Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 1990-cı ilin qanlı şənbə günü yaddaşlara əbədi həkk olunub

1990-cı ilin qanlı şənbə günü yaddaşlara əbədi həkk olunub

17.01.2014 [10:21]

Və ya 20 yanvar faciəsinin şahidləri həmin gecəni necə xatırlayırlar?
Məlum olduğu kimi 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ittifaq rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da vəziyyətin gərginləşməsinə yol açdı. Həmin vaxt Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc azərbaycanlı əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında respublikada keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək “ermənilərin və rusların talanını” təşkil etdi. Beləliklə, kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.
Bu məqamda onu da xatırlatmaq yerinə düşər ki, SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı hazırlanan bu qanlı plan barədə məlumatı son ana qədər gizli saxlamağa çalışdı. Məsələn, yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.
Belə ki, yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. Yeri gəlmişkən, sonralar 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilib ki, həmin partlayış DTK tərəfindən planlaşdırılıb və həyata keçirilib.
Beləliklə, 1990 - cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan Sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Bakının müxtəlif rayonlarında Sovet əsgərləri tərəfindən 137 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı.
Onu da xatırlatmaq yerinə düşər ki, 20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olub. Həlak olanların arasında 4 milis (polis) işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
Bakı şəhərində 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-da zirehli maşınlardan xalqa elan edildi.
Bəs, həmin qanlı gecənin şahidləri 24 il əvvəl baş verən faciəni necə xatırlayırlar?
Həmin gün xəstəxanaları, küçələri çəkməyə başladım...
Qeyd edək ki, tanınmış operator, polkovnik- leytenant Seyidağa Mövsümlü xalqımızın yaddaşından heç vaxt silinməyəcək 20 yanvar hadisələrinin də canlı şahidi olub, o tarixi anların bir hissəsini kameranın lentinə köçürə bilib. Seyidağa Mövsümlü həmin qanlı günləri belə xatırlayır: “Yanvarın 19-da televiziyada növbətçi idim. Bizə demişdilər ki, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko və Etibar Məmmədov xalqa məlumat verəcəklər. Saat 8-ə 5 dəqiqə işləmiş dövlət televiziyasının enerji bloku Moskvadan gəlmiş xüsusi təyinatlı “Alfa” qrupu tərəfindən partladıldı. Sovet-rus əsgərləri televiziyanın giriş-çıxış qapılarını tutmuşdular. Partlayışdan bir qədər sonra əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları gəldi. Saat 11 radələrində hökumət nümayəndələri Rasim Daşdəmirov, Rafiq Zeynalov və digərləri televiziyaya gəldilər. Elektriklərimiz dedi ki, ehtiyat enerji bloku var, onu işə salıb efirə çıxmaq olar. Maraqlıdır ki, həmin gün televiziya rəhbərlərindən heç kəs qalmamışdı orada... Artıq gecə saatlarında bizə məlumat gəldi ki, rus əsgərləri camaatı qırır. Vəziyyət pis idi. Dövlət televiziyasının işıq sexinin rəisi Arif Zamanov dedi ki, radio ilə efirə çıxmaq olar. Operator köməkçisi Azər Muradovla efirə çıxdıq. “Mayak” radiosunun dalğasında xəbər yaydıq ki, Bakıda xalqı qırırlar, vəziyyət ağırdır! Hadisə mənə pis təsir etmişdi, qəhərlənmişdim, danışa bilmirdim”...
S.Mövsümlü həmin qanlı gecə ilə bağlı digər bir məqama da toxunub: “Bəziləri elə bilir ki, həmin vaxt Mirzə Xəzər məlumat yayırdı. Amma biz idik. Məlumatı verəndən beş dəqiqə sonra əraziyə xeyli silahlı əsgər gətirdilər. Bizi tutdular. Hamımızı yerə uzandırdılar. Sənədlərimizi yoxladılar. Səhərə yaxın Dubinyak (həmin gün Bakı şəhərinin hərbi komendantı təyin edilib - O.H) və Bakıya yeridilən “Alfa” qrupunun rəhbəri general Ovçinnikov televiziyaya gəldilər. Onları müşayiət edən kapitan isə erməni idi. Dedilər ki, radio ilə çıxış etməlidilər. Dedim ki, enerji bloku partlayıb, necə çıxış edəcəksən? Erməni qışqırdı ki, səsini kəs, siz türklərin hamısını qırmaq lazımdır! Qalxdılar yuxarı. Həmin gün ilk dəfə Dubinyakın məlumatı oxundu. Yanvarın 18-dən kameralar olan otaqlar bağlı idi. Televiziyanın proqram direktoru Məmmədəli Zülfüqarov qoymurdu kamera götürməyə. Yalnız ayın 20-də televiziyanın sədr müavini Fuad Tanrıverdiyevin köməkliyi ilə bir kamera ala bildim. Həmin gün xəstəxanaları, küçələri çəkməyə başladım... O zaman kasetlərin çoxunu faciə ilə bağlı film hazırlamaq istəyən kinostudiyanın direktoru Ramiz Fətəliyevə verdim. Komitəyə qayıdanda gördüm ki, millət yığışıb ora. Əksəriyyəti qohum-əqrəbasını axtarırdı. Bir azdan Xalq şairi Bəxtiyar Vahabzadə gəldi ora. O, dedi ki, Ali Sovetin sessiyasını çağırmaq istəyir. Bu zaman general Ovçinnikov və həmin erməni zabiti bizə yaxınlaşdı. Bəxtiyar müəllim soruşdu ki, bu kimdir? Dedim xalqımızın qanını tökənlərdən biridir! Bəxtiyar müəllim qəzəblə Ovçinnikovun üzünə tüpürdü! Rus generalı üzünü silə-silə soruşdu ki, kimdir bu? Rejissor Nazim Abbas dedi ki, Azərbaycanın Xalq şairidir. Ovçinnikov onda dedi ki, “əgər adi bir insan olsaydı, bu dəqiqə burada güllələyərdim!”. Həmin gün Bəxtiyar müəllim radioda çıxış etdi.
Bəxtiyar müəllim radio ilə elan etdi ki, yanvarın 21-i axşam Ali Sovetin fövqəladə sessiyası çağırılır, bütün deputatlar gəlib iştirak etsinlər. Yanvarın 21-i mən Xalq artisti Zeynəb Xanlarovanın verdiyi kamera ilə çəkiliş aparıb, Ali Sovetin sessiyasını, şəhidlərin dəfnini çəkdim”...
Qoşun hissələrinin Bakıya daxil olduğunu görəndə kimsə geri çəkilmədi
“Xocalı Soyqırımı Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu isə o məşum gecəni belə xatırlayır: “1990-cı ilin qanlı şənbə günü yaddaşlara əbədi həkk olunub. O zaman mən xalq hərəkatının fəal üzvlərindən biri kimi qurulan gözətçi məntəqələrilə əlaqə saxlayırdım. Xalq hərəkatının Binəqədi rayon şöbəsinin fəal üzvü kimi, Bakını tərk edən ermənilərin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görürdüm. Biz yanvarın 13-də məlumat aldıq ki, Moskva Azərbaycana “sürpriz” hazırlayır. Məqsəd Milli Azadlıq Hərəkatını boğmaq, Azərbaycanın keçmiş SSRi-nin tərkibindən çıxmasının qarşısını almaqdan ibarət idi. Rusiyanın Bakıdakı emissarları SSRİ DİN Daxili Qoşunlarının, habelə, digər muzdluların Azərbaycana yeridilməsi üçün bəhanə axtarırdı. Bu bəhanə təbii ki, tapıldı və qoşun birləşmələri Azərbaycana daxil oldu”.
Şamil Sabiroğlu deyib ki, həmin vaxt dinc əhalinin böyük əksəriyyəti rus əsgər və zabitlərinə gül-çiçək verirdi: “Onlar isə dinc əhaliyə güllə atmaqla cavab verdilər. Qoşun hissələrinin Bakıya daxil olduğunu görəndə kimsə geri çəkilmədi. Düşünürdük ki, etiraz səsimiz eşidiləcək, hərbçilərə “Dayanın!” deyən tapılacaq. Təəssüf ki, belə olmadı. Mən həmin gecə yaralıları meydandan çıxaran, hətta özləri şəhid olan oğullara rast gəldim. Belə oğullar, çox, lap çox idi... Əslən Qərbi Azərbaycandan olan Allahyar Nəsibov da belələrindən idi. O, atəş səsi eşidən kimi ağır yaralıları xilas etməyə çalışdı. Onun kimi oğullar çox idi. A.Nəsibov sonunda şəhid oldu. Mən güllə yağışı altında gərgin fəaliyyət göstərən tibb işçilərinin xidmətini də xüsusi ilə qeyd etmək istərdim. Onlar həqiqətən də qəhrəmanlıq göstərdilər. Qənaətimcə, 20 yanvar faciəsi qələbəyə gedən yolun başlanğıcıdır. Şəhidlərimizin dəfni zamanı insan axınının ardı-arası yox idi. Bakıda komendant saatı olsa da, mən bir neçə dəfə şəhərdə lazımi ünvanlara, şəhid olanların ailə üzvlərinə baş çəkdim. Xalqımız şəhidlərə yas tuturdu”...
Ş.Sabiroğlu deyib ki, həmin vaxt Bakıda əsas qırğınlar “Şamaxinka” deyilən ərazidə və 20 Yanvar metrosu (XI Ordu meydanı) yaxınlığında baş verib: “20 Yanvar faciəsindən az sonra Azərbaycan mətbuatının flanqmanı olan “Səhər” qəzeti 1 milyon tirajla çap edildi və əhaliyə pulsuz paylandı. Hətta sabiq SSRİ Müdafiə naziri D.Yazov, Bakı şəhərinin komendantı Dubinyak və digər məsul şəxslər də “Səhər”in əməkdaşlarının bu qoçaqlığına məəttəl qalmışdılar.
20 Yanvar faciəsi SSRİ-nin süqutunu daha da tezləşdirdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Şübhəsiz, müstəqilliyimizin bərpasında sinəsini düşmən gülləsinə sipər edən oğulların, habelə, 20 Yanvar faciəsi zamanı şəhid olanların, yaralananların da müstəsna xidmətləri var”.
Oktay

Paylaş:
Baxılıb: 1439 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30