Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu keçirilib

Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu keçirilib

31.10.2011 [18:09]

Əli Həsənov: Gələcəkdə ortaq türk televiziyasının yaradılması və inkişaf etdirilməsi haqqında da fikirləşmək lazımdır. Hətta ortaq türk informasiya angentliyini də yarada bilərik. Türk dövlətlərinin belə televiziya və agentlikləri yaratmaq və maliyyələşdirmək imkanı vardır
Dünən “Kempinski otel - Badamdar” mehmanxanasında Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkdilli Dövlətlərin və Toplumların II Media Forumu keçirilib.
AzərTAc xəbər verir ki, “Qloballaşan dünyada türkdilli media amili: fərqliliklər və ortaq maraqlar” mövzusunda keçirilən Forumda Azərbaycan ilə yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğız Respublikasından, özbəkistandan, Türkmənistandan, Şimali Kiprdən, Rusiya Federasiyasının subyektləri olan Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin yığcam məskunlaşdığı bölgələrdən - İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovodan nümayəndələr iştirak ediblər.
Forumu giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, 200-ə yaxın qonağın iştirak etdiyi bu Forum sayca ikincidir. Bundan əvvəlki forum Türkiyədə keçirilib. I Forumdan sonra görülən işlər barədə ətraflı məlumat verən Ə.Amaşov II Forumda da çox önəmli müzakirələrin aparılacağına əmin olduğunu bildirib. MŞ-nin sədri türk toplumlarının bir araya gəlməsinin tarixən mövcud olduğunu bildirib, növbəti Forumun da əhəmiyyətli olacağına inandığını vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin Foruma təbrik məktubunu oxuyub: “Hörmətli forum iştirakçıları! Sizi Azərbaycanda səmimi salamlayır, Türkdilli ölkələrin və toplumların II media forumunun keçirilməsi münasibəti ilə təbrik edirəm. Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artmış, münasibətlərimizin forma və məzmunu əsaslı şəkildə yenilənmişdir. Müştərək mənafelərin təzahürü olaraq yaranmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Dövlətlərin Parlament Assambleyası, TüRKSOY və digər təşkilatlar çərçivəsindəki birgə fəaliyyət ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı gücləndirməklə yanaşı, dövlətlərimizin beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına da mühüm təsir göstərmişdir.
Xalqlarımız arasında münasibətlərin inkişafında rəsmi qurumlarla yanaşı vətəndaş cəmiyyəti institutlarının, media orqanlarının, elm və mədəniyyət xadimlərinin rolu xüsusi əhəmiyyətə malikdir. İnteqrasiya meyillərinin getdikcə dərinləşdiyi müasir dünyada mətbuatın, informasiya istehsalı və ötürülməsi ilə məşğul olan digər qurumların lokal və dünya miqyasında cərəyan edən proseslərə təsiri durmadan artır. Hesab edirəm ki, türkdilli ölkələrin və toplumların kütləvi informasiya vasitələri dövlətlərimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına, ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə, habelə müasir inkişafın müxtəlif aspektləri barədə dünyada çevik və dolğun məlumatların yayılması işinə böyük töhfələr verə bilərlər. İnanıram ki, qardaş ölkələrin və xalqların nüfuzlu media qurumlarının, jurnalistlərin iştirak etdiyi bugünkü forum əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkan və vasitələrin tapılmasına, türkdilli xalqların vahid informasiya məkanının formalaşmasına və əlaqəli fəaliyyətin səmərəli təşkilinə xidmət edəcəkdir. Forum iştirakçılarını bir daha təbrik edir, toplantının işinə uğurlar arzulayıram”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə iştirak edən türkdilli dövlətlərin və muxtar respublikaların rəhbərlərinin də təbrik məktubları oxunub.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Forumda “Azərbaycanın dövlət siyasəti və media: Türkdilli ölkələr və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər” mövzusunda məruzə ilə çıxış edib. Prezident Administrasiyasının şöbə müdiri forum iştirakçılarının çöhrələrində sevinc hissinin olduğunu bildirib, bu sevincin birlik və qardaşlıq sevincini ifadə etdiyini vurğulayıb. Əli Həsənov türkdilli dövlətlərin və toplumların KİV-ləri arasında əlaqələrin qurulmasında vaxt itkisinə yol verildiyini bildirib. O qeyd edib ki, türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsələr də, media sahəsində əməkdaşlıqda gecikiblər.
Türkdilli ölkələrin birgə media qurumunun yaradılmasının vacibliyini qeyd edən Əli Həsənov bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən torpaqlarının işğalı faktı ilə üzləşib və belə bir problemi o vaxtlar dünyaya lazımınca çatdıra bilməyib.
Ermənilərin qondarma “soyqırımı” iddiası ilə Türkiyəni dünyanın gözündən salmaq istədiklərini bildirən şöbə müdiri türkdilli dövlətlərin və toplumların birgə media qurumunun yaradılmasının əhəmiyyətindən danışıb, bildirib ki, dünyanın informasiya siyasəti məlum dairənin əlində cəmləşib. Ə.Həsənov deyib ki, biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıyıq.
TüRKSOY-un yaradılması tarixindən danışan Ə.Həsənov bu qurumun artıq böyük bir cəmiyyəti öz ətrafında birləşdirdiyini diqqətə çatdırıb. Şöbə müdiri TüRKSOY-da təkcə türkdilli dövlətlərin deyil, artıq türkdilli muxtar qurumların, türkdilli toplumların da iştirak etdiyini söyləyib. Ə.Həsənov deyib ki, neçə illərdir ki, türkdilli xalqlar milli dəyərləri bölüşür: “Bu milli dəyərlər ölkələrimizin ortaq mədəniyyət və incəsənətləri ilə tanışlıqda körpü rolunu oynayır. Bunun nəticəsi olaraq türkdilli gənclər Türk dünyasına məxsus ən ali dəyərlər əsasında tərbiyə edilmişlər”.
Şöbə müdiri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türkdilli ölkələrin Parlament Assambleyasının həyata keçirdiyi genişmiqyaslı tədbirlərin əhəmiyyətini də diqqətə çatdırıb. Ə.Həsənov deyib ki, birgə olsaq biz qüvvətli olacağıq, ayrı-ayrılıqda isə biz dünyanın transmilli informasiya siyasəti qarşısında gücsüz qalarıq: “Gələcəkdə ortaq türk televiziyasının yaradılması və inkişaf etdirilməsi haqqında da fikirləşmək lazımdır. Hətta ortaq türk informasiya angentliyini də yarada bilərik. Türk dövlətlərinin belə televiziya və agentlikləri yaratmaq və maliyyələşdirmək imkanı vardır”.
Bu mövzular ətrafında müzakirələr aparılacağına ümidvar olduğunu bildirən Ə.Həsənov Azərbaycan dövlətinin informasiya siyasətinin şəffaflığı, mətbuat-informasiya azadlığını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Şöbə müdiri dövlətimizin türkdilli ölkələr və toplumlar arasında mətbuat və informasiya sahəsində münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Forum plenar iclaslarında “Türkdilli ölkələrin və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici amil kimi”, “Türkdilli ölkələrdə və toplumlarda sosial media: yeni baxış bucağı birləşdirici amil kimi” mövzularında müzakirələrlə davam edib. Forumda ortaq türk kanalının yaradılması təklifi irəli sürülüb. Bu ideya bütün türkdilli nümayəndələr tərəfindən bəyənilərək dəstəklənib. Sonra növbəti Forumun Qazaxıstanda keçirilməsi təklif olunub.
Kosovodan olan jurnalist Raif Kırkul Forumun əhəmiyyətindən danışıb, Bakıda olmaqdan məmnunluq ifadə edib. O, Kosovo əhalisinin 10 faizini türklər, 80 faizini isə albanların təşkil etdiyini, amma buna baxmayaraq türk dilinin ölkəsində daha geniş yayıldığını diqqətə çatdırıb.
Sonra Forumda bəzi türk xalqlarının milli dilində KİV-lərin olmaması problemlərinə də toxunulub. Müzakirələrdə bu problemi yaşayan türk toplumlarının da gələcəkdə öz doğma dillərində televiziya, qəzet və jurnalların yaradılması üçün müəyyən tədbirlərin həyata keçiriləcəyi bildirilib.
Tədbirin üçüncü panelində isə “Türkdilli ölkə və toplumların media birliyi: birgə əməkdaşlıq və perspektiv addımlar” mövzusu ətrafında müzakirələr olub. Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya və sektor müdiri Bahəddin Akyön Forumun əhəmiyyətindən, türkdilli  dövlət və toplumlarının media birliyinə verəcəyi töhfələrdən danışıblar.
Forumda Türkdilli ölkələrin və Toplumların Media Platforması yaradılıb. Platformaya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Şimali Kipr, özbəkistan və Türkmənistan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan türkdilli toplumlarının media ilə əlaqəli qurumları, jurnalist təşkilatları, televiziya, radio, eləcə də yazılı media nümayəndələri daxildir.
Baş Katibliyi Ankarada yerləşəcək Platforma Türkdilli ölkələrin və Toplumların Media Forumunun mütəmadi olaraq hər il müəyyən edilən ölkədə keçirilməsini təmin etməlidir.
Türkdilli ölkələrin və Toplumların Media Platformasının Əlaqələndirmə Şurası (ƏŞ) sədr, baş katib, ölkə və ya toplumların komitə sədrlərindən formalaşır. Sədr ənənəvi olaraq ƏŞ-nin üzvləri arasından seçilir. Şura ildə bir dəfə toplanaraq gündəmdə olan məsələləri müzakirə edəcək və səs çoxluğu ilə qərarlar çıxaracaq.
Türkdilli ölkələrin və Toplumların Media Platformasının veb-saytının da yaradılması nəzərdə tutulub.
Bundan əlavə, Türkdilli ölkələrin və Toplumların Media Platformasının Azərbaycan Milli Komitəsi də yaradılıb.
Forumun işinə yekun vuran Əli Həsənov Türkdilli ölkələrin və Toplumların Media Platformasının heç kimə qarşı yönəlmədiyini, sadəcə varlığımızın dünyaya təqdim olunmasında bir vasitə olduğunu vurğulayıb. Şöbə müdiri qeyd edib ki, bu, türkdilli dövlətlərin ortaq mədəniyyətinin, incəsənətinin və ənənələrinin paylaşılmasında bir vasitə, əlaqə rolunu oynayacaq.
Bununla da Türkdilli ölkələrin və Toplumların II Media Forumu öz işini başa çatdırıb.
Forumun iştirakçıları bu gün Qubadakı kütləvi məzarlığı ziyarət edəcəklər.
Paylaş:
Baxılıb: 887 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30