Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müxalifətin bolşeviksayağı təbliğatının iç üzü...

Müxalifətin bolşeviksayağı təbliğatının iç üzü...

02.05.2012 [00:12]

Azərbaycan təmsilçilərinin 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi və Avropanın ən populyar musiqi yarışmasının ölkəmizdə keçirilməsi hazırda dünya ictimaiyyətinin ən çox diqqətlə izlədiyi və müzakirə etdiyi mövzulardandır. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan, böyük bir coğrafiyanın inkişafında müstəsna rol oynayan ölkəmizin bu uğuru iqtisadi-siyasi nailiyyətlərimizin dünya tərəfindən izlənilməsinə yol açıb. Sevindirici haldır ki, “Eurovision-2012” mahnı müsabiqəsi eyni zamanda, Azərbaycan üçün Avropa cəmiyyətində daha yaxından tanınmaq, əldə etdiyimiz uğurları əyani şəkildə nümayiş etdirmək imkanı qazandırıb.
Amma təəssüf ki, xalqımızın, dövlətimizin bu cür mötəbər bir uğura imza atmasına, xalqımızın mədəni müstəvidə əldə etdiyi bu nailiyyətə kölgə salmağa, ona fərqli don geyindirməyə, ən əsası isə, siyasi sifarişlər əsasında Azərbaycan dövlətinin və millətinin maraqlarını tapdamağa çalışan bəzi qüvvələr, konkret olaraq, Azərbaycanın radikal müxalifəti “Eurovision” ərəfəsində ölkəmizin mənafeyinə qarşı əsl düşmən münasibəti sərgiləyirlər. Belə ki, ayrı-ayrı ermənipərəst və anti-Azərbaycan dairələrin xidmətçiliyini həyata keçirən, dünya erməniliyinin təbliğatına kor-koranə alət olan bu cür antimilli qüvvələr öz fəaliyyətlərini şər-böhtan üzərində qurmaqla yanaşı, birbaşa dövlət və millət marağına qarşı olduqlarını ortaya qoyurlar.
Radikal düşərgənin və
ermənilərin anti-“Eurovision” kampaniyasındakı paralellər
İlk olaraq bir məqama toxunmaq istərdik ki, bir sıra mənalarda istər “Eurovision”a qarşı, istərsə də Azərbaycan dövlətinə və millətinə qarşı aparılan kampaniya həm xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatlarının, həm də elə Ermənistanın anti-Azərbaycan fəaliyyəti ilə paralel şəkildə gedir. Bir müddət öncə, qəzetimizin də yazdığı kimi anti-”Eurovision” kampaniyasında ermənilər Azərbaycanın radikal müxalifəti ilə paralel işləyirlər. Maraqlıdır ki, “Eurovision” musiqi yarışmasının ölkəmizdə baş tutması, gənclərimizin bu uğuru hər bir Azərbaycan vətəndaşını sevindirsə də, dünya erməniliyinə xidmət göstərən xarici dairələrlə yanaşı, Azərbaycanın radikal müxalifətini də qəmə-qüssəyə bürüdü. Məhz həmin dövrdən bəri, radikal müxalifətin bütün fəaliyyəti anti-“Eurovision” konturları üzərində cızılmağa başladı. Hətta ölkəmizin nailiyyətlərini həzm edə bilməyən bir sıra xarici dairələrin səsinə səs verərək bu musiqi yarışmasını açıq boykota çağıran müxalifət rəhbərləri (Müsavat Partiyasının rəhbəri İsa Qəmbərin timsalında) nə dövlət, nə də xalq marağı düşünürlər. Digər tərəfdən, həmin İsa Qəmbərin ermənistanlı dostu, müttəfiqi Aram Manukyanla eyni zindana çəkic vurması onların eyni məqsədə xidmət göstərməsinin təsdiqidir.
Radikal müxalifət iqtidara deyil xalqa və dövlətə  qarşı müxalifətçilik edir
Yəni, radikal düşərgənin məhz Azərbaycana qarşı olan qüvvələrin planı əsasında addımlar atması, dövlət və millət maraqlarını zərbə altına qoyması onların gerçək niyyətini meydana çıxarır. Bu isə Azərbaycanın radikal müxalifətinin hakimiyyətə qarşı deyil, dövlətə, dövlətçiliyə, xalqa qarşı müxalifətdə olmasına dair deyilənləri bir daha təsdiq edir. Azərbaycan təmsilçilərinin uğuruna sevinməyən, ölkəmizin mötəbər beynəlxalq bir yarışa ev sahibliyi etməsi ilə barışmayan, bu tədbirin baş tutmaması üçün əlindən “gələni” əsirgəməyən radikal müxalifət bu istiqamətdə hər kəslə, hətta əli xalqımızın qanına batmış faşist ermənilərlə belə müttəfiq ola biləcəklərini açıq şəkildə göstərir. Elə bu gün anti-Azərbaycan dairələrlə baş-başa verərək eyni dəyirmana su tökmələri də onların xalqın, dövlətin yanında deyil, xalqa dövlətə qarşı olanların yanında yer almalarından xəbər verir. Göründüyü kimi, radikal müxalifət erməni lobbisi kimi “Eurovision”dan Azərbaycana qarşı yararlanmaq niyyətini ortaya qoyub. Lakin ermənilərdən fərqli olaraq, İ.Qəmbər, Ə.Kərimli kimiləri niyyətlərini heç gizlətmirlər də.
Radikal müxalifət Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı rol alıb...
ölkəmizdə siyasi sabitliyin pozulmasına, insanlar arasında çaşqınlıq yaratmağa çalışan radikal düşərgə “Eurovision” şousu yaratmaqla, beynəlxalq təzyiq qruplarının, həmçinin, dünya erməniliyinin təbliğatını aparan, anti-Azərbaycan kampaniyalarının tərkib hissəsinə çevrilir, onların vasitəçisi olur. Maraqlıdır ki, düşərgə təmsilçiləri beynəlxalq təşkilatların nümayəndələri və ya xarici ölkələrin təmsilçiləri ilə görüşlərində məhz Azərbaycan dövlətinə, dövlətçiliyinə, o cümlədən, hakimiyyətə qarşı fikirlərlə kifayətlənirlər. Yəni, onlar öz fikirlərini yalnız və yalnız Azərbaycan hakimiyyətinə qarşı hər şeyin qara rəngdə olduğunu söyləməklə bildirirlər. Görəsən, hər addımda ölkəmizdəki demokratiyanı, söz azadlığını, sərbəst toplaşmaq azadlığını, ən əsası isə “Eurovision” yarışmasını hədəfə alan radikal müxalifət həmin beynəlxalq aləm təmsilçilərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalıda ermənilərin törətdikləri vəhşiliklər, 20 ildən artıq bir müddətdə ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxlaması, Ermənistan dövlətinin beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri yerinə yetirməməsi və ən əsası beynəlxalq hüquqa qarşı etinasızlıq nümayiş etdirməsi haqda niyə şikayət etmirlər? Bəlkə, radikal düşərgənin Dağlıq Qarabağ adlı bir problemi yoxdur və ya düşərgəyə sifariş yalnız bir istiqamətdə danışmaq üçün verilir. Bu isə onu təsdiq edir ki, radikal düşərgə təmsilçiləri bir milyondan artıq qaçqın və məcburi köçkünün probleminin həllində maraqlı deyillər. Onların “marağı” yalnız Azərbaycanın mənafeyinə kölgə salınması ilə məhdudlaşdırılıb.
Radikal müxalifət xarici səfirlərlə görüşdə niyə Xocalı soyqırımından, Qarabağdan danışmır?!
2012-ci il Xocalı soyqırımının, Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümüdür və Azərbaycan hakimiyyəti bu istiqamətdə böyük təbliğat kampaniyası aparır. Dünyanın əksər ölkələrində bu istiqamətdə tədbirlər keçirilir, dünya ictimaiyyəti bu faciələr haqqında həqiqətlərlə yaxından tanış edilir. Bəs, radikal düşərgə nə üçün xarici ölkələrin səfirləri ilə görüşlərində bu barədə bir cümlə belə işlətmir? Onların fəaliyyəti xarici ölkələrə, beynəlxalq təşkilatlara Azərbaycan haqqında donoslar yazmaqla bitir. Əli Kərimli və İsa Qəmbər xarici mətbuata ağ yalandan ibarət müsahibələr verir, “İctimai Palata” adlanan qondarma qurum xarici istinadlara söykənən “etiraz aksiyaları” təşkil edir, hətta müsabiqəyə üç həftə qalmış qanunsuz aksiyalar təşkil etmək niyyətini ortaya qoyurlar. Radikal düşərgə təmsilçiləri ölkəmizə gələn xarici jurnalistlərə Dağlıq Qarabağ, erməni təcavüzü, şəhidlərimiz haqqında danışmaq əvəzinə, var qüvvələrini dövlətlə mübarizəyə yönəldirlər. Bütün bunlar isə bir daha göstərir ki, Əli Kərimlinin hakimiyyəti ittiham etməsi artıq qərəz yox, dövlətə qarşı düşmənçilikdir.
Düşərgə təmsilçilərinin məqsədi Azərbaycanın beynəlxalq imicinə kölgə salmaqdır...
Bəllidir ki, Azərbaycan dövləti hər zaman apardığı balanslaşdırılmış xarici siyasət kursu çərçivəsində bütün dövlətlərlə (işğalçı Ermənistan istisna olmaqla), beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib. Bu gün regionun ümumi iqtisadiyyatının böyük bir hissəsinə malik olan Azərbaycan da xarici ölkələr üçün ən yaxşı tərəfdaş, investisiya yatırılması yönündə ən yaxşı dövlət sayılır. Bu mənada ölkəmizin bütün dövlətlərlə münasibətləri bərabərhüquqlu və milli maraqlarımız çərçivəsindədir. Maraqlıdır ki, radikal müxalifət bütün vasitələrlə guya ölkəmizin bəzi dövlətlər ilə münasibətlərinin pozulduğunu nümayiş etdirməyə çalışır. Təbii ki, bu mənada da fiaskoya uğrayan düşərgə təmsilçiləri düşünmürlər ki, onların qazdıqları quyu öz ölçülərindədir.
Əslində isə onların apardığı kampaniya hakimiyyətə deyil, birbaşa Azərbaycan dövlətinə qarşı yönəlib. Qeyd olunduğu kimi, müxalifət ciddi cəhdlə Azərbaycanın müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini korlamağa çalışır. Məsələn, Almaniyanın bəzi rəsmi şəxslərinin, siyasi dairələrinin, KİV-lərinin Azərbaycana qarşı apardıqları kampaniyanın əleyhinə Azərbaycan KİV-lərinin cavabı, yaxud da Azərbaycanın ittiham olunduğu neqativ halların həmin ölkədə qabarıq şəkildə özünü büruzə verdiyi barədə materiallar, informasiyalar radikal düşərgə tərəfindən bütövlükdə Almaniya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi kimi qələmə verilir. Bu, müxalifətə iki əsas məsələyə görə lazımdır. Birincisi, onlar bununla ölkəmizin uğurlu xarici siyasət kursuna kölgə salmağa çalışırlar. Digər tərəfdən, xarici dövlətləri və beynəlxalq təşkilatları bu yolla guya Azərbaycana qarşı qaldırmaq istəyirlər. Halbuki, Azərbaycan bütün ölkələrlə, o cümələdən, Almaniya ilə bərabərhüquqlu, səmərəli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Sadəcə, radikal düşərgə Azərbaycanın dövlət imicinə kölgə salmaq üçün hər zaman dünya erməniliyinin təbliği ilə məşğul olan anti-Azərbaycançı dairələrlə işbirliyinə gedir, onların vasitəçisinə çevrilir. Bu isə son nəticədə yenə də düşərgənin uğursuzluqlarıyla müşayiət olunur...
Radikal düşərgə növbəti dəfə Qərbin anti-Azərbaycançı dairələrindən asılı olduğunu və onların sifarişlərini yerinə yetirdiyini etiraf etdi
ötən ay iki dəfə etiraz aksiyası keçirməyə çalışan radikal müxalifət hər iki halda böyük uğursuzluqla üzləşdi. Vətəndaşlarımızın bu aksiyalara etinasız münasibəti, orada iştirak etməməsi isə radikal düşərgənin “gücünü”, “elektoratını” bir daha meydana çıxarmış oldu. Digər tərəfdən, hər iki aksiya şousunda xarici dildə yazılmış şüarlardan istifadə olunması müxalifətin bu tamaşasının arxasında fərqli niyyətlərin dayandığını söyləməyə əsas verdi.
Bir neçə gün öncə isə radikal düşərgə təmsilçiləri növbəti dəfə xalqa, dövlətə istinad etmədiyini, istinadgah olaraq yalnız xarici dairələrə xidmət etdiklərini özləri təsdiq etdilər. Belə ki, mayın 6-da kütləvi aksiya keçirmək üçün beynəlxalq təşkilatlardan birinin Bakı ofisinə müraciət edəcəklərini söyləyən radikal düşərgə təmsilçiləri bununla bir daha xarici dairələrə ümid bəslədiklərini göstərirlər. Bundan başqa, bu cür nüanslar radikal müxalifətin anti-Azərbaycan, anti-“Eurovision” kampaniyalarının arxasında məhz Azərbaycana qarşı mövqe tutmuş bir sıra beynəlxalq qüvvələrin dayandığını deməyə əsas yaradır.
Bir sözlə, radikal düşərgə heç bir zaman real siyasi fəaliyyətə malik olmayan, yalnız fərqli dairələrin əmrlərini qeyd-şərtsiz yerinə yetirməklə “oyuncaq müxalifət” funksiyasını daşıdığını nümayiş etdirib. Bu gün Azərbaycanda güclü müxalifətin olması hər şeydən öncə hakimiyyətin özünün marağındadır. “Siyasi partiyalar haqqında” Qanuna edilən əlavə və dəyişikliklər də məhz bu inkişafın stimullaşdırılması istiqamətində atılan real addımlardandır. Qeyd olunmalıdır ki, bu gün Azərbaycan hakimiyyəti ölkədə milli maraqları qoruyan müxalif təşkilatların inkişafını dəstəkləyir, buna çalışır. çünki bu cür təkamül ölkəmizin ümumi inkişafına mühüm töhfə verir. Bu gün milli maraqları qoruyan müxalifət təşkilatları Milli Məclisdə təmsil olunur, ölkənin inkişafında rol oynayır. Radikal müxalifət isə xarici pulların əsiri formatında özünü tarixin qara səhifəsinə çevirməkdədir...
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 866 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30