Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2011-ci il - dövlətçilik tariximizin qürurverici səhifələrindən biri

2011-ci il - dövlətçilik tariximizin qürurverici səhifələrindən biri

27.01.2012 [01:31]

Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi ölkəmizin bütün sahələr üzrə əldə etdiyi uğurların məntiqi nəticəsidir
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Geridə qoyduğumuz 2011-ci il Azərbaycanın daxili və xarici siyasətdə, sosial-iqtisadi, hərbi sferalarda böyük uğurları ilə yadda qaldı. Bildiyimiz kimi, ötən il Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd etdi və əminliklə deyə bilərik ki, müstəqillik tariximizdə zirvəyə doğru gedən yolda 2011-ci il xüsusi bir mərhələ, əlamətdar dövr hesab oluna bilər. çünki bu dövrdə Azərbaycan dövlətçiliyi, suverenliyi daha da möhkəmləndi, ölkənin sosial, iqtisadi əsasları, respublikamızın dünya dövlətləri içərisində layiqli mövqeyi xeyli gücləndirildi. ölkənin nailiyyətləri yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da vurğulanıb. Dövlət başçısı iclasdakı çıxışında ötən ildə ölkə qarşısında duran bütün sosial, iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib: “Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Yəni, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir”.
Bu dövrdə iqtisadiyyatın özəl sektoru 9,4 faiz artıb, inflyasiya birrəqəmli həddə qalıb, əhalinin pul gəlirlərində isə 19,6 faiz artım qeydə alınıb. Daxili inkişafla yanaşı, ölkənin xarici siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrində də irəliləyiş əldə olunub. Azərbaycan beynəlxalq münasibətlərin fəal aktoru kimi ikitərəfli və çoxtərəfli qaydada çoxşaxəli xarici əməkdaşlığı davam etdirib və daha da genişləndirib. Dünyaya fəal inteqrasiya xəttini əsas tutan Azərbaycan tez bir zamanda BMT, ATƏT, Avropa ittifaqı, İƏT kimi bir çox beynəlxalq qurumlarla çoxşaxəli əlaqələr yaradıb. Bu əlaqələrdən yararlanan ölkə rəhbərliyi demokratik hüquqi dövlət quruculuğu prosesində qabaqcıl dünya təcrübəsindən geniş istifadə edir. Tam əminliklə, söyləmək olar ki, bu gün Azərbaycan qanunvericiliyi ən ali insani dəyərləri və insan haqlarının hər bir sahədə müdafiəsini nəzərdə tutmaqla, dünya səviyyəsində nümunəvi hesab oluna bilər.
Qanunvericiliyin təkmilləşdirilməsinə paralel olaraq, ölkədə qanunların tətbiqinin yüksək səviyyədə təmin olunması istiqamətində də işlər aparılır. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycanda vətəndaşların hüquq bərabərliyi təmin olunub, irqindən, cinsindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş özünün tamhüquqlu olduğunu hiss edir. üstəlik, neqativ hallara, sui-istifadə cəhdlərinə qarşı yönələn mübarizə tədbirlərinin gücləndirilməsinin və sərtləşdirilməsinin də qanunun aliliyinin təmin olunmasında xüsusi rolu var.
Təbii olaraq, Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir, bu isə ölkəmizə olan etimadın daha da artmasına səbəb olur. ümumilikdə, respublikamızın daxili və xarici siyasətdəki uğurları ölkənin beynəlxalq nüfuzuna öz təsirini göstərir. Azərbaycan dünyada sürətlə inkişaf edən, müstəqil siyasət yeridən, etibarlı tərəfdaşlıq üçün münasib ölkə kimi tanınır. Bütün bunların nəticəsi olaraq, 2011-ci ildə Azərbaycan illərlə apardığı məqsədyönlü fəaliyyət nəticəsində qazandığı beynəlxalq nüfuzun olduqca önəmli praktiki səmərəsinə nail oldu. Belə ki, BMT-də keçirilən səsvermə nəticəsində 193 ölkədən 155-nin səsini qazanan Azərbaycan digər iddialı ölkələr olan Macarıstan və Sloveniya ilə rəqabətdən qalib ayrılaraq 2012-2013-cü illərdə Şərqi Avropa regionunu Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil etmək hüququnu qazandı. Dünya siyasi münasibətlərində kifayət qədər nüfuza malik, güclü rəqiblərilə mübarizədən ölkəmizin mütləq səs çoxluğu ilə qalib ayrılması ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun mükəmməlliyinin və onun uğurlu icrasının nəticəsidir. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyevin də söylədiyi kimi, 155 ölkənin səsini qazanmaq o deməkdir ki, Azərbaycan 20 il ərzində dünya xəritəsində nəinki özünə layiqli yer tuta bilib, eyni zamanda, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını əldə edə bilib: “155 ölkənin etimadını, inamını qazanmaq çox çətin və eyni zamanda, məsuliyyətli işdir. Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımız, bax, bu vəziyyətə gətirib çıxarmışdır”.
Qeyd etdiyimiz kimi, Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi heç də təsadüfi xarakter daşımır. çünki cəmi 20 illik müstəqilliyə malik gənc bir dövlət olmasına baxmayaraq, Azərbaycan bu müddət ərzində çox böyük inkişaf yolu keçib. BMT TŞ-yə üzv seçilməsi üçün qeyd olunan cəhətlərlə yanaşı, dövlətin beynəlxalq sülh və təhlükəsizliyə, insan hüquqlarının müdafiəsinə verdiyi töhfələr də nəzərə alınır. Azərbaycan isə Cənubi Qafqaz regionunda və bütün dünyada sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Dünyanın müxtəlif regionlarında keçirilən antiterror əməliyyatlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iştirak edən Azərbaycan bu sahədə öz mövqeyini əməli şəkildə ortaya qoyub. Azərbaycan sülh və təhlükəsizliyə tərəfdar olan bir ölkə kimi işğalçılıq siyasətinə, dinc və günahsız insanların öldürülməsinə, yurdundan qovulmasına qarşıdır. Bu baxımdan, ölkəmiz haqlı olaraq ərazi bütövlüyünün, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulan hüquqlarının bərpa edilməsi uğrunda yorulmaz fəaliyyət aparır. Azərbaycanın illərdir bu sahədə həyata keçirdiyi diplomatik tədbirlər və informasiya təbliğatı artıq öz nəticələrini verməkdədir. Beynəlxalq ictimaiyyət indi Ermənistanın işğalçı siyasətinə daha yaxşı bələddir, eləcə də, aparılan məqsədyönlü iş nəticəsində müxtəlif ölkələrin siyasi və ictimai dairələri bu ölkənin təcavüzkar əməlləri barədə daha ətraflı məlumatlandırılıb. Sözsüz ki, bu faktor beynəlxalq rəyin ölkəmizin xeyrinə dəyişməsinə təsir göstərir.
ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi deyilənləri təsdiqləyir. Sülh və əmin-amanlığın bərqərar edilməsində maraqlı olduğunu hər zaman nümayiş etdirən ölkəmizin TŞ-də qeyri-daimi üzv kimi fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verə bilər. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin qurumda müzakirəyə çıxarılması və TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində fəaliyyət göstərəcəyi də şübhəsizdir. Ermənistan rəhbərliyi və ictimaiyyəti bu durumdan çox ciddi təşviş və narahatlıq duyur. Danışıqlar prosesində dalana dirənən, deməyə sözü qalmayan Ermənistan Azərbaycanın TŞ-yə üzv olması ilə tam diplomatik məğlubiyyətə uğradığını anlayır.
Deyilənləri yekunlaşdırsaq, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. Minsk qrupu həmsədrlərinin irəli sürdüyü və sülh müqaviləsinin hazırlanmasında baza prinsipləri rolunu oynaya biləcək yenilənmiş Madrid təklifinin rəsmi Yerevanın təcavüzkar siyasəti ilə bir araya sığmaması işğalçı rejimi çıxılmaz vəziyyətdə qoyub. İşğalçı ölkə rəhbərliyi anlamalıdır ki, Azərbaycan öz mövqeyində qətidir və bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcək. Bu baxımdan, Azərbaycanın TŞ-yə üzvlüyü işğalçı ölkənin durumunu çətinləşdirməklə bərabər, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq.
Azərbaycanın müstəqillik tarixində əlamətdar hadisə olan BMT Təhlükəsizlik Şurasına üzvlüyün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu hadisəni ölkə diplomatiyasının uğuru adlandırıb. Onun sözlərinə görə, bu nailiyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dünya dövlətləri tərəfindən müdafiə olunması deməkdir: “BMT Baş Məclisində səsvermə zamanı 155 ölkənin Azərbaycanı dəstəkləməsi, 20 ölkənin bitərəf qalması, bütövlükdə isə bu məsələdə 193 ölkədən 175-nin Azərbaycanla həmrəy olması, əleyhimizə isə çox az dövlətin səs verməsi ölkənin beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü kimi, iki il müddətində qurumda fəaliyyət göstərəcək, şuraya hər biri 30 gün olmaqla 2 dəfə sədrlik edəcək. Bu, BMT məkanında ölkəmizin nüfuzunu yüksəltməklə bərabər, üçüncü dünya ölkələri ilə Azərbaycanın əlaqələrini daha da sıxlaşdıracaq. TŞ-yə üzvlük ölkəmizin dünyanın aparıcı dövlətləri ilə münasibətlərinə də təsir göstərəcək”.
M.Qurbanlı onu da bildirib ki, quruma üzvlük Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, işğalçı Ermənistanın BMT məkanında təcavüzkar dövlət kimi ifşasına, bu yöndə işğalçı ölkəyə qarşı BMT tribunasından səmərəli istifadəyə önəmli imkan yaradacaq: “Azərbaycan diplomatları üçün ölkəmizin BMT TŞ-yə üzvlüyü dövrü daha geniş miqyasda və yüksək səviyyədə fəaliyyət göstərmək imkanıdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan TŞ-yə qeyri-daimi üzvlüyü dövründə beynəlxalq münasibətlərdə ədaləti müdafiə edəcək, ölkəmizə səs vermiş dövlətlərin etimadını doğruldacaq, beynəlxalq hüquqi normalardan, prinsiplərdən çıxış edərək əmin-amanlığın əldə olunması istiqamətində fəaliyyət göstərəcək. Hesab edirəm ki, 2011-ci ildə qazandığımız bu uğur 2012-2013-cü illərdə ölkəmizin TŞ-yə üzvlüyü dövründə daha yüksək səviyyəyə qalxmaqla, Azərbaycanın BMT-nin digər strukturlarında da fəaliyyətini canlandıracaq, gələcəkdə BMT-nin idarə olunmasında iştirakına müsbət təsir göstərəcək”.
Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu isə qeyd edib ki, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT TŞ-də təmsil edəcək qeyri-daimi üzv seçilməsi ölkəmizin xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi dəyərləndirilməlidir: “Bu, eyni zamanda, Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində milli maraqlar əsasında aktiv təmsilçiliyinə verilən qiymətin göstəricisidir. Digər tərəfdən, ölkəmizin beynəlxalq hüquq normalarına və milli dövlətlərin maraqlarına hörmətlə yanaşması məlum nəticənin əldə olunmasını şərtləndirən növbəti faktorlar qismində çıxış edib”.
Politoloq onu da bildirib ki, BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin olunması işində özünəməxsus rol oynayır və Azərbaycanın bu quruma üzv seçilməsi bu baxımdan təsadüfi deyil: “Məlum olduğu kimi, Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunması işinə mühüm, fundamental töhfələr bəxş edir. Xüsusilə də, ölkəmiz regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparıcı rol oynayır. Məhz elə buna görə də, beynəlxalq münasibətlər sisteminin müstəqil aktorları qismində çıxış edən milli dövlətlər Azərbaycanı regional və beynəlxalq təhlükəsizliyin təmin olunması işində etibarlı strateji tərəfdaş kimi qəbul edirlər. Məlum səsvermənin nəticələri də bunu növbəti dəfə təsdiq etdi. O baxımdan qeyd etmək olar ki, BMT TŞ-nin üzvü kimi fəaliyyət göstərəcəyi zaman kəsiyində Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunması işinə xüsusi töhfələr bəxş edəcək”.
Onun sözlərinə görə, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi çox mühüm siyasi və hüquqi dividendlər gətirəcək: “İlk növbədə, ölkəmiz özünün hüquqi statusundan və səlahiyyətlərindən istifadə edərək müəyyən məsələləri beynəlxalq tribunada gündəmə gətirə biləcək. O cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi istiqamətində əhəmiyyətli təşəbbüslər olacaq. Digər tərəfdən, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması işində yaxından iştirak edən ölkə kimi öz əməkdaşlıq dairəsini daha da genişləndirəcək. Bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirəcək”.
Millət vəkili, professor Musa Qasımlı da Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsini ölkə diplomatiyasının böyük uğuru hesab edir. Onun sözlərinə görə, Bu fakt Azərbaycanın Prezident İlham Əliyev tərəfindən aparılan xarici siyasətinin mükəmməlliyindən xəbər verir. Bununla yanaşı, Azərbaycanın BMT TŞ-nın üzvlüyünə seçilməsi, onun beynəlxalq arenada artan nüfuzunun göstəricisidir.
Azərbaycanın cəmi 20 ildir dövlət müstəqilliyi əldə etməsinə baxmayaraq, BMT TŞ-da bütün Şərqi Avropanı təmsil etməsini millət vəkili mühüm hadisə adlandırıb: “Şübhəsiz, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması rəsmi Bakının beynəlxalq arenada mövqeyinin daha da güclənməsinə xidmət edəcək. Bu status, ölkə qarşısında yeni imkanlar açır, lakin eyni zamanda, onun məsuliyyətini artırır. Azərbaycan öz yeni statusuna məsuliyyətlə yanaşmaqla Şərqi Avropa ölkələrində olan problemlərin həlli işində ciddi addımlar ata bilər”.
Onun fikrincə, BMT TŞ-yə üzvlük Azərbaycanın haqq səsini dünyaya çatdırması baxımından da önəmlidir: “Təbii ki, Azərbaycan özünün BMT TŞ-də üzvlüyü zamanı ölkənin problemləri ilə əlaqədar məsələlərin bu beynəlxalq təşkilatda qaldırılmasında maraqlı olacaq. Fikrimcə, bu cür əlavə imkanlar əldə edən Azərbaycan diplomatiyası BMT TŞ tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı sayca beşinci qətnamənin qəbul edilməsinə nail ola bilər. Bu qətnamədə işğalın davam etdirilməsi, Ermənistanın aqressiv hərəkətləri, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması problemi, eləcə də, işğal edilmiş ərazilərdəki vəziyyət, o cümlədən, yanğınların törədilməsi, məcburi yerləşdirmə, tarixi yerlərin, şəhər və kəndlərin adlarının dəyişdirilməsi, torpaqlarımızdakı təbii ehtiyatların talan edilməsi ilə bağlı faktlar əks oluna bilər”.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 825 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30