Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan parlament seçkiləri ərəfəsində: proseslər və reallıqlar

Azərbaycan parlament seçkiləri ərəfəsində: proseslər və reallıqlar

05.11.2010 [09:33]

Parlament seçkilərinin azad, demokratik, şəffaf və ədalətli şəkildə baş tutması üçün ölkə rəhbərliyi və aidiyyəti strukturlar tərəfindən bütün lazımi şərait yaradılıb
Azərbaycanda 4-cü çağırış Milli Məclisə seçkilərin keçirilməsinə artıq bir neçə gün qalıb. Bu proses ümummilli seçkilər kateqoriyasına aid edildiyindən onun hər bir mərhələsi və nəticəsi ölkə üçün sosial-siyasi baxımdan xüsusi önəm kəsb edir. çünki parlament seçkilərinin nəticəsi və onun keçirilmə səviyyəsi siyasi sistemi təkmilləşdirən fundamental faktor kimi çıxış edir. Yəni, demokratik şəkildə baş tutan seçkilər siyasi sistemin elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə, nəhayət, qanunverici orqanın fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artmasına real zəmin yaradır. Bütün bunlar isə kompleks şəkildə ölkənin siyasi sisteminin demokratikləşdirilməsi prosesinə mühüm töhfələr verməklə yanaşı, siyasi subyektlərin sağlam rəqabətini də əsaslı müstəvidə təmin etmiş olur. Qısacası, parlament seçkiləri mahiyyətinə görə siyasi fəallığı və iştirakçılığı artıran, siyasi sistemin rəqabətlilik qabiliyyəti və demokratiklik səviyyəsini yüksəldən, siyasi mədəniyyət və davranışa yeni keyfiyyət çalarları əlavə edən və siyasi sistemin komponentlərini təkmilləşdirən ümummilli aksiya önəmi kəsb edir. Məhz buna görə də, siyasi sistemin və reallığın tələblərinə, qanunauyğunluqlarına müvafiq surətdə demokratiya yolunda addımlayan ölkələr, o cümlədən, Azərbaycan üçün bu seçkilərin legitim və demokratik şəkildə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir.
Əlbəttə ki, parlament seçkilərinin demokratik şəkildə keçirilməsinə bir neçə amil təsir edir. Bunlara siyasi sistemin demokratiklik səviyyəsi, təkmil seçki məcəlləsinin mövcudluğu, siyasi subyektlərin legitim fəaliyyət imkanı və ölkədə hökm sürən sosial-siyasi sabitliyin səviyyəsi aiddir. Bütün bunlar kompleks xarakter daşıdığından hər birinin təmin olunması xüsusi önəm kəsb edir...
Seçkiöncəsi siyasi sabitlik faktoru demokratik seçki mühitinin fundamental təminatçısı kimi...
Seçkiqabağı sosial-siyasi şəraiti müşahidə etdikdə aydın olur ki, yuxarıda sadalanan fundamental faktorlar ölkəmizdə yüksək səviyyədə təmin olunub. Yəni, Azərbaycan növbəti parlament seçkilərinə də təkmil Seçki Məcəlləsi və zəngin qanunvericilik bazası ilə gedir, eləcə də, siyasi sistemin demokratiklik səviyyəsi olduqca yüksək şəkildə təmin olunub. Bütün bunlar isə siyasi subyektlərin legitim fəaliyyətinə xüsusi stimulverici zəmin yaratmış olur. Ən əsası isə odur ki, seçkiqabağı siyasi sabitlik ənənəvi qaydada-hər zaman olduğu kimi, ən yüksək səviyyədə təmin edilib. Bu faktorun özü Milli Məclisə keçiriləcək seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının əsas təminatçılarından biri qismində çıxış edir...
Beləliklə, Azərbaycanda seçkiqabağı siyasi sabitliyi göstərən bir neçə faktı diqqətə çatdırmaq xüsusi önəm kəsb edir. Birincisi, hakimiyyətin müstəsna xidmətləri sayəsində seçkilərdə iştirak edəcək bütün subyektlərə öz platformalarını təbliğ etmək üçün tam ədalətli və demokratik şərait yaradılıb. Bütün aidiyyəti strukturlar mümkün resurslardan istifadə edərək bərabər rəqabət şəraiti yaratmaqla seçkiöncəsi şəraitin demokratiklik və sabitlik səviyyəsini daha da gücləndirib. İkincisi, ümummilli aksiya önəmi kəsb edən parlament seçkilərinin demokratiklik səviyyəsinə kölgə sala biləcək dağıdıcı hallara və faktorlara qarşı öncədən lazımi tədbirlər görülüb. Bu, inzibati qaydada bütün demokratik ölkələrin üzərinə düşən ali vəzifə xarakteri kəsb etdiyindən Azərbaycan üçün də vətəndaşları qarşısında mövcud olan fundamental missiya önəmi kəsb edir. Dövlətimiz isə bu missiyanın uğurla reallaşdırılması yönündə məxsusi fəaliyyət göstərməkdədir.
Digər tərəfdən, hakimiyyətin uğurlu daxili siyasəti seçkiöncəsi mərəhələdə də sosial-siyasi sabitliyi təmin edən başlıca mexanizm qismində çıxış edir. Qısacası, hakimiyyət parlament seçkiləri öncəsi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməklə sahib olduğu resurslardan maksimum səviyyədə istifadə edərək sosial-siyasi sabitliyi yüksək şəkildə təmin etməyə çalışır. Və buna da nail olur. Bu isə öz növbəsində ölkəmizin demokratik seçki keçirmək ənənəsinin uğurla davam etdirilməsinə şərait yaradır...
Seçki qanunvericiliyi hər bir seçicinin öz iradəsini sərbəst şəkildə ifadə etməsinə imkan verir
Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində təkmilləşdirmə işləri aparılıb. Bu il Məcəlləyə edilmiş dəyişikliklər isə seçki müddəti ilə bağlı oldu.
Xatırladaq ki, 2003-cü ildə Seçki Məcəlləsi qəbul edildiyi zaman seçki kampaniyasının müddəti 120 gün nəzərdə tutulurdu. Amma vaxt keçdikcə, seçki orqanlarında təcrübə artdıqca qanunvericilikdə də təkmilləşdirmənin aparılması zərurətə çevrildi. Məcəllənin qəbul edildiyi zamandan hər seçki ərəfəsində bu sənədə dəyişikliklərin edilməsi buna sübutdur. Konkret olaraq müddət məsələsinə gəlincə, hələ 2008-ci il prezident seçkiləri ərəfəsində YAP tərəfindən seçki müddətinin 120 gündən 60 günə endirilməsi təklifi irəli sürülmüşdü. Amma o zaman həmin müddətin 75 gün olması qərara alındı. Təbii ki, ötən iki il ərzində seçki təcrübəsi artdıqca beynəlxalq praktikanın daha geniş tətbiqinə imkan yarandı.
Seçkilərin demokratik, şəffaf keçirilməsi məqsədilə, MSK tərəfindən də vacib sənədlər qəbul olunub ki, bütün bunlar beynəlxalq seçki təcrübəsinə və Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə əsaslanır. Bu sənədlər sırasına “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seckilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi ücün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” təlimatlar, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları” və s. daxildir.
Bütün görülən işlər isə ölkə vətəndaşlarının seçki hüququnun təmin edilməsinə xidmət edir. Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Azərbaycanda hər bir seçicinin öz iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün imkanlar var. Yeri gəlmişkən xatırladaq ki, vətəndaşların müddəti keçmiş şəxsiyyət vəsiqələri də dəyişdirilir və bu da həmin insanların seçkilərdə iştirakına xidmət edir. Son məlumatlara görə, kampaniya dövründə 130 min nəfər vətəndaşın şəxsiyyət vəsiqələri dəyişdirilib. Eyni zamanda, MSK-nın qərarı ilə vaxtı keçmiş vəsiqələrlə də səsvermə mümkün olacaq. Bütün bunları reallaşdırmaqla dövlətimiz insanların öz seçki hüququndan sərbəst şəkildə istifadə etməsini başlıca məqsəd kimi qəbul edir.
Azərbaycanda seçici siyahıları yüksək səviyyədə hazırlanır
Hər bir seçkinin hazırlanıb keçirilməsində əsas məsələlərdən biri də seçici siyahılarının lazımi səviyyədə hazırlanmasıdır. Məhz bu baxımdan, Azərbaycan kifayət qədər ciddi və beynəlxalq praktikaya əsaslanmış tədbirlər həyata keçirir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 11 may 2005-ci il və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 25 oktyabr 2005-ci il tarixli sərəncamlarda Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına hər bir seçiciyə seçici vəsiqəsinin çatdırılmasının təmin olunması, seçici siyahılarının dəqiq və dürüst tərtib edilməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq lazımi tədbirlərin görülməsi tövsiyə edilib, yerli icra hakimiyyəti orqanlarına Seçki Məcəlləsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində seçki siyahılarının dəqiq tərtib edilməsinin və məntəqə seçki komissiyalarında seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasının təmin olunması tapşırılıb. Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə görə, Azərbaycanda seçici siyahıları hər il dəqiqləşdirilir. Yəni, seçkilərin keçirilib-keçirilməməsindən asılı olmayaraq bu proses həyata keçirilir. Seçici siyahıları daimi və müvəqqəti siyahılardan ibarət olur. Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, həmçinin, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan (18 yaşından yuxarı) seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil olunur. Müvəqqəti seçici siyahılarına isə diplomatik nümayəndəliklərin və konsul idarələri rəhbərlərinin, eləcə də, seçicilərin müvəqqəti olduqları müəssisələrin (xəstəxanalar, sanatoriyalar, istirahət evləri) rəhbərlərinin aktiv seçki hüququna malik vətəndaşlar haqqında təqdim etdikləri məlumatlar salınır.
Seçki Məcəlləsinə uyğun olaraq seçki məntəqəsi üzrə tərtib olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi akt tərtib edilməklə, məntəqə seçki komissiyasında saxlanılır, siyahının ikinci nüsxəsi hər il fevral ayının 5-dən gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasına verilir. Seçki dairəsi üzrə ilkin seçici siyahıları hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilməklə, dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır, komissiyanın möhürü ilə təsdiq olunur və aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyası tərəfindən siyahılarda uyğunsuzluqlar aşkar edilərsə, bunlar düzəldilərək və sonradan may ayının 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiqlənir.
Seçici siyahılarının tərtibi işində müxtəlif praktikalar mövcuddur. Məsələn, dünyanın 50-dən artıq ölkəsində seçicilərin siyahıları fasiləsiz olaraq yenilənir. Rumıniyada, Fransada və dünyanın iyirmiyə yaxın ölkəsində seçicilərin siyahıları hər il, İngiltərədə isə ildə iki dəfə təzələnir. Azərbaycan Seçki Məcəlləsinə əsasən, seçici siyahıları tərtib edilərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilməsi nəzərdə tutulub. Seçki Məcəlləsinin 47.2-ci maddəsinə görə, vətəndaşın seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilməsi üçün onun yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.
Seçici siyahıları məntəqələrdə səsvermə gününə qədər qanunvericilikdə nəzərdə tutulmuş vaxtda asılır və bununla da, hər bir seçiciyə həmin siyahı ilə tanış olmaq imkanı yaradılır. Əgər seçici öz adını tapa bilmirsə və ya hansısa səhv aşkarlayırsa, onun müraciəti əsasında məntəqə tərəfindən problem aradan qaldırılır. Seçici siyahılarının hazırlanması qaydalarının daha bir üstünlüyü ondan ibarətdir ki, hətta səsvermə günü seçici öz adını siyahıda tapmırsa, şəxsiyyət vəsiqəsini təqdim etməklə problem dərhal həll olunur. ümumiyyətlə, bu məsələdə Azərbaycanın təcrübəsi beynəlxalq müstəvidə də təqdir olunur. Xatırladaq ki, ATƏT-in müşahidə missiyasının bir neçə gün öncə açıqlanmış aralıq hesabatında da seçici siyahıları ilə bağlı görülən işlər yüksək qiymətləndirilir.
Təbliğat-təşviqat prosesində bütün namizədlər üçün bərabər şərait yaradılıb
Təbliğat-təşviqat mərhələsi seçki kampaniyasında xüsusi yer tutur. çünki seçkilərdə iştirak edənlər məhz bu mərhələdə özünün platformasını seçicilərə təqdim edir, qələbə qazanmaq üçün iş aparır. Təcrübə təsdiq edir ki, məhz cəmiyyətdə yaxşı tanınan, fəal təşviqat aparan subyektlərin seçkilərdə qələbə qazanmaq şansı daha yüksəkdir. Bütün dünyada reallıq bundan ibarətdir. ölkəmizdə də seçki təşviqatının aparılması demokratik qanunvericiliyə uyğun olaraq müəyyənləşib. Qeyd edək ki, Azərbaycan Seçki Məcəlləsinin 13-cü fəsli bütünlükdə seçki təşviqatının aparılması qaydalarına həsr olunub. Həmçinin, Mərkəzi Seçki Komissiyası tərəfindən bu məqsədlə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat” qəbul olunub ki, burada əsasən KİV-lərdə namizədlər üçün bərabər təbliğat aparmaq imkanı yaradılır.
Xatırladaq ki, Milli Məclisə seçkilərlə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan başlayaraq hər hansı formada seçkiqabağı təşviqatın aparılması qadağandır. Seçkiqabağı təşviqat aparmaq hüququna malik olan subyektlər isə qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar və seçki blokları, namizədlərin səlahiyyətli nümayəndələri və onların vəkil edilmiş şəxsləridir. Beləliklə, noyabrın 5-i təşviqat üçün son gündür və göründüyü kimi, bu proses də yekunlaşmaq üzrədir. Bu müddət ərzində isə deputatlığa iddialı olan şəxslər öz təbliğat kampaniyalarını aparıblar. Təşviqat prosesinin də qanunvericiliyə uyğun şəkildə keçirilməsi üçün dövlətin müvafiq strukturları tərəfindən lazım olan bütün imkanlar yaradılıb. Namizədlərin bərabər şəkildə mübarizə aparması üçün görülən işlər sırasında müvafiq icra hakimiyyətləri tərəfindən hər bir dairə üzrə açıq və qapalı yerlər ayrılıb. Sadəcə, görüş keçirmək istəyən namizəd müvafiq DSK-ya müraciət etməlidir. Eyni zamanda, seçicilərlə görüş zamanı təhlükəsizliyi polis təmin edir. Proses bir daha təsdiqlədi ki, namizədlərin təşviqat işləri aparması üçün heç bir məhdudiyyət yoxdur və hamı üçün bu mübarizədə bərabər imkanlar yaradılıb. Amma bu başqa məsələdir ki, bu bərabər imkanlardan tərəflər necə yararlanıb. Təşviqat dövrünün keçən günlərini xatırlasaq, Yeni Azərbaycan Partiyasının namizədlərinin nə qədər mütəşəkkil şəkildə bir kampaniya apardığını əminliklə söyləmək olar. Həm partiyanın mətbu orqanında, həm də ödənişli əsaslarla digər KİV-lərdə təşviqat xarakterli tədbirlər işıqlandırılır və bütün bunlarda YAP-ın əzəmətli təbliğat kampaniyası aparması aydın şəkildə görünür. YAP-dan fərqli olaraq isə digər partiyaların, o cümlədən, seçki bloklarının təşviqat kampaniyası sönük keçməkdədir. Onların müxalifəti təmsil etməsini nəzərə alsaq, sosial bazanın yoxluğu bu düşərgə üçün başlıca problemdir. Xüsusilə, “AXCP-Müsavat” seçki blokunun rəhbərlərinin bəzi qəzetlərdə təqdim olunan görüşlərində bunu aşkar şəkildə görmək mümkündür. Onlar hansısa çayxanada, “besetkalar”ın qarşısında, dayanacaqlarda şəkillər çəkdirib öz qəzetlərində verməklə bunu guya seçicilərlə görüş keçirmək kimi təqdim edirlər. Bu blokun rəhbərliyindən savayı digər namizədlərin görüşləri haqqında isə heç bir məlumat yoxdur. Bu namizədlər yalnız MSK-nın qərarı ilə İctimai Televiziyanın efirində 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə etməklə kifayətlənirlər. Yeri gəlmişkən, qeyd edək ki, bütün namizədlərə 4 dəqiqəlik pulsuz efir vaxtının verilməsi Azərbaycanda yenilikdir və dünya ölkələrinin belə bir təcrübəsi yoxdur. Bu faktı beynəlxalq müşahidəçilər də təqdir edirlər. Avropa Şurasının müşahidə missiyasının rəhbərinin siyasətdə olduğu müddətdə heç vaxt bu hüququ əldə edə bilmədiyini deməsini xatırlatsaq, onda Azərbaycan dövlətinin seçkilərə münasibətinin necə olduğunu görmək kifayətdir. O ki qaldı müxaliflərə, yuxarıda qeyd etdiyimiz kimi, onlar namizədlər üçün yaradılmış imkanlardan istifadə etmək əvəzinə, seçki prosesinin şəffaflığına kölgə salmaq üçün müxtəlif cəhdlər edirlər.
Müşahidəçilərə ölkə miqyasında əlverişli şərait və geniş imkanlar yaradılıb
Seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti daim keçirilən seçkilərin geniş beynəlxalq müşahidəçilərin missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də, müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. ümumiyyətlə, Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır.
Noyabrın 7-də keçiriləcək seçkilərə gəlincə, MSK-dan verilən son məlumatlara görə, bu prosesi 48 ölkədən olan 1000 nəfərdən artıq beynəlxalq müşahidəçi izləyəcək. ümumilikdə isə, ölkə üzrə seçkiləri izləmək üçün 3400-dən çox müşahidəçi qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün 32 min 300-dən çox müşahidəçi qeydə alınıb. Seçki prosesinin izlənilməsində KİV-lər də heç bir problemlə üzləşməyəcək. Hər bir KİV nümayəndəsi iş vəsiqəsini təqdim etməklə istənilən seçki məntəqəsində səsvermənin gedişini izləyə bilər. Onu da xatırladaq ki, Azərbaycanda parlament seçkilərini işıqlandırmaq üçün 11 xarici KİV nümayəndəsi də MSK-da qeydiyyatdan keçib.
ölkə rəhbərliyinin güclü və qəti siyasi iradəsi demokratik, legitim seçkilərin qarantıdır
Seçkiöncəsi mərhələdə yaradılmış demokratik şəraitin və əsaslı sosial-siyasi sabitliyin əsasında, əlbəttə ki, güclü siyasi iradə durur. Bu siyasi iradə isə ölkə rəhbərliyinin parlament seçkilərinə və demokratikləşmənin daha da sürətlənməsinə verdiyi önəmin bariz təzahürünü təşkil edir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi surətdə prinsipiallıqla davam etdirilən demokratikləşmə siyasəti bu gün Milli Məclisə keçiriləcək seçkilərdə də özünü ən yüksək səviyyədə təcəssüm etdirir. Belə ki, seçkilərin demokratik, azad, şəffaf və ədalətli şəkildə keçirilməsinin vacibliyini və əhəmiyyətini xüsusi şəkildə önə çəkən hakimiyyətin səmərəli fəaliyyəti və yüksək siyasi iradəsi bu məsələdə təməl mexanizm və faktor kimi çıxış edir. Prezident İlham Əliyevin timsalında ən yüksək səviyyədə dəfələrlə bəyan edilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin mütləq surətdə bərqərar olması və hüquqi dövlətin elementlərinin formalaşdırılması üçün bütün zəruri tədbirlər görülməkdədir. Buna uyğun olaraq isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında seçki prosesinin təkmilləşdirilməsinə dair” 11 may 2005 tarixli və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 25 oktyabr 2005 tarixli sərəncamlar imzalanıb. Bu göstərişlərə müvafiq surətdə isə seçkilərin mövcud qanunlar çərçivəsində və demokratik şəraitdə keçirilməsi yönündə lazımi tədbirlərin görülməsi üçün spesifik addımlar atılıb.
Sadalananlar onu deməyə əsas verir ki, dövlət başçısının güclü və qəti siyasi iradəsi ölkəmizin demokratiya yolunda irəliləməsini təmin edən fundamental mexanizmdir. Bu gün isə bu iradə Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində özünü ən yüksək səviyyədə göstərir. Buradan da belə bir nəticə çıxarmaq və proqnoz vermək olur ki, ölkə rəhbərliyinin güclü siyasi iradəsi sayəsində Azərbaycan perspektivdə də demokratiyanı təkmilləşdirən avanqard ölkələr sırasında özünün məxsusi yerini tutacaq...
Siyasi arenanın dağıdıcı aktorları, yaxud seçkilərin demokratikliyinə kölgə salmaq istəyənlər
Bütün bu müsbət faktlarla yanaşı, seçkiöncəsi mərhələdə siyasi arenada bir sıra arzuolunmaz hallar və çatışmazlıqlar da müşahidə olunmaqdadır. Bu kimi mənfi hallar isə, ilk növbədə, ideoloji-siyasi müstəvidə cərəyan edir. Parlament seçkilərinin ədalətli, demokratik, şəffaf və azad şəkildə keçirilməsi üçün ölkə rəhbərliyi və aidiyyəti strukturlar öz üzərlərinə düşən bütün öhdəlikləri uğurla, yüksək səviyyədə yerinə yetirdikləri halda, bəzi siyasi subyektlər növbəti dəfə dağıdıcı-destruktiv fəaliyyət göstərməkdən çəkinmirlər. Belə ki, stereotipləşmiş siyasi ideologiya və təfəkkürlə mübarizə meydanına atılan sözügedən qüvvələr öz mövqeləri ilə demokratik seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Bu qüvvələrin başında isə yarımsol radikal müxalifət nümayəndələri gəlir. Daha dəqiq desək, AXCP, Müsavat kimi yaradılmış demokratik şəraitdən sui-istifadə edən dağıdıcı qüvvələr özlərinin ideoloji-siyasi fəaliyyətləri ilə seçkiöncəsi mərhələdə süni problemlər yaratmaqda davam edirlər. Başqa sözlə, siyasi savadsızlıq, köhnə-qəlibləşmiş ideoloji təfəkkür, aşağı səviyyəli siyasi mədəniyyət sözügedən müxalif qrupların başlıca xüsusiyyətlərini təşkil etməkdədir. Bu da nəticə etibarilə müasir şəraitdə Azərbaycan siyasi palitrasında fəaliyyət göstərən aktorların bir qisminin siyasi sistemin ali qanunauyğunluqlarına adaptasiya oluna bilməməsindən xəbər verir. Daha da dəqiqləşdirsək, bu cür qüvvələr ölkənin təkmil siyasi sisteminin dağıdıcı və “autsayder” elementləri qismində çıxış edirlər. Onların fəaliyyətləri vətəndaşların ictimai şüurunu manipulyasiya etmək, böhtan, şantaj, qara piar kimi vasitələrdən istifadə etməklə mövcudluqlarını qoruyub saxlamaq kimi primitiv metodları özündə ehtiva edir. Məhz buna görə də, Azərbaycan xalqı bu cür qüvvələrə birmənalı şəkildə etimadsızlıq göstərərək “yox” deyir. Mövcud siyasi sistemin qanunauyğunluqları və reallıqları isə qəti şəkildə sözügedən subyektlərin siyasi arenadan “təmizlənməsi”ni tələb edir. Xalq isə artıq bu kimi qüvvələri çoxdan siyasi seçim siyahısından çıxarıb...
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 1055 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30