Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyası növbəti ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyası növbəti ağacəkmə aksiyası keçirib

26.04.2011 [09:51]

Aksiya çərçivəsində Bayıl yamacında  3 minə yaxın yeni ağac əkilib
Aprelin 23-də Yeni Azərbaycan Partiyası (YAP) Bakının Səbail rayonu ərazisində yerləşən “Bayıl yamacı” massivində növbəti ağacəkmə aksiyası keçirib. Ağacəkmə aksiyasında YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları, gənclər  iştirak ediblər.
Yaşıllaşdırma aksiyası çərçivəsində yeni ağac və bəzək kolları əkilib, qurumuş ağaclar kəsilib və ərazidə abadlıq işləri aparılıb. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, aksiya çərçivəsində ərazidə 3 minə qədər müxtəlif növ ağac əkilib: “Hesab edirəm ki, əkilən bu ağaclar Bakı şəhərinin ekologiyasının daha da yaxşılaşmasına öz töhfəsini verəcək”.
 Bu parkın YAP-ın təşəbbüsü ilə salındığını deyən Əli Əhmədov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində ənənəvi olaraq yaşıllaşdırma kampaniyası keçirilir. Onun sözlərinə görə, belə tədbirlər YAP-ın rayon təşkilatları tərəfindən də təşkil olunur.
YAP Sədrinin müavini ağacəkmə aksiyasında partiyamızın gənclərinin daha fəal şəkildə iştirak etdiyini bildirərək bu faktı yüksək qiymətləndirib.
“Bütövlükdə bu yaşıllıq zonası Yeni Azərbaycan Partiyası tərəfindən salınıb. Bura, həmçinin, Yeni Azərbaycan Partiyasının bağı adlanır. Gördüyünüz kimi, partiyamızın üzvü olan yüzlərlə gənc çağırışımızla buraya gəlib yaşıllaşdırma kampaniyasında iştirak edirlər. Gənclərimiz Azərbaycan Prezidentinin abadlıq, quruculuq siyasətinə imkanları daxilində dəstək verir. Azərbaycanın gənc vətəndaşlarının belə bir həyat mövqeyi, ölkəmizin inkişafına dəstək vermək niyyətləri təqdirəlayiqdir. Arzu edərdim ki, Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların gəncləri ölkənin inkişafına, tərəqqisinə xidmət göstərsinlər. Bir neçə gün bundan əvvəl bəzi partiyaların gənc üzvləri küçələrə çıxıb daş atırdılar, polislə qarşıdurma yaratmağa cəhd edirdilər. Amma Yeni Azərbaycan Partiyasının gəncləri bütün ölkə gənclərinə nümunə göstərirlər ki, Azərbaycanın gənc vətəndaşları ölkəmizin inkişafına, tərəqqisinə, yüksəlişinə, o cümlədən, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşmasına xidmət etməlidirlər. Güman edirəm ki, digər gənclər YAP-ın gənc üzvlərinin göstərdiyi bu nümunədən bəhrələnməyə çalışacaqlar” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, YAP ölkəmizin aparıcı siyasi qüvvəsi olmaq etibarilə Azərbaycanın inkişaf və tərəqqisinə öz dəstəyini verib, verir və bundan sonra da verəcək.
Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə bildirib ki, keçirilən aksiya YAP-ın ardıcıl fəaliyyətinin növbəti mərhələsidir. “Bu gün hava, təbiət də çox gözəldir və insanlar da təbiətə yüksək əhval-ruhiyyə ilə qulluq edirlər. Bu  o deməkdir ki, təbiətlə insan arasında çox gözəl harmoniya var. Kampaniya Bakımızın yaşıllaşması və insanlar üçün daha rahat şəhərə çevrilməsi üçün çalışmağa imkan verir. Ona görə də, mən bu aksiyanı YAP-ın ardıcıl fəaliyyətinin növbəti mərhələsi hesab edirəm. Biz bu addımlarımızla, təbiətə və ətraf mühitə olan münasibətimizlə cəmiyyətə bir çağırış edirik ki, bu şəhər bizimdir, bu şəhərin gözəlliyi və imkanlarından da biz yararlanırıq. Ona görə də, şəhərin gözəlliyi üçün çalışmalıyıq. Hər kəs ətraf mühitə sağlam münasibətin formalaşmasında yaxından iştirak etməlidir. Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü alqışlayıram və ümid edirəm ki, ardıcıllarımız daha da çoxalacaq. Biz bu işdə bundan sonra da iştirak edəcəyik. Belə kampaniyalar Bakının daha gözəl, rahat bir şəhərə çevrilməsinə imkan verir” - deyə, o, qeyd edib.
B.Muradovanın sözlərinə görə, ağac əkmək, təbiətə qulluq etmək xalqımızın qədim adət-ənənələrindən biridir.  “Ulu öndər Heydər Əliyev daim bu istiqamətdə insanlara öz tövsiyələrini verirdi, ardıcıl işlər aparırdı. Bugünkü işlər də həmin siyasətin davamıdır. Bu gün ölkə başçısı ekologiyanın yaxşılaşdırılması istiqamətində siyasətini ardıcıl surətdə həyata keçirir. Azərbaycan getdikcə gözəlləşir, yaşıllaşır və bu gün bütün ölkə miqyasında bu tədbirlər həyata keçirilir. Hara getsəniz belə canlanma, gözəl əhval-ruhiyyə şəraitində insanların işlədiyini görərsiniz. Bu da Ulu öndərimizin arzularının, ideyalarının çiçəklənməsi deməkdir. Əminəm ki, bu gün əkilən körpə fidanlar gələcəkdə qollu-budaqlı ağaclar olacaq, həmçinin, bu ağacların ətrafa verdiyi gözəllik, yaratdığı əhval-ruhiyyə daha yaxşı işləmək və yaşamaq üçün insanları ruhlandıracaq” - deyə, vitse-spiker vurğulayıb.  
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, partiya hər il Ulu öndərimizin doğum günü ərəfəsində yaşıllaşdırma kampaniyası həyata keçirir. ötən il Azərbaycanda “Ekologiya ili” olduğunu xatırladan M.Qurbanlının sözlərinə görə, hazırda da ekoloji tədbirlər davam etdirilir: “ölkə Prezidenti bildirib ki, bu il “Turizm ili” elan olunsa da, ekoloji tədbirlər davamlı olaraq həyata keçirilməlidir. Unutmamalıyıq ki, ekoloji məsələlər, ətraf mühitin mühafizəsi ilə bağlı nəzərdə tutulan proqramlar ardıcıl olaraq həyata keçirilməlidir. çünki ekoloji tarazlığın qorunması bütövlükdə ümumbəşəri xarakter daşıyır. Ona görə də, YAP-ın saldığı bu bağ bizim partiyanın ətraf mühitin qorunmasında göstərdiyi ən yaxşı nümunələrdən biridir.   YAP rayon təşkilatları tərəfindən də yaşıllaşdırma kampaniyası ilə bağlı tədbirlər həyata keçirilir. Qeyd edim ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəyə bir ağac əkək” kampaniyası keçirilir və YAP üzvlərinin demək olar ki, hər bir üzvü onlarca ağac əkiblər. Bütövlükdə bugünkü tədbir onu göstərir ki, YAP qurucu, cəmiyyətin maraqlarına uyğun olan işləri həyata keçirən partiyadır”.
YAP-ın cəmiyyətin maraqlarına xidmət edən işlər gördüyünü deyən M.Qurbanlı söyləyib ki, ağacəkmə kampaniyası dağıdıcılıqla məşğul olan radikal qüvvələrə bir cavabdır: “Biz onlara göstəririk ki, biz qururuq, siz isə nəinki qurmaq, heç ideya vermək imkanına da malik deyilsiniz”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə bildirib ki, YAP-ın mütəmadi olaraq yaşıllaşdırma aksiyaları keçirməsi xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu aksiyalar bütövlükdə ölkə miqyasında həyata keçirilən ekoloji siyasətə böyük töhfədir. F.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda mühüm ekoloji siyasət həyata keçirilməkdədir. Onun sözlərinə görə, “Ekologiya ili” çərçivəsində bir sıra ciddi tədbirlər reallaşdırıldı. “Ekologiya ili”nin başa çatmasına baxmayaraq, bu yöndə işlər uğurla davam edir. Hazırda bütün ölkədə, o cümlədən, Bakı şəhəri üzrə yaşıllaşdırma işləri böyük vüsət alıb. Bu prosesdə YAP-ın fəal iştirakı yüksək dəyərə malikdir və ümumi işimizi irəli aparan bir faktordur” - deyə, nazir müavini vurğulayıb.
Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov da bildirib ki,  YAP-ın bu təşəbbüsü çox təqdirəlayiqdir. Onun sözlərinə görə, Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtımızın  yaşıllaşdırılması və mövcud yaşıllıqlara aqrotexniki qulluq işləri ilə məşğul olan bir qurumdur. “Şəhərin yaşıllaşdırılmasında iştirak edən bütün təşkilatlarla əməkdaşlıq etməyə həmişə hazırıq. Bu mənada YAP-ın yaşıllaşdırma kampaniyasının ardıcıl olaraq keçirilməsini yüksək qiymətləndiririk” - deyə, V.Novruzov bildirib.
Qeyd edək ki, “Yeni Azərbaycan” qəzetinin kollektivi də bu aksiyada fəal iştirak edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 912 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30