Azərbaycan gənclərinin Vətən sevgisi...
04.04.2023 [10:41]
Anna Akopyanın acı etirafları - 11 min fərarisi olan ordu məğlubiyyətə məhkum idi
“Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər”
2020-ci ildə baş vermiş II Qarabağ müharibəsi dünya hərb tarixinə mühüm və yeni mərhələ kimi yazıldı. 30 ilə yaxın davam etmiş erməni işğalına son verən 44 günlük Vətən müharibəsi həm də müasir Azərbaycan gəncliyinin igidliyini, cəsurluğunu, Vətən, dövlət uğrunda bir çağırışla ayağa qalxma bacarığını dünyaya nümayiş etdirdi. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün sürən əks-hücum əməlii?yatları zamanı əlində silah Vətəni qoruyan Azərbaycan əsgərinin bir amalı vardı - Vətənin azadlığı uğrunda yalnız irəli. Məhz bu amalın, məqsədin nəticəsi idi ki, ermənilərin 30 il ərzində qurduqları səngərlər, sədlər 44 günə darmadağın edildi, erməni ordusu pərən-pərən düşdü.
Erməni ordusunun 11 min əsgəri fərari olub
Yeri gəlmişkən, müharibə dövründə erməni əsgərlərinin kütləvi şəkildə fərarilik etməsi faktı artıq Ermənistanın siyasi rəhbərliyi tərəfindən də açıq şəkildə etiraf edilir. Qeyd edək ki, bununla bağlı yaradılmış İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan bildirmişdi ki, hərbi xidmət qaydasının pozulması ilə bağlı cinayətlər, eləcə də hərbi əməliyyatlarla bağlı digər cinayətlər üzrə 12,6 min nəfərə yaxın şəxs barəsində 1600-ə yaxın cinayət işi aparılır. Bu işlər çərçivəsində 883 vətəndaş, o cümlədən 78 zabit (17 yüksək rütbəli zabit) təqsirləndirilən şəxs qismində cəlb edilib. Bundan əlavə, ümumilikdə 17 mindən çox insan dindirilib.
Erməni ordusunda müharibə dövründə fərariliyin kütləvi hal alması faktı baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tərəfindən də etiraf olunub. O bildirib ki, 2020-ci ildə 44 günlük müharibədə Ermənistan ordusunun təxminən 25%-i - 11 min nəfəri fərarilik edib, döyüşlərdən qaçıb. O, Paşinyanın və özünün könüllü cəbhəyə yollanmaq üçün erməni xalqına müraciətlərinə, çağırışlarına da cəmiyyətdən tutarlı reaksiya gəlmədiyini etiraf edib. Başqa sözlə, erməni gəncləri Paşinyanın çağırışlarını cavabsız buraxıb - zorla ordu sıralarına cəlb edilənlər isə çıxış yolunu qaçmaqda görüb.
On minlərlə Azərbaycan gənci könüllü oldu...
Azərbaycan gəncliyi isə həmin günlərdə qürur səlnaməsi, qəhrəmanlıq dastanı yazmaq üçün ayağa qalxmışdı. “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”, - deyən Prezident İlham Əliyevin bir çağırışı Azərbaycan gəncliyi üçün yetərli oldu - dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin, gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü. Prezident İlham Əliyev ötən ilin noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışında bildirmişdi ki, bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olub: “Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi”.
44 günlük müharibədə düşmən üzərində parlaq qələbə
Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi. Ən əsası isə Azərbaycan gənci həmin günlərdə döyüşdən başqa heç bir şey fikirləşmədi. Bu, dünya tarixində görünməyən bir hadisə idi - bir ordunun bütövlükdə döyüş günlərində fərarisi olmasın. Prezident İlham Əliyevin də vurğuladığı kimi, müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı: “Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də - müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik”.
“Öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər...
Ermənistan bütövlükdə isterika içində idi - müharibə günlərində Prezident İlham Əliyevin çıxışları, xalqa müraciətləri diqqətlə izlənilirdi. Azərbaycan Ordusunun rəşadəti, Azərbaycan gəncinin, Azərbaycan əsgərinin öz Ali Baş Komandanının ətrafında sıx birləşməsi, dəmir yumruğa çevrilməsi Ermənistan ordusunun mənəvi çöküşünü rəsmiləşdirdi. Ən mühüm məqam isə ondan ibarət idi ki, Azərbaycan gəncliyinin, Azərbaycan əsgərlərinin böyük əksəriyyəti I Qarabağ müharibəsindən sonra dünyaya gələn gənclər idi. Bu bir daha Vətənə bağlılığı, doğma yurd uğrunda müqəddəs mübarizəni simvolizə edirdi. Prezident İlham Əliyev ötən il Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışında bu məqama da toxunaraq qeyd etmişdi ki, müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi, bəzi hallarda panikaya qapılırdı, isterikaya qapılırdı: “Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın qəhrəmanlığıdır və onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər”.
Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər
44 günlük Vətən müharibəsinin dünyaya nümayiş etdirdiyi ən mühüm reallıqlarından biri isə Azərbaycan xalqının bütövlüyü oldu. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir AZƏRBAYCANLI qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli ölkə olmağımız, dini azadlıqlara malik ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın bütövlüyü uğrunda canını ortaya qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin verdiyi gücün, qüvvənin sayəsində, Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz birlikdə güclüyük” və “Qarabağ Azərbaycandır” şüarlarını özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi ki, belə də oldu. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirib ki, Azərbaycanda yaşayan bütün xalqlar mənim apardığım siyasət nəticəsində daha sıx birləşdilər: “Mən dəfələrlə deyirdim, bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Baxın, biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

