Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hər bir xalq öz milli-mədəni yaddaşı qədər mövcuddur

Hər bir xalq öz milli-mədəni yaddaşı qədər mövcuddur

24.11.2010 [14:40]

Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” adlı məqaləsinin izi ilə
Hər bir xalqın tarixi onun milli-mədəni yaddaşı qədərdir. Azərbaycan xalqı da bu mənada istisna deyil. Bu da bir həqiqətdir ki, əsrlər boyu xalqımızın tarixi müxtəlif səviyyələrdə, məqsədyönlü şəkildə saxtalaşdırmalara məruz qalmış, bu, bəzən başqalarının, bəzənsə elə öz əlimizlə olmuşdur. Məqsəd isə xalqımızı öz həqiqi keçmişindən uzaq tutmaqla onu milli-mədəni və milli-mənəvi dəyərlərindən uzqaqlaşdırmaq, beləliklə torpaqlarımızın işğalı üçün zəmin yaratmaq olub. Etiraf etməliyik ki, imperialist güclər müəyyən mənada məqsədlərinə nail olmağı da bacarıb.
Tariximizin ən əhəmiyyətli dövrlərindən biri də ilkin orta əsrlər dövrüdür. Bu dövr Azərbaycan xalqının əcdadlarının inanc sistemində və sosial-siyasi, ideoloji və mədəni strukturunda dərin izlər buraxmış və ən çox təhrifə, saxtalaşdırmaya məruz qalmış bir dövrdür. Həmin dövrə münasibətdə əksər hallarda tarixçilərimiz ya susmuş, ya da mexaniki olaraq tarixi saxtalaşdıranları təlqin etməklə kifayətlənmişlər. Ancaq bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin həmin dövrlə günümüzün aktual problemlərini uzlaşdıran və “Gorus-2010: absurd teatrı mövsümü” adlı məqaləsi ilk dəfə olaraq ilkin orta əsrlər və qədim dövr Azərbaycan tarixinə obyektiv və cəsarətli yanaşmanı özündə əks etdirməklə, həmin dövrün araşdırılması üçün yeni konsepsiya müəyyənləşdirmiş oldu. Məqalədə erməni və ermənipərəst tarixçilər tərəfindən saxtalaşdırılmış tariximiz ilk dəfə olaraq akademik səviyyədə təhlil edilir, ermənipərəst mövqe elmi dəlil və arqumentlərlə sıradan çıxarılır. Hesab edirik ki, bu cür obyektiv, elmi və cəsarətli yanaşma tariximizin yeni əsaslarda öyrənilməsi üçün xüsusi istiqamətlər müəyyələşdirəcəkdir.
Hər bir xalq müxtəlif tarixi mərhələləri yaşayaraq, inkişaf edərək, həmçinin, özü üçün maddi və mənəvi dəyərlər sistemi yaradaraq və onları qoruyub, inkişaf etdirərək müasir mərhələyə gəlib çatıb. Heç şübhəsiz ki, elm, yaddaş, insan özü varisli olduğu kimi, mədəniyyət də varislidir. Yəni, bugünkü mədəniyyətimiz bundan əvvəlki mədəniyyətə, bundan əvvəlki mədəniyyətimiz isə daha əvvəl yaratdığımız mədəniyyətə söykənir. ümumiyyətlə, mədəniyyət bir xalqın tarix boyu əldə etdiyi milli və mənəvi dəyərlərin məcmusudur, cəmidir. Və mədəniyyəti yaratmaq, formalaşdırmaq nə qədər zəruridirsə, onu qorumaq bir o qədər vacibdir. Eyni zamanda, hər bir xalqın yaratdığı maddi və mənəvi mədəniyyət nümunələrinə sahib çıxması da bir o qədər zəruridir. Əsrlər boyu Cənubi Qafqazda yaşamış, tarixin xatırladığı qədər bu coğrafiyada mövcud olmuş Azərbaycan xalqı da tarixi inkişafın müxtəlif məhrələlərində öz yaşam arealını, yaşadığı coğrafi ərazini bəzən daha da genişləndirmiş, bəzən müxtəlif səbəblərdən bu coğrafiya ilə məhdudlaşmış, nəhayət, hazırda XXI əsrdə gördüyümüz şəkli almışdır. Amma bu heç də o demək deyil ki, Azərbaycan xalqının yaratdığı maddi və mənəvi dəyərlər, sadəcə, bugünkü Azərbaycan Respublikasının rəsmi-siyasi-inzibati sərhədləri içərisindədir. Bizim mədəni coğrafiyamız, dil coğrafiyamız, tarixi coğrafiyamız hazırki inzibati coğrafiyamızdan dəfələrlə böyükdür.
Bu mənada hesab edirik ki, Azərbaycan türklərinin çox maraqlı bir dövrü, ilkin orta əsrlər dövrü hələ də dərindən tədqiq olunmasını gözləyən mövzulardan biridir. çünki bu dövr Azərbaycanın inanc sistemində, ideoloji sistemində zəruri izlər buraxmış bir dövrdür. Bu dövr, həm də Azərbaycan tarixinin, xalqımızın yaratdığı maddi və mənəvi dəyərlərin təhrif olunaraq təqdim edildiyi, başqalarının mənimsədiyi və öz adına yazmağa çalışdığı dövrdür. Bəllidir ki, Azərbaycanda yaşayan qədim hunlar, qıpçaqlar, suvarlar, saklar, kimerlər, isketlər, oğuzlar və digər türk tayfaları zaman-zaman yaşadığı coğrafiyanın sərhədlərindən kənara daşaraq ölkələr fəth etmiş, zaman-zaman geri çəkilmişdir. Bu daşma, qabarma və geri çəkilmə dövrlərində, əlbəttə ki, həm Azərbaycan inkişaf etmiş, amma eyni zamanda, həm də müəyyən xarici təsirlərə məruz qalmışdır. Bütün bunlar xalqımızın inanc sistemində də özünü göstərmiş, Azərbaycanın folklorunda, şifahi ədəbiyyatında, dastanlarında bu hadisələr öz əksini bir nümunə kimi tapmışdır.
Hələ “Alp-Ər-Tunqa” dastanına nəzər salsaq görəcəyik ki, eramızdan əvvəl VIII-VII əsrlərdə suvarlar, oğuzlar, hunlar və digər türk tayfaları sakların hakimiyyəti altında birgə yaşamışlar. Tarixi məlumatlara əsasən, bu türk boyları arasında ictimai-siyasi, ideoloji və inanc birliyi də olmuşdur. Əcdadlarımız olan türk xalqları heç bir vaxt bütpərəst olmamış, bütə sitayiş etməmişlər. Türklərdə həmişə Gök Tanrı inancı, tanrıçılıq inancı mövcud olmuşdur. Hətta Herodot “Tarix” əsərində yazır ki, ellinlərdə olduğu kimi, türklərin də bir neçə tanrısı yoxdur. Sadəcə, onların iki tanrısı var.(1)
Hesab etmək olar ki, Herodotun etirafı bir qədər qeyri-dəqiqdir. Yəni, iki tanrı yox, türklərdə hər zaman tək tanrı olub. Herodotun ikinci tanrı kimi təqdim etdiyi “avtoritet” isə görünür qədim türklərin xaqanı olmuşdur. çünki ta qədimdən bu günümüzə kimi türklər göydə Tanrının bir olduğu kimi yerdə hökmdarın da bir olmasının vacibliyini düşünmüş və elə bu arzuyla da cahangirlik yarışına girmişlər. Bunun ən son nümunələrindən birini də Əmir Teymurla İldırım Bəyazid arasında gedən dialoqda görürük. Əmir Teymur böyük Fatehə xitabən “göydə Allah bir olduğu kimi yerdə hökmdar da tək olmalıdır. Bu dünya o qədər böyük deyil ki, orada iki hökmdara ehtiyac olsun” deyir. Görünür qədim türklərdə (skiflərdə) Herodotun müşahidə etdiyi və iki tanrı kimi qiymətləndirdiyi, biri Gök Tanrı, digəri isə onun “yerdəki kölgəsi” Xaqan idi. Tanrıçılıqdan sonra gələn və Tanrını, yəni, Allahı daha ətraflı və yaxşı “izah” edən təkallahlı dinlər yaranan zaman türklər dərhal bununla maraqlanmış, təkallahlılıq inancında mövcud olan dəyərləri tezliklə mənimsəmiş və qəbul etmişlər.
 Beləliklə, ilkin orta əsrlərdə Azərbaycanda xristianlığın yayılması, yerli türklər arasında bu dini ideologiyanın mənimsənilməsi və əcdadlarımızın Qafqaz Albaniyasında bu inancdan doğaraq yaratdıqları maddi-mədəni abidələrin tədqiqi ilə bağlı məsələlərə diqqət yetirək. Məlum olduğu kimi, hələ I əsrdə Azərbaycanda ən qədim xristian məbədi tikilmişdir. Moisey Kalankatuklu yazır ki, İsa peyğəmbərin həvarilərindən olan Fadey Azərbaycana gəlmişdir. O, dini inancını yayan zaman şimal-şərqə doğru hərəkət edərək, o dövrki Artaz və yaxud Artar vilayətindən keçərək (müasir Cənubi Azərbaycanın Maku vilayətini əhatə edir) şərqə doğru irəliləyərkən yerli tayfalar olan ərmənilərin başçısı Sanatürk tərəfindən öldürülmüşdür.(3)
Haylar öz tarixlərini deyil, yaşadıqları coğrafiyanın tarixini hay tarixi kimi təqdim edirlər. Bu coğrafiyanın qədim insanları isə xristian ərmən türklərdir. Mən oxucuların diqqətini xüsusi olaraq bu adlara cəlb etmək istəyirəm. İlk növbədə, qeyd etmək lazımdır ki, bütün tarixi mənbələrdə göstərilən ərmənilər, Ərməniyyə və ərmənilərlə bağlı olan digər bütün adların müasir haylarla, müasir Ermənistanla heç bir aidiyyəti yoxdur. Həmin ərmənilər türklərdir. Elə buradaca qədim türklərin leksionunda sözəmələgəlmə prosesinə qısaca diqqət yetirək. Makedoniyalı İskəndər Skif çöllərindən keçərkən yerli xalq özünü makedoniyalılara türk-mən deyə tanıdır. O zamandan bəri skiflərin bu boyu türkmənlər adlandırılır. O zaman türk-mən “mən türkəm” mənasını verirdi. Hazırda özbəklər həmin leksik strukturu dillərində qoruyub saxlayıblar. “Mən özbəyəm” yerinə “mən özbək-mən” deyirlər. Ər-mən də eyniylə bu şəkildə yaranmış sözbirləşməsidir. Yəni, “mən kişiyəm”, “döyüşçüyəm” mənasını verir. Adından da bəlli olduğu kimi, Artaz və yaxud Artaq, sadəcə, Ərtaq-Ərtuğ deməkdir. Ərtaq və Ərtuğ sözlərinə gəlincə, qeyd edim ki, çobanilər sülaləsindən gələn hökmdarlardan biri Artuq olmuşdur. Ərtuğ isə “tuğ daşıyan döyüşçü” deməkdir. Türklərin ərmənilər dediyi o insanların başçıları isə Sanatürk olmuşdur.
Fadey burada öldürüldükdən sonra Yelisey adlı başqa bir missioner gəlib Azərbaycanın Şəki şəhərinə çıxmışdır və orada yerli insanların ibadət etdikləri atəşpərəstlik ocağı üzərində bir kilsə inşa etmişdir. Yenə Moisey Kalankatuklu yazır ki, Yelisey Zərqun dərəsindən keçib, vəhşi tayfaların içərisində dini yaymağa gedərkən, yolda öldürülmüşdür.(4)
Xatırlatmaq yerinə düşər ki, bu Zərqun dərəsi müasir Samur dərəsi adlanır və böyük ehtimalla burada yaşayan xəzər və hunların (Xəzərhun, Zərhun) adı ilə bağlıdır. Ərqun isə hazırda türklərdə şəxs adı kimi işlədilən Ərhunla eynidir və arxaik mənası “sıravi hun döyüşçüsü, əsgəri” anlamına gəlir. Qədim türklərdə və hazırda müasir türk ordusunda ər, sıravi əsgər deməkdir. Bu gün də biz bilirik ki, Şimali Qafqazda Arqun şəhəri var. Göründüyü kimi, bütün mənbələrdə mövcud olan istər toponimlər, istərsə etnonimlər və hidlonimlər və s. hamısı türkcədir.
Ancaq əlbəttə ki, bu cəhddən sonra Qafqaz Albaniyasında xristian dininin tam pərvəriş tapması bir qədər ləngimişdir. 313-cü ildə alban çarı Urnayır tərəfindən xristian dini rəsmi dövlət dini kimi qəbul edilmişdir.(4)
Lakin o dövrün adətlərinə görə hökmdarın qəbul etdiyi din xalq tərəfindən də mənimsənilməli idi və bu bir qədər zaman tələb edir, bəzi hallarda isə müqavimətlə üzləşirdi. Ona görə də, yalnız alban hökmdarı mömin Vaçaqan tərəfindən görülən sərt tədbirlərdən sonra xristian dini tam qəbul edilmişdir. Beləliklə, Albaniyada yaşayan qədim qıpçaqlar, hunlar və digər türk tayfaları, o cümlədən, başqa tayfalar xristianlığı qəbul etmişlər.
Elə buradaca Qafqaz Albaniyasından söz düşmükən bu adın etimologiyasına toxunmağı lazım bilirik. çünki bu vaxta qədər Albaniya adı etimoloji baxımdan tam izah edilməmiş qalmışdır. Əvvəla, onu qeyd edək ki, Albaniya təkcə türklərin vətəni deyil, həm də bu coğrafiyada yaşayan 26-dan çox etnik qrupun və tayfanın vətəni idi. Alban adı isə burada yaşayan bütün xalqların ümumi adı idi. Türklər (alp-an-lar), sadəcə olaraq, bu etnoslar içərisində superetnos idilər və dominatlıq edirdilər. Nə qədər cəsarətli olsa da qeyd etməyi zəruri hesab edirik ki, bu gün də həmin etnik və mədəni struktur eyni ilə qalmaqdadır. Sadəcə, alban adı Azərbaycan adı ilə əvəz edilib. O zaman alban dedikdə Albaniyada yaşayan bütün etnik qruplar və tayfalar nəzərdə tutulduğu kimi, indi də azərbaycanlı dedikdə yenə də eyni şey nəzərdə tutulur. Yəni, azərbaycanlı adı Azərbaycanda yaşayan türklərin, talışların, ləzgilərin, avarların, tatların, saxurların, udinlərin və s. hamısının ümumi adıdır. Deməli, artıq neçə min ildir ki, biz azərbaycanlılar (türklər, talışlar, ləzgilər, avarlar, tatlar və s.) bir yerdə qardaşcasına yaşayırıq və birgəyaşayış mədəniyyəti, ənənəsi yaratmaqla onu bu günə qədər sürdürmüşük. Ulu öndərimizin yaratdığı Azərbaycançılıq ideologiyası da məhz bu cür ciddi tarixi əsaslara və milli-etnik ənənəyə söykəndiyi üçün XX əsrin sonunda xalqımızı parçalanmaqdan xilas edən ideoloji formulaya çevrilə bildi və birliyimizi və bərabərliyimizi təmin etdi.
İndi isə alban sözünün izahı haqqında. Fikrimizcə, burada “b” və “p” hərfləri, yaxud səsləri fonetik dəyişməyə məruz qalmışdır. Düşünürük ki, söz, əslində, Alp(b)+an-dır. Burada alp sözü arxaik türkcədə yüksək, uca, cəsur mənasını verir.(5)
An isə cəm şəkilçisidir.
 Bu söz öz orijinal formasını hazırda hələ də dilimizdə qorumaqdadır. Məsələn, Quba rayonunda Alpan adlı kənd var. Deməli, Alpan sözünün tamamilə türkcə olduğu aydınlaşdı. Ya-yə isə yerlik hal şəkilçisidir. Məsələn, Türkiyə, Suriya, Almaniya, Avstraliya və s. Göründüyü kimi, ya-yə yer-məkan bildirən sözlərə əlavə edilməklə xüsusi ada çevrilir. Beləliklə, Alp(b)aniya ucalar ölkəsi, uzunboylular ölkəsi, yaxud uca dağlar ölkəsi deməkdir. Albanların isə həddindən çox ucaboy xalq olduğu heç kəsdə şübhə doğurmur. Strabonun təsvirlərində də, elə tədqiq edilmiş məzarlıqlarda tapılan sümüklərdə də bu, öz əksini tapır. Məsələn, Şəki rayonunun Kiş kəndində Kiş məbədində dəfn edilmiş 18 yaşlı qızın boyu 203 sm-dir. Yetişkin insanların isə skelet sümükləri onların 230 sm boyda olduqlarını sübut edir. Elə buradaca M.Kalankatukludan daha bir örnək vermək yerinə düşərdi. Sasani hökmdarı II Şapur (xristianlığı qəbul edən alban çarı Urnayr həmin II Şapurun bacısı ilə evlənmişdi) İran şahlığını işğal edən hunlar ölkəsinin sərkərdəsi Hunoqurla təkbətək döyüş təşkil edir. Həmin sərkərdəni M.Kalankatuklu enli kürəkli, uca boylu, hətta nəhəng insan kimi təsvir edir: “Onun üç qarış enində olan alnı vardı, nəhəng nizəsinin sapı hündür ağacdan düzəldilmişdi”.(2) Deməli, adla fiziki-bioloji struktur uzlaşır və bir-birini təsdiq edir.
Alb sözünün Alp variantı ilə bağlı günümüzə qədər yaşayan bəzi nümunələrini də diqqətə təqdim etməklə hələlik bəzi izahatlarımızı yekunlaşdıraq.
Hazırda Göyçay və Qazax rayonlarında Alpoud adlı kəndlər var. Eyni zamanda, bir sıra regionlarımızda (Şirvan və qərb) bişirilən xüsusi çörək növü “alpoud” çörəyi adlanır. Zənnimizcə, bu çörək alpların zamanından, onların ovduğu (indi də umac ovmaq, yaxud unu ovmaqla bişirilən müxtəlif məmulatlar var) üsulla bişirilən və günümüzə qədər gəlib çatan mətbəx nümunəsidir.
İndi isə yenidən mövzumuza qayıdaq. Xristianlığı qəbul etdikdən sonra onlar ibadət üçün məbədlər tikməyə başlamışlar və həmin məbədlərdə türk memarlıq üslubu əks olunmuşdur. Yəni, həmin məbədlərin hamısının tikintisinə baxsaq görəcəyik ki, bu üstü çadırvari örtüklə örtülmüş (kümbəz dediyimiz çadırvari örtük türk memarlığına məxsusdur və çadır mədəniyyətindən gələn ənənədir-H.B) və dördguşəli qabartmalarla inşa edilmiş memarlıq abidələridir. Bu dördguşəli memarlıq abidələrinə yoncavari, yonca yarpağı üsulu ilə tikilmiş memarlıq abidələri deyilir (Məbədin bu şəkildə inşa edilməsi isə əsla təsadüfi deyil. Bu forma da qədim türk memarlığından irəli gələn müqəddəs dörd ünsür-od, su, hava və torpaqla bağlıdır. Tanrıçılıq inanc sistemini təşkil edən əsaslardan biri də məhz bu ünsürlər idi).
Müşahidə etsək görəcəyik ki, Qafqaz Albaniyasında mövcud olan bütün kilsələr və məbədlər məhz bu yoncavari və çadır metodu ilə tikilmiş abidələrdir. (Yeri gəlmişkən, bir nümunə təqdim edəcəyik. Məsələn, Kəlbəcər rayonu ərazisində olan Xudavəng kilsəsi ilə Akdamar kilsəsi sanki iki əkiz memarlıq nümunəsidir). Bu çadırın üzərində də, əlbəttə ki, şişpapaq qıpçaqların papağını xatırladan bir qüllə ucaldılır. Yəni, hər nə qədər xristianlığı qəbul etsələr belə, yenə də tanrıçılıqdan gələn bu mədəniyyət nümunələrini də, tanrıçılıqdan gələn memarlıq üslubunu da inşa etdikləri inanc ocaqlarında mütləq əks etdirirdilər.
 Beləliklə, Qafqaz Albaniyasında mövcud olan bütün monastrlar, məbədlər istər Kəlbəcər rayonunda olan Xudavəng və yaxud Xotəng adlandırılan kilsə, istər Oğuz rayonunun Culud kəndində olan kilsə, istər Qazax rayonunda Əskipara monastrı, istər Bayan monastrı eyni üslubda tikilmişdi və elə bil ki, bunların hamısının memarı tək bir adam olmuşdur. Bu abidələrin hamısını sadalamaqda məqsədim ondan ibarətdir ki, onların  hamısının bir-birinə bənzədiyini və eyni mədəniyyətdən, eyni memarlıq üslubundan qaynaqlandığını və eyni mədəniyyətin maddi varisi olduğunu oxucuların diqqətinə çatdıraq. Məhz əsas etibarı ilə IV əsrdən, yəni, Urnayır və mömin Vaçaqandan sonra başlayan dövrdə Azərbaycanda bu ibadətgahların sayı artmışdır. Hesab edirəm ki, bunların, Qafqaz Albaniyasında mövcud olan xristian məbədlərinin arealı elə həm də Albaniyanın sərhədlərini də müəyyənləşdirir. Bu sərhədlərin bir ucu İrana, bir ucu isə Şərqi Anadoluya qədər gedib çıxır. Əlbəttə ki, xristianlığın yayılması böyük bir hadisə idi. Amma, eyni zamanda, digər türklər xristianlığı qəbul etməmişdilər. Onların böyük əksəriyyəti hələ də tanrıçı olaraq qalırdı və həmin dövrdə tanrıçı türklərlə xristian türklər arasında dini məsələdə vaxtaşırı qarşıdurmalar olurdu. Təbii ki, tariximizdə olan hadisələr, əslində, bizim məişətimizdə və həyatımızda əks olunurdu. Eyni zamanda, xalq yaradıcılığında, Ozan sənətində və dastanlarımızda da bu hadisə öz əksini tapırdı. Xristianlığı qəbul edən qıpçaqlarla bağlı süjet “Kitabi-Dədə Qorqud” dastanında da var. Və həmin dastanda Qazan xanın evinin yağmalanması boyunda görürük ki, qıpçaq (xristian) Məlik oğuzların düşmənidir.
Sonrakı dövrlərdə Azərbaycan ərazisində və bütövlükdə türk boyları arasında İslam yayılmağa başladı. VII əsrdə İslamın təkallahlı din olaraq ortaya çıxması yenidən tanrıçı türklərin diqqətini cəlb etdi. İlk növbədə, İtil (Volqa) bulqarları, yəni, indiki tatarların (oğuzlar) əcdadları İslamı qəbul etdilər. Müasir Kazan şəhərinin 115 km cənubunda bulqarların paytaxtı Bulqar adlandırılan şəhər idi. 921-ci ildə Bulqar xanı Almış Xəzər türklərindən olan Başto adlı elçini Abbasi xəlifəsi Əl-Muktadirin yanına göndərərək İslamı öyrənmək istədiyini bildirir. (11) Xəlifə isə bulqarlara İslamı öyrətmək üçün həm din xadimləri, həm də məscid tikəcək memarlar qrupu göndərir. Həmin nümayəndə heyətinə daxil olmuş İbni Fadlan adlı şəxs sonradan bulqar türkləri haqqında olduqca maraqlı məlumatlar yazır. İslamı qəbul edən Almış xan adını dəyişdirərək Cəfər qoyur. Təqribən eyni vaxtda Karaxani hökmdarı Satuk Buğra xan da İslamı qəbul edərək, Əbdülkərim adını alır. Beləliklə, türklər arasında İslam yayılmağa başlayır.
Ancaq diqqətdən kənarda qalan bir məqam var. Əlbəttə, hər nə qədər islam dini yarananda onu ilk qəbul edən türklər kimi İtil bulqarları və qaraxanilər göstərilsə də, onlardan xeyli əvvəl Albaniya, Urmiya gölü ətrafı və Xəzərətrafı türklər arasında İslamın yayıldığı bir faktdır.   
Beləliklə, türklər könüllü olaraq İslamı qəbul etdilər. Məhz Azərbaycan dastanlarında da bu dövr geniş şəkildə öz əksini tapır.
İslamı qəbul edən türklər xristianlığı qəbul etmiş türkləri, ilk növbədə, qara imanlılar adlandırırdılar. Qaramanlılar adı da məhz burdan gəlir. Yəni, onlar zaman-zaman oğuz türklərinə rəqib oldular və xristianlığı qəbul etmiş qaramanlıların bir qismi sonradan Osmanlı dövləti güclənəndə ayrı-ayrı yerlərə Azərbaycanın Qarabağ ərazisinə, xüsusilə də, Cəbrayıl rayonuna, bir qismi isə Bizansa sürgün olundular. Həmin dövrdə sürgün olunanlar içərisində xristian ərmən türkləri də vardı. Onların adı ilə bağlı olan Karaman-Ərmənək rayonu isə bu gün də eyni adla Konya şəhərinin cənub-şərqində mövcud olmaqdadı. Hazırda Şərqi Bizansda, Yunanıstanda yaşayan qaramanlılar hələ də türk olduqlarını xatırlayırlar. Amma, eyni zamanda, artıq onlar yunan toplumunun bir hissəsinə çevriliblər. Yunanıstanın baş naziri Karamanis də həmin qaramanlılar nəslindən gələn bir türkdür, xristian qıpçaq türküdür.
Beləliklə, bəhs etdiyimiz dövrdə Qafqaz Albaniyasında, yəni, Azərbaycanda İslam dini geniş yayıldıqca və oğuzların təsiri artdıqca xristian türklərin Azərbaycanın ucqarlarına çəkilməsi prosesi baş verdi. IX əsrdə Səlcuq boylarının Orta Asiyadan Cənubi Qafqaza və Anadoluya, İraqın şimalına axını Azərbaycanda da oğuzların həm sayını, həm nüfuzunu, həm də hakimiyyətini artırdı. 837-ci ildə Xürrəmilər hərəkatının başçısı Babəkin məğlubiyyətindən sonra artıq Azərbaycanda İslam dini şəriksiz liderə çevrildi. Beləliklə, musəviliyi mənimsəmiş Xəzər türklərinin və yerli xristian türklərin müqaviməti tamamilə aradan qaldırıldı. Xəzərlər Avropaya köç edərək, orada etnik kimliklərini unudaraq və yəhudi kimi tanınmağa başladılar. Bu gün Avropa yəhudilərinin yüzdə doxsanı etnik kimliyini unudaraq dini kimlikləri ilə tanınan musəvi xəzər türkləridir. Sadəcə öz dillərini unudaraq dinlərinin ünsiyyət vasitəsi olan yəhudi (ivrit) dilini mənimsəyiblər.
 O dövrdən başlayaraq xristian türklərin bir hissəsi isə Azərbaycanın ucqarlarına sıxışdırılmağa başlandı. Onların bir qismi Qarabağa, bir qismi Zəngəzur dağlarına, bir qismi Şərqi Anadoluya, bir qismi isə Qara dənizin şimal-şərq sahillərinə-Trabzona qədər dağılmağa başladılar. Yeri gəlmişkən, bəzi mənbələrdə göstərilmişdi ki, eramızın III-IV əsrlərinə, bəzi mənbələrə görə isə ondan daha əvvələ təsadüf edən canit tayfaları və yaxud caniklər Qafqazdan gəlmə türklər idi və onların Trabzon ətrafında dövlətləri vardı. Bu barədə bir az sonra.
Yuxarıda da qeyd etdiyimiz kimi, xristian qıpçaqlar sıxışdırılmağa başladılar və həmin vaxt maraqlı bir proses baş verdi. IX-X əsrlərdə Azərbaycandan sıxışdırılan xristian türklər Azərbaycanın ucqarlarında məskunlaşaraq özləri üçün orada yeni mədəniyyət abidələri yaratmağa başladılar. Bu nümunələrdən biri də Akdamar kilsəsidir. Akdamar kilsəsi burdan gedən qıpçaqların Şərqi Anadoluda yaratdıqları mədəniyyət nümunəsidir. Akdamar 915-921-ci illərdə Akdamar adasında inşa edilmiş xristian qıpçaqların (türklərin) məbədidir. Mənbələr qeyd edir ki, Akdamar Vaçpurakan, yaxud da Vaspurhakan xanədanına məxsus kral Gaqikin əmri ilə inşa edilmişdi.
Mən yenə də diqqəti Vaçpurakan xanədanına çəkmək istəyirəm və bu nə deməkdir. Vaspurhakan sözünün sonunda hakan sözü var. Hakan sözü isə türkcədir. Vaspur isə Bas-vur deməkdir. Qədim türklərdə imperatora qapağan, yəni, qapıb alan deyirdilər. Yəni, sözlər bu cür yaranırdı və o dövrdə məişət sözləri həm də siyasi terminologiyanı şərtləndirirdi. Qədim türklər tutaq ki, bir atın qaparaq ilxı üzərində hökmranlığını əldə etdiyini görərkən, o ata qapağan at deyirdilər. Eyni zamanda, bir imperatorun, yaxud da bir döyüşçünün də başqa xalqların sərhədlərini qaparaq, torpaqları onların əllərindən almasını qapağan adlandırırdılar. Məsələn, İtəris Xaqanın kiçik qardaşı Kapağan Kağan bir çox tayfaları itaət altına almış, 716-cı ildə isə bayırkulları məğlub etmiş, elə həmin döyüşdə də həlak olmuşdur. Tayfaları ram etdiyi üçün Qapağan titulunu qazanmışdı.(7)
Elə imperator sözünün arxaik türkcədə qarşılığı, sinonimi də qapağandır. Vaspurhakana gəlincə, Vas-pur və hakan sözlərinin birləşməsindən yaranıb və basıb, vurub alan (işğalçı) mənasına gəlir. Yəni, Vaspurhakan qıpçaq türklərinin xanədanının sahibidir. Akdamar kilsəsi məhz onun varisi olan Gaqik tərəfindən və yaxud Gakuk tərəfindən inşa etdirilib.
Mən dəyərli oxucuların diqqətini həm də Gaqik sözünün mənasına yönəltmək istəyirəm. Gaqik gök və ok sözlərinin birləşməsindən yaranıb. Yəni, söhbət burada Gök-ox adlı türk hökmdarından gedir. Biz bilirik ki, qədim türklərdə oxla bağlı üçox, Bozox, Gökox kimi söz birləşmələri yaranır, bəzən ad, bəzənsə tayfa, boy ünvanı bildirirdi. Gaquk da elə Göyoxdur.
Yeri gəlmişkən, Akdamar kilsəsinin çöl divarında Kral Gaqikin də daşqabartmadan şəkili vardır. Şəkildə o dövrün türk-etnik qiyafətində, qıyıqgözlü və şişpapaqlı bir qıpçaq türkü bardaş quraraq oturub. Ən ermənipərəst tarixçi belə bu adamın erməni olduğunu iddia edə bilməz. Ona görə də, ermənilər bu məsələni belə izah edirlər ki, guya kral Gaqik Abbasi xəlifələrindən asılı olduğu üçün belə geyinmişdir. Yaxşı, axı Abbasi xəlifələri heç vaxt Gaqikin geyindiyi kimi geyinmirdi. Bəs görəsən, Gaqikin geyimi kimin geyimidir? Burada yenə erməni yalanı ayaq tutub yeriməyə başlayır. Sən demə, Abbasilərin əmrində olan əsgərlərin hamısı türk əsgərləri olduğu üçün Gaqik də onun əsgərləri kimi geyinib. Bax burada xoruzun quyruğu tam görünür. Axı niyə Gaqik vassalı olduğu xəlifə kimi deyil, onun əsgəri kimi geyinirdi? Bir də heç də Abbasi xəlifəsinin əsgərlərinin hamısı türk deyildi. Deməli türk olan və öz doğma geyimində bardaş qurub oturan Gaqikin özü türkdür. Hələ Oğuz Xaqandan bəri taxta oturan bütün türk hökmdarlarının bu şəkildə geyinmək və oturmaq ənənəsi vardı. Beləliklə, bütün deyilənlərdən də göründüyü kimi və adlardan da bəlli olduğu kimi, Akdamar kilsəsinin tikintisi məhz Gökox tərəfindən keşiş Manuelə tapşırılıb və o da inşa edib. Kilsənin adı da təsadüfən Akdamar qoyulmayıb. Əgər bu kilsəni haylar tikdirmiş olsaydılar, ona adı da hayca qoyardılar. çünki erməni dilində Akdamar sözünün mənası yoxdur. Digər başqa dillərin heç birində də bu sözün mənası yoxdur. Bu sadəcə türkcə izah olunan bir söz birləşməsidir. Yaxşı, əgər bunu ermənilər tikibsə, onda niyə ona ermənicə ad qoymayıblar? Biz bilirik ki, hər bir xalq nəyi yaradıbsa, ona adı o verir və həmin nümunənin o xalqa məxsus olduğunu hər kəs qəbul edir. Türklər tarixdə yoğurtu icad ediblər. Bütün dünya dillərində yoğurt məhz yoğurt kimi adlanır. İngilislər motoru icad ediblər. Bütün dünya dillərində motor məhz bu cür adlanır. Akdamarı da türk tikib və adını bu cür qoyub. Bütün dillərdə bu kilsə məhz Akdamar kimi tələffüz edilir. Bunun əks məntiqini sübut etmək isə sadəcə mümkün deyil. Ona görə də, Akdamar sözünü izah edək.
Akdamar sözü ak, bəyaz, nur, işıq sözündəndir. Damar isə insanın bədənini dolaşaraq ona həyat verən yoldur. Akdamar işıq yolu, süd yoludur. Südün də rənginin ağ olduğunu nəzərə alsaq, hələ şamanizm dövründən tanrıçı türklərə bəlli olan süd yolu, bu gün türklərin samanyolu dediyi o kosmik fəza ilə əlaqədardır. Yəni, bu kilsə kainata bağlanmaq, kosmik əlaqəyə girmək, işıqlı yola qovuşmaq üçün türklərin tikdiyi bir ibadətgahdır. Akdamar bu anlamda yozulmalıdır və bu bir daha sübut edir ki, Akdamar qıpçaqlarındır.
Amma ermənilər bunu çox uydurma bir şəkildə izah edirlər. Onların izahı belədir ki, guya keşiş Manuelin Tamara adlı bir gözəl qızı olur və bunu ada kənarında yaşayan bir cavan oğlan sevir. Həmin oğlan hər axşam üzə-üzə adaya gələrək Tamara ilə görüşürmüş. Bir gün keşiş bundan duyuq düşür, görür ki, Tamara yenə fənəri yandırdı və gənc oğlan üzə-üzə kilsəyə sarı gəlməyə başladı. Keşiş fənəri söndürür, oğlan yolu azaraq boğulur və “ah-tamar”, “ah-tamar” deyə qışqıraraq ölür. Bu heç bir elmi əsası olmayan, gülünc bir izahdır. Ancaq əlbəttə hay mentalitetinə uyğundur.
Akdamar kilsəsinin qıpçaq türklərinə, yəni, azərbaycanlılara aid olmasını sübut edən digər faktlar da var. Bunlar kilsənin üzərində daşqabartma ilə həkk olunmuş rəsmlərdir. Bunlardan biri barədə yuxarıda danışdıq. Kilsənin üzərində çoxlu sayda şişpapaq qıpçaqların oturduğunu və ibadət etdiyini göstərən daşqabartma rəsmləri var. Məlum olduğu kimi, qədim yunan mənbələrində qıpçaqların bir başqa adı şişpapaqlardır. Eyni zamanda, Dağlıq Qarabağda məskunlaşan insanların böyük əksəriyyəti Qafqaz Albaniyasından və bu yerin əhalisi olan şişpapaq qıpçaqlardır, hunlardır. Məsələn, Ağdamda Şişpapaqlı kəndi var və bu kəndin orada olması da yenə də deyilənləri sübut edən bir əsasdır. Bundan başqa, yenə Akdamar kilsəsinin üzərində daş qabartma ilə at belində 180 dərəcə dönərək Anadolu barsına ox atan bir qıpçaq döyüşçüsünün rəsmi var. Bütün tarixçilər, Kramerin də, Bartoldun da, Marrın da, Şopenin də, eyni zamanda bütün türkoloqların və bütün dünya tarixçilərinin mübahisəsiz olaraq qəbul etdikləri bu rəsm türklərə, hunlara aiddir. Qabartmada əks olunan qıpçaq sərkərdəsinin başındakı papaq da Samur dərisindən tikilmiş qırğız, qıpçaq papağıdır. Burada isə ortaya daha bir sual çıxır. Əgər Akdamar kilsəsini ermənilər tikmişdilərsə, nəyə görə öz kilsələrinin üzərində qıpçaq rəsmini döyürdülər? Əlbəttə ki, bir çox halda da daşqabartma olan rəsmlər pozulmuşdur və onların yerinə başqa əlavələr edilmişdi.
 Bizim Xudavəng və yaxud Xotəng dediyimiz Kəlbəcər rayonunda yerləşən başqa bir monastrın memarlıq quruluşuna nəzər saldıqda Akdamar kilsəsinin tamamilə bənzərinin olduğunu görəcəyik. Bu məbəd V-VII əsrlərdə Alban knyazları tərəfindən tikilmişdir. Hətta Alban hökmdarı Həsən Cəlal tərəfindən sonrakı dövrlərdə əsaslı şəkildə bərpa edilmişdir. Həsən Cəlalın arvadı Minə xatunun da burada dəfn olunduğu bildirilir. Bu kilsə Ağdərə-Kəlbəcər magistral yolunun yanındakı Bağlıpəyə kəndində, yəni, Ağdərədən Kəlbəcər tərəfə gedən yolun 29 km-də yerləşir. Burada diqqət yetirdikdə görəcəyik ki, vaxtilə Mixitar Qoş bu məbəddə olmuş, xatirə üçün hətta daşların üzərinə nişan qoymuşdur. Ancaq yerli insanların söylədiyinə görə, sonrakı dövrlərdə, yəni, 1930-1940-cı illərdə Ermənistandan bir qrup insan gələrək bu məbədin üzərindəki oymaları sökmüş, rəsmləri dağıtmış və yazıları pozmuşlar. Bu bir daha sübut edir ki, Azərbaycan ərazisində olan kilsələrin və bugünkü Ermənistan ərazisində olan, həmçinin, qədim erməni kilsəsi sayılan kilsələrin heç biri ermənilərə aid deyil. Onların hamısı Azərbaycan kilsələridir.
Qıpçaq türklərinin yayılma arealı ilə coğrafiyaya diqqət yetirərkən biz görəcəyik ki, bunların bir qismi Qara dənizə gedib çıxıb. Qara dənizdə Canik, yaxud Canit dediyimiz tayfalar mövcud olmuşdur. Məsələ ondadır ki, bizdə olduğu kimi Qara dəniz ərazisinə Qafqazdan köç edən qıpçaq tayfalarının hökmdarına da məlik deyirdilər. Necə bizim “Kitabi-Dədə Qorqud” dastanında qıpçaq Məlik vardısa, orada da məlik Canik vardı. çox qəribədir ki, bunlara da kafirlər deyilirdi. İslam yayılandan sonra bu qara iman, yaxud da qaradinli kimi adlandırılan öz yerini gavur sözünə verdi. Gavur isə ərəblərdən gələn, yəni, İslamı qəbul etməyən insanlara deyirdilər. Burada isə artıq biz ərəb təsirlərini görürük və beləliklə, qıpçaq Məliklə qıpçaq Canik, yaxud da məlik Canik arasında paralellər var. Bu caniklər, yaxud da canitlər uzun müddət ərzində orada böyük dövlət qurub yaşadılar və eyni zamanda, Qara dəniz ətrafında olan alban xristian qıpçaq məbədlərini ucaltdılar. Məşhur səlcuqlu sərkərdəsi olan Danışməndi Qaziyə və danışməndilərə həsr olunmuş “Danışməndinamə”də bu barədə geniş söhbət açılır. Danışmənd qazi Ordu ilə Trabzon arasında olan Aybastı yaylasına gələn zaman Canik dövlətini işğal etməyə gedirdi. Həmin dövrdə bunun qarşısına çıxan həmin qıpçaq xristian türklərinin başçısının adı Tadik idi. Tadik adı bir türk adıdır və çox maraqlıdır ki, “Orxan-Yenisey” abidəsinin üzərində də çinlilərə qarşı savaşan Tadik adlı bir neçə göytürk sərkərdəsinin adı var.(8)
(Aza Tatuk, Gök Amaş Tutuk, Buğak Tutuk və s. Yeri gəlmişkən, Amaş adı hazırda Azərbaycanda soyad kimi mövcuddur).
Biz bilirik ki, qıpçaqlar da göytürklərin bir qolu hesab olunur və yaxud onlar arasında qohumluq əlaqəsi var. Beləliklə, Tadiklə Danışməndi arasında qızğın döyüşlər gedir. Tadik geri, Trabzona qayıtdıqdan sonra onun adını yenidən Anadoluya yayılan səlcuqlarla başqa bir mübarizə səhnəsində görürük. Tadik adını yunanlar Tadis və yaxud Tadiodis kimi verirlər. Bəlli olur ki, bundan sonra Tadik beş min nəfər canik əsgəri, yəni, xristian qıpçaq əsgərləri ilə birlikdə rumların xristian ordusuna rəhbərlik edir və Amasya ətrafında yenidən Danışmənd qazi ilə üz-üzə gəlir. Orada Tadik məğlub olur və yalnız qaçaraq canını qurtara bilir. Yəni, bütün bunlar onu göstərir ki, hələ eramızdan əvvəl VIII-VII əsrlərdə, bəlkə də daha qədimlərdə istər Anadolu coğrafiyasında, istər Qafqazda, istərsə də Xəzərin şimalında türklər yaşamışlar və söz sahibi olmuşlar.
“Alp-Ər-Tunqa” dastanında məlumat verilir ki, saqların rəhbərliyi altında oğuzlar, qıpçaqlar və digər türk boyları yaşayıblar. Bunlardan biri də peçeniklərdir. Peçenik adının haradan əmələ gəldiyinə diqqət yetirsək görəcəyik ki, “Alp-Ər-Tunqa” dastanında məşhur Turan hökmdarı Alp-Ər-Tunqanın atasının adı Beşenkdir və yaxud Beçenkdir. Bu isə peçeniklərin, yaxud da yunanların dediyi kimi kumaların, macarların dediyi kimi kunların, rusların dediyi kimi poloveslərin əcdadı məhz Alp-Ər-Tunqadır, onun atası Beçenkdir. Peçeniklərin burada məskunlaşmasının və yaxud da bu coğrafiyanın aborogeni olmasının olduqca qədim tarixi var. Beləliklə, türklərin bu coğrafiyada-Cənubi Qafqaz, Şərqi Anadolu və bütövlükdə Urmiya gölü ətrafında məskunlaşması, böyük dövlətlər və imperiyalar yaratması heç də təsadüfi deyil. Bütün bu faktlar bir daha onu göstərir ki, bu gün ermənilərin öz adlarına çıxdığı, öz maddi mədəniyyət nümunələri kimi qəbul etdikləri bütün kilsələr xristian qıpçaqların yaratdıqları maddi-mədəniyyət nümunələridir. üç Müədzin kilsəsində də (Eçmiədzin) məhz qıpçaq dilində erməni əlifbası ilə olan dini mətnlər bu gün də qalmaqdadır. Eyni zamanda, hesab edirik ki, çox maraqlı bir məqam da var.
 Bu gün türkcə soyadı olan ermənilərin demək olar ki, böyük əksəriyyəti xristian qıpçaqlarıdır. Nalbadyan, Sarıbekyan, Ulubabyan, Köçəryan, Dəmirçiyan, Zərgəryan, Dəlləkyan və digər bu kimi türkcə soyadı olan nə qədər erməni varsa, onların hamısı məhz xristianlaşmış albanlar, xristianlaşmış qıpçaqların nəsilləridir. Onlara haylar deyillər. Əslində, bu gün Ermənistanda və erməni ordusunda məhz onların davası gedir. Yəni, haylarla xristian qıpçaqlarının davası gedir. Şüuraltı yaddaşla onlar hiss edirlər ki, haylarla ermənilər bir-birilərinə düşməndir. Biz bu qarşılıqlı nitfrəti milli nifrət kimi səciyyələndiririk. Deməli, belə çıxır ki, bu gün ermənilərin Hayastan adlandırdıqları ancaq əslində, bizim olan Ərməniyyədə ərmən türklərinin, yəni, xristian qıpçaqlarının vətənində cəmi 30 faiz haylar var ki, onlar da məxsusi olaraq ruslar və digər imperialist güclər tərəfindən oraya yerləşdirilmişdir. Beləliklə, dini hegemoniya, dini kimlik etnik kimliyə üstün gələrək orada ermənidilli bir təşkilatın yaranmasına gətirib çıxarmışdır. Əslində bu dil də erməni dili deyil, qədim pəhləvi dili ilə türk dilinin qarışığıdır. çox təəssüf ki, şimal qonşumuz bu xalqa dövlət verərək onu Cənubi Qafqazda jandarm rolunu oynamağa məcbur edir. Amma əminəm ki, bu gün məhz Azərbaycan xalqı öz mədəniyyətinə sahib çıxmaqla oradakı xristian qıpçaqları da buna inandırmaqla hay məkrindən bir qədər özünü qorumuş olacaq.

İstifadə edilmiş ədəbiyyatların sıyahısı

1. Herodot: “Tarix”, 4-cü kitab, səh. 218, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1998
2. Moisey Kalankatuklu: “Albaniya tarixi”, Bakı, Elm Nəşriyyatı 1993, səh.26
3. Moisey Kalankatuklu: “Albaniya tarixi”, Bakı, Elm Nəşriyyatı 1993, səh. 20
4.  Moisey Kalankatuklu: “Albaniya tarixi”, Bakı, Elm Nəşriyyatı 1993, səh. 60
5. Q.Qeybullayev: “Qədim türklər və Ermənistan”, Bakı, 1992, Azərbaycan Dövlət Nəşriyyatı, səh 15
6. Ə.Rəcəbov, Y.Məmmədov: “Orxan-Yenisey abidələri”, Bakı, “Yazıçı” Nəşriyyatı, 1993, səh 383
7. Moisey Kalankatuklu: “Albaniya tarixi” Bakı, Elm Nəşriyyatı 1993, səh. 30
8. Ə.Rəcəbov, Y.Məmmədov: “Orxan-Yenisey abidələri”, Bakı, “Yazıçı” Nəşriyyatı, 1993, səh 383
9. Ə.Rəcəbov, Y.Məmmədov: “Orxan-Yenisey abidələri”, Bakı, “Yazıçı” Nəşriyyatı, 1993, səh 384
10. Ə.Rəcəbov, Y.Məmmədov: “Orxan-Yenisey abidələri”, Bakı, “Yazıçı” Nəşriyyatı, 1993, səh 389
11. “Türklərin altın kitabı”, İkinci cild. İstanbul 1990. Səh. 129

Hikmət BABAOÄžLU, Respublikanın Əməkdar jurnalisti, siyasi elmlər namizədi, dosent

Paylaş:
Baxılıb: 1192 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30