Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda gənclər siyasətinin banisi

Azərbaycanda gənclər siyasətinin banisi

10.12.2010 [09:29]

ölkəmizdə gənclərə dövlət tərəfindən diqqət və qayğının göstərilməsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
Azərbaycanın inkişafı, dünya dövlətləri sırasında öz layiqli yerini tutması hər bir vətəndaşımızın, o cümlədən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın üzərinə yeni-yeni vəzifələr qoyur. Və hər bir azərbaycanlı bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün çalışır.  Heç şübhəsiz, Azərbaycanın aparıcı qüvvəsi olan gənclər bu istiqamətdə xüsusi olaraq fərqlənirlər.
Daha doğrusu, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ölkəmizin inkişafına xidmət edən dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi yerin ayrılması heç kimə sirr deyil. Məhz dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi həm ölkəmizin suverenliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, həm daha keyfiyyətli və bacarıqlı kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, həm də dünya səviyyəli idman yarışlarında fərqlənərək, bayrağımızın yüksəkliklərə qaldırılmasını təmin edir.
Yuxarıda da vurğuladığımız kimi, Azərbaycanda gəncliyə dövlət tərəfindən diqqət və qayğının göstərilməsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. ümummilli liderimizin həm sovet Azərbaycanına, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən birini təşkil edib. Əslində, Azərbaycanda bu gün həyata keçirilən və yüksək nəticələr verən gənclər siyasətinin əsası ötən əsrin yetmişinci illərində qoyulub desək, heç də yanılmarıq. çünki məhz Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra respublikada bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də əsaslı addımlar atıldı. ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gənclərinin öz potensialını həyata keçirmələri üçün münbit şərait yaradıldı.
Respublikanın inkişafı üçün dərin elmi savada və müxtəlif ixtisaslara yiyələnmiş kadrların vacib olduğunu nəzərə alan Heydər Əliyev bu cür kadrların hazırlanması məsələsinə xüsusi diqqət ayırır, göstəriş və tapşırıqlar verirdı. Məhz bunun nəticəsində 1970-80-ci illərdə Azərbaycanda yeni-yeni ali məktəblər, bir sıra orta ixtisas məktəbləri açılmışdı ki, həmin təhsil ocaqları da respublikamızın kadr potensialının formalaşmasında mühüm rol oynayırdı. Bundan başqa, məhz, Heydər Əliyevin təşəbbüsü nəticəsində gənclərimiz keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilirdi.
Məlum olduğu kimi, ötən əsrin 60-cı illərinin sonlarına qədər azərbaycanlı gənclər hərbi hissələrdə yalnız üçüncü-dördüncü dərəcəli işlərə cəlb edilirdi ki, bunun da köklü səbəbi vardı. çünki imperiyanın başbilənləri azərbaycanlı gənclərin hərbi ixtisaslara yiyələnməməsi, onların peşəkar hərbçi kimi yetişməməsində maraqlı idilər. Həmin marağın nəticəsində də gənclərimiz hərbi xidmətlərini o zamanlar “stroybat” kimi məhşurlaşan tikinti batalyonlarında fəhləlik etməklə, ən yaxşı halda isə kazarmalarda yemək bişirməklə başa vururdular. Bununla da, belə bir təsəvvür yaranırdı ki, guya azərbaycanlı gənclər döyüşmək, hərbi qüvvələrə rəhbərlik etmək, zabit kimi formalaşmaq keyfiyyətinə malik deyillər. Lakin Ulu öndərin respublika rəhbərliyinə gəlməsindən sonra keçmiş imperiyanın rəhbərlərinin bu planının qarşısı alındı. Məhz ümummilli liderimizin birbaşa göstərişi və rəhbərliyi ilə Azərbaycanda milli zabit kadrların hazırlanması üçün xüsusi hazırlıq məktəbi açıldı, gənclərimizin ali hərbi məktəblərdə təhsil alması üçün əlverişli şərait yaradıldı.
Eyni zamanda, gənclərin üzləşdiyi problemlər həll edilməklə yanaşı, onlar müxtəlif işlərdə bacarıqlı kadrlar kimi irəli çəkildilər.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi nəticəsində ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra da gənclərə diqqət dövlətin prioritetləri sırasında ilk yerlərdən birində dayandı. Daha doğrusu, əgər Heydər Əliyev sovet Azərbaycanına rəhbəriyi dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü.
Ulu öndər gəncləri müstəqil Azərbaycan dövlətinin quruculuq prosesində daha yaxından iştirak etməyə səsləyirdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizə dövlət quruculuğu prosesində daha mütəşəkkil və təkmil şəkildə necə iştirak etmək üçün bir yol göstərmiş oldu. Sözügedən nazirliyin yaradılması, həm də dövlətimizin gənclərin imkanlarından maksimum istifadə etmək istəyinin reallaşmasına bir təkan verdi.
Yəni, Azərbaycanda gənclərlə bağlı siyasətin həyata keçirildiyi ortada idi və gənclər də çağırışlara lazımi şəkildə cavab vermək, göstərilən etimada layiq olmaq, quruculuq prosesində daha yaxından iştirak etmək üçün əzmlə çalışmağa başladılar. öz həmyaşıdlarını Milli Məclisin deputatı, nazir müavini, mühüm dövlət orqanlarının rəhbəri kimi vəzifələrdə görən gənclər Ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək həm hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi siyasi proseslərdə, həm də dövlətçiliyin qorunmasında və dövlətin idarə edilməsində mühüm rol oynadılar.
Müxtəlif qeyri-hökumət təşkilşatlarının formalaşmasında yaxından iştirak edən Azərbaycan gənclərinin səsi tez bir zamanda xarici ölkələrdən, beynəlxalq qurumlardan gəlməyə başladı. Məsələn, 1995-ci ildə Azərbaycanda yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi kimi üzv seçildi.
Ulu öndər Heydər Əliyev gəncliyin irəli getməsi üçün addımlar atmaqla kifayətlənmir, eyni zamanda, yeni nəslin müstəqil ölkəyə layiq tərbiyələnməsi və oxuması üçün təhsildə və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Məhz həmin ərəfədə gəncliyin mənəvi yetkinlik qaynağı olan Azərbaycançılıq ideologiyası, düşüncələrə hakim kəsildi. ümummilli lider bu məsələni nəzərdə tutaraq deyirdi: “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”.
Yeri gəlmişkən, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Ulu öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Təsadüfi deyil ki, 1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi elan edildi. Həmin Sərəncama uyğun olaraq hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi.
Eyni zamanda, 1996, 1999 və 2003-cü illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, Ulu öndərin dərin məzmunlu nitqləri onların həyatında mühüm siyasi dönüş yaratdı.
1999-cu ilin iyulunda Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalandı. Həmin Fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamların, habelə, “Gənc ailə” proqramı və bir neçə dövlət proqramları gənclərin həyatında xüsusi rolu oldu.
Təbii ki, qəbul edilmiş qanun və dövlət proqramları, imzalanmış fərman və sərəncamlar gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun artmasına, habelə, idmanın kütləviləşməsinə təsir göstərdi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il tarixli Fərmanla qüvvəyə mindi.
Beləliklə, yuxarıda sadalananlar ümummilli liderimizin siyasətinin mühüm istiqamətlərindən birinin məhz gənclərlə bağlı olduğunu bir daha təsdiq edir. Bu siyasət gənclərin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Heç kəsə sirr deyil ki, hazırda bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 988 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30