Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tarixi Qardaşlığın Müttəfiqlik Zirvəsi

Tarixi Qardaşlığın Müttəfiqlik Zirvəsi

16.06.2026 [22:28]

2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə Azərbaycan üçün vacib bir gündə – 15 İyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan ən yüksək səviyyəli müttəfiqlik sənədidir.

Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" müdrik kəlamları ilə xarakterizə olunurdu. Bu münasibətlər prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoymuş oldu.

Sənəddə milli mənafelərimiz baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyət hesab edilir.

Şuşa Bəyannaməsində xüsusi önəm daşıyan məsələlərdən biri kimi aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir.

Yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindəki müddəaların yenilənməsi, adıçəkilən müqavilədən fərqli olaraq iki qardaş dövlət arasında belə bir Bəyannamənin imzalanması böyük tarixi nailiyyətdir.Təbii ki, Qars müqaviləsi kimi, Şuşa Bəyannaməsi də Ermənistanın ciddi narahatlığına səbəb oldu. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanın zaman-zaman Qars müqaviləsi ilə bağlı böyük narazılıqları olub. Çünki bu müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyildi.

Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj olmaqla bərabər, Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir. Liderlərin qətiyyətli baxışı sayəsində Şuşa Bəyannaməsi həm də bütövlükdə Türk dünyasının dirçəliş manifestinə çevrilib.

Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul olmuşdur.

Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaratdı. Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq.

Şuşa Bəyannaməsinin daha bir əhəmiyyəti onun ölkəmizin siyasi partiyaları və ictimai birlikləri tərəfindən dəstəklənməsidir. Təsadüfi deyildir ki, Bəyannamə imzalandıqdan sonra ölkədə fəaliyyət göstərən 48 siyasi partiya siyasi həmrəylik nümunəsi göstərərək birgə bəyanatla çıxış etmiş və bu sənədin dəstəklədiklərini bəyan etmişlər.

Şuşa Bəyannəməsinin imzalanmasından ötən beş ilin iki ölkənin münasibətlərində hansı uğurlara yol açdığı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Bu sənəd yalnız bugünün deyil, həm də gələcək onilliklərin inkişaf gündəliyini müəyyənləşdirən mühüm strateji sənəddir. Azərbaycan və Türkiyənin iqtisadi gücünün birləşməsi isə regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın ən mühüm təminatlarından biri olaraq qalır.

Zamir Güvəndiyev,

YAP Şəmkir rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30