Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir

Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir

17.07.2012 [00:12]

Prezident İlham Əliyev: Doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar-milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr
Son illər həyata keçirilən islahatlar əldə edilən uğurlar eyni zamanda, ölkəmizə nüfuzlu beynəlxalq tədbirlərə layiqli şəkildə ev sahibliyi etmək imkanı da qazandırıb. Bu sırada may ayında keçirilən “Eurovision-2012” mahnı müsabiqəsini xüsusilə vurğulamaq yerinə düşər. Məlum olduğu kimi, ölkəmiz bu yarışmaya cəmi doqquz ay ərzində hazırlaşdı ki, bunu da dünya miqyasında rekord göstərici kimi qəbul etmək olar. Göstərilən müddət ərzində “Crystal Hall” kimi möhtəşəm idman-konsert sarayının tikilməsi və müsabiqənin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradılması ölkəmizin müsabiqəyə ən yüksək səviyyədə ev sahibliyi etmək istəyindən xəbər verirdi.
Beləliklə, çəkilən zəhmətlər hədər getmədi. Nəticədə isə Bakıda keçirilən müsabiqə öz möhtəşəmliyinə görə, “Eurovision”un tarixinə qızıl hərflərlə yazıldı desək, yanılmarıq. çünki yarış iştirakçıları və bu müsabiqəni izləmək üçün ölkəmizə gələn əcnəbi turistlər təşkilati məsələləri yüksək qiymətləndirdilər. Xarici qonaqların da qeyd etdikləri kimi, Bakıda təşkil edilən “Eurovision-2012” mahnı müsabiqəsi uzun illər yaddaşlardan silinməyəcək.
Lakin təəssüflər olsun ki, dövlətimizin uğurlarından narahat olan, əldə etdiyimiz nailiyyətlərə kölgə salmağa çalışan və eyni zamanda, əllərinə düşən hər bir imkandan istifadə edərək Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirən bəzi qərəzli xarici dairələr, anti-Azərbaycan qüvvələr və onların daxildəki əlaltıları bu məsələdə də ölkəmizə təzyiqlər göstərməyə cəhd etdilər. Daha doğrusu, məhz həmin ərəfədə bəzi qərəzli xarici dairələr tərəfindən Azərbaycanda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsini boykota çağıran fikirlərin səsləndirilməsi onların əsl niyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydu. Məlum oldu ki, bu qərəzli xarici dairələr, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq üçün bu dəfə də “Eurovision” yarışmasını siyasiləşdirməyə cəhd göstərir, bundan Azərbaycana qarşı şantaj vasitəsi kimi istifadə etməyə çalışırlar.
Halbuki, bütün dünyaya, o cümlədən, həmin qərəzli qüvvələrə yaxşı bəlli idi ki, “Eurovision” siyasi hadisə deyil, hər bir xalqın, hər bir dövlətin həyatında mühüm rol oynayan bir mədəniyyət hadisəsidir. Bunu bilə-bilə, həmin məsələni siyasiləşdirməyə cəhd göstərmək (indiyə kimi bu müsabiqənin keçirildiyi digər ölkələrdə xarici, yaxud da daxili qüvvələr məsələni siyasiləşdirməyə cəhd göstərməmişdilər-red.), bir mədəniyyət hadisəsini sanki iqtidar məsələsi kimi təqdim etmək isə ifrat qərəzçilikdən, daha dəqiq desək, düşmənçilikdən başqa bir şey deyildi.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev də bu məsələyə xüsusi olaraq toxunub. Dövlət başçısı deyib ki, bu vaxta qədər bu müsabiqə sadəcə olaraq mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi olmamışdı və ola da bilməz. Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə bunu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və deyə bilərəm ki, Azərbaycana qarşı böyük və çirkin kampaniya başlamışdı.
Dövlət başçısının da vurğuladığı kimi, burada anti-Azərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə getmişdir. İlk növbədə, bu məsələdə canfəşanlıq edən erməni lobbisi idi. Kimsəyə sirr deyil ki, onlar ölkəmizə zərbə vurmaq üçün gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar və bütün maliyyə-siyasi qüvvələrini səfərbər edirlər. Təmsilçilərimizin Düsseldorfdakı qələbəsindən dərhal sonra ölkəmizə qarşı başlanan qaralama kampaniyasının da mərkəzində ermənilərin, erməni lobbisinin durduğu zaman-zaman bütün çılpaqlığı ilə üzə çıxdı. Yəni, “Eurovision” mahnı müsabiqəsi də bir daha sübut etdi ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir.
Heç şübhəsiz erməni lobbisinə bu məsələdə cani-dildən dəstək verən xaricdəki bəzi dairələr, bəzi qurumlar da öz fəaliyyətlərini açıq şəkildə sərgilədilər. Yuxarıda da vurğuladığımız kimi, məhz həmin ərəfədə bəzi qərəzli xarici dairələr tərəfindən Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsini boykota çağıran fikirlərin səsləndirilməsi anti-Azərbaycan dairələrinin əsl niyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydu. Əslində, erməni lobbisinin və onların xaricdəki havadarlarının ölkəmizə qarşı sərgilədikləri bu cür mövqe hardasa başadüşüləndir. O mənada ki, ermənilər bizim düşmənlərimizdir. Yəni, əgər bu günə qədər torpaqlarımızın 20 faizi erməni işğalı altındadırsa, əgər Xocalı, Bağanıs-Ayrım, Ağdaban və s. faciələrinin günahkarı ermənilərdirsə, o zaman onların bir adı var-düşmən. Heç şübhəsiz, bu mənada bəzi ermənipərəst xarici dairələrin anti-Azərbaycan mövqeyi də başadüşüləndir. çünki Azərbaycanın inkişafından, qüdrətli ölkə olmasından narahatlıq keçirən bu tip qərəzli xarici dairələr inkişafımıza mane olmaq üçün erməni lobbisinə dəstək verməyə, yaxud da bu lobbidən öz çirkin maraqları naminə bir təsir vasitəsi kimi istifadə etməyə çalışırlar.
Lakin təəssüflə qeyd etmək yerinə düşər ki, bu istiqamətdəki fəaliyyətdə daxildəki bəzi dairələr də aktiv rol aldılar. Azərbaycana qarşı kampaniya aparan üçüncü qüvvələrin əlində alətə çevrilən bu dairələrin, o cümlədən, radikal düşərgənin, həmçinin, AXCP və Müsavat Partiyasının cəm olduğu İctimai Palatanın bəhs edilən məsələ ilə bağlı sərgilədiyi fəaliyyət isə xalqımız tərəfindən birmənalı olaraq qəzəblə qarşılandı. Prezident İlham Əliyevin vurğuladığı kimi, həmin üçüncü qüvvələr sadəcə olaraq Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Onları qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran, hər yerdə problem, nümayişlər, polis ilə əhalinin toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi hal almışdır, - ancaq burada sakitlik, rahatlıq, inkişaf və xoş ovqat hökm sürür.
Dövlət başçısı, deyib ki, inkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər anti-Azərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır: “Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni, xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək-bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi”.
Beləliklə, nə qədər acı olsa da, bu, bir həqiqətdir ki, Azərbaycanda özünü müxalifət hesab edən bəzi qüvvələr, xüsusilə də radikal düşərgənin təmsilçiləri əldə edilən uğurlarımıza qarşı qısqanclıqla yanaşır, hər şeyi qara rəngdə görürlər. Bu məqam “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bir daha özünü büruzə verdi. Yəni, dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Daha dəqiq desək, antimilli duyğularla yaşayan bu qüvvələrin ölkəmizdə bir yenilik görəndə üzülmələri, bir inkişaf görəndə yasa batmaları, ölkəyə gələn xaricilərə uğurlarımız haqqında danışmaqdansa, qarayaxma kampaniyasının önündə getmələri, həmçinin, müsabiqə ərəfəsində şəhərin mərkəzində qanunsuz piket, yaxud mitinq keçirmək kimi təxribata əl ataraq xarici mətbuatın diqqətini cəlb etməyə yönəlmiş cəhdləri onların gerçək kimliklərini ortaya qoydu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “doğrudan da, öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar-milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr”.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 852 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30