Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ermənilər 7 yaşlı uşağın ovcuna atəş açdılar ki, sən bizə daş atmısan...

Ermənilər 7 yaşlı uşağın ovcuna atəş açdılar ki, sən bizə daş atmısan...

25.02.2014 [09:03]

Bir cəhənnəm gecəsini yaşamış Xocalı sakininin söylədikləri...
O, cəhənnəmi sanki elə bu dünyada ikən yaşayıb. Zəbaniləri görüb, əzabları dadıb. Orda əzab çəkən insanların ah-naləsi hələ də qulaqlarından çəkilmir.
Söhbət 1992 - ci ilin məşum fevral günlərində Xocalı telefon qovşağının rabitəçisi olmuş, vəzifə borcunu sona qədər və tək yerinə yetirən Dürdanə Ağayevadan gedir. Ermənilər Xocalıda soyqırımı törədəndə cəmi 20 yaşında olub Dürdanə xanım. Faciənin növbəti ildönümü ilə əlaqədar Türkiyədə keçiriləcək anım tədbirinə gedəcəyi üçün onunla yalnız telefonla söhbətləşə bildik.
Onun xəttin o biri ucundakı səsi Xocalının qatı dumanına bürünmüşdü sanki. Bu dumanı yalnız o və mən hiss edirik. Danışır nisgil dolu bir səslə... Bilirəm, onun üçün çox çətindir. Elə mənimçün də...
26 Fevral və 26-cı fayl
Telefon danışığımızı bitirəndən sonra sağollaşıb diktafona nəzər yetirəndə əllərim əsdi. Çünki Dürdanə xanımla söhbətim diktafonumda 26-cı faylda idi. Nə ad verək buna? Təsadüfmü?! Bilmirəm, amma Dürdanə xanımın yaşadığı acının özündə belə bir əzablı mistika var...
O, danışır. Qəmli bir hekayətin akkordlarını yaddaşıma və diktafonun yaddaşına yazıram: “22 il öncə bu vaxtı mən evimizdə idim. Ona qədər üç və ya dörd dəfə gələn helikopterlə uşaqlar, yaşlılar və hamilə qadınların bəzisi çıxarılmışdı. O vaxt 28 nəfərdən ibarət könüllü dəstə gəlmişdi. Milli Qəhrəman Aqil Quliyevin dəstəsi idi. Onların cəmi 2-3 nəfəri sağ qalıb. Aqilin özü isə Xocalıya hücum olmamışdan 1-2 gün öncə yaralanmışdı, meşədə vəfat etdi. Həmin könüllülər sona qədər də düşmən qarşısında dayandılar”.
Dayanır... Düşünürəm ki, yəqin qəhər onu boğub. Amma o, “saatıma baxırdım” - deyir - “hər şey bir - iki saata kimi başlamalıdır”.
Mübariz rabitəçi qızlar
Müsahibim deyir ki, 1991-ci ilin noyabrında Xocalı mühasirəyə alınandan sonra ümid yeri bircə rabitə idi. Xocalıya zəngdən başqa heç bir kömək yox idi. Rabitədə isə yalnız qızlar idilər: “İşlədiyim üç il idi. Zənglər tez-tez olurdu. Könüllü vuruşan əsgərlər ailələri ilə əlaqə saxlayırdılar. Ətraf şəhərlərin özünümüdafiə dəstələrinin komandirləri zəng edirdilər. Dəstəyi götürən qızlara deyirdilər ki, “qeyrətinizə qurban olaq. Narahat olmayın, sizi qurtaracağıq”. Yadımdadır Tamerlan Qarayev zəng etmişdi: “Narahat olmayın, dözün, kömək də göndərərik, Əsgəranı da aradan qaldırarıq” deyirdi. Bir də Şuşadan Rəhim Qazıyev zəng etmişdi ki: “Bir oğlum var, onun ölmüşünə qoymaram başınızdan tük əskik olsun. Xocalı getsə, papağımı yerə çırparam”. O zaman Əsgərandan tez-tez ermənilər zəng edib hədələyir, təhqir edirdilər. Allahverdi Bağırov zəng edib həmişə ruhlandırırdı”.
Cəhənnəmin bir addımlığında...
Söhbətinə davam edən Dürdanə xanım həmin dəhşətli gecəni belə xatırlayır: “Güclü atışma başlayanda hərə bir zirzəmiyə girmişdi. Gördük qapı möhkəm döyülür, bir kişi durub qapının arxasında ki, Əlif (Milli Qəhrəman Əlif Hacıyev - O.H.) deyir, artıq hava limanını tuturlar, durmayın çıxın Xocalıdan. Qarqar çayını keçəndə güllə üstümüzə yağış kimi yağırdı. Göyün üzü od tutub yanırdı. Qoyub gəldiyimiz evlərə od vurmuşdular. Meşə yoluna çıxanda gecə saat 1 olardı bəlkə də... Atam çoxdan rəhmətə getmişdi, anam, nənəm, üç qardaşım və mən... Biz çıxmışdıq, evimiz, malımız, məzarlığımız, hər şeyimiz orada qalmışdı. Gələn camaatın, demək olar ki, beşdə biri meşədə qırıldı. Ermənilər bilirdi ki, çıxış yolumuz ancaq Ağdam istiqamətinədir. Qara Qayanın yanına çatanda şumluq deyilən yerdə ayağımdan güllə yarası aldım. Elə bil ayağıma tikan batdı. Baxdım ki, ayağımdan qan axır. Qorxudan huşumu itirmişəm, özümə gələndə anam, qardaşlarım yanımda yox idi. Tanıdıqlarım kənd camaatı idi. Yanımda Səadət adında hamilə bir qadın var idi. Zorla sürünürdü. Güllə onun düz qarnından dəydi. Ölənə qədər yadımdan çıxmayacaq onun ağlayaraq can verməyi və yoldaşının affekt vəziyyətinə düşərək üzərində bağırmağı. Ölmüş anasının qucağından çıxıb “ana” deyərək fəryad edən körpə uşağı da vurdular. Bir az sürünmüşdüm ki, qarşıda qardaşımı gördüm, sevindim ki, şükür Allaha, sağdır. Sevincim uzun çəkmədi, başımızı qaldıranda gördük ki, bir erməni bizdən 4-5 metr aralıda durub silah əlində əmr verdi ki, “qalxın ayağa! Öldürməyəcəyik sizi!”
Əlacımız nədir, durduq ayağa. 7-8 nəfər idik. Ayağımın qanı da dayanmırdı.
Cəhənnəmin özü - əsirlik...
Beləliklə, əsirləri Əskərana aparırlar: “Polis bölməsinin təcridxanasına saldılar. Gəlib çatıb gözlərimə inanmadım, Xocalının yarısı əsirlikdəymiş ki... Uşaqlar çığırışır, qız-gəlinlər ağlaşır. Ermənilər 7 yaşlı uşağın ovcuna atəş açdılar ki, sən bizə daş atmısan. Kişiləri bir otağa, bizi isə başqasına saldılar. Ürəyim partlayırdı... Əynim çox nazik, ayaqlarım yalın idi. Yanımdakı yaşlı bir qadın ayağının altındakı palçığı götürərək üzümə yaxdı. Anlamadım heç nə. Arvad saçımı dağıtdı, hardansa tapdığı şarfı ikiyə bölərək başıma bağladı. Əlqərəz, məni qoca qadın kimi qrimlədi. Hər qapı açıldıqca qadın başımı aşağı basırdı. Hamımız nəm betonun üzərində oturmuşduq. Zirzəminin yuxarısında böyük pəncərə vardı. Şüşəsi olmadığından yağan qar, yağış içəri tökülürdü. Köhnə, paslı vedrənin içinə qarı dolduraraq bizə gətirirdilər. Ad da olurdu ki, su verdilər. İşgəncələrin sayı - hesabı olmurdu. Bizi döyənlər Qarabağdan deyildilər, əsasən Ermənistandan, Fransadan gələn ermənilər idi. Hərdən rus həkimlər gəlib əsirləri yoxlayırdılar. Onlar irad tutmasınlar deyə yaramın içinə təmiz spirt töküb tənziflə sarımışdılar.
Bir gün komandir Vitalik məni çağırıb Ağdamdakı qohumlarımın adına məktub yazdırdı. Yazdım ki, hər şey yaxşıdır və biz salamatıq. Yazdıqlarımızı tərcüməçiyə oxutdurdular. Tərcüməçi bir gənc qız idi. O, ayaqlarımın yalın olduğunu görüb mənə bir cüt corab və qaloş verdi. Əsirliyin 8-ci günündə qardaşımla məni dəyişdilər”.
Xocalının çörəyini yemiş 366-cı batalyon
Dürdanə xanımın sözlərinə görə, o zaman həmin rus əsgərləri sərbəst şəkildə Xocalının içində hərəkət edə bilirdilər: “Əsgərandan gələrək Xocalıdan keçib Xankəndinə gedirdilər. Bir çox hallarda qapını döyüb çörək istəyirdilər. Camaat da onlara yemək verirdi”.
Telefonda danışan xanım yaşadığı faciəni danışır, danışdıqca onu yenidən yaşayır, amma ağır olsa da mən bunu paylaşmalıyam deyir, insanlar həqiqəti bilməlidirlər. Bunların bir daha yaşanmaması üçün... Dürdanə xanım danışdıqca, mən əminliklə öz-özümə “mütləq bütün torpaqlarımız işğaldan azad olunacaq, Xocalı soyqırımının hüquqi qiyməti mütləq veriləcək və cinayətkarlar öz layiqli cəzalarını alacaqlar” - deyirdim...
Oktay Hacımusalı

Paylaş:
Baxılıb: 1107 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30