Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dənizkənarı Milli park Avropanın ən uzun və ən yaraşıqlı bulvarına çevrilir

Dənizkənarı Milli park Avropanın ən uzun və ən yaraşıqlı bulvarına çevrilir

21.12.2013 [09:18]

Nazim Məcidov: 2015-ci ilədək Bakı bulvarının uzunluğu 15 klometrə çatacaq
2015-ci ilin iyun ayında Azərbaycan paytaxtı daha bir mötəbər beynəlxalq yarışa-tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Bu yarışlarda köhnə qitənin 49 ölkəsindən 10 mindən artıq idmançının iştirak edəcəyi ehtimal olunur. Yarışlar paytaxtın müxtəlif istiqamətlərində yerləşən idman qurğularında, o cümlədən, Dənizkənarı Milli parkın ərazisində yerləşən “Bakı Kristal Holl” və Bakı İdman Sarayında keçiriləcək. Bu yarışları izləmək üçün ölkəmizə onminlərlə idmansevər və turistin gələcəyi gözlənir. Heç şübhə yoxdur ki, idmançılar, eləcə də şəhərimizin qonaqları öz asudə vaxtlarının bir hissəsini məhz burada-paytaxt sakinlərinin ən sevimli istirahət məkanı olan, gündən-günə gözəlləşən dənizkənarı bulvarda keçirəcəklər. Xatırladaq ki, bir qədər əvvəl Prezident İlham Əliyev Bakı şəhərində Dənizkənarı Milli parkda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən bu məqsədlə, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə (DBİ) 10 milyon manat ayrılıb. DBİ-nin rəis müavini Nazim Məcidovla söhbətimiz də elə həmin Sərəncamın icrası ilə bağlı idi.
Nazim Məcidov öncə onu deyib ki, paytaxt sakinləri və şəhərimizin qonaqlarının ən sevimli istirahət məkanı olan Dənizkənarı Milli parkda abadlıq və yenidənqurma işlərinin aparılması daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Belə ki, ötən il paytaxtımızda keçirilən Avropanın ən nüfuzlu musiqi yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi də Bakı İdman Sarayından “Bakı Kristal Holl”adək olan ərazidə abadlıq-quruculuq işlərinin sürətləndirilməsi məqsədilə, dövlət başçısı tərəfindən 5 milyon manat ayrılıb və müsabiqə başlayanadək bütün abadlıq işləri yüksək səviyyədə icra olunub. Mahnı yarışmasını izləmək üçün ölkəmizə gələn qonaqlar Bakı bulvarındakı səliqə-səhmana, yüksək zövqlə icra olunmuş tikinti-abadlıq işlərinə heyran qalıblar. Müsahibim deyir ki, bu dəfə də belə olacaq-Avropa Olimpiya Oyunlarını seyr etmək üçün ölkəmizə gələn qonaqlar şəhərimizin, o cümlədən, Bakı bulvarının gözəlliyinə valeh olacaqlar, Avropanın ən uzun və ən yaraşıqlı bulvarında gəzməkdən, burada istirahət etməkdən xüsusi zövq alacaqlar.
Qeyd edək ki, hazırda Bakı bulvarının uzunluğu 6,5 km təşkil edir və o uzunluğuna görə yalnız Fransada, Sena çayının sahilində salınmış 10 km-dən artıq bulvardan bir qədər geri qalır. Lakin tezliklə, bu “nöqsan” da aradan qalxacaq. Belə ki, dövlət başçısının imzaladığı məlum Sərəncamın icrası nəticəsində Dənizkənarı Milli park Bakı Beynəlxalq Dəniz Limanından Nobel prospekti boyunca, yaxın illərdə inşasına başlanılacaq “Ağ şəhər” yaşayış kompleksinin qarşısınadək daha 3,5 km uzanacaq. Layihənin icrası zamanı bulvarda yeni növ ağac, bəzək bitkiləri və kolları, gül-çiçəklər əkilməsi nəzərdə tutulur. Burada hər şey- gəzinti zolağına döşənəcək tamet plitələrdən tutmuş, oturacaqlar, işıq dirəkləri, hətta zibil qutuları belə bulvarın digər hissəsindəkindən fərqlənəcək-daha yaraşıqlı və müasir üslubda olacaq. Həmçinin, sanitar qovşaqlar, bulvara xidmət göstərən işçilər üçün istirahət otaqları və s. bu kimi tikililərin yerin altına köçürülməsi nəzərdə tutulur. Bundan əlavə, yeni bulvarda velosiped idmanı ilə məşğul olanlar da yaddan çıxarılmayacaq. Burada bulvarın əvvəlki hissəsindəkindən daha geniş və 3 km uzunluqda yürüş zolağının salınması planlaşdırılır. Bulvarın genişləndirilməsi ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Limanı da öz funksiyasını dəyişəcək. Belə ki, Limanın inzibatı binası yerində saxlanılaraq, digər məqsədlər üçün istifadə olunması nəzərdə tutulur. Liman və ətrafdakı infrastruktur isə paytaxtın kənar ərazisinə köçürüləcək. N.Məcidovun sözlərinə görə, köçürülmə işlərinə artıq başlanılıb və işlərin böyük hissəsi demək olar ki, görülüb. Limanın inzibati binasının yanında isə, yaxın illərdə paytaxtımıza yaraşıq verəcək yeni bir mehmanxananın inşasına başlanılacaq. Bakı Biznes Mərkəzində olduğu kimi, burada da, mehmanxananın qarşısından gəzinti zonası saxlanılacaq, arxa tərəfdə isə avtomobillər Neftçilər prospekti boyunca, əvvəlki kimi, öz hərəkətlərini davam etdirəcəklər.
Layihənin icrasını daim diqqət mərkəzində saxladığı üçün təmsil etdiyi dövlət qurumu adından Prezident İlham Əliyevə minnətdarlıq edən müsahibim, dövlət başçısının artıq 2 dəfə yeni salınacaq bulvar ərazisində olduğunu, öz dəyərli tövsiyə və tapşırıqlarını verdiyini bildirdi. Həmin tapşırıqların yüksək səviyyədə həyata keçirildiyini vurğulayan N.Məcidovun sözlərinə görə, layihənin davamı olaraq isə, qarşıdakı illərdə Dənizkənarı Milli parkın Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində daha 5 km genişləndirilməsi planlaşdırılır. Və beləliklə, 15 kilometrdən artıq olacaq dənizkənarı bulvar uzunluğuna görə, Avropada birinci olacaq. Bu, yaxın 2 ilin proqnozudur. Nazim Məcidov qeyd edir ki, elə bu günün özündə belə Bakı bulvarındakı səliqə-səhman və yüksək zövqlə icra olunmuş quruculuq-abadlıq işləri ilə də öyünmək olar. Belə ki, bir neçə gündən sonra, Yeni il ərəfəsində bulvarın yeni ərazisində quraşdırılmış 60 m diametri olan karusel istismara veriləcək. Köhnə bulvar ərazisindəki karuseldən 3 dəfə böyük olan bu qurğu hündürlüyünə görə Avropada ilk beşlikdə yer alır. Karuseldə qapalı 8 nəfərlik kabinələrdə eyni anda 240 nəfər əylənmək imkanı əldə edəcək. Biletlərə gəlincə isə, müsahibim deyir ki, onlar çox da baha olmayacaq və hər bir paytaxt sakini üçün əlçatan olacaq. Bundan əlavə, paytaxt sakinləri və şəhərimizin qonaqlarının istirahətinin daha yaddaqalan və mənalı keçirilməsi məqsədilə, DBİ tərəfindən 600 sərnişin tutumu olan yeni bir gəzinti gəmisi alınıb. Sayca üçüncü olan və “Mirvari” adlanan gəmi qapalı kabinələr və açıq meydanca-göyərtədən ibarətdir. Gəmi Yeni il ərəfəsində istismara buraxılacaq və “Park Bulvar”ın yanındakı estakadadan hərəkətə başlayaraq, bir saat boyunca sərnişinləri Bakı buxtasında gəzdirəcək. Müsahibim deyir ki, DBİ qarşıdan gələn Yeni il tətilində paytaxt sakinlərinin istirahətini mənalı təşkil etmək üçün artıq hazırlıq işlərinə start verib. Bu il bulvarda, əvvəlki illərdən daha artıq sayda-15 yerdə hündür, al-əlvan küknar ağacları quraşdırılacaq. Müxtəlif əyləncəli yarışlar, konsert proqramları təşkil olunacaq. Bir sözlə, paytaxt sakinləri, eləcə də, şəhərimizin qonaqları 2014-cü ili xoş əhval-ruhiyyədə qarşılayacaqlar.
Və nəhayət, əminliklə söyləmək olar ki, qarşıdakı illərdə nəzərdə tutulan layihələrin uğurla icrası Bakı bulvarının şöhrətini daha uzaq ellərə aparacaq, Azərbaycanımızın uğurları dostlarımıza ürək rahatlığı gətirəcək, belə uğurlarımızı gözü götürməyənlər isə, növbəti dəfə məyusluqla köks ötürmüş olacaqlar.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 1478 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30