Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni saxtakarlığı tarixi sübutlarla ifşa edilir

Erməni saxtakarlığı tarixi sübutlarla ifşa edilir

04.11.2011 [14:47]

YAP-ın təşəbbüsü ilə “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabının təqdimat mərasimi keçirilib
Dünən “Azər-İlmə” Xalçaçılıq Qalereyasında Yeni Azərbaycan Partiyasının (YAP), AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun və “Azər-İlmə” MMC-nin birgə təşkilatçılığı ilə “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Məclisin deputatları, nüfuzlu elm xadimləri, ali məktəblərin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək bu mərasimi itirilmiş torpaqlarımızın tarixinin bərpa edilməsi istiqamətində atılan addımlar silsiləsindən, keçirilən çox əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirib. Tarixin təkcə zaman anlayışı deyil, həm də məkan anlayışı olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, tarixin zaman ölçüləri qədər də məkan ölçüləri var.
YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycanın müvəqqəti itirilən torpaqları, həm də müəyyən mənada onun tarixinin müəyyən elementlərinin tərkib hissələrinin itirilməsi effekti yaradır: “Ən azından Azərbaycan tarixinin məkan ölçüləri daralmış olur. Vaxtilə çox geniş məkanda yaradılan tariximiz itirilmiş torpaqlarımızla əlaqədar olaraq daha məhdud məkan çərçivəsinə sıxışdırılmaq təhlükəsi qarşısında qalır. 200 ildən çoxdur ki, Azərbaycan torpaqlarının müəyyən hissəsini itirib. Amma itirilən bu torpaqlar Azərbaycan xalqının yaddaşında yaşayır, milli yaddaşımızın tərkib hissəsi olaraq qalır. Bu mənada itirilməni unutmaq kimi qiymətləndirmirəm. Fikrimcə, nə qədər ki, insanlarımızın yaddaşında bu tarix yaşayır, o qədər də bu tariximizin bərpa olunması haqqı Azərbaycan xalqında qalır və bundan sonra da qalacaq”.
Əli Əhmədov bildirib ki, bu tədbir Azərbaycanın milli yaddaşının tərkib hissəsi kimi özünü ifadə edən mədəniyyətimizin, folklorumuzun xalqımıza bir daha təqdim edilməsi və yaddaşlarda daha da möhkəmləndirilməsi vəzifəsini yerinə yetirir. Onun sözlərinə görə, mədəniyyətimiz, folklorumuz və bunların tərkib hissəsi olan xalçaçılıq Azərbaycan tarixini qoruyan amil kimi çıxış edir. Əli Əhmədov qeyd edib ki, xalçaçılıq böyük mədəniyyət abidəsidir və xalqın ruhunu, düşüncəsini özündə əks etdirir: “Biz nə qədər onları qoruyacağıq, o qədər də tariximizin sahibi olacağıq. Nə qədər tariximizin sahibi olacağıqsa, o qədər də müvəqqəti itirilmiş torpaqlarımızın sahibi olmaq haqqını içimizdə yaşadacağıq. Tarix təkrar olunmağı sevir. Azərbaycan xalqı da tarixin belə dönüşlərinə hazır olmalıdır. Hesab edirəm ki, Azərbaycan mədəniyyətini, folklorunu, xalqımızın tarixi yaddaşını möhkəmləndirən bütün elementləri dəyərləndirməklə, gələcək nəsillərə çatdırmaqla öz tariximizin-taleyimizin sahibi olmaq haqqımızı daha qətiyyətlə ortaya qoymaqla, Azərbaycanın böyük gələcəyini təmin etmək işinə öz töhfələrimizi veririk. Bu gün Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib və indiyə qədər olmadığı dərəcədə öz taleyinin, tarixinin sahibi olmaq gücündədir. Təbii ki, xalq öz tarixini yaratdığı kimi, onu qoruyur və nə zamansa pozulmuş taleyini, tarixini bərpa etmək haqqına sahibdir. Xalqımız itirilmiş Qarabağı, itirilmiş Qərbi Azərbaycanı, orada unudulmağa məhkum edilmiş tariximizi, mədəniyyətimizi, folklorumuzu bu gün yaşadır. Amma sabah isə tarix yenə təkrar olunanda, xalq sözün həqiqi mənasında bütün parametrlərlə onların sahibi olacaq. Bu gün təqdimatına toplaşdığımız “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabı da hesab edirəm ki, bu dərəcədə əhəmiyyətli olan ideoloji, milli məfkurəvi bir amala xidmət edir”.
YAP Sədrinin müavini bu nəşrin hazırlanmasında əməyi olan insanların zəhmətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, əzəmətli bir işin öhdəsindən gələn yaradıcı qrup uzun illər yaşamağa layiq olan abidəni yaradıblar. Bu, Azərbaycan tarixinin və mədəniyyətinin əhəmiyyətli bir hissəsi olan Azərbaycan xalçaçılığının İrəvan qrupunun yenidən tarixləşdirilməsi istiqamətində atılan əhəmiyyətli bir addımdır.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışında bildirib ki, bu mərasim bizi möhtəşəm tariximizə qovuşdurur. Onun sözlərinə görə, möhtəşəm tariximizə qovuşarkən arxamızda güclü dövlətimiz dayanır: “Bizi bu tarixə Ulu öndər Heydər Əliyev özünün uzaqgörən fərmanları, dövləti qərarları ilə qovuşdurdu. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən mötəbər məclislərində, forumlarda və siyasi görüşlərdə Azərbaycan xalqına layiq olan milli cəsarət nümunəsi göstərərək itirilmiş torpaqlarımızın hamısının adını çəkir. Və hər yerdə bildirir ki, Zəngəzur tamamilə azərbaycanlılardan ibarət idi, İrəvan qədim Azərbaycan şəhəridir, Ermənistan Respublikası deyilən dövlət bizim tarixi torpaqlarımızda yaradılıb. Bunları Azərbaycanın dövlət başçısı bütün çıxışlarında bəyan edir və bütün dünya dövlətimizin başçısı tərəfindən deyilmiş bu sözləri eşidir”.
Y.Mahmudov bildirib ki, AMEA-nın Tarix İnstitutunda itirilmiş torpaqlarımızın tarixinə dair fundamental elmi əsərlər yaradılıb. “Biz tariximizə sahib çıxırıq. Biz heç kimdən torpaq istəmirik, amma öz tariximizin, mədəniyyətimizin sahibləriyik. Biz məmləkətimizi hissə-hissə itirmişik və torpağımızın bir hissəsində müstəqil dövlətimiz dirçəlib. Amma bu gün bir daha deyirik ki, bizə qarşı ərazi iddiası irəli sürənlər bu cür çıxışlar etməsinlər. Azərbaycan xalqı itirilmiş torpaqlarını yaxşı tanıyır, o torpaqlarımızdakı mədəniyyətimizi yaxşı bilir, öyrənir. Bu baxımdan, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətində çox mühüm rol oynayan İrəvan xalçaları xalqımızın tarixi keçmişini tanıdan sənət nümunələridir. Bu xalçaların nümunələrini ermənilər öz adlarına çıxarmaq istəyirlər. Nəşr olunan bu kitab isə onlara layiqli cavabdır” - deyən Y.Mahmudov bu işdə “Azər-İlmə” MMC-nin rəhbərliyinin fəaliyyətini yüksək dəyərləndirib.
Millət vəkilinin sözlərinə görə, kitabda toplanan xalçalar, əsasən XVIII-XX əsrləri əhatə edir. Onun sözlərinə görə, 1948-53-cü illərdə deportasiya nəticəsində onminlərlə insan öz torpağından çıxarılıb, başqa ərazilərə köçürülüb: “Qərbi Azərbaycan ərazisində toxunan xalçalar sənətkarlıq xüsusiyyətləri və imkanlarına, toxunma texnologiyasına, rəng-naxış kompozisiya həllinə görə şərti olaraq mahallar üzrə qruplara ayrılıb. Bu sənətkarlıq nümunələri indi də yaşadılır. “Azər-İlmə” MMC-də bu istiqamətdə işlər aparılır”.
“Azər-İlmə” MMC-nin baş direktoru Vidadi Muradov isə Azərbaycanda xalçaçılıq sənətinə dövlət tərəfindən böyük qayğı olduğunu bildirib. O qeyd edib ki, bu sahə ilə bağlı vacib qanunlar qəbul olunub, dövlət rəhbərliyi tərəfindən qərarlar verilib. Onun sözlərinə görə, “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabı konkret faktlar və maddi dəlillər, o cümlədən, xalçaçılıq məmulatı əsasında yazılmaqla Azərbaycanın işğalçı Ermənistana qarşı informasiya müharibəsində çox mühüm hücum aktıdır: “Həqiqətən də, tarixi torpağımız olan Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmsəddin, Aparan, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı kənd, Basarkeçər, Kəvər, Sərdarabad, üçkilsə, Dərələyəz, Vedi, Zəngibasar, Soylan kimi bölgələri olduqca müxtəlif və rəngarəng xalçaları ilə seçilirdi. ümumilikdə, Qərbi Azərbaycanın ərazisində yaşayan azərbaycanlıların zəngin mədəniyyəti, ədəbiyyatı, folkloru qonşu xalqlara təsir göstərdiyi kimi, burada toxunan xalçalardan da yan keçməyib. İrəvan xanlığının həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuq və dulusçuluq bütün Qərbi Azərbaycan boyunca geniş yayılmışdı. Toxuculuq, o cümlədən, xalça, palaz məmulatı istehsalı xüsusilə seçilirdi. Bölgənin tarixi kökləri çox qədimə gedən xalçaları vaxtilə bütün dünyada məşhur olub. “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabında bu bölgəni əhatə edən 102 xalça nümunəsi toplanıb”.
Mərasimdə çıxış edən akademik Bəkir Nəbiyev bildirib ki, son illər AMEA-nın Tarix İnstitutu Azərbaycan tarixi ilə bağlı dəyərli əsərlər nəşr edir. Onun sözlərinə görə, Azərbaycan xalçalarının İrəvan qrupu Azərbaycan mədəniyyətinin tərkib hissəsi olub, onun əsas sənətkarlıq xüsusiyyətlərini özündə əks etdirir: “Tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Qərbi Azərbaycanda yaradılmış xalçaçılıq nümunələri azərbaycanlıların Ermənistandan deportasiyasının başa çatdığı bir şəraitdə, onların məskunlaşdığı Azərbaycan Respublikası ərazisində davam etdirilir. Qərbi azərbaycanlıların tarixi ənənələri, o cümlədən, xalçaçılıq sənətini layiqincə yaşatması onların dədə-baba torpaqlarına qayıtmaq arzusunun bir daha yenilməz təsdiqidir”.
Akademikin fikrincə, “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabı dövlətimizin və dövlətçilik tariximizin, tarixi torpaqlarımızın, itirilmiş yurd yerlərimizin, qədim və zəngin mədəniyyət tariximizin, o cümlədən, xalçaçılıq sənəti tariximizin öyrənilməsi işinə çox mühüm töhfədir. “Kitab saxtakarlıq və oğurluq yolu ilə Azərbaycanın mədəniyyət inciləri hesabına özünə “mədənıyyət” yaratmağa çalışan erməni qəsbkarlarına sarsıdıcı zərbədir. Əsərin mahiyyəti müasir “Ermənistan Respublikası” adlanan ərazinin və orada yaradılmış zəngin tarixi mədəniyyətin gəlmə ermənilərə deyil, Azərbaycan xalqına məxsus olmasının sübut edilməsinə yönəlib. Əsər tarix elmimizə və xalçaçılıq sənəti tariximizə mühüm töhfədir” - deyə B.Nəbiyev vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, professor Həsən Mirzəyev də çıxışında nəşri hazırlayanların böyük zəhmət sərf etdiklərini qeyd edib: “Bu kitab erməni saxtakarlığına tutarlı cavabdır”.
Daha sonra tədbirdə Azərbaycan xalçaçılıq sənəti ilə bağlı film nümayiş etdirilib.
Xatırladaq ki, “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabı AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Əsər “Elm” nəşriyyatında işıq üzü görüb. Nəşrin layihə müəllifi professor Vidadi Muradovdur. Tarix hissəsinin müəllifləri AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru Yaqub Mahmudov və tarix elmləri doktoru Kərim Şükürovdur. Rəyçilər isə akademik Budaq Budaqov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 849 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30