Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Senatın içində və çölündə ...

Senatın içində və çölündə ...

16.09.2023 [11:15]

“Redikül” müxalifətə yer yoxdur, ümid ermənilərin dəstəyinə qalıb...

Ayrı-ayrı ölkələrin və bəzi beynəlxalq təşkilatların erməni təəssübkeşliyi, necə deyərlər, sərhəd tanımır. ABŞ Senatı və Konqresi də bu sırada yer alır. Senatın və Konqresin bir sıra üzvləri Ermənistan hakimiyyəti və Xankəndidə “lövbər” salan separatçılar tərəfindən uydurulan “humanitar böhran” şousuna “məmnuniyyətlə” qoşulublar. İnsan haqlarından, beynəlxalq hüquqdan, ABŞ-ın dəyərlərindən danışan senatorlar və konqresmenlər Azərbaycanı ölkələri üçün önəmli dövlət adlandırsalar da, respublikamızın suveren hüquqlarına hörmətsizlik göstərir, beynəlxalq birlik, o cümlədən də Ermənistanın və ABŞ-ın özü tərəfindən tanınmayan qondarma rejimə dəstək təşəbbüsləri irəli sürürlər. İş o yerə çatıb ki, ermənilərdən artıq ermənilik edən həmin senatorlar və konqresmenlər Laçın dəhlizini bağlı saxladığına və Xankəndinin erməni əhalisini “aclıq təhlükəsi” ilə üz-üzə qoyduğuna görə Azərbaycana hansı yollarlasa təsir göstərməyə də çağırışlar etməyə özlərində cəsarət tapıblar.

Senatda növbəti ermənipərəstlik səhnəsi

ABŞ Senatında Qarabağdakı vəziyyətlə bağlı hələ xeyli müddət bundan əvvəl anons edilən dinləmələrə nəhayət, start verilib. Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrə “Qarabağda böhranın qiymətləndirilməsi” adı verilib.

Gözlənildiyi kimi, dinləmələrin ilk saatlarından  ənənəvi olaraq ermənipərəstliyi ilə tanınan simalar xüsusi canfəşanlıq nümayiş etdiriblər. Komissiya sədri Bob Menendes iddia edib ki, Azərbaycanın davranışlarına görə Qarabağda əhali acından ölür.

Senator Ben Kardin də həmkarından geridə qalmaq istəməyib. Çıxışının əvvəlində ermənipərəstliyini ört-basdır etməyə və balansı qorumaq görüntüsü yaratmağa çalışan Ben Kardin ölkəsinin həm Ermənistan, həm də Azərbaycanla möhkəm strateji münasibətlərə malik olmaq istədiyini ərz edib. Onun qənaətinə görə, Rusiyanın Ermənistanda mövqeyinin zəifləməsi fonunda ABŞ-ın buna nail olmasına imkan yaranıb. Bunun ardınca Ben Kardin “mübahisəli ərazilər”lə bağlı problemlərin həllində ölkəsinin əsas tutduğu dəyərləri xatırladıb və bildirib ki, ABŞ “humanitar kömək” məqsədilə dəhlizin (Laçın yolu nəzərdə tutulur- red.) açılması üçün qətiyyətli fəaliyyət ortaya qoymalıdır. “Biz ilk növbədə nə istədiyimizi aydınlaşdırmalıyıq. Azərbaycan bizim üçün vacib ölkədir, ancaq biz dəyərlərimizi əsas tutmalıyıq”, - deyə senator vurğulayıb.

Senatorlar Bob Menendesin, Ben Kardinin və digərlərinin səsləndirdikləri absurd fikirləriin qaynağı bəllidir. Bu qəbildən olan tezislər senatorlara davamlı şəkildə erməni lobbisindən ötürülür. ABŞ-da bəzi senatorların və konqresmenlərin maddi maraqlar müqabilində güclü erməni lobbisinin danışan dilinə çevrildikləri heç kəsə sirr deyil. Ümumiyyətlə, bir sıra ölkələrdə lobbiçilik fəaliyyətinin ödənişli əsaslarla həyata keçirildiyi barədə xəbərlər yeni deyil. Bəhs olunan senatorların timsalında da bunu aydın şəkildə sezmək mümkündür. Senatorlar görəsən hansı “blokadadan”, “humanitar böhrandan” danışırlar? Azərbaycanın Laçın-Xankəndi yolunun üzərində nəzarət-buraxılış məntəqəsi qurması onun suveren hüququdur. Senatorlara sual edirik: Məgər ABŞ-ın sərhədlərini özbaşına keçmək mümkündürmü? Dövlətlərarası sərhədlərdə nəzarət prosedurlarının həyata keçirilməsi beynəlxalq hüquq normaları ilə təsbit olunub. Azərbaycan da məhz bunu edir. Bəs, Senatın təmsilçiləri bizə nəyi irad tuturlar və niyə? Onları beynəlxalq hüquqa tüpürməyə vadar edən hansı amillərdir, görəsən? Senatorların məntiqindən (əslində, məntiqsizliyindən) o qənaət hasil olur ki, beynəlxalq hüquq bir palazdır, onu gah bu, gah da digər üzünə çevirmək mümkündür. Xatırladırıq ki, Azərbaycan Laçın-Xankəndi yolunu heç vaxt bağlı saxlamayıb. Yol bu gün də açıqdır. Oradan təqdim olunan foto və video materiallar əyani şəkildə təsdiqləyir ki, ermənilərin nəzarət-buraxılış məntəqəsindən keçidləri tam sivil qaydada təmin olunur. O başqa məsələ ki, Azərbaycan bu yolla Ermənistandan silah-sursat , qaçaqmal və bu qəbildən olan yüklərin daşınmasının qarşısını almaqda qərarlıdır.

Eyni zamanda, Azərbaycan humanist yanaşma ortaya qoyaraq Ağdam-Xankəndi yolunu təklif edir. Yüklərin bu marşrutla Xankəndiyə çatdırılması daha sərfəlidir. Ancaq siyasi manipulyasiyaya əl atan separatçı rejim bu yoldan imtina edir. Avqustun son günlərindən etibarən Azərbaycanın Xankəndinin erməni sakinlərinin ehtiyacları üçün göndərdiyi təxminən 40 ton un Ağdam-Xankəndi yolunda dayanıb. Ancaq yolu bağlayan separatçılar ərzağın ünvana çatdırılmasına imkan vermirlər. Əgər Xankəndidə “humanitar böhran” varsa, onda Azərbaycanın göndərdiyi ərzaqdan niyə imtina olunur? Başqa bir sual: Senatorlar nə üçün dinləmələrdəki çıxışlarında bu məqamın üstündən sükutla keçiblər? Axı onlar da bilməmiş deyillər ki, ac insanlar üçün un əvəzolunmaz qida məhsuludur.

Qubad İbadoğlu üçün qaldırılan Ermənistan bayrağı

Senatın içində və çölündə baş verənlər arasında bir bağlılıq var. Bu günlərdə Vaşinqtonda Senatın önündə Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğluna dəstək aksiyası keçirilib. Nə qədər təəccüblü olsa da, aksiyada Ermənistan bayrağı da qaldırılıb.

Hə, bu dəfə Qubad İbadoğlunun dəstəkçisi qismində ermənilər çıxış ediblər. Görəsən, onlarda Azərbaycandakı “redikül müxalifət”in təmsilçisinə belə rəğbət haradandır? Aydındır ki, burada da səhnə erməni lobbisinin suflyorluğu ilə idarə olunur. İlk baxışda görünən odur ki, ermənilər azərbaycanlı müxalifətçinin müdafiəsinə qalxıblar, əslində isə mahiyyət etibarı ilə ABŞ cəmiyyətinə saxta erməni ideologiyasının təbliğatı aparılır. Azərbaycan cəmiyyətində  “redikül müxalifət” qəbul olunmur. Belə olan halda ümid qalır yad qüvvələrə, o cümədən də ermənilərə. İlk növbədə ona görə ki, bu kəsim də fəaliyyət istiqamətlərini ABŞ senatorlarının  da bağlı olduqları dairələrdən aldıqları tezislər əsasında müəyyənləşdirirlər. Təbii ki, senatorlar kimi “redikül müxalifət”in təmsilçilərinə də ermənipərəst dairələrdən gələn qrantlar əsas təkanverici qüvvə qismində çıxış edir...

MÜBARİZ ABDULLAYEV

Paylaş:
Baxılıb: 362 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31