Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni plan - Xamenei əvəz olunur?

Yeni plan - Xamenei əvəz olunur?

16.03.2023 [10:27]

Qərb nəşrləri potensial əvəzedicilərdən yazır...

İranda daxili ictimai-siyasi vəziyyət yenidən gərginləşməkdədir. Xatırladaq ki, ötən ilin sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ilə başlanan etirazlar artıq lokal müstəvidən çıxıb, kütləvi hal almaqdadır. Eyni zamanda, SEPAH dəstələrinin özbaşınalığı etirazçı kütlələri daha ehtiyatlı davranmağa vadar etməklə yanaşı, həm də planlı hərəkətə sövq edib. Altı ayı tamamlayan aksiyalar artıq bütövlükdə, İranı əhatə edir. Ötən aylar ərzində İran hökuməti etirazçıların istəklərini dinləməkdənsə, dəyənək gücündən istifadə etməyə üstünlük verib. Bununla belə, etirazçılar da müqavimətdən geri çəkilmirlər. Baş verənlərdən hiddətlənən xalq kütlələri mövcud hakimiyyətin istefasını tələb edirlər.

Partlayışlarda 19 nəfər ölüb - zindanda öldürülənlərin adları açıqlanmır...

Martın 14-də baş verənlər isə altı aydır ki, davam edən aksiyaların yeni mərhələsini ortaya çıxarıb. Belə ki, İranda ilaxır çərşənbə günü yaralananların sayı 1172 , ölənlərin sayı 19 nəfərə çatıb. Yaralıların əksəriyyəti Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərindədir. Bundan əlavə yanan materialların partlaması nəticəsində Həmədanda bir mənzildə partlayış baş verib. Nəticədə 9 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb. Qumda içərisində yanan maddə olan çantanın partlaması nəticəsində isə 3 nəfər yaralanıb. Yaşayış binasında baş verən hadisədə 3 qardaş ağır yaralanıb, onlardan biri 90 faiz yanıq xəsarəti ilə xəstaxanaya yerləşdirilib.

Əslində bu baş verənlər son dövrlərdə SEPAH-ın daxili arenada apardığı repressiyaların gücləndirilməsinə cavab da sayıla bilər. Qeyd edək ki, son günlərdə İran zindanlarında saxlanılan siyasi məhbuslarla davranışda vəhşiliklərə, zorakılıqlara yol verildiyi bildirilib. İranda fəaliyyət göstərən QHT-lərin yaydığı məlumatlara görə, hətta zorakılığa dözə bilməyib ölən məhbuslar da var. İran hakimiyyəti isə ölənlərin adlarını gizli saxlamaqla siyasi gərginliyi azaltmağa çalışır.

3-cü prezident, ikinci dini rəhbər...

Bu arada Qərb mətbuatı üsyançılarla hakimiyyətin danışıq perspektivindən yazıb. Bir sıra siyasi ekspertlərin fikirincə, molla rejimi üsyançıları sakitləşdirmək və “islahat” görüntüsü yaratmaq üçün hakimiyyəti yeniliyə bilər. Belə ki, hakimiyyət üsyançıların əsas tələblərindən biri kimi insan hüquq və azadlıqları kontekstində bəzi güzəştlərə gedə bilər. Hətta ali dini lider Xameneinin öz postundan istefası da bu gözləntilər arasında yer alır. Qərb nəşrləri hətta Seyid Əli Xameneinin mümkün xələfləri ilə bağlı məlumatlar da yayıb. O da bildirilir ki, artıq bu planın real qığılcımlarının müşahidə olunması həmin şəxslər arasındakı mübarizəni də şiddətləndirib.

Qeyd edək ki, tam adı Seyyid Əli Hüseyni Xamenei olan İranın hazırki ali dini lideri 1980-ci ildən Tehranın imimcüməsi rütbəsini daşıyıb. 1981-1989-cu illərdə isə İranın prezidenti olan Xamenei həm də SEPAH-ın lideri idi. SEPAH bütün toqquşmalarda onun tərəfini saxlamaqla Xameneinin hazırki postuna yolunu açmışdı. O, Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə - Hüseynəli Müntəziri ilə - fikir ayrılığında olsa da, SEPAH-ın “gücü” burada da işə yarayır. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçir. Xamenei 14 aprel 1979-cu ildən bəri “Astan Quds Razavi”nin xidmətçilərinin də rəhbəridir.

Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları, 1999-cu il İranlı tələbə etirazları, 2009-cu il İranda prezident seçkiləri etirazları, 2011-12-ci il İran etirazları, 2017-18-ci il İran etirazları və 2018-2019-cu il İran etirazları kimi bir sıra böyük etirazlar olmuşdu. İranda jurnalistlər, bloggerlər və digər şəxslər Xameneini “təhqir etmək ittihamları” ilə mühakimə olunub, həb?lə, döyülmə ilə cəzalandırılıblar, onlardan bəziləri həbsdə vəfat edib.

İkinci oğul SEPAH-ın “komandanı” rolunda...

Qeyd edək ki, Xameneinin ən real əvəzediciləri sırasında ilk yeri ikinci oğlu Müctəba Xamenei tutur.  Müctəba Xamenei hazırda dövlət aparatının idarə olunmasında da əsas rollardan birini oynayır. Belə ki, SEPAH və Bəsic başda olmaqla İranın aparacı silahlı qüvvələri məhz Müctəba Xameneinin əmrindədir. Müctəbanın bir çox mühüm proseslərə, o cümlədən 2005-ci il seçkilərində Əhmədinejadın prezident seçilməsinə və 2009-cu ildə etirazların zorakılıqla yatırılmasına birbaşa müdaxilə etdiyi bildirilir. Onun yaxın çevrəsinə isə  SEPAH-ın keçmiş kəşfiyyat rəisi Hüseyn Tayyib, onun köməkçisi, millət vəkili Həsən Mühaqqik, eyni zamanda, SEPAH-ın əsas simalarından sayılan Məhəmməd İsmayıl Kövsəri və Xam?neinin keçmiş təhülkəsizlik xidmətinin rəhbəri İbrahim Cabbari daxildir. İbrahim Rəisinin prezident seçilməsindən sonra Hüseyn Tayyibin və İbrahim Cabbarinin öz vəzifəsindən uzaqlaşdırılması isə İran hakimiyyəti daxilindəki böyük çatın göstərcisidir. Qeyd edək ki, bəzi mənbələr hətta küçə etirazlarının tam yatırılmamasının bir səbəbini də məhz bu amillə əlaqələndirirlər. Belə ki, SEPAH-ı üsyanı tam yatırtmamaqla bağlı təlimatlandıran Müctəba Xamenei bu yolla Rəisini “cəzalandırır”.

Eyni zamanda, Müctəbanın İran hakimiyyəti ilə “Hizbullah” arasında “körpü” olduğu da bildirilir. Qeyd edilir ki, son dövrlər İranın əsas biznes dayağına çevrilmiş dərman biznesinə də məhz Müctəba Xamenei rəhbərlik edir.

Qeyd edək ki, 2009-cu il seçkilərində namizəd kimi iştirak edən, 2011-ci ildən isə ev dustaqlığında olan İranın keçmiş baş naziri Mir Hüseyn Musəvi “Kalima” saytındakı məqaləsində də Müctəbanın Əli Xameneini əvəz edəcəyini yazmışdı. Musəvi heç kimin təkzib vermədiyini vurğulayıb. Maraqlıdır ki, cavab yazılarının heç birində Müctəbanın adı çəkilməmişdi.

Qum ruhanilərinin dəstəklədiyi Mustafa Xamenei...

Xameneinin ikinci əvəzedicisi ola biləcək şəxs də onun oğludur - 1965-ci ildə anadan olan böyük oğul Mustafa Xamenei dini lider vəzifəsinə bəzi məziyyətlərinə görə daha real namizəd sayılır. O artıq İranda “Hüccətul-İslam/Ayətullah Seyid Mustafa Xamenei”“ kimi də tanınır. Din təhsilinə üstünlük verən, İranın əsas dini mərkəzlərindən sayılan Qum şəhərində yaşayan Mustafa Xamenei İran-İraq müharibəsinin də iştirakçısıdır. Seyid Əli Xameneinin dəftərxanasının işçilərindən olan Əhməd Mərvinin sözlərinə görə Mustafa Xamenei Qumda ruhanilər arasında xüsusi hörmətə malikdir. Nə Mustafa, nə də qardaşları rəsmi şəkildə dövlət vəzifəsi tutmurlar. Mustafa da rəsmi şəkildə ali dini rəhbərin aparatında rəsmən işləmir - yalnız adıçəkilən idarənin “nəşr”“ seqmentləri ilə əməkdaşlıq edir. Təbii ki, belə görüntünün yaradılması Xamenei üçün olduqca vacibdir.

Mustafa Xameneinin “əlini möhkəmləndirən” səbəblərdən biri də İranın tanınmış ruhanisi Əzizullah Xoşvəqtin kürəkəni olmasıdır. Ayətullah Xoşvəqt  Məhəmməd Hüseyn Təbatəbai, Seyid Hüseyn Borucerdi və Seyid Ruhullah Xomeyninin tələbəsi kimi iranlı ruhanilər arasında seçilənlərdən olub. O, vəfat edənə qədər Tehrandakı İmam Həsən-Möctəba məscidinin imam camaatı olub. 2013-cü ildə 86 yaşında Məkkədə olarkən vəfat edib. Qeyd edək ki, vaxtilə Xoşvəqtə yaxın olmuş şəxslərin kürəkəni Mustafanın ali dini rəhbər olması üçün səfərbər olunduqları da bildirilir.

Siyahıda başqa kimlər var?

Ata Xameneinin digər iki oğlu isə ali vəzifəyə “namizəd” sayılmırlar. Məsud və Meysam Xameneilər ikinci planda qalmağa daha çox üstünlük verirlər. Meysam gizli biznesin əsas idarəçilərindən sayılır. Məsud Xamenei isə əsasən İrana gələn zəvvarların “verbovka” olunması məsələsinə “cavabdehdir”.

Qərb mütəxəssisləri ali dini lider vəzifəsinin yeni icraçısı ilə bağlı proqnozlar verərkən ailədən kənar şəxslərin də adlarını hallandırıblar. Bu sırada iki çox mühüm qurumun - Ekspertlər Məclisi və Qəyyumlar Şurasının rəhbəri olan 95 yaşlı Əhməd Cənnətinin, həmçinin Xamenei aparatının idarəçiləri - Məhəmməd Qolpaeqaninin Əli Əsgər Hicazi, Vahid Xaqanyanın da adlarını çəkmək olar. Qeyd edək ki, bu şəxslər SEPAH rəhbərliyi və Qum Seminariyasının yüksək rütbəli ruhaniləridirlər.

Eyni zamanda, ali dini lider postunun ləğvi məsələsi də az aktuallıq daşımır. Belə ki, küçə üsyançıları keçmiş prezident Rəfsəncanidən sonra liberal qanadın lideri kimi ad qazanan Mir Hüseyn Musəvinin prezident olmasını təmin edə bilsələr, növbəti addım ali ruhani rutbəsinin ləğvi ola bilər.

MƏNSUR

Paylaş:
Baxılıb: 741 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31