Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Batumidə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Batumidə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

02.09.2011 [10:42]

Professor Əli Həsənov: Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqlar, dövlətlər bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar
Avqustun 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində “Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ilində” mövzusunda konfrans keçirilib.
Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, parlamentlərin deputatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq tədbirin əhəmiyyətindən danışıb.
Nazim İbrahimov deyib ki, bu konfrans Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilir. Məqsədimiz müstəqilliyimizin iyirmi ilinə nəzər yetirmək, qazanılmış nailiyyətləri qiymətləndirməkdir. Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun dərin tarixi köklərə əsaslandığını qeyd edən Nazim İbrahimov bu baxımdan belə bir tədbirin Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan və gürcü xalqlarının eyni tarixi taleyi yaşadıqlarını söyləyən komitə sədri Azərbaycanda 20 Yanvar, Gürcüstanda 9 Aprel faciələrinin xalqlarımızın şərəfli tarixinin qəhrəmanlıq salnaməsi kimi hər zaman böyük ehtiramla xatırlanacağını vurğulayıb.
ötən əsrin 90-cı illərində hər iki ölkədə baş qaldırmış etnik separatizmin çox ağır itkilərə səbəb olduğunu söyləyən Nazim İbrahimov bu münaqişələr nəticəsində Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulduğunu, minlərlə insanın həyatını itirdiyini bildirib. Komitə sədri deyib ki, buna baxmayaraq xalqlarımız müstəqilliklərini qoruyub saxlamağa, möhkəmləndirməyə, dünya birliyinə inteqrasiya yoluna çıxmağa müvəffəq olublar.
“Bizi birləşdirən yalnız tarixi dostluq ənənələri deyildir. Biz həm də regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə etibarlı tərəfdaş kimi çıxış edirik. Azərbaycanın və Gürcüstanın iştirakı olmadan transregional layihələrin reallaşdırılması mümkün deyildir. ölkələrimizi yalnız irimiqyaslı iqtisadi layihələr deyil, həm də xalqlarımızın milli maraqları birləşdirir. Azərbaycan və Gürcüstan demokratik dəyərlərin uğurla tətbiqi, müasir milli dövlət quruculuğu yolunda inamla addımlamaqdadır. ölkələrimizin birliyi seçdiyimiz strateji inkişaf xəttini müvəffəqiyyətlə həyata keçirməyə imkan verən əsas amillərdəndir”, - deyə komitə sədri vurğulayıb.
Konfransın Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı iyirmi il ərzində görülmüş işlərə, əldə olunmuş nailiyyətlərə, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif aspektlərinə dair məruzələri dinləməyə, Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işlərə nəzər salmağa imkan verəcəyini qeyd edən Nazim İbrahimov bu müzakirələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəm təməllərə əsaslandığını bir daha təsdiq edəcəyinə əminliyini söyləyib.
Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndikdən sonra tədbir “Müstəqilliyimiz əbədidir” sənədli filminin nümayişi ilə davam edib.
Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri M.Davitaya deyib ki, onun ölkəsi hər zaman Azərbaycanın inkişafını böyük maraqla müşahidə edir. Azərbaycan ilə Gürcüstanın tarixləri hər zaman bir-birinə bağlı olub və bu, indi də davam edir.
“XX əsrin əvvəllərində qızıl ordu Azərbaycanı işğal etdikdən, qonşu ölkə müstəqilliyini itirdikdən sonra, Gürcüstan da eyni aqibəti yaşayıb. Həmçinin, SSRİ-nin süqutu ərəfəsində Bakıda baş verən hadisələr sonradan Gürcüstanda da təkrarlanıb. Bu və digər hadisələr göstərir ki, hər iki ölkə bir-birinə nə dərəcədə bağlıdır. Bizim tarixlərimiz demək olar ki, bir-birinə hopub”, - deyə M.Davitaya əlavə edib. Azərbaycanın və Gürcüstanın dostluğunu dünyaya nümunə kimi səciyyələndirən M.Davitaya bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkələrimizin dostluq münasibətlərinin perspektivlərini görürdü və bu istiqamətdə addımlar atırdı. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq sayəsində biz inkişafımızın ən yüksək mərhələsinə nail olacağıq.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze çıxışına Dünya azərbaycanlılarının III qurultayının əhəmiyyətini xatırlatmaqla başlayıb. O deyib ki, həmin qurultay Azərbaycanın sürətli inkişafının nümayişi idi. Bugünkü konfransı da həmin qurultayın davamı hesab etmək olar. Gürcüstan azərbaycanlılarının Gürcüstan dövlətinin inkişafına əhəmiyyətli töhfə verdiklərini qeyd edən David Kirkitadze, onlara təşəkkürünü bildirib.
Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Vaya Bolkvadze Acarıstanın inkişafında Azərbaycan sərmayəsinin mühüm rol oynadığını bildirib.
Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov görülən işlərdən danışıb, Batumi ilə Lənkəran arasında əməkdaşlıq üçün yaxşı zəmin yarandığını diqqətə çatdırıb.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov konfransda “Azərbaycan Respublikasının Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın regionun inkişafındakı rolundan danışan Ə.Həsənov deyib ki, ölkəmiz dost Gürcüstanın tərəqqisində də maraqlıdır: “Biz təkcə Gürcüstanda yaşayan azərbaycanlıların deyil, ümumilikdə gürcü xalqının firavan həyatının təmin olunmasını istəyirik”.
Əli Həsənov deyib ki, hər bir xalq, hər bir dövlət ilk növbədə özünün müstəqilliyi, inkişafı haqqında düşünərkən, öz dövlətinin, millətinin maraqlarını düşünür, fəaliyyətini bu istiqamətdə qurur və onu həyata keçirir: “Eyni zamanda, hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resurslardan istifadə taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan, təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. Bu mənada Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqlar, dövlətlər bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. 1918-1920-ci illərdə Cənubi Qafqazda milli dövlətlərin yaranması da bir-biri ilə əlaqəli proseslər idi”.
Məruzəçi Azərbaycan xalqının həmin dövrdə ermənilərə dövlətlərini qurmaq və paytaxt yaratmaq məqsədi ilə özünün qədim, tarixi xanlığı olan İrəvan xanlığını bəxş etdiyini və İrəvan şəhərini onlara verdiyini xatırladıb və deyib ki, Cənubi Qafqazın tarixində belə genişürəkliliklə atılan addımların sayı çoxdur: “Təəssüf ki, azərbaycanlıların və gürcülərin bu xoş məramlarından sui-istifadə halları da az olmamışdır. Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri, bu ərazilərdəki etnik separatizm buna əyani sübutdur. Bütün bunlar kənardan qızışdırılan və Cənubi Qafqaz xalqları arasında nifaq salan hallardır”.
Prezident Administrasiyasının şöbə müdiri Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi, sosial və ümumi geosiyasi həyatında həmişə önəmli yerlərdən birini tutduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir: “Cənubi Qafqazda orta hesabla 60 milyard dollara yaxın həcmdə ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalisinin gəlirinə görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir. Regionun ümumi iqtisadi resurslarının təxminən 70 faizi Azərbaycana məxsusdur. Cənubi Qafqazın bütün enerji qaynaqları üzrə ən zəngin ölkəsi də Azərbaycandır. ölkəmizin 30-50 ilə çatacaq neft, 120 ilə kifayət edəcək təbii qaz ehtiyatları vardır. Azərbaycanın yalnız neft və qazdan əldə etdiyi gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, bu, 100 il ərzində təkcə Azərbaycan xalqının deyil, bütün Cənubi Qafqaz əhalisinin olduqca yüksək səviyyədə yaşamasına bəs edəcək sərvətdir. Azərbaycan öz təbii resurslarından istifadə taktikasını müəyyən edərkən təkcə öz xalqının maraqlarını düşünməmiş, bu sərvətlərdən sivil istifadənin bütün qapılarını açmışdır. Həmin sərvətlərdən gürcü xalqı da, erməni xalqı da bəhrələnə bilərlər. Bunun üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmalı, bölgədə sülh bərpa olunmalı, bütün kommunikasiyalar açılmalıdır. Əməkdaşlıq üçün bizim bütün qapılarımız açıqdır”.
Professor Əli Həsənov deyib ki, Azərbaycan ilə Gürcüstan strateji müttəfiqlərdir: “Dövlətlərimiz tarixən çətin məqamlarda bir-birinə dəstək olmuşlar. Bizim dövlətlərimiz ərazisinə və əhalisinin sayına görə kiçik dövlətlər hesab olunsalar da, geostrateji cəhətdən olduqca əhəmiyyətli ölkələrdir”.
Daha sonra konfransda Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımov, ombudsman Elmira Süleymanova, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirinin müavini Mahir Qəhrəmanov, İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri Rəşad Dayıyev çıxış ediblər.
Konfrans öz işini avqustun 29-da “Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” mövzusunda “dəyirmi masa” ilə davam etdirib.
“Dəyirmi masa”nı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq deyib ki, bu tədbiri keçirməkdən məqsəd Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı roluna dair müzakirələr aparmaq, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası məsələsinin həm Azərbaycan, həm də Gürcüstan dövlətinin daim diqqət mərkəzində olduğunu qeyd edən komitə sədri bu istiqamətdə ötən müddət ərzində bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “dəyirmi masa”da çıxış edərək deyib ki, xeyirxah niyyətlərlə keçirilən bu cür tədbirlər mövcud problemlərin aradan qaldırılması işində Azərbaycan və Gürcüstan hökumətlərinə kömək etmək məqsədi daşıyır: “Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan dövlətinin başçısı Mixeil Saakaşvilinin yürütdüyü siyasət dünya standartlarına müvafiq şəkildə reallaşdırılmaqla yanaşı, yerli şərtləri, xalqların, milli və dini azlıqların maraqlarının təmin olunmasını da nəzərdə tutur”.
Professor Əli Həsənov deyib ki, Cənubi Qafqazın gələcəyini və dünyadakı yerini bu coğrafiyada yaşayan bütün əhalinin maraqlarının nəzərə alınması yolu ilə təmin etmək mümkündür: “üç Cənubi Qafqaz ölkəsi indiyə qədər kənar qüvvələrin də təsiri, dəstəyi ilə yaranmış münaqişələrdən çıxmalıdır. Münaqişələrin həlli beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində, milli azlıqların vətəndaş hüquqlarının təmin olunması yolu ilə həyata keçirilməlidir. Biz bu yolla çox önəmli coğrafiyada yerləşən üç Cənubi Qafqaz dövlətinin birliyinə nail ola bilərik. Biz bu yolla regionda davamlı sülhə nail ola və qlobal dünyaya inteqrasiyamızı davam etdirə bilərik”.
Son zamanlar Gürcüstanda yaşayan azərbaycanlılardan Gürcüstan-Azərbaycan münasibətlərinin pisləşməsi, pozulması istiqamətində istifadə etməyə çalışan xarici qüvvələrin mövcud olduğunu qeyd edən Ə.Həsənov deyib: “Həm Azərbaycandakı, həm də Gürcüstandakı QHT-lərdən də istifadə olunmaqla mövcud problemlərdən möhtəkircəsinə istifadə edərək ölkələrimizin ikitərəfli münasibətlərini pozmağa çalışan xarici qüvvələr vardır. çox ehtiyatlı olmalıyıq, aramıza üçüncü qüvvələrin girməsinə imkan verməməliyik”.
Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasının vacibliyi qeyd edən Əli Həsənov deyib ki, bunun yollarından biri də gürcü dilini bilməkdir: “Hər hansı bir ölkənin dövlət dilini bilmədən rəsmi qurumlarda, işgüzar dairələrdə çalışmaq, uğur qazanmaq mümkün deyildir. Azərbaycan hökuməti Gürcüstan hökumətinə əlindən gələn dəstəyi göstərir ki, azərbaycanlılara gürcü dilini öyrənmək üçün şərait yaratsın. Azərbaycanlılar, əlbəttə ki, öz dillərini öyrənmək və yaşatmaq hüququna malikdirlər. Bu hüququ heç kim onların əlindən ala bilməz, lakin Gürcüstan cəmiyyətinə inteqrasiya üçün gürcü dilini bilmək vacibdir”.
Daha sonra Əli Həsənov vətəndaşların dini hüquqları məsələsinə toxunaraq deyib ki, hər hansı bir dövlətin vətəndaşların dini hüquqlarını məhdudlaşdırması yolverilməzidir: “Əgər dövlət ölkə daxilində ictimai-siyasi sabitliyə, davamlı inkişafa nail olmaq istəyirsə, insanların inancına hörmətlə yanaşmalıdır. Gürcüstanın da, Azərbaycanın da dövlət olaraq vəzifəsi ondan ibarətdir ki, insanların dini etiqad azadlığını təmin etsin. İnsanlar istədikləri dinə etiqad etmək hüququna malikdirlər. Bu hüququ tanımaq və onu qanun çərçivəsinə salmaq lazımdır. Dini hüquq varsa, onu reallaşdırmağın qanuni çərçivəsi də olmalıdır. Azərbaycanda dini azadlıq haqqında qanun var və mən əminəm ki, Gürcüstan dövləti də belə bir qanun qəbul edəcək və ayrı-ayrı dini inanclara mənsub insanlar dini hüquqlarını bu qanun çərçivəsində həyata keçirəcəklər”.
“Dəyirmi masa”da çıxış edən Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterina Txeşeloşvili deyib ki, onun təmsil olunduğu hakimiyyət ölkədə etnik azlıqların hüquqlarının fəal şəkildə qorunmasında maraqlıdır: “Etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Gürcüstan vətəndaşları cəmiyyətə inteqrasiya olunmalıdırlar”.
2009-cu ildə “Tolerantlıq və vətəndaşların inteqrasiyası” konsepsiyasının qəbul olunduğunu qeyd edən nazir, həmin konsepsiyanın etnik azlıqların da cəmiyyətə inteqrasiyasını özündə ehtiva etdiyini bildirib. O, Gürcüstanda etnik azlıqların özünəməxsusluqlarını qoruyub saxlaya bilmələri üçün də işlərin görüldüyünü qeyd edib: “Gürcüstanda təhsil sahəsi müxtəlifliklərin qorunmasını özündə əks etdirir. Azərbaycanlılara gürcü dilinin öyrədilməsi sahəsində də işlər görülür. Dövlət dilini bilmədiklərinə görə, onlar cəmiyyət həyatından təcrid olunmamalıdırlar. Azərbaycanlılar üçün ali məktəblərdə kvotalar vardır. Ali təhsilə qədər azərbaycanlılar gürcü dilindən hazırlıq keçirlər. Həmin hazırlıq dövlət tərəfindən həyata keçirilir. Statistika göstərir ki, bu təşəbbüsümüz uğurlu alınıb və Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlıların sayı artır”.
Yekaterina Txeşeloşvili Gürcüstan dövlətinin azərbaycanlıların ənənələrinin qorunmasında da maraqlı olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə ölkələrimizin strateji tərəfdaşlığının regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib, bölgədə qlobal layihələrin məhz bu tərəfdaşlığın sayəsində həyata keçirildiyini bildirib.
ARDNŞ-in Gürcüstanda ən iri vergiödəyicisi olduğunu vurğulayan Ş.Mehdizadə bu ölkədə ümumilikdə 200-dək Azərbaycan şirkətinin qeydiyyatdan keçdiyini, onlardan 50-nin yerli iqtisadiyyatda özünəməxsus rol oynadığını bildirib. O, səfirliyin dəstəyi ilə Gürcüstanda Azərbaycanlı İş Adamlarının Birliyinin yaradıldığını və onun ölkəyə yeni gələn Azərbaycan şirkətlərinə dəstək verdiyini qeyd edib, müvafiq qurumun Azərbaycanda fəaliyyət göstərən Gürcüstan şirkətləri tərəfindən təsis edilməsinin də əhəmiyyətli olduğunu bildirib.
Diplomat mədəniyyət sahəsində də əməkdaşlığın nəzərəçarpacaq nəticələri olduğunu qeyd edib. O, Azərbaycanın bir neçə teatrının Gürcüstanda tamaşalar qoyduğunu, Gürcüstan və Azərbaycan yazıçı və şairlərinin əsərlərinin hər iki milli dildə nəşr edilməsi sahəsində iş aparıldığını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasının azərbaycanlıları narahat edən məsələ olduğunu söyləyib. O, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin narahatlığının Gürcüstan tərəfinə çatdırıldığını bildirib. G.İsmayılov bu məsələnin, yenidən müzakirə olunacağını və qərar qəbul ediləcəyini, bu sahədəki problemlərin aradan qaldırılacağını vurğulayıb.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb, təhsil sahəsindəki islahatların, gürcü dili kurslarının təşkilinin bu məqsədə çatmaq üçün yaxşı zəmin yaratdığını bildirib. Bununla yanaşı, müəyyən problemlərin də olduğunu qeyd edən F.Həsənov onların aradan qaldırılmasının azərbaycanlıların cəmiyyətə inteqrasiyasını sürətləndirəcəyini söyləyib.
Tədbirdə çıxış edən “Tolerans” qeyri-hökumət təşkilatının sədri Elbrus Məmmədov Gürcüstanın Marneuli və Bolnisi rayonlarında müvafiq olaraq 18 və 38 yaşayış məntəqəsinin tarixi adlarının bərpa olunmasını xüsusi qeyd edib. O, ümidvar olduğunu bildirib ki, Gürcüstan hökuməti Azərbaycan dini və tarixi abidələrinin mühafizəsini öz üzərinə götürəcək və onları Gürcüstanın mədəni irsi kimi tanıyacaq.
çıxışlardan sonra tədbir iştirakçılarının suallar cavablandırılıb, “dəyirmi masa” iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə müraciət, həmçinin, tədbirin yekunlarına dair Bəyanat qəbul edilib.

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30