Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni namizəd...

Yeni namizəd...

14.03.2024 [11:08]

Yohannis özünü NATO-nun Baş katibi vəzifəsinə hazır hesab edir

Nardar BAYRAMLI

Dünyanın aparıcı hərbi ittifaqı sayılan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi  Yens Stoltenberqin səlahiyyət müddəti bu ilin sentyabrında başa çatacaq. 2014-cü il oktyabrın 1-dən Alyansa rəhbərlik edən Stolenberq Norveç nümayəndəsi kimi iki seçki dönəmində - 8 il quruma rəhbərlik edib. Xatırladaq ki, baş katib Şimali Atlantika Müqaviləsi Təşkilatının  ən yüksəkvəzifəli şəxsi sayılır və təşkilatın işinin əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Qurumda baş katib postunu ənənəvi olaraq avropalılar daşıyır. Bu strukturlaşma ABŞ-ın NATO-dakı təsirini balanslaşdırmağa hesablanıb. Belə ki, Alyansda ən yüksək hərbi vəzifə sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması da xahiş oluna bilər.

Stoltenberqin də səlahiyyət müddəti iki dəfə uzadılıb. 2022-ci ildə müddəti başa çatdıqda Ukrayna böhranı ilə əlaqədar daha bir il vəzifəsini icra edib. Ötən ilin avqustunda müttəfiqlər onun vəzifədə qalma müddətini daha bir il - 2024-cü ilin ok?yabrına qədər uzatmaq qərarına gəlmişdilər. “Mənim üçün şərəfdir ki, NATO üzrə müttəfiqlər səlahiyyət müddətimi 1 oktyabr 2024-cü ilə qədər uzatmaq qərarı veriblər”, - deyə Stoltenberq o zaman bildirmişdi.

Xatırladaq ki, daha əvvəl alyansın başçısı postuna namizədlərdən Danimarkanın baş naziri Mette Frederediksen, Böyük Britaniyanın müdafiə naziri Ben Uelles və İspaniyanın baş naziri Pedro Sançes alyansa üzv olan 31 ölkənin tam dəstəyini qazana bilməmişdilər. Ötən il Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin də NATO-nun baş katibi vəzifəsinə namizəd olacağı barədə məlumatlar yayılmışdı. Lakin bu il  fevralın 19-da xanım Lyayen Avropa Komissiyasının sədri vəzifəsi üçün ikinci müddətə namizədliyini elan edib. Uzun müddət Angela Merkelin də rəhbərlik etdiyi Xristian Demokratlar İttifaqının üzvü olan 65 yaşlı Ursula Fon der Lyayen Berlində toplaşan siyasi qrupu qarşısında bu bəyanatla çıxış edib. İyunun 6-dan 9-dək keçiriləcək seçkilər Avropa İttifaqının əsas təsisatlarının, o cümlədən Avropa Komissiyasının rəhbərini müəyyənləşdirəcək.

Alyansın rəhbəri vəzifəsinə iddialı namizədlərdən biri də Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consondur. Hələ 2022-ci ilin avqustunda Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti yazmışdı ki,  NATO-nun hazırkı başçısı Yens Stoltenberq vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın Baş naziri postundan istefa verən Boris Conson alyansın növbəti baş katibi ola bilər. Qəzet qeyd edib ki, Consondan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, eləcə də Birləşmiş Krallığın keçmiş baş nazirləri Tereza Mey və Devid Kemeron bu vəzifə üçün proqnozlaşdırılırdı. ABŞ Avropa İttifaqının yeni ordusunun yaradılması barədə planlarını bəyan edən avropalı siyasətçilərə etimadsızlıq göstərir. Bu səbəbdən NATO-nun Baş katibi postuna çoxdandır ki, Britaniya nümayəndəsi təklif olunur. “Boris Consonun NATO-nun Baş katibi postuna namizədliyini irəli sürməsini müdafiə üzrə komitənin üzvləri Riçard Draks və Mark Fransua, eləcə də Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə keçmiş nazir Devid Cons dəstəkləyir”, - deyə məlumatda qeyd olunmuşdu.

Boris Consonun özü isə bu posta namizəd olacağını ötən ilin fevralında bəyan edib. O, NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürməsini belə açıqlayıb: “Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”. Amma Yens Stoltenberqin səlahiyyət müddətinin uzadılması səbəbindən ötən il alyansa yeni rəhbər seçilmədi. Bununla belə, Consonun namizədliyi öz qüvvəsində qalır.

Bugünlərdə isə Rumıniya Prezidenti Klaus Yohannis NATO-nun Baş katibi vəzifəsinə namizəd olacağını bəyan edib. Dövlət başçısı brifinqdə bildirib ki, Rumıniya Prezidenti kimi iki mandat zamanı əldə etdiyi təcrübəni nəzərə alaraq Alyansın, həm də Avropanın üzləşdiyi problemləri dərindən dərk edərək bu qərarı qəbul edib.

Qeyd edək ki, Klaus Yohannis 1959-cu ildə Rumıniyanın Sibiu şəhərində dünyaya gəlib. 1979-cu ildə Yohannis Babeşa-Boyai Universitetinin fizika fakültəsinə daxil olub. 1983-cü ildə universiteti bitirdikdən sonra Sibiuda müxtəlif məktəb və kolleclərdə fizika müəllimi işləyib. 1989-cu ildən 1997-ci ilə qədər Samel fon Brukentalya adına gimnaziyada və Rumıniyada alman dilli məktəbdə çalışıb. 1997-ci ildən 1999-cu ilə qədər Sibiu Judentsa əsas məktəbinin inspektor müavini vəzifəsini daşıyıb. 1999-cu ildə Judentsa məktəbinin baş inspektoru olub. 2000-ci ildə Sibiu şəhərinin meri seçilib. 2004, 2008 və 2012-ci illərdə Rumıniyanın Demokratik Forumundan namizədliyi irəli sürülməklə yenidən mer seçilib. 28 iyun 2014-cü il tarixindən Milli-Liberal Partiyanın sədridir, 2014-cü ildə prezident seçkilərində ACL seçki blokundan prezidentliyi irəli sürülüb. 16 noyabr 2014-cü ildə prezident seçkilərinin ikinci turunda 51 faiz səs toplayaraq Rumıniyanın dövlət başçısı seçilib. O ikinci müddətə də Rumıniyanın Prezidenti vəzifəsinə seçilib.  Klaus Yohannisin dini inancı protestantdır. Rumıniyada Evanqeliçiskiy kilsəsinin üzvüdür.

Beləliklə, artıq NATO-nun Baş katibi vəzifəsinə namizədlərin sayı artır. Yeni rəhbəri isə müttəfiqlər bu ilin payızında seçəcəklər. 

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31