Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 17 ildir ki, məğlub olan müxalifət budəfəki seçkilərdə də xalqın dəstəyindən məhrum olacaq

17 ildir ki, məğlub olan müxalifət budəfəki seçkilərdə də xalqın dəstəyindən məhrum olacaq

12.10.2010 [09:29]

Sosial dəstəyini sürətlə itirmiş müxalifət artıq hər gün məğlubiyyətə uğrayır
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin yaxınlaşması qara piar kampaniyası ilə siyasi kapital qazanmağa çalışan müxalifətin bu tip fəaliyyətini daha da gücləndirib. Təbliğatını əsasən qəzet səhifələrində quran müxalifət müxtəlif əsassız “informasiyalar” yaymaqla, sensasiya yaratdığını və bu yolla da özünə tərəfdar topladığını düşünür. Amma seçkilər zamanı elektoratın hansı qüvvələrə səs verəcəyini hesablamağı bacarmayan müxalifət bu dəfəki seçkilərdə də özünün məğlubiyyətinin mütləq olduğunu görmək istəmir. çünki, səsverən insanlar transformasiya olunan cəmiyyətin dəyişən çoxsaylı tələbatlarının ödənilməsini gözləyir və bunun da etimad etdiyi qüvvə tərəfindən həyata keçirilməsini tələb edir...
Son 17 ildə müxalifət yalnız məğlub olub...
Azərbaycanda son 17 il ərzində keçirilən seçkilərdə müxalifətin yalnız məğlub olduğunu və cəmiyyətdə nüfuzunun getdikcə aşağı düşdüyünü müşahidə etmişik. Göstərilən müddət ərzində keçirilmiş seçkilərin nəticələrini təhlil etdikdə məlum olur ki, müxalifət həm sosial bazasının zəifliyilə, həm də reputasiyasının kəskin aşağı düşməsilə yadda qalıb. Keçirilmiş seçkilərdə isə yalnız Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin qalib gəldiyini görürük.
Belə ki, 1993-cü ildə oktyabrın 3-də növbədənkənar Prezident seçkilərində ümummilli lider Heydər Əliyev seçicilərin 98,8 faizinin dəstəyini qazanıb.
1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə 8 siyasi partiya iştirak edib ki, onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 19, Azərbaycan Milli İstiqlal Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının hər biri 3 mandat alıb. Milli Məclisdə ümumən 69 nəfər (55,65 faiz) ölkədə fəaliyyət göstərən siyasi partiyaları təmsil edib. 55 nəfər bitərəf olub.
1998-ci il oktyabrın 11-də keçirilən prezident seçkilərində Ulu öndər Heydər Əliyev ölkə əhalisinin 76,11 faizinin dəstəyini qazanıb. Səslərin 23,89 faizi isə digər 5 namizədə düşüb.
Milli Məclisə 2000-ci il noyabrın 5-də keçirilmiş seçkilərin nəticələrinə görə, müxalifət yenidən məğlub olub. Bu seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası 62,31 faiz, Azərbaycan Xalq Cəbhəsi Partiyası 10,95 faiz, Vətəndaş Həmrəyliyi Partiyası 6,43 faiz, Azərbaycan Kommunist Partiyası 6,33 faiz, Müsavat Partiyası 4,85 faiz, Azərbaycan Milli İstiqlal Partiyası 3,89 faiz, Azərbaycan Liberal Partiyası 1,29 faiz, Azərbaycan Demokrat Partiyası 1,06 faiz, Azərbaycan Naminə Alyans Partiyası 0,95 faiz, Milli Konqres Partiyası 0,51 faiz, “Demokratik Azərbaycan” Siyasi Partiyalar Bloku 0,4 faiz, Azərbaycan Xalq Demokratik Partiyası 0,28 faiz, Demokratik Azərbaycan Dünyası Partiyası 0,26 faiz dəstək alıb.
2003-cü il oktyabrın 15-də Prezident seçkilərində isə etibarlı hesab edilmiş 2 421 061 səsdən 1 860 346-sı, başqa sözlə, 76,84 faizi Prezident İlham Əliyevin lehinə verilib və O, prezidentliyə səkkiz iddiaçı arasında gedən mübarizədə böyük üstünlüklə qələbə qazanıb.
2005-ci ildə keçirilmiş növbəti parlament seçkilərində Yeni Azərbaycan Partiyası yenidən digər rəqiblərini qabaqlayaraq, seçicilərin ən çox dəstəyini qazanıb və parlamentdə 64 yerə sahib olub.
2008-ci ildə keçirilmiş Prezident seçkilərində də yenidən Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyev seçicilərin 88.73 faizinin dəstəyini qazanıb. Digər namizələr, həmçinin, müxalifət nümayəndələri isə 3 faizlik baryeri aşa bilməyiblər.
2009-cu ildə keçirilmiş üçüncü bələdiyyə seçkilərində yenidən xalqın etimadını qazanan Yeni Azərbaycan Partiyası 1718 bələdiyyədə olan 15 682 yerin 10 min 431-ni qazanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bələdiyyələrdə digər siyasi partiyalardan BQP 132 yer, BAXCP 81, AVP 62, VHP 61, ümid 41, ADİSP 15, VBP 14, ASRP 5, Müsavat isə 4 yer qazanıb. Bitərəflərin sayı 4157, partiya mənsubiyyətini göstərməyənlər 157 nəfər olub.
Bir sözlə, bu faktlar bir daha onu sübut edir ki, son 17 il ərzində keçirilmiş seçkilərdə müxalifət yalnız məğlub, Yeni Azərbaycan Partiyasının böyük dəstəklə müşahidə olunan qələbələri isə daha da möhtəşəm olub.
Müxalifətin məğlubiyyətinin əsas səbəbləri...
öncə qeyd etdiyimiz kimi, müxalifət özünün təbliğatını yalnız qəzet səhifələri üzərində qurur. Amma bunu onların təbliğat resursları kimi başqa vasitələrə malik olmamaları, imkanlarının məhdud olması anlamına gətirmək olmaz. çünki, ölkədə yaradılmış demokratik atmosfer həm müxalifətin, həm də digər qüvvələrin təbliğat aparması və siyasi kampaniyalara qoşulması üçün kifayət qədər əsas yaradır. Amma, hər zaman olduğu kimi, xalqın qarşısına çıxmaqdan çəkinən müxalifət bəlli səbəblərə görə sosial dəstəkdən məhrum olur.
Belə ki, müxalifətin bütün seçki proseslərində məğlub olmasının əsas səbəbi odur ki, 1990-cı illərin əvvələrində hakimiyyətdə olduqları müddətdə, onların dövləti total xaosa sürükləməsi və həmin böhranın buraxdığı dərin izlərin bu gün də hiss olunması insanlarda müxalifətə qarşı böyük inamsızlıq yaradıb. Həmin “qara günlərin” müxalifətlə bir yerdə qayıda bilməsi hislərinin cəmiyyətin böyük əksəriyyətində hələ də qalması onlara qarşı olan etibarsızlığı daha da artırır. Bu səbəbdəndir ki, sosial dəstəyini sürətlə itirmiş müxalifət artıq hər gün məğlubiyyətə uğrayır.
Xalq hər zaman onun problemlərini görən, onu həll edən, yaxşı və pis günlərində onların yanında olan hakimiyyətə, siyasi qüvvəyə dəstək verir. çox uzağa getmək lazım deyil. Azərbaycanın bir çox bölgələrində daşqınlar nəticəsində onlarla insanın evinin su altında qalması zamanı hökumət, Yeni Azərbaycan Partiyasının nümayəndələri həmin insanların vəziyyətinin normallaşdırılması üçün addımlar atarkən, müxalifət şou düzənləməklə məşğul olurdu.
Əlbəttə ki, bu kimi nümunələri sonsuz sayda davam etdirmək mümkündür. Amma məsələnin kökünə baxmaq lazımdır.
Müxalifət konkret olaraq, hər zaman insanlarla birbaşa ünsiyyətdən qaçır və yalnız dolayısı ilə təbliğatla məşğul olur. Onlar elə başa düşürlər ki, hansısa məmuru təhqir etməklə, “qara piar” kampaniyası aparmaqla seçkidə qalib gəlmək olar.
Digər tərəfdən müxalifət nümayəndələri öz namizədliklərini verdikləri dairədə yaşayan elektoratların nə arzu etdiyini belə bilmirlər. Hətta, açıqlanmış müxalifət partiyalarının namizədləri sırasında elələri var ki, insanlar onlar haqqında heç bir kəlmə belə eşitməyib.
Biz müxalifətin irəli sürdüyü namizədlərin imici məsələsinə toxunsaq, o zaman, gərək onların seçkilərdə iştirakdan imtinası təklifini də irəli sürək. çünki, insanlarla lazımi zamanlarda birbaşa dialoqdan yayınan müxalifət nümayəndələri xalqın tələblərinin nədən ibarət olduğu haradan biləcək? Ona görə də, seçicilərin nəbzini tutmağı bacarmayan müxalifət bundan sonra da məğlub olacaq.
Bu baxımdan da, müxalifətin düşdüyü durum çox acınacaqlıdır. Vəziyyəti dəyişmək üçün isə zamanı geri qaytarmaq lazımdır. Bu isə mümkün olmadığından, müxalifətin özünün siyasi səhnədən getməsi məqsədəuyğundur.
Müxalifət “qara piarı” özünün təbliğat maşını kimi qəbul edir
Müxalifət seçki prosesində nəzarətində olan qəzetlər vasitəsilə istər hakimiyyət nümayəndələrinə, istərsə də seçkidə namizəd qismində çıxış edən şəxslərə qarşı “qara piar” kampaniyası düzənləməklə özünün təbliğatını qurur. Yəni, müəyyən şəxslərin şəxsi həyatı haqqında əsassız və qərəzli informasiyalar yayan müxalifət həmin insanların işgüzar həyatına zərbə vurmaqla divident qazanmağa çalışır. Müxalifət burada əsasən, “qara piarı” nüfuzlu insanlara doğru yönəltməklə bir növ cəmiyyətdə özlərinə qarşı maraq formalaşdırmaq niyyətində olur. Amma siyasi proseslərdə aktiv iştirak edən cəmiyyətin siyasi şüur və mədəniyyəti yüksəldiyi üçün müxalifətin “qara piarı” heç bir nəticə vermir. Hər kəs haqqında yazılan nüfuzlu şəxsi də, eyni zamanda, “qara piar”la təbliğatını quran müxalifətçini də tanıdığı üçün bunun heç bir nəticəsi olmur. Əksinə “qara piar” bizim cəmiyyətimizdə müsbət qarşılanmadığından müxalifətə qarşı olan mənfi rəy daha da güclənir.
Xatırladaq ki, bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində namizəd qismində çıxış edən müxalifət nümayəndələrindən biri  təbliğatını məhz, bu istiqamətdə qurmuşdu. Amma cəmiyyətin sərt təpkisindən sonra müxalifət bu texnologiyanın da iflasa uğradığını başa düşdü.
Bu baxımdan da, deyə bilərik ki, məhz, bu da müxalifətin seçkilərdə məğlub olmasını şərtləndirən əsas amillərdən biridir.
Seçkilərin mütləq qalibi YAP-dır
Qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının uğur qazanacağını isə indidən proqnozlaşdırmaq heç də çətin deyil. Bu partiyanın malik olduğu sosial dəstək yuxarıda söylənilən fikrin əsaslı olduğunu sübut edir və bu faktı müxalifətin özü də qəbul edir.
ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbələr seriyasını davam etdirməsinin səbəbləri çox aydındır. Yəni, YAP müxalifət kimi yalnız seçki zamanı deyil, bütün il boyu fəaliyyəti ilə özünün təbliğatını aparır.
Eyni zamanda, YAP-ın nümayəndələrinin hər zaman xalqın içərisində olması, insanların tələblərini maksimum şəkildə yerinə yetirməsi onun seçki zamanı problemsiz uğur qazanmasına səbəb olur.
Digər tərəfdən, YAP sadəcə seçkilərdə iştirak etmək naminə deyil, qələbə qazanmaq üçün seçki kampaniyasına qatılır. Bu zaman YAP elə insanların namizədliyini irəli sürür ki, onların xalq arasında nüfuzu, hörməti olsun, insanlar isə həmin namizədləri dəstəkləsin.
Doğru fikir və real əməllə seçicilər qarşısına çıxan YAP verdiyi vədlərin üzərində durmaqla, nəinki öz tərəfdarlarının dəstəyini qazanır, hətta, ötən seçkilərdə başqa partiyaya səs vermiş elektoratı da öz tərəfinə çəkir.
Hətta, Yeni Azərbaycan Partiyasının nümayiş etdirdiyi xalqın maraqlarını təmin edən fəaliyyəti nəticəsində bu vaxta qədər müxalifət partiyalarının yalançı vədlərinə inanmış insanlar da tezliklə həmin partiyaların sırasını tərk edir. Belə faktlar hələ 2008 və 2009-cu illərdə daha intensiv şəkildə ortaya çıxdığını müşahidə etmişik. Həmin vaxt Azərbaycanın müxtəlif regionlarında yaşayan insanlar AXCP və Müsavat partiyalarının sürətlə tərk edirdi. Əlbəttə ki, bu dəfəki seçkilərdən sonra insanların bu partiyaların sıralarını tərk etməsi daha da sürətlənəcək.
Bir sözlə, aparılmış qısa araşdırma onu göstərir ki, bu dəfəki seçkilərin də mütləq qalibi Yeni Azərbaycan Partiyası olacaq. Məğlubiyyətin qaçılmaz olduğunu anlayan müxalifət isə hər zaman olduğu  kimi, seçkidən sonrakı “şərləmə və ləkələmə” əməliyyatına hazırlaşır.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 996 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30