Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Pullar danışır” seriyasından

“Pullar danışır” seriyasından

05.09.2023 [10:40]

Ermənipərəst mərkəzlərin “aktivləşdirilməsi”...

Azərbaycanın tarixi uğurları, son dövrlərdə beynəlxalq müstəvidə əldə olunan nailiyyətləri ermənipərəst “xoru” əməlli-başlı narahat etməkdədir. Bu mənada ermənipərəst dairələrə xidmət göstərən, “beynəlxalq status”lar altında gizlənərək çirkin kampaniyaların iştirakçısı olan bəzi “transmilli media şirkətlərinin”, “siyasətçilərin” də iç üzü açılır. Məsələn, BBC və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen kimi.

Onsuz da zaman-zaman anti-Azərbaycan açıqlamaları ilə yadda qalan danimarkalı ermənipərəst siyasətçi 2023-cü il ərzində bu kimi fəaliyyətini daha da intensivləşdirib. Təbii ki, bunun səbəbləri maraq doğurur - Azərbaycan dövləti Rasmussenin “erməni sevgisinin” son dövrlərdə nədən “qabardığını” ifşa edib. BBC-yə gəldikdə isə, onların apardıqları çirkin kampaniya ilk növbədə üstləndikləri “vəzifəyə” və istinad etdikləri “hüquqa” ziddir - BBC-nin addımı beynəlxalq jurnalistikaya açıq -aşkar ləkədir...

Pul qarşılığında dezinformasiya təbliğatı aparılır

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa edib, həmçinin BBC-ni qərəzli olmaqda suçlayıb. Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə paylaşım edib. “Pullar danışır” seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “Dağlıq Qarabağ Res.”in “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib. Biabırçılıq da olsa, ən azından NATO-nun keçmiş baş katibi təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir... Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılar və cinayətkarlar”a bölürlər. Köhnə vərdişlərdən vaz keçmək çətindir!”

Prezidentin köməkçisi bildirib ki, amma narahat edən odur ki, BBC öz Nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur, o cümlədən “Kontekst” proqramında. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır. H.Hacıyev NATO-nun sabiq başçısının hansı mənbələrdən gəlir aldığına dair bəyannaməni də paylaşımına əlavə edib.

Britaniya hökumətinin rəsmi mövqeyinə zidd süjet

“İnformasiya əsri” sayılan XXI əsrdə qlobal güclər, imperialist maraqların xidmətçiləri məhz dezinformasiyalar yaymaqla, yalan və təxribat üzərində qurulmuş “xəbər seti”ni dövriyyəyə buraxmaqla, bu məqsədlərini transmilli media şirkətlər üzərindən həyata keçirməklə müəyyən üstünlüklər qazanmağa çalışırlar. Konkret olaraq hədəflənmiş missiyanın həyata keçirilməsinə uyğunlaşdırılan bu kimi siyasi manipulyasiyalar milli dövlətlərə təzyiq mexanizmi rolunu “oynayır” - yalanın informasiya şəklində yayılmasında və ya həqiqətin gizlədilərək fərqli donda təqdim olunmasında “böyük işlər” görən bu kimi transmillli media qrupları milli dövlətlərdə aparılan siyasətə bu və ya digər şəkildə təsir göstərmək üçün bütün güclərini ortaya qoyurlar. Bu gün dünyanın bir sıra münaqişə ocaqlarına diqqət yetirsək və ya yaxın keçmişimizdə bir sıra ölkələrdə baş verən iğtişaşların yaranma prosesini təhlil etsək, görərik ki, həmin transmilli media qrupları orada xüsusi fəallıqları ilə seçiliblər - təəssüf ki, Azərbaycana münasibətdə də zaman-zaman bu kimi fərqli standartların şahidi oluruq. Bu isə onu göstərir ki, Azərbaycanın ardıcıl qələbələri həqiqətən də ermənipərəstlərin yuxusunu ərşə çəkib. Hətta bu hiss o qədər güclüdür ki, məsələn BBC kimi bir korporasiyanı Britaniya hökumətinin rəsmi mövqeyinə zidd bir süjet yayımlamağa belə “sövq edir”. BBC Yayım Korporasiyasının Azərbaycanın Qarabağ bölgəsindən “hazırladığı” birtərəfli və qərəzli süjeti başqa adlandırmaq mümkün deyil. “Jurnalistlərin” ABŞ-ın erməniəsilli musiqiçi Serj Tankyan və separatçı Artak Beqlaryanla “həmsöhbət” olması bu məsələdəki əsas məqsədin hədəflərini tam olaraq ortaya qoyur. Demək ki, BBC daima münaqişələrin işıqlandırılmasında qərəzsizliyi, fikir plüralizmini və ifadə azadlığı prinsiplərini “bəyan” və təbliğ edir - Azərbaycana gəldikdə bu prinsipləri tamamilə “unudur”. Məsələn, Beqlaryan Azərbaycan ərazisindəki qondarma separatçı rejimin “dövlət nazirinin müşaviri” kimi təqdim edilir - BBC ilk növbədə Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına zidd mövqe nümayiş etdirir.

BBC Azərbaycan əleyhinə təbliğat aparır

Digər tərəfdən, BBC jurnalistikanın ən sadə ıə populyar prinsipini, etikanı “unudur” - Azərbaycanın hər hansı bir bölgəsindən hazırlanan bir süjetdə Azərbaycanın mövqeyi əks olunmur. Axı Qarabağın Azərbaycan ərazisi olduğunu hər kəs, hətta Ermənistan belə etiraf edib. BBC-nin bunu “şübhə altına almaq” həvəsi və ya istəyi haradan qaynaqlanır? Demək ki, məqsəd heç də sadəcə “reportaj” və ya “süjet” hazırlamaq deyil - məqsəd çirkin, məqsədli kampaniyanın növbəti “seriyasını formalaşdırmaqdır. Ortada mühüm aydınlıq var - BBC Azərbaycan əleyhinə təbliğat aparır, separatçı qurumun subyektivliyi mövzusunu süni şəkildə “qabardır”. Bu isə Azərbaycan cəmiyyətində birmənalı şəkildə sözügedən media korporasiyasına qarşı neqativ münasibət formalaşdırır - son günlər həmin media qurumunun əməkdaşlarının akkreditasiyasının ləğvi ilə bağlı sosial şəbəkələrdə səsləndirilən fikirlər buna əsaslanır.

Rasmussen yenidən öz ampluasında

Rasmussenə gəldikdə isə, danimarkalı “siyasətçi” yenidən öz ampluasındadır. Cəmi altı ay öncə - bu ilin martında regiona səfər edən Rasmussen “Proyekt Sindikat” (Project Syndicate) nəşrində məqalə yayımlamışdı və əsl kimliyini bir daha orada açıq şəkildə hər kəsə nümayiş etdirmişdi - O, hələ həmin dövrdə “humanitar böhran” yalanını təşviq etməklə “görəvləndirilmişdi”. O bildirirdi ki, Avropa Birliyi Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında daha böyük “rol oynamalıdır”. Rasmussen bilərəkdən, açıq şəkildə və həyasızcasına yalan danışaraq, guya Laçın yolunda aksiya keçirən azərbaycanlı ekofəalların Qarabağa bütün mülki və ya kommersiya daşımalarına mane olması haqda təbliğat aparırdı - bunun yalan olduğunu isə həm BQXK, həm də rusiyalı sülhməramlılar praktiki şəkildə sübut edirdilər. Bəli, Rasmussenin ağ yalanı konkret maddiyyata əsaslanır - onu danışdıranın “pul” olması artıq faktlarla sübuta yetirilir. Rasmussen bu faktı təkzib belə edə bilmir...

Məsləhətçisi Rasmussen olan bankın Ermənistanla çirkin işbirliyi...

Bu məsələ Rasmussenin həyatında ilkin “hal” deyil. Bu adam addımbaşı ermənilərlə bağlı çirkli işlərin “şəriki” kimi çıxış edir. Məsələn, aparılan araşdırmalara görə, NATO-nun baş katibi postunu tərk etdikdən sonra Rasmussen Goldman Sachs-ın məsləhətçisi postunda çalışır. Bu bank ölkəsinin bank və maliyyəçiləri arasında “The Firm” kimi tanınan maliyyə konqlomeratı (bir neçə şirkətlərin birləşməsi) olan dünyanın ən böyük investisiya banklarından biridir. Qrup ianstitusional müştərilərlə investisiya bankçılığı, qiymətli kağızların ticarəti, investisiyaların idarə edilməsi və digər maliyyə xidmətləri ilə məşğul olur.

Maraqlıdır ki, son illərdə ABŞ-da ticarət gəlirlərinin eniş xətti yaşaması fonunda bu bankın gəlirləri fantastik dərəcədə artıb - hətta Goldman Sachs Group Inc.-in prezidenti John Uoldron 2022-ci ili “xüsusilə güclü gəlirli il” adlandırıb. Bunun səbəbi isə belə izah edili? - Qərb şirkətləri və beynəlxalq investorlar Ukraynanın işğalı və ondan sonra genişmiqyaslı sanksiyalar fonunda Rusiyanı tərk etməyə tələsdikcə, öz rubllarını dollara dəyişməyə can atırdılar. Bu işdə isə Rasmussenin məsləhətçisi olduğu bank onların “işinə” yarayıb. Beləliklə, “çirkli pul” yuyulması prosesi baş verib ki, burada da Ermənistanın adı çəkilir. Bu əməliyyat üçün isə nadir hallarda dollar alqı-satqısı aparan az tanınan mənbələr “tapılıb”. Bu “mənbələr” Rusiyanın “dost” hesab etdiyi ölkələrdə fəaliyyət göstərən “kreditorlar” olmalı idi. Bu işdə ən işəyaralısı isə Ermənistanda fəaliyyət göstərən “Ameriabank” QSC olub. Bu xəbəri yayan mənbələrin fikrincə, “Ameriabank” Rusiya banklarından dolları birbaşa həmin ölkənin yerli məzənnəsi ilə ala biliblər, hətta bəzən xaricdən xeyli aşağı məzənnə ilə...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 715 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31