Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / RZA DİQQƏTİ: QARABAĞ MÖVZUSU YARADICILIĞIMDA XÜSUSİ YER TUTUB

RZA DİQQƏTİ: QARABAĞ MÖVZUSU YARADICILIĞIMDA XÜSUSİ YER TUTUB

24.04.2026 [08:32]

Onun çəkdiyi şəkillər sadəcə görüntü deyil, tarix, ağrı, ümid və həqiqətin səssiz şahididir. Bugünkü  müsahibədə məşhur fotoqraf Rza Diqqəti ilə sənətin, insanın və həyatın ən incə məqamlarına toxunduq.

- Rza bəy, ənənəvi olsa da, ilk olaraq elə bu sualdan başlamaq istəyirəm. Fotoqrafiyaya marağınız necə yarandı və sizi bu sənətə gətirən əsas dönüş nöqtəsi hansı oldu?

- Mən fotoqrafiyaya deyil, ədalətə və gözəlliyə aşiq oldum. Doqquz yaşım olanda Təbrizin küçələrində ayaqyalın uşaqlara baxır, çiçəklərin, ağacların və insanların gözəlliyini izləyirdim. Gördüklərimi dünyaya göstərmək istəyirdim. Sözlərim diqqəti cəlb etmək üçün kifayət deyildi, buna görə də fotoqrafiyanın ən yaxşı vasitə ola biləcəyini düşündüm. Sonra atamın kiçik kamerası bunun sadəcə alət deyil, həqiqətin silahı olduğunu mənə öyrətdi.  Fotoqrafiyaya 12-13 yaşlarımda başladım. Bu sənətə xəyallarımın dalınca getmək üçün yox, gözlərimlə gördüyüm  ədalətsizliyi, yoxsulluğu və əzabı göstərmək üçün başladım.

Bandar-Abbasda balıq satan bir qadın həyatımı dəyişdi. O, qolumdan tutub dedi: “Əgər məni çəkmək istəyirsənsə, əvvəl kim olduğumu öyrən”. Mən onu  dinlədim və bir an belə dayanmadan  çalışdım.

Mən onun hekayəsini nəşr etdiyim məktəb jurnalı - “Pərvaz” üçün yazmağa qərar verdim. Bu, şahın gizli polisi ilə ilk qarşılaşmam idi. Onlar bütün jurnallarımı götürdülər və həmin qadının hakimiyyət ilə mübarizəsini yazdığım üçün məni döydülər. 19 yaşımda Tehranda universitet divarlarına gizlicə fotolar asdım. Buna görə 22 yaşımda həbs olundum, 3 il həbsdə qaldığım müddətdə  5 ay işgəncə gördüm.

Dönüş nöqtəsi isə çəkdiyim yox, gördüyüm bir görüntü oldu. 1978-ci ildə Tehranda etiraz zamanı əsgərlər atəş açarkən, bir tələbənin qaça-qaça foto çəkdiyini gördüm. Onun cəsarəti həyatımı dəyişdi. Ertəsi gün küçəyə çıxdım və o gündən bəri geri dönmədim.

- Siz fotoqrafiyanı sadəcə sənət kimi deyil, həm də “insanlar arasında körpü yaradan dil” kimi xarakterizə edirsiniz. Bu fikri necə izah  edərsiz?

- Danışılan sözlər  bəzən insanları bir-birindən ayırır, amma şəkillərdə heç vaxt bununla rastlaşmırıq. Məsələn, uşağını qucaqlayan  bir ananın şəklini misal gətirək. Bu görüntünü izah etməyə ehtiyac olmur - göz görür, ürək hiss edir.

Kamera güclü vasitədir. İnsanların səsinə səs verir və onların hekayəsini dünyaya çatdırır. Dünyanın müxtəlif yerlərində olmuşam, hər yerdə eyni şeyi görmüşəm: insan kameraya baxanda artıq obyekt deyil, şahidə çevrilir.

Kabil şəhərində yaratdığımız “Aina” media mərkəzi vasitəsilə biz yeni nəsil fotoqraflar, kinorejissorlar və jurnalistlər yetişdirdik. İndi isə “Reza Visual Academy” adlı qeyri-kommersiya təşkilatım vasitəsilə dünyanın müxtəlif yerlərində bu cür imkanlardan məhrum olan uşaqlara və gənclərə fotoqrafiyanı öyrətməyə davam edirəm.

- Sizin üçün yaxşı fotoşəklin əsas xüsusiyyəti nədir - texnika, emosional hekayə, yoxsa doğru anı tutmaq?

- Görüntü sənin ürəyinə toxunursa, hiss edirsənsə deməli, o yaxşı fotodur. Fotoqrafiyada əsas məsələ hissdir, texnika isə sadəcə vasitədir. Müharibələrdə çəkmişəm, yaralanmışam. Orada heç kim texnika haqqında düşünmür. Əsas olan həqiqətdir. Mən müharibə fotoqrafı yox, sülh fotoqrafıyam.

- 40 ildən çox müddətdə dünyanın müxtəlif münaqişə zonalarında çalışmısınız. Bu təcrübə sizin dünyagörüşünüzü necə dəyişdi?

- Bu təcrübə məni nifrət edə bilməyən bir insana çevirdi. Orada anlayırsan ki, “düşmən” yoxdur - sadəcə, insanlar var.

İran inqilabı, İran-İraq müharibəsi, Əfqanıstan, Beyrut, 1990-cı il Bakı hadisələri, Xocalı soyqırımı, Ruanda və Burundidəki soyqırımları, Balkan müharibələri və daha çox hadisələrin şahidi olmuşam. Bütün bunlar məni ümidsiz etmədi. Əksinə, insanlığı daha çox sevməyə vadar etdi.

- Fotoqrafiya vasitəsilə insan talelərini göstərmək sizə emosional olaraq necə təsir edir?

- İnsanların gözləri ruhun pəncərəsidir. Onlar mənə etibar edir, mən bu etibarı doğrultmağa çalışıram. Mənim üçün foto sadəcə şəkil deyil, insanların həyatıdır. Mən sürgün həyatı yaşamışam, ona görə qaçqınları daha yaxşı anlayıram. Çəkdiyim hər foto mənə bir sual verir: “Sən bu etibarı doğrulda bildinmi?”

- “Kamera silahdan daha güclüdür” - bunu hansı hadisə sübut etdi?

- Ruanda, 1996. 800 min insan qətlə yetirilmiş, 2 milyon nəfər qaçqın düşərgələrinə sığınmış, 12 min uşaq ailəsini itirmiş və ya onlardan ayrı düşmüşdü. Biz onların fotoşəkillərini düşərgələrdə nümayiş etdirdik və bunun nəticəsində 3 min 500 uşaq ailəsinə qovuşdu.

- Qarabağ mövzusu yaradıcılığınızda xüsusi yer tutur. İlk dəfə bu bölgəyə gəldiyiniz zaman sizi ən çox təsirləndirən nə olmuşdu?

- Mən həmişə səssizlərin səsi olmuşam. Qarabağ müharibəsi başlayanda və bütün medianın Azərbaycanı aqressor kimi göstərərək erməni qurbanlarından bəhs etdiyini görəndə, baş verənləri öz gözlərimlə görmək üçün bura gəldim. Qarabağda baş verənlərlə bağlı dünya mediasındakı yanlış məlumatlar ağlasığmaz idi. Minlərlə azərbaycanlı - kişilər, qadınlar və uşaqlar qətlə yetirildiyi, yüz minlərlə insan silah gücünə öz evlərindən qovulduğu və əmlaklarının talan edildiyi halda, media tamamilə fərqli bir hekayə təqdim edirdi. Azərbaycan aqressor kimi təqdim olunur, ermənilər isə qurban kimi göstərilirdi. Əsl çətinlik isə həmişə hökumətlərdə, mediada və mədəni institutlarda olan güclü lobbilərlə üz-üzə qalmaqdır; onlar maliyyə və iqtisadi çətinliklər yaradaraq sənin səsini susdurmağa çalışırlar. Fotoşəkillərim, kitablarım, konfranslarım və müsahibələrim vasitəsilə Qarabağın reallıqlarını dünyaya çatdırmağa davam etsəm də, qarşılaşdığım çətinliklər şahid olmağın hansı fədakarlıqlar tələb etdiyini özlüyündə sübut edir.

- Sizcə, süni intellekt və yeni texnologiyalar fotoqrafiya sənətini necə dəyişəcək?

- Texnologiya dəyişir, lakin  insan ürəyi heç vaxt dəyişmir. Vizual sənətin yarandığı dövrdən etibarən yaradıcı insanlar həmişə öz hisslərini və gündəlik həyatlarını Qobustanın mağaralarında, piramidaların freskalarında, İntibah dövrü rəsmlərində və Azərbaycan xalçalarındakı naxışlar da təsvir etməyə çalışıblar. Və son iki yüz il ərzində, işığın köməyi ilə görüntünü əks etdirən optik qurğunun ixtirasından bəri alətlər dəyişsə də, yaradıcılıq və vizual sənət ideyası eyni olaraq qalır. Texnologiya inkişafdadır və yaradıcı insanlara özlərini daha yaxşı şəkildə ifadə etməyə kömək edir. Süni intellekt görüntülər yarada bilər, lakin hissləri ötürə bilməz.

- Sosial media dövründə fotojurnalistikanın rolu zəifləyib, yoxsa daha da güclənib?

- Hər ikisi... Şəkillər çoxalıb, amma insanlar onları hiss etmədən üstündən sürətlə keçirlər.  Buna baxmayaraq, inanıram ki, güclü bir foto dünyanı dəyişmək gücünə malikdir. Peşə dəyişib, lakin fotoqrafiyanın gücü və onun duyğu, düşüncə və hərəkət yaratmaq rolu daha da artıb.

- Sizin üçün ən yaddaqalan fotoşəkil hansıdır və onun arxasında hansı hekayə dayanır?

- Çəkə bilmədiyim foto. Beyrutda dağıntılar arasında oturan bir uşağı gördüm. Onun şəklini çəkmədim - yanında oturdum. O an mənim üçün ən güclü xatirə qaldı.

- Heç olubmu şəkillərinizi götürüb müəllif hüquqlarını pozsunlar?

- Bəli, dəfələrlə... Amma əsas problem oğurluq deyil - kontekstin dəyişdirilməsidir. Bu isə birbaşa  fotodakı insana xəyanətdir.

- Maraqlıdır, fotoqrafiyada istedad vacibdirmi?

- İstedad qeyri-müəyyən bir anlayışdır, əsl istedad zəhmətdir. Ciddilik, sakitlik, empatiya və səbr tarix boyu yaradıcı insanların əsas keyfiyyətləri və yanaşmaları olub. Əsas olan insanlara diqqət, sevgi göstərmək və onları anlamaqdır. Vacib olan istedad deyil, hiss etməkdir.

Söhbətləşdi: Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30