusiyanın maraqlarına xidmət edir və ermənilərin nəinki indiki, hətta gələcək 2-3 nəslinin rusların köləsi kimi, onların hərtərəfli, xüsusilə də, hərbi nəzarəti altında qalmasına səbəb olacaq. Deməli, Moskva bununla heç də bəzi ermənilərin sadəlövhcəsinə düşündükləri kimi yalnız Ermənistanın və erməni xalqının təhlükəsizliyini qorumaq məqsədini güdmür. Kreml bu sazişlə özünün Cənubi Qafqazdakı forpostunu, daha açıq şəkildə desək koloniyasını tam şəkildə öz nəzarəti altında saxlamaqda israrlı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyir.
Rusiyanın “balansyaratma” əməliyyatları...
Bunu, eyni zamanda, Rusiyanın “balansyaratma” cəhdi kimi də dəyərləndirmək olar. Yuxarıda da vurğuladığımız kimi, Rusiyanın imperialist ambisiyalı siyasətçiləri hər zaman Ermənistana hərbi-siyasi dəstək verməklə, onun Azərbaycanın qüdrəti və təzyiqi qarşısında əzilməsinə imkan vermirlər. Müxtəlif vasitələrdən istifadə edərək, daim Ermənistanın qeyri-konstruktiv mövqeyində sərt dayanmasını təmin edirlər.
Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında sazişin imzalanmasından sonra rəsmi Bakı münaqişənin dinc metodlarla və yalnız ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün hərbi-siyasi, iqtisadi və diplomatik üstünlüyün vacibliyini önə çəkərək diqqəti inkişafa yönəltdi. İllər keçdikcə, Azərbaycanın iqtisadi qüdrəti artdıqca, hərbi gücü də artırdı. Artıq bir müddətdən sonra Azərbaycanla Ermənistan arasında böyük bir fərq formalaşmışdı. Bu isə öz növbəsində Ermənistana Azərbaycan torpaqlarını tezliklə boşaltmağa vadar edirdi. Amma həmin vaxt söylədiyimiz rusiyalı imperialist generallar Ermənistana 1 milyard dollar dəyərində silah-sursat, hərbi texnika verməklə, balans yaratmağa çalışdılar...
Bu gün də, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan yeni hərbi-sənaye infrastrukturu formalaşdırmaqla özünün hərbi gücünü daha da artırır. Müqayisə üçün deyək ki, hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsinə bərabərdir. Əlbəttə ki, təkcə bu amil münaqişənin həllində Azərbaycanın üstünlüyünü ifadə edir.
Amma yenidən Rusiyanın imperialist siyasətə qulluq edən generalları, siyasətçiləri Ermənistanı düşdüyü ağır durumdan çıxarmaq üçün hər kəsə məlum addımı atdı. Bununla da, Rusiya ikinci dəfə Ermənistanın xeyrinə balans yaratmağa çalışır. Lakin münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya bu balansyaratma əməliyyatları ilə vasitəçilik fəaliyyətinə ciddi zərbə vurmuş olur.
Quyuya su tökməklə, quyu dolmaz...
Rusiyanın bütün sahələrdə yardım etməsi bu gün bəlkə Ermənistan üçün xeyirli sayıla bilər. Amma dövlətçilik və strategiya düzənləmə işlərində yaxın perspektiv deyil, uzaq gələcək nəzərdə tutulduğundan, deyə bilərik ki, Yerevan böyük uçurum kənarındadır. Yəni, hazırkı, məqamda Rusiya neft dollarları hesabına Ermənistanı ayaqda saxlaya bilər. Amma bir neçə ildən sonra Rusiyanın başı daxilindəki problemlərin həllinə qarışarsa, o zaman Ermənistana kim yardım edəcək, onu kim dəstəkləyəcək? Belə olan halda Ermənistan daha güclü və qüdrətli Azərbaycanla üz-üzə durmuş olacaq.
Digər tərəfdən isə, bu gün ermənilərin dövlətçiliyi böyük təhlükə qarşısındadır. Rusiyanın yardımları hesabına yaşayan bir ölkənin əhalisinin sürətlə köç etməsi, iqtisadiyyatı çökməsi, insanlar arasında sosial-ideoloji savaşın başlanması, dövlətin kriminal qruplar tərəfindən idarə olunması artıq son deməkdir.
Bir sözlə, Ermənistan bu gün Rusiyanın Cənubi Qafqaz maraqlarına görə, Moskvanın təhlükəsizlik çətiri altındadır. Bir neçə ildən sonra ola biləcək gözlənilməz hadisələri proqnozlaşdırmaq mümkün olmadığı üçün erməni xalqı öz dövlətçiliyi haqqında fikirləşməli və kriminallaşmış qrupu hakimiyyətdən salmalı, qonşularla normal münasibətlər quran dövlət qurmalıdırlar.
Atalarımız “Quyuya su tökməklə, quyu dolmaz” deyiblər. Ona görə də, Rusiya nə qədər Ermənistana yardım etsə də, bu dövlət ayaqda durmayacaq. Bir dövlətin ayaqda durması və inkişafı üçün müstəqil siyasət kursu, güclü iqtisadiyyat lazımdır. Bunlar isə bu gün Ermənistan dövlətinə xas olmayan amillərdir.
Bütün bunlardan sonra bir daha qeyd etmək yerinə düşər ki, hansı ölkənin nə qədər silah verməsindən, “balansyaratma” siyasəti həyata keçirməsindən asılı olmayaraq, mövcud status-kvo daha çox işğalçı ölkə Ermənistanın xeyrinə deyil. çünki işğalçılıq siyasətinin də bir sonu olur və həmin sonun yaxınlaşmasını məhz sadə ermənilər Ermənistan hakimiyyətindən tələb edəcəklər. O ermənilər ki, yuxarıda da qeyd etdiyimiz kimi, Sarkisyanın avqustun 20-də imza atdığı razılaşma ilə Rusiyanın girovuna çevriliblər. Bəli, məhz bu girova çevrilən, işləri yalnız rus əsgərlərini doyuzdurmaqdan ibarət olan ermənilər gec-tez özləri də yemək davasına çıxacaqlar. Bax, o zaman Ermənistan hakimiyyəti üçün məhşər günü yetişəcək.
Hələlik isə bir daha xatırlatmaq yerinə düşər ki, sözügedən müqavilənin müddətinin uzadılması Ermənistanın bir dövlət olaraq müstəqilliyinə son qoyur və bu ölkəni daha uzun illər Rusiyanın nəzarəti alında qalmasına şərait yaradır.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

