Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda "Təcriddən inteqrasiyaya doğru" adlı beynəlxalq konfrans keçirilib

Bakıda "Təcriddən inteqrasiyaya doğru" adlı beynəlxalq konfrans keçirilib

21.09.2011 [15:10]

Mehriban xanım Əliyeva: Biz fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına, onların özlərini ölkənin dəyərli və tamhüquqlu vətəndaşları kimi hiss etmələrinə, həyatın bütün sahələrində maneəsiz istifadə imkanlarına malik olmalarına yardımçı olmalıyıq
Dünən “Buta” sarayında Heydər Əliyev Fondunun, Azərbaycan hökumətinin və YUNİSEF-in birgə layihəsi çərçivəsində “Təcriddən inteqrasiyaya doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Almaniya, Rusiya, Gürcüstan, Qırğızıstan, Türkmənistan və ümumiyyətlə 20 ölkədən nümayəndələr, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi konfransda əlilliyi olan uşaqların inklyuziyasını həyata keçirmək, bu sahədə aparılan islahatlara dəstək vermək və s. məsələlər müzakirə olunub.
Baş nazirin müavini Elçin Əfəndiyev konfransda çıxış edərək bildirib ki, dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edən Azərbaycan ayrı-ayrı ölkələrin onilliklər boyu qazandığı tarixi nailiyyətləri qısa müddətdə əldə edib, əhalinin sosial müdafiəsinin təminatı istiqamətində mühüm uğurlara nail olub. ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit sosial-iqtisadi inkişaf yoluna çıxıb və özünü beynəlxalq hüququn müstəqil subyekti kimi yüksək səviyyədə təsdiq edib.
Qeyd olunub ki, hazırda Azərbaycanda ə
lilliyi olan 419 min 598, o cümlədən məhdud fiziki imkanlı 18 yaşınadək 59 min 207 uşaq var. Bu gün onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahələrində ardıcıl tədbirlər görülür. Bərpa mərkəzlərində hər il əlilliyi olan 8 mindən çox insana xidmət göstərilir. ölkəmizin 2008-ci ilin oktyabrında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasını və Fakultativ Protokolunu ratifikasiya etməsi və onların 2009-cu ildən respublikamızda qüvvəyə minməsi, eləcə də Avropa Şurasının Sosial Birlik Komitəsi ilə fəal əməkdaşlıq əlaqələri qurması bu sahədə müasir beynəlxalq təcrübəni öyrənmək və ondan bəhrələnmək məramını ifadə edir.
Baş nazirin müavini əlilliyi olan istedadlı insanlara yüksək diqqət və qayğının göstərilməsi, onların yaradıcılığının hərtərəfli dəstəklənməsi və mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması sahəsində Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirib.
Sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə qeyd olunub ki, fiziki qüsurlu şəxslərin cəmiyyətdən təcrid olunmasının bir çox səbəbləri vardır. İnsanlarla təmasın məhdudluğu, yaradıcılıq və idmandan, öz bacarıqlarını reallaşdırmaq imkanından, keyfiyyətli təhsil və tibbi xidmətdən məhrum olmaq bu insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdir. Məhdud fiziki imkanlı insanların problemlərinə təkcə tibbi nöqteyi-nəzərdən yanaşmaq kifayət deyildir. Bu gün onların üzləşdiyi problemlər sosial amil kimi qiymətləndirilməlidir. çünki bu insanların sağlamlığı və fiziki inkişafı onların şəxsiyyət kimi formalaşmasını və gələcək ictimai mövqeyini şərtləndirir.
Azərbaycanın birinci xanımı müraciətində vurğulayıb ki, biz fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına, onların özlərini ölkənin dəyərli və tamhüquqlu vətəndaşları kimi hiss etmələrinə, həyatın bütün sahələrində maneəsiz istifadə imkanlarına malik olmalarına yardımçı olmalıyıq.
Mehriban xanım Əliyeva bu baxımdan fiziki qüsurlu şəxslərin müdafiəsi sahəsində problemlərin müzakirəsinə, nailiyyətlərin, fikir və təcrübələrin mübadiləsinə imkan yaradan bugünkü konfransın keçirilməsini təqdirəlayiq hesab edib.
Sonra Heydər Əliyev Fondunun məhdud fiziki imkanlı insanlar ilə bağlı fəaliyyətindən bəhs edən film göstərilib.
Filmdən sonra BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış edərək bildirib ki, fiziki cəhətdən qüsurlu şəxslərin hüquqlarının təmin edilməsində həm Azərbaycan hökuməti, həm də Heydər Əliyev Fondu mühüm işlər görüblər.
YUNİSEF-in rəsmisi bildirib ki, BMT-nin digər qurumları Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə Azərbaycanın bu sahədə gördüyü işləri təhlil edib. Həmin təhlildən sonra formalaşan sənəd gələcək əməkdaşlığımızın əsasını təşkil edə bilər. çünki bu sahədə görüləsi işlər hələ çoxdur. Biz Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə iş aparırıq ki, heç bir uşaq diqqətdən kənarda qalmasın.
Sonra Berlin Filarmonik Orkestrinin dirijoru Ser Simon Ratlın konfrans iştirakçılarına videomüraciəti təqdim olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov konfransda “Əlilliyi olan şəxslərin hüquqları: Azərbaycan hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə səyləri” mövzusunda məruzə ilə çıxış edib.
Nazir bildirib ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində  həyata keçirdiyi siyasəti uğurla davam etdirir. Heydər Əliyev Fondunun dəstəyi ilə isə bir çox internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb, əlil uşaqların bacarıqlarının inkişafı istiqamətində mühüm işlər görülüb.
YUNİSEF-in əlilliyi olan uşaqlar üzrə baş müşaviri xanım Rosanqela Berman Bieller də çıxış edərək vurğulayıb ki, fiziki qüsurlu şəxslərə yardım etmək hər bir vətəndaşın borcudur. YUNİSEF-in rəsmisi Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işləri yüksək qiymətləndirib.
“Azərbaycanda inklyuziv təhsil və deinstitutlaşdırma siyasəti” mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, fiziki qüsurlu şəxslərin keyfiyyətli təhsil almaları üçün bərabər imkanların yaradılması Azərbaycanın təhsil siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda inklyuziv təhsilin təşkili istiqamətində nazirlik tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar Dövlət Proqramının həyata keçirildiyini diqqətə çatdıran nazir vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən məhdud fiziki imkanlı, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili istiqamətində məqsədyönlü işlər görülür.
“Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti: aparılmış ən son tədqiqat çərçivəsində əldə edilmiş əsas məlumatlar və tövsiyələr” mövzusunda çıxış edən YUNİSEF-in əlillik məsələsi üzrə eksperti Şantel Makkabe hər bir cəmiyyətdə məhdud fiziki imkanlı insanlarla münasibətdə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyini vurğulayıb. Ekspert Heydər Əliyev Fondunun əlil uşaqlara olan diqqət və qayğısını yüksək qiymətləndirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda əlilliyi olan uşaqların hüquqlarından danışaraq deyib ki, ölkəmizdə bu sahəyə böyük diqqət yetirilir. Məhz bu sahədə dövlət siyasəti ilə yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var.
Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş  2009-cu il “Uşaq ili” çərçivəsində məhdud fiziki imkanlı uşaqlarla bağlı bir sıra əhəmiyyətli aksiyaların keçirildiyini qeyd edən komitə sədri respublikamızda yeni uşaq inkişafı sistemi və bu sahədə standartların qəbul olunması məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənildiyini vurğulayıb.
H.Hüseynova komitənin bu ilin noyabrında II Uşaq Forumunu  keçirməyi planlaşdırdığını da qeyd edib.
Sonra konfrans müxtəlif mövzular üzrə sessiyalarla öz işini davam etdirib.
İlk sessiyaya sədrlik edən Milli Məclis sədrinin müavini Bahar Muradova əlillik məsələləri ilə bağlı müzakirə mövzularından danışıb. B.Muradova parlamentin bu istiqamətdə beynəlxalq qurumlarla əməkdaşlığının davam etdiriləcəyini bildirib.
“Heydər Əliyev Fondunun məhdud imkanlı insanlar üçün infrastrukturunun inkişafı sahəsində fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən Heydər Əliyev Fondunun eksperti İlqar Mustafayev bildirib ki, Fond yarandığı gündən humanitar layihələri həyata keçirir, mədəni irsimizin təbliği, əlil uşaqlara qayğı göstərilməsi sahəsində mühüm addımlar atır. Bundan əlavə, Fond ölkəmizin bir çox bölgələrində görmə qabiliyyətini itirmiş və zəif görən uşaqların internet resurslarından istifadəsi üçün informasiya mərkəzləri yaradıb.
İ.Mustafayev vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətdə yüksək humanizm prinsiplərinin bərqərar olunmasında müstəsna xidmətləri var. Onun sosial cəhətdən həssas əhali qrupları ilə bağlı həyata keçirdiyi qayğıkeşlik missiyası məhdud fiziki imkanlı uşaqları da əhatə edir.
Konfransda, həmçinin “Əlillik sahəsində çalışan təşkilatların cəmiyyətin əlilliyi olan şəxslər üçün münasib olmasının təmin edilməsi prosesində iştirakı”, “Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik və damğalanma halları insan hüquqlarının pozulması deməkdir”, “İnklyuziv təhsil vasitəsilə inklyuziv cəmiyyət”, “Əlillik hallarının erkən aşkarlanması və profilaktikası: beynəlxalq standartlar və səmərəli təcrübələr”, “Əlilliyi olan gənclərin sosial həyatda iştirakının dəstəklənməsi”, “BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası və onun əqli əlilliyi olan şəxslərə təsiri” və digər mövzularda məruzələr dinlənilib.

Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30