Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cənubi Qafqaz iqtisadiyyatının sahibi...

Cənubi Qafqaz iqtisadiyyatının sahibi...

06.10.2010 [09:30]

Azərbaycan bütün sosial-iqtisadi inkişaf indikatorlarına görə, bölgənin lider ölkəsidir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və davamlı islahatlar respublikamızın yüksək iqtisadi inkişafını təmin edib. Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub və inkişafın yeni mərhələsinə daxil olub. İqtisadiyyatın modernizasiyası ilə bağlı davam etdirilən genişmiqyaslı proqramlar Azərbaycanı bölgənin lider dövlətinə çevirib. Respublikamız bir sıra makroiqtisadi göstəricilərə görə, Asiya, Mərkəzi və Şərqi Avropa dövlətlərindən irəlidə dayanır.
Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir
Azərbaycan bütün sosial-iqtisadi inkişaf indikatorlarına görə, Cənubi Qafqazın lider ölkəsi hesab edilir. Hazırda Cənubi Qafqaz iqtisadiyyatında respublikamızın payı 75 faiz təşkil edir. Qeyd edək ki, bölgə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (üDM) həcmi təxminən 80 milyard dollara bərabərdir və onun 60 milyard dolları (təxminən 47 milyard manat) Azərbaycanın payına düşür. Respublikamız son 15 ildə üDM-in bütün sahələri üzrə Gürcüstanı və Ermənistanı 2-3 dəfə üstələyib. 1995-ci ildən başlayaraq milli məhsulun illik artım tempi qeyd olunan ölkələrlə müqayisədə respublikamızda daha yüksək göstəricilərlə müşayiət olunub. Azərbaycanda 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi və o cümlədən, ixrac 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı təxminən 5,6 dəfə artıb. Bu dövrdə inflyasiyanın səviyyəsi 2-3 faizə endirilib. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönələn investisiyaların həcmi 20 milyard dolları ötüb.
Respublikamızda 2004-2009-cu illər ərzində isə ümumi daxili məhsulun həcmi 2,8 dəfə artıb. Qeyd olunan müddətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə çoxalıb. Yoxsulluq səviyyəsi 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə düşüb. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi 26 milyard dolları ötüb. İndiyədək  900 mindən çox yeni iş yeri yaradılıb. Əlverişli biznes mühitinin təmin edilməsi nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 80 milyard dollardan artıqdır.
Cənubi Qafqaz regionundakı maliyyə resurslarının 90 faizi respublikamıza məxsusdur
Azərbaycan Cənubi Qafqaz bölgəsində strateji valyuta ehtiyatlarının və maliyyə resurslarının həcminə görə də, qonşu ölkələri xeyli geridə qoyur. Belə ki, bölgə üzrə maliyyə resurslarının 90 faizi respublikamıza məxsusdur. Hazırda ölkəmizin valyuta rezervlərinin ümumi həcmi 25 milyard dollara yaxındır. Strateji valyuta rezervlərinin artım dinamikasına ölkə iqtisadiyyatının inkişaf indikatorları öz mühüm təsirini göstərib. Respublikamızın ixrac imkanlarının artması, dünya bazarında baş verən dəyişikliklər, beynəlxalq valyuta sistemindəki proseslər və digər amillər ölkəmizin valyuta ehtiyatlarının artması üçün təkanverici faktor rolunu oynayıb.
Gürcüstanın valyuta ehtiyatlarının həcmi isə 2 milyard dollar təşkil edir. Bədnam qonşumuz Ermənistanın valyuta ehtiyatları təxminən 1 milyard dollara bərabərdir. Bu ölkədə makroiqtisadi fəallığın aşağı düşməsi, yerli resursların azalması, ixrac qabiliyyətinin məhdudlaşması valyuta gəlirlərinin qarşısını almış olur. Yəni, Ermənistanın valyuta gətirə biləcək iqtisadi resursu yoxdur.
Ermənistan iqtisadiyyatının iflas həddinə çatması mövcud valyuta rezervlərinin tükənməsinə səbəb olmaqdadır. üstəlik, xarici borc bu ölkəni fəlakətə sürükləyir. Qeyd edək ki, MDB dövlətləri içərisində ən çox xarici borcu olan ölkə Ermənistandır. Bu dövlətin borcunun məbləği 5 milyard dollar təşkil edir.  Təkcə, 2010-cu ilin 8 ayı ərzində bu ölkədə borc əmsalı 5 faiz artıb. Erməni hakimiyyəti milli iqtisadiyyatın məhv olması səbəbindən ölkəni yalnız xaricdən alınan borclar hesabına saxlayır. Bu gün Ermənistanın ən çox borc götürdüyü təşkilat Dünya Bankıdır. Həmin quruma olan borcların məbləği təxminən 2 milyard dollardır. Beynəlxalq Valyuta Fonduna olan borcun həcmi isə 1 milyard dollar təşkil edir. Ermənilər son 3-4 ildə borclarının qaytarılması sahəsində də ən intizamsız ölkə sayılır. Məlum olduğu kimi, borc alan dövlətlər hər il xarici maliyyə qurumlarına vəsaitlərin bir hissəsinin geri qaytarılması barədə öhdəlik götürüb və buna uyğun olaraq köhnə borcların ödənilməsi həyata keçirilir. Beynəlxalq maliyyə institutlarının statistikasının təhlili isə göstərir ki, Ermənistan heç bir donor təşkilata borcunu qaytara bilmir. çünki bu ölkənin ümumiyyətlə, pul resursları tükənib.
Azərbaycanın valyuta sərvətləri yaxın 5 ildə 100 milyard dolları ötəcək
Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta sərvətləri qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dolları ötəcək. Bu faktor respublikamızda milli məhsul istehsalının bir neçə dəfə artmasına impuls verəcək və adambaşına düşən gəlirlərin həcmi çoxalacaq. Qarşıdakı illərdə də üDM-in artım tempi yenidən ikirəqəmli göstəricilərlə müşayiət oluna bilər. Həmin dövrdə adambaşına düşən gəlirlər 250 faizdən də çox artacaq. Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Bu isə Azərbaycanın Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş dövlətləri, həmçinin, Yaxın Şərqin əsas neft hasilatçıları, xüsusilə də OPEK ölkələri ilə eyni səviyyədə olmasına imkan verəcək.
Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf etmiş dövlətinə çevriləcək. Proqnozlara görə, 2013-2015-ci illərdə Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi və tədiyyə qabiliyyətinin artması ölkəmizin xarici sərmayədar kimi nüfuzunun da artmasına imkan verəcək. Azərbaycanın xalis xarici investor kimi çıxış etməsi ölkəmizin xaricə yatırdığı investisiyaların həcmində özünü göstərəcək. Belə ki, respublikamız bölgədə əsas investorlardan biri kimi neft-qaz, neft-kimya və sənaye sektorlarına yüksək həcmdə və davamlı sərmayələr yönəldən dövlət kimi diqqəti cəlb edəcək.
Cənubi Qafqazın insan resurslarının 60 faizindən çoxu Azərbaycanda yerləşir
Cənubi Qafqaz  respublikalarının əhalisinin böyük əksəriyyətini də azərbaycanlılar təşkil edir. ötən 20 il ərzində bu bölgənin əhalisinin ümumi sayında təxminən 1,5 milyon nəfər artım baş verib. 1990-cı ildə bölgənin 3 respublikası üzrə əhalinin ümumi sayı 16 milyon nəfərə yaxın təşkil edibsə, hazırda bu rəqəm 17 milyon nəfərə bərabərdir. Bu dövrdə ən yüksək artım Azərbaycanda qeydə alınıb. Region üzrə ümumi təbii artımın 70 faizindən çoxu ölkəmizdə baş verib. Respublikamızda hər il əhalinin təbii artımı müşahidə olunub. ölkəmizdə hər 1000 nəfərə görə, il ərzində təxminən 13 nəfər təbii artım baş verib. 1990-cı ildə əhalisinin sayı 7 milyon 135 min nəfər təşkil edən Azərbaycanda son 20 ildə təbii artım 2 milyondan çox olub. Hazırda ölkəmizin əhalisinin sayı 9 milyon nəfərdən artıqdır.
Cənubi Qafqazın digər dövlətlərində isə təbii artım tendensiyası üzrə azalma hiss olunur. Son 15 ildə Gürcüstan və Ermənistanda təbii artım olmayıb. Ermənistan və Gürcüstanda əhalinin artım tempi mənfi saldo ilə müşayiət olunub. Təbii miqrasiya prosesini nəzərə almasaq, qeyd olunan dövrdə Ermənistanda əhalinin sayı 1 milyon nəfər, Gürcüstanda isə 500 min nəfər azalıb. Ermənistanda demoqrafik vəziyyət daha ağır olaraq qalır. Burada doğulanların sayı ölənlərin sayına bərabərdir ki, bu da əhalinin təbii artımının baş vermədiyini, əksinə mənfi saldonun yarandığını göstərir.
BMT-nin və digər təşkilatların Cənubi Qafqazdakı demoqrafik vəziyyətlə bağlı proqnozlarına istinad etsək, 2015-ci ildə bu bölgənin əhalisinin sayı təxminən 17 milyon nəfərə bərabər olacaq. Yəni, hazırki rəqəm qeydə alınacaq. Belə ki, Azərbaycanın əhalisinin sayı 9,5 milyon nəfər, Gürcüstanın əhalisinin sayı 4,4 milyon nəfər, Ermənistan əhalisinin sayı isə 3 milyon nəfər təşkil edəcək. Yəni, Ermənistan və Gürcüstanda yenə azalma qeydə alınacaq, yalnız Azərbaycan əhalisinin sayı artacaq. Cənubi Qafqazın əhalisinin ümumi sayında Azərbaycanın payı 65-67 faiz təşkil edəcək. Yaxın 5 il ərzində bölgə dövlətləri içərisində əhalinin say tərkibinin dəyişəcəyini nəzərə alsaq, onda 2015-ci ildə Azərbaycanın əhalisinin real sayı Ermənistan əhalisinin sayından 3,4 dəfə artıq olacaq. Bu isə həm iqtisadi, həm hərbi, həm maliyyə və sosial, həm də insan amili baxımından Azərbaycanın Ermənistan qarşısında böyük gücünü şərtləndirmiş olacaq. İnsan resurslarının sayının çoxluğu və digər amillər işğalçı dövlət olan Ermənistan üzərində Azərbaycanın qələbəsinə dərin əsaslar yaradır.
Onu da qeyd edək ki, bölgə dövlətləri içərisində ən çox miqrasiya da Ermənistanda qeydə alınıb. ümumiyyətlə, bu ölkədən gedənlərin sayı hər il kəskin şəkildə artmaqdadır. Ermənistan əhalisi ölkədən kütləvi şəkildə miqrasiya olunur. 1990-2009-cu illərdə Ermənistanı 1,4 milyon nəfər tərk edib. ölkəni tərk edən vətəndaşların isə bu müddətdə 5 faizi geri dönüb. Hazırda bu ölkədə yaşayan vətəndaşların sayı 1,5 milyon civarındadır. ölkədə qalan insanlar isə yaşlılardan ibarətdir. Göründüyü kimi, Ermənistanda miqrasiya probleminin böhran həddinə çatması ölkədə yaşayan əhalinin “qocalmasına” gətirib çıxarıb.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30