Milli inkişafın əsasında insan amilinə qayğı və diqqət dayanmalıdır
06.11.2010 [11:32]
İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət olub. Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - çin və Hindistanı da arxada qoymağa müvəffəq olub.
Xəbər verdiyimiz kimi, bu sözləri BMT İnkişaf Proqramının (İP) rezident nümayəndəsi Fikrət Akçura noyabrın 4-də Bakıda BMT İP-nın 2010-cu il İnsan İnkişafı Hesabatının təqdimat mərasimində söyləyib.
Azərbaycan Prezidenti Administrasiyasının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar” devizi altında birgə təşkil etdikləri təqdimat mərasimində hökumətin, beynəlxalq qurumların, diplomatik korpusun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Təqdimat mərasiminin moderatoru BMT İnkişaf Proqramının rezident əlaqələndiricisinin müavini Bahadur Eşonov bildirib ki, 20 il bundan əvvəl BMT İP özünün ilk İnsan İnkişafı Hesabatını hazırlayıb. Bu tədbir BMT İP-in İnsan İnkişafı Hesabatının 20 illiyinə həsr olunub. İlk hesabat 1990-cı ildə “hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır” prinsipinin müəllifi olan mərhum iqtisadçı Məhbub ul Haqın rəhbərliyi ilə müstəqil ekspertlər qrupu tərəfindən hazırlanıb. Bu prinsipin mahiyyətini milli inkişafın makroiqtisadi göstəricilərlə qiymətləndirilməsinə alternativ olaraq sağlamlıq, təhsil və gəlir göstəricilərinə əsaslanan İnsan İnkişafı İndeksi təşkil edir. Vurğulanıb ki, 2010-cu ilin hesabatı da bu indeksin davamı olaraq ölkələrin inkişaf dinamikası haqqında müasir yanaşmaları, o cümlədən, qeyri-bərabərliyin aradan qaldırılmasına, gender məsələlərinə və yoxsulluğun azaldılmasına yönəlmiş yeni metodları əks etdirir. Son 20 il ərzində Birləşmiş Millətlər Təşkilatı dönə-dönə vurğulayıb ki, milli inkişafın əsasında insan amilinə qayğı və diqqət dayanmalıdır.
Hesabatın Bakıda təqdim olunmasının isə Azərbaycanın ən yaxşı icraçılar arasında olması faktını təsdiq etdiyini bildirən moderator, buna görə də tədbiri ölkənin nailiyyətlərindən və inkişafından söhbət açan filmin nümayişi ilə başlamağı təklif edib.
Mərasimdə “Azərbaycan: inkişafa aparan yol” sənədli filmi nümayiş olunub.
İnsan inkişafının 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edəndən sonra Azərbaycan üçün həmişə prioritet olduğunu vurğulayan moderator bildirib ki, bugünkü təqdimat tədbirində əsas məruzəçi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev son 20 ildə xalqın inkişafı üçün insanları ruhlandıran şəxslərdən biri olub. Odur ki, müdrik fikirlərini bölüşmək üçün söz akademik Ramiz Mehdiyevə verilir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbirdə açılış nitqi ilə çıxış edərək deyib: “Hörmətli xanımlar və cənablar! Hörmətli səfirlər! Sizi Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan dövləti arasında əməkdaşlıq çərçivəsində təşkil edilən bu mötəbər tədbirdə salamlamaqdan məmnunluq hissi keçirirəm. Birləşmiş Millətlər Təşkilatının (BMT) insan inkişafına dair son hesabatında Azərbaycan haqqında məlumatlar ölkəmizin ümumi inkişafının göstəricisidir. 2005-ci illə müqayisədə 34 pillə irəliləyən Azərbaycan 101-ci yerdən 67-ci yerə yüksəlmişdir. Bununla Azərbaycan 2000-2010-cu illər ərzində postsovet məkanı ölkələri arasında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malik olmuşdur.
Azərbaycanın uğuru dövlət siyasətinin əsas meyarında insan amilinin qərarlaşmasıdır. Cəmiyyətin inkişafı, əlbəttə, ilk növbədə məhz insanların könüllü və şüurlu olaraq birgə fəaliyyət göstərmək iradəsinə bağlıdır. Əgər cəmiyyətin formalaşması insan fəaliyyəti nəticəsində baş veribsə, cəmiyyətdə yaranan institutların, qaydaların, iqtisadi və siyasi mexanizmlərin əsas qayəsi də məhz insan amilidir.
“İnsan inkişafı” adından da göründüyü kimi, bu, daha geniş, əhatəli bir konsepsiyadır və siyasi, iqtisadi, sosial parametrləri özündə ehtiva edir. Tarixi proseslər göstərir ki, dövlət hələ ki, fərdlərin öz potensiallarını inkişaf etdirməsi üçün yeganə və ən optimal institut olaraq qalır. Dövlətin müasir dövrün tələblərinə uyğun, universal dəyərlər əsasında fəaliyyəti bəşəriyyətin inkişafını səciyyələndirir. Yer kürəsi hər birimizin, hər bir vətəndaşın ümumbəşəri xəzinəsi və sərvətidir. Ona görə də, dövlət ilk növbədə, məhz insan amilinin inkişafına xidmət etməli və onun gələcəyini düşünməlidir. Bu baxımdan BMT-nin təsis etdiyi inkişaf göstəricisi dünya ölkələrində mövcud vəziyyəti təhlil etmək, həyata keçirilən islahatların və tərəqqinin insan amilini nə dərəcədə nəzərə almasını aydınlaşdırmaq üçün çox önəmli bir mexanizmdir.
Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir, beynəlxalq təhlükəsizliyə və sülhün təmin edilməsinə öz töhfəsini verir. Hazırda Azərbaycan Prezidenti Administrasiyası BMT-nin Azərbaycan nümayəndəliyi ilə birlikdə “Azərbaycan-2050” proqramının hazırlanması işinin başlanmasını müzakirə edir.
Azərbaycan dövlətinin rəhbər tutduğu siyasi və iqtisadi strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə və onların qloballaşan müasir dünyaya inteqrasiyasını təmin etməyə imkan verir. Əlbəttə, belə bir mühitin yaradılması hərtərəfli islahatların həyata keçirilməsini, ilk növbədə, ölkə daxilində münbit şəraitin mövcudluğunu zəruri edir.
Müasir dövrdə daxili və xarici proseslər bir-biri ilə sıx əlaqədədir və xarici siyasətin prioritetləri ölkə daxilində gedən proseslərin məntiqi davamıdır. Biz bunu hazırda Azərbaycanın Avratlantik məkana uğurlu inteqrasiya siyasətində daha aydın hiss edirik. Bu, Azərbaycan xalqının seçimi və əzmidir. Biz bununla Avropa məkanının ayrılmaz bir üzvü, fəal və etibarlı tərəfdaşı kimi öz iradəmizi təsdiq edirik.
Bəşər övladının paylaşdığı demokratik dəyərlər uzun müddət totalitar rejimdə yaşamış gənc Azərbaycan Respublikası üçün əsas istinad mənbəyidir. Beynəlxalq təşkilatlarda aktiv fəaliyyət Azərbaycanın siyasi və mədəni təbiətinin, xüsusilə onun insan amilinə verdiyi qiymətin bariz nümunəsidir. ATƏT, Avropa Şurası və Avropa İttifaqı tərəfindən inkişaf etdirilən “insan təhlükəsizliyi”, “demokratik təhlükəsizlik” və “kooperativ təhlükəsizlik” konsepsiyaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. çünki bu konsepsiyaların əsas qayəsi fərdin maraqlarının təmin edilməsidir. Dövlət bunun üçün bir vasitə kimi çıxış edir.
Bu konsepsiyaların mahiyyəti ondan ibarətdir ki, insanların təhlükəsiz, heç bir zorakılığın mövcud olmadığı şəraitdə fəaliyyət göstərməsi təmin edilsin.
Müasir dövrdə təhlükəsizlik anlayışı fundamental dəyişikliyə uğramışdır. Fərdin təhlükəsizliyinin təmin edilməsi, onun qorunması həm dövlət, həm də beynəlxalq cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Fərdin öz potensialını inkişaf etdirməsi, eyni zamanda, iqtisadi tərəqqi mühitində bərabər şərtlərin təmin edilməsinə birbaşa bağlıdır. Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, yeni iqtisadi münasibətlərin formalaşması və ölkə iqtisadiyyatının möhkəm özüllər üzərində qurulması bu istiqamətdə yeni perspektivlər, üfüqlər açmışdır.
Son illər Azərbaycanda müşahidə olunan iqtisadi artım insanların, vətəndaşların seçim imkanlarını, potensiallarını genişləndirməyə şərait yaradan əsas vasitələrdən birinə çevrilmişdir. Beynəlxalq maliyyə böhranından əvvəl ümumi daxili məhsulun (üDM) artım tempi 30 faiz civarında dəyişirdi. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. 2008-ci ildə böhranın dərinləşməsinə baxmayaraq, Prezident İlham Əliyevin qətiyyətli iqtisadi siyasəti Azərbaycanı böhranın mənfi təsirlərindən qorudu. ümumi daxili məhsul 10,8 faiz artaraq 40 milyard ABŞ dolları təşkil etmişdir. 2009-cu ildə isə ümumi daxili məhsul 9,3 faiz artmış, orta illik inflyasiya isə 1,5 faizi keçməmişdir. 2010-cu ilin birinci yarısında isə inflyasiya 4,9 faiz təşkil etmiş, əhalinin gəlirləri 11 faiz artmışdır.
İqtisadi fəaliyyətin canlanması dövlətin maliyyə vəsaitlərinin artmasını şərtləndirmişdir. Bu gün Azərbaycanın dövlət büdcəsi 15 milyard dollar təşkil edir; strateji valyuta ehtiyatları 28 milyard dollardır. Neft hasilatından əldə edilən gəlirlər isə Dövlət Neft Fondunda yığılır və bu Fond şəffaf fəaliyyəti ilə BMT-nin xüsusi mükafatına layiq görülmüşdür.
İqtisadiyyatın sürətli tərəqqisi və yeni iqtisadi münasibətlərin formalaşması kontekstində ölkədə sosial ədalətin bərqərar olunmasına xüsusi diqqət yetirilir. Bu, ilk növbədə bərabər şansların və şərtlərin yaradılmasının təmin edilməsində öz ifadəsini tapır. Bu baxımdan Azərbaycan dövlətinin üzərinə xüsusi öhdəlik düşür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, hər bir vətəndaşın zəruri xidmətlərdən bəhrələnmək, o cümlədən, təhsil almaq hüququ təmin edilmişdir. Mən təhsili xüsusilə vurğulayıram, çünki təhsil, bilik gələcəyin möhkəm əsaslar üzərində qurulmasını şərtləndirir. Qloballaşan müasir dünyada texnoloji nailiyyətlər sürətlə inkişaf edir və biz zamanın nəbzini tutub onunla ayaqlaşmalıyıq. Buna görə də, Prezident İlham Əliyevin əsas məqsədi mövcud təbii resursların - qara qızılın intellektual potensiala çevrilməsi prosesini sürətləndirməkdir. Bu məqsədlə son illərdə 1200-dən çox orta məktəb binası tikilib istifadəyə verilmişdir. Eyni zamanda, gənc nəslin intellektual səviyyəsinin artırılması və yeni texnologiyalara yiyələnməsi üçün 2007-2015-ci illəri əhatə edən xüsusi Dövlət Proqramı çərçivəsində 5000 azərbaycanlı tələbənin dünyanın aparıcı universitetlərində təhsil alması işinə başlanmışdır. Məqsədimiz Azərbaycan gənclərinin intellektual potensialını gücləndirərək siyasi və iqtisadi məkanlarda yeni zirvələri fəth etməkdir.
ölkə iqtisadiyyatının güclənməsi bir tərəfdən işsizlik probleminin aradan qaldırılmasına, digər tərəfdən isə yoxsulluğun səviyyəsinin aşağı salınmasına kömək etmişdir. İqtisadi fəaliyyətin artım tempinə uyğun olaraq yeni işçi qüvvəsinə tələbat yaranmışdır. Son illərdə 900 min yeni iş yeri açılmışdır ki, onların 600 mini daimi iş yeridir.
ölkədə əlverişli biznes mühitinin olması isə bazar iqtisadiyyatının sütununu təşkil edən orta sinfin formalaşmasını təmin etmişdir. Bu, eyni zamanda, sahibkarların fəaliyyətinə dövlət dəstəyinin uğurlarından qaynaqlanır.
Yoxsulluğun səviyyəsi 2005-ci ildə 29,3 faizdən 2009-cu ildə 11 faizə düşmüşdür. Yoxsulluq geniş anlamda həm insanların maddi vəziyyətindəki çətinliklərinin, həm də onların normal həyat üçün zəruri şərtlərdən məhrumluğunun ifadəsidir. Bu baxımdan, yoxsulluq nəinki insanın inkişafı, hətta demokratiyanın tərəqqisi üçün də ciddi maneədir. Bərabərlik və maddi rifah halının yaxşılaşması insanlara öz hüquq və azadlıqlarından ən yüksək səviyyədə bəhrələnməyə imkan verir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Franklin Delano Ruzvelt haqlı olaraq qeyd edirdi ki, “yoxsulluq və azadlıq bir araya sığmır”.
Buna görə də Azərbaycanda qısa müddət ərzində əldə edilən nailiyyətlərin əhalinin rifah halının yaxşılaşmasında öz əksini tapması demokratik dəyərlərin bərqərar olmasını şərtləndirən amilə çevrilmişdir. Vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması hökumətin əsas fəaliyyət prioritetini təşkil edir.
Dövlətin sosial sahəyə müdaxiləsi konsensus və kompromis fəlsəfəsinə əsaslanır, liberal demokratiyanın daha sağlam və möhkəm özül üzərində təşəkkülünü şərtləndirir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında fəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdən bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin kreativliyinin güclənməsinə xidmət etməlidir. Dövlət isə insanlar üçün müdafiəçi rolunu oynamalı, onların hüquq və azadlıqlarının, o cümlədən bərabərliklərinin təminatçısına çevrilməlidir. Budur bizim qayəmiz, amalımız.
Hörmətli xanımlar və cənablar, Azərbaycanın qısa müddət ərzində keçdiyi demokratiya yolu ölkə daxilində milli həmrəyliyin və sabitliyin təmin edilməsi nəticəsində mümkün olmuşdur. Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması vətəndaşların fərdi məsuliyyətlərini dərk etmələrinə, onların sosial-siyasi proseslərdə fəal iştirakına rəvac vermişdir.
Biz yeni parlament seçkiləri ərəfəsindəyik, artıq seçki təbliğat-təşviqat kampaniyası başa çatmaq üzrədir. Noyabrın 7-də Azərbaycan vətəndaşları seçki qutuları önündə millət vəkillərini seçəcəklər. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələr bu seçkilərdə iştirak edir. Hakimiyyət olaraq isə, biz öz üzərimizə düşən öhdəliyi yerinə yetiririk: bütün namizədlərin bərabər şərtlər çərçivəsində mübarizə aparması təmin edilir, vətəndaşların iradələrinin seçki bülletenlərində öz əksini tapması üçün azad mühit yaradılır. Seçki məntəqələrində quraşdırılan 500 müşahidə kamerası seçkinin şəffaflığını təmin edir və seçki prosesinin obyektivliyini kənardan müşahidə etməyə imkan verəcəkdir. Bu müstəvidə media orqanlarının üzərinə də mühüm vəzifə düşür. Onların qərəzsiz fəaliyyəti seçki prosesinin ədalətli təbliğini təmin etməlidir. Tətbiq edilən müasir seçki texnologiyaları Azərbaycanda seçki prosesini daha da təkmilləşdirir, onun azad və ədalətli keçməsinə yeni töhfə verir. Bu, Azərbaycan demokratiyasının yeni bir uğurudur.
Lakin bir məqamı xüsusi vurğulamaq istərdim. Demokratiyada “ikili standartlar” qəbuledilməzdir. Biz istəmirik ki, Azərbaycanda cərəyan edən demokratik proseslərə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə kənardan “ikili standartlar” mövqeyindən yanaşılsın. Biz Azərbaycanda demokratiyanın təşəkkülü üçün zəruri şəraitin yaradılmasını təmin etmişik və bundan sonra da edəcəyik. Bu gün biz görürük ki, demokratik dəyərlər Azərbaycan milli-mədəni irsinin inkişafı kontekstində insanların həyat tərzinin, mentalitetinin mühüm ünsürünə çevrilir.
Demokratiyanın kəsb etdiyi digər xüsusiyyət onun dövlətlərarası münasibətlərdə sülhsevər siyasət kursuna, siyasi elitanın kompromis mədəniyyətinin təşəkkülünə töhfə verməsidir. Lakin təəssüfləndirici haldır ki, bu xüsusiyyət insan hüquqlarının kobud şəkildə pozulmasına, müharibə vasitəsilə qonşu dövlətlərin ərazilərinin işğal edilməsi faktlarına hələ də son qoymamışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan qoşunlarının işğalı altındadır və bir milyondan artıq insan öz evindən didərgin düşmüşdür. Əlbəttə, bu işğala son qoyulmalıdır. Azərbaycan hakimiyyəti bunun üçün ciddi səylər göstərir. Dövlətimizin başçısı məcburi köçkün və qaçqınların layiqli həyat tərzini təmin etmək məqsədilə müvəqqəti olaraq onları yeni inşa olunmuş evlərlə təmin etmişdir. Ancaq əsas məsələ onların tezliklə öz ata-baba yurdlarına qayıtmasının təmin edilməsidir.
Dağlıq Qarabağda güc yolu ilə yaranan vəziyyət beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozur. Beynəlxalq birlik, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurası öz missiyasını yerinə yetirməli, hüququn gücünün qorunmasına xidmət etməli və torpaqlarımızın azad olunması üçün öz səylərini artırmalıdır.
Dağlıq Qarabağ heç bir zaman erməni ərazisi olmamışdır. Bu ərazi Azərbaycan xalqının etnogenezinin mühüm elementini təşkil edən Qafqaz albanlarının əsas əyalətlərindən biri olmuşdur. Onun ilkin adı olan “Arsak” ifadəsinə ilk dəfə Zərdüşt dininin müqəddəs kitabı olan “Avesta”da rast gəlinir. Həmin dövrlərdə zərdüştlük Albaniyada geniş yayılmışdı. Eramızın IV əsrinin əvvəllərində isə xristian dini Qafqaz Albaniyasının rəsmi dövlət dini elan olunur və alban kilsəsi xristianlığın ən qədim kilsələrindən biri hesab edilir. Alban katolikosunun iqamətgahı əvvəlcə Dərbənddə, Qəbələdə, Bərdədə yerləşirdisə, sonuncu iqamətgah XIII əsrdən Qandzasar kilsəsi olmuşdur. Onun tikilməsi alban milli kimliyinin intibah dövrünə təsadüf edir. Həmin dövrdə yaranan Xaçın knyazlığının çarı Həsən Cəlal özünü “bütün albanların çarı” elan etmişdir. Qafqaz Albaniyasında yaşayan xristian albanlar öz milli kimliyini XIX əsrə qədər qoruyub saxlamışlar.
Hələ 1720-ci illərdə Dağlıq Qarabağda yaşayan xristianlar özlərini alban hesab edirdilər və “Qafqaz Albaniyasının qısa tarixi” əsərinin yazılması bunu bir daha sübut edir. Lakin 1836-cı ildə Rusiya administrasiyası tərəfindən alban katolikosluğunun ləğv edilməsi və onun bütün əmlakının Erməni Qreqorian kilsəsinə verilməsi alban kimliyinə sarsılmaz zərbə vurmuşdur. Məhz çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi xristian albanların assimilyasiyasına təkan vermişdir. Təsadüfi deyil ki, erməni dilində toponimlərə məhz bu dövrdə rast gəlinmişdir.
1727-ci ildə Osmanlı imperiyasının tərkibində olan Dağlıq Qarabağda yeni inzibati idarəçilik formasının yaradılması məqsədilə aparılan siyahıda xristian məliklərini təşkil edən kəndlərdən yalnız 2-nin adının erməni dilində olduğu məlum olmuşdur. 1823-cü ildə keçirilən siyahıyaalmada onların sayının isə 14-ə çatdığını müşahidə edirik. Bütün bunlar, erməni etnosunun Dağlıq Qarabağa gəlmə element olduğunu bir daha sübut edir. Doğrudur, qonşu dövlətin rəhbəri tərəfindən mənsub olduğu xalqın dilinin 8000 il bundan əvvəl, yəni ibtidai icma quruluşunun hökm sürdüyü bir vaxtda artıq formalaşdığı iddia edilsə də, bu cür bəyanatların sağlam təfəkkürlə və real tarixlə heç bir əlaqəsi yoxdur. Hamıya məlumdur ki, həmin dövrdə insanlar hələ mağara həyat tərzi sürür və ibtidai ünsiyyət vasitələrindən istifadə edirdilər.
Göründüyü kimi, Dağlıq Qarabağın çar Rusiyasına ilhaqından sonra baş verən hadisələr, xüsusilə erməni immiqrantların bu ərazidə kütləvi surətdə yerləşdirilməsi bugünkü erməni iddiasının əsasını təşkil edir. Bunun nəticəsi olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda qeyri-legitim və qeyri-leqal bir vəziyyət yaranmışdır.
Bu ərazilər təhlükə mənbəyi olan nəzarətsiz “boz zona”ya çevrilmişdir. Danılmaz sübutlar və məlumatlar göstərir ki, bu zonada silah və narkotik alveri, gizli immiqrasiya, terrorçu düşərgələri geniş vüsət alıb. Bu, regional və beynəlxalq təhlükəsizlik üçün real təhdiddir. Beynəlxalq təşkilatlar, xüsusilə beynəlxalq təhlükəsizliyin təminatçısı qismində birbaşa çıxış edən BMT bu təcavüzə və təhdidə adekvat reaksiya verməlidir. Bu, regionda sülhün bərqərar olunmasına və insan amilinin daha dolğun təcəssümünə xidmət edəcəkdir.
Ermənistan rəhbərliyi bunu anlamalı, qeyri-konstruktiv mövqeyindən çəkinməli və münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir.
Müasir Azərbaycanda müşahidə edilən iqtisadi, siyasi və mədəni inkişaf, demokratiya və insanların fundamental hüquqlarının, xüsusilə milli azlıqların hüquqlarının qorunması və tolerant mühit Dağlıq Qarabağ ermənilərinin məhz Azərbaycan Respublikasının tərkibində yaşayıb öz milli xüsusiyyətlərini ifadə etmələri üçün geniş imkanlar açır. Sadə ermənilər hər zaman bu fikri paylaşıblar. Bu, bizə imkan verəcək ki, orada quruculuq işləri görək, məktəblər açaq, əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edək. Bu, eyni zamanda, onların Azərbaycanda gedən sürətli iqtisadi inkişafdan bəhrələnmələrini mümkün edir. Biz ümid edirik ki, növbəti illərdə tərtib olunan hesabatlarda Dağlıq Qarabağda baş verəcək bu quruculuq işləri də öz əksini tapacaqdır.
Bu gün demokratiya yolunda əzmlə irəliləyən Azərbaycan regionda həm sabitlik amili, həm də regional əməkdaşlığın əsas mühərriki kimi çıxış edir. Hazırda regionda gedən proseslərə nəzər yetirsək görərik ki, həyata keçirilən bütün layihələr Azərbaycanın birbaşa siyasi iradəsi və iqtisadi dəstəyi ilə təsdiqini tapır. Azərbaycanla əməkdaşlıq qonşu dövlətlərin ümumi tərəqqidən bəhrələnməsinə təkan verir; rasional seçim münaqişəli vəziyyətin mənfi fəsadlarını nəzərə alaraq, dostluq və sülh şəraitində Azərbaycanla birlikdə regional əməkdaşlıqda iştirakı zəruri edir.
Belə bir xüsusi mövqeyə malik olan Azərbaycanın əsas məqsədi universal bəşəri dəyərlər əsasında regional təhlükəsizlik arxitekturasının qurulmasına və insan amilinin dövlət siyasətinin əsas predmetinə çevrilməsinə töhfəsini verməkdir. Təsadüfi deyil ki, bütün bu amillər BMT-nin “insan inkişafı” göstəricisində öz əksini tapmışdır və Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir. İnsanın demokratik bir mühitdə hərtərəfli inkişafı siyasi fəaliyyətin əsas hədəfi olmalıdır. Sözümü yekunlaşdıraraq sizi bir daha salamlayıram və tədbirə müvəffəqiyyətlər arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm”.
BMT İP-in rezident nümayəndəsi Fikrət Akçura çıxış edərək bildirib ki, “Hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır”. Bu sözlərlə başlayan 1990-cı ilin İnsan İnkişafı Hesabatı inkişaf haqqında düşüncə tərzində yeni yanaşmanın əsasını qoyub. XX əsrdə dövlətlərin müvəffəqiyyətinin demək olar ki, yeganə əsas meyarı adambaşına düşən gəlir olub. Lakin sonradan insan inkişafı konsepsiyasının formalaşması və Minilliyin İnkişaf Məqsədlərinin təsbit olunması ilə bu sahəyə yeni baxış meydana gəlib. Bu yeni yanaşmanın məğzi ölkələrin tərəqqisi və fərdlərin rifahının müxtəlif komponentlərdən ibarət olan daha müfəssəl qiymətləndirmə meyarı ilə ölçülməsidir. Əlbəttə, gəlir də çox vacibdir, çünki müvafiq resurslar olmadan hər hansı inkişafa nail olmaq çətindir. Lakin biz, eyni zamanda, insanların uzun və sağlam həyat yaşamasına, təhsil almaq və maariflənmək imkanlarına malik olmasına və əldə etdikləri bilik və bacarıqlarla öz həyatlarını daha da yaxşılaşdıra bilməsinə də çalışmalıyıq: “İnsan inkişafı indeksinin irəliləməsində ən çox nailiyyət əldə etmiş dövlətlər sırasında çin və Koreya Respublikası kimi tanınmış “iqtisadi inkişaf möcüzələri” ilə yanaşı, gənc dövlət olan Azərbaycanın da adı vardır. Hesabatın əhatə etdiyi 169 ölkə arasında son 5 il ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuşdur: 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə artıq 67-ci yerdə mövqe tutmuşdur ki, bu da çox böyük bir nailiyyətdir”.
Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci-Han insan resurslarının inkişafı sahəsində qeyri-adi nəticələrə nail olduğuna görə Azərbaycan hökumətini təbrik edərək deyib: “Son 4-5 il ərzində Azərbaycanın iqtisadi artım və insan resurslarının inkişafı sahəsində əldə etdiyi nailiyyətlər təqdirəlayiq bir nümunədir”.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova da çıxış edib.
Mərasimə yekun vuran moderator bildirib ki, inkişafın müəyyənləşməsində illərin sınağından çıxmış və yenilikçi yanaşmaya əsaslanan İnsan İnkişafı Hesabatı bütün dünyada inkişaf düşüncəsi üzərində həlledici təsir qüvvəsinə malikdir. ümid edirəm ki, Azərbaycanın davamlı uğurlarını müzakirə etmək və yüksək qiymətləndirmək üçün gələcək tədbirlərdə yenə də görüşəcəyik.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42

