Qarabağ qazisinin bir arzusu var...
27.02.2014 [09:21]
Gülağa Həşimov: Qarabağda Azərbaycan bayrağının dalğalanacağı gün elə də uzaqda deyil
Qəhrəmanlıq, mübarizlik hər hansı xalqın zaman-zaman mənimsədiyi və konkret şəraitdə nümayiş etdirdiyi bir davranış forması deyil. Qəhrəmanlıq bir toplumun genetik kodunda var olub, tarixin müxtəlif dövrlərində özünü göstərən ali dəyərdir. Azərbaycan tarixi bir çox dövrlərdə xalqımızın qəhrəmanlıq nümunələrinə, yenilməz vətən övladlarının mübarizlik əzminə şahidlik edib və daşıdığı dəyərlər sayəsində minilliklər boyu öz mövcudluğunu qoruya bilib. Necə deyərlər, Vətən qəhrəman övladları ilə var olur. Axı qəhrəmanlıq, ilk növbədə, Vətən, torpaq uğrunda gözünü qırpmadan ölümə getməkdir.
Sirr deyil ki, Azərbaycan tarixən bir çox hücumlara, işğallara məruz qalsa da, heç vaxt öz dəyərlərindən imtina etməyib. Ötən əsrin sonlarında müstəqilliyinə yeni qovuşduqdan sonra ölkəmiz növbəti dəfə işğal faktı ilə qarşı-qarşıya qaldı və Dağlıq Qarabağ işğal olundu. Amma yenə də öz zamanının qəhrəmanlarını üzə çıxardı. 11557 şəhid, onminlərlə yaralı Qarabağ müharibəsinin Azərbaycan üçün sadəcə, statistik ifadəsi deyil. Bu, eyni zamanda, onminlərlə qəhrəmanın həyat hekayəsidir. Bu gündən başlayaraq, bu hekayələri qəhrəmanlarının dilindən oxucularımıza təqdim edəcəyik. İlk həmsöhbətimiz Gülağa Məhəmməd oğlu Həşimovdur.
Gülağa Həşimov Ucar rayonunun Qaradağlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1980-ci illərin ən populyar peşələrindən olan mühasibatlığa həvəs salıb. Bu həvəslə də o vaxtkı Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) qəbul imtahanı verib. Amma...: “Xalq Təsərrüfatı İnstitutuna imtahan verdim. Amma instituta qəbul ola bilmədim. Açığı kənd yeri idi, yaxşı hazırlaşa bilməmişdim. Mən də bunun günahını bir az özümdə, bir az da evdəkilərdə görürdüm. Kənddən çıxdım və 1986-cı ildə Bakıya gəldim. Bakıda 10 nömrəli Texniki Peşə Məktəbində təhsil almağa başladım”.
Tank 3-4 nəfərin üstündən keçdi, onların meyitləri parça-parça olmuşdu
Hərbi xidmət vaxtı çatanda isə o da Sovet dövründə azərbaycanlılar üçün “yazılmamış qanun”lardan olan tikinti batalyonlarında hərbi xidmət keçmək aksiomasını yaşayıb. Əsgərlikdən qayıdandan sonra Gülağa Həşimov kənddə yaşamağa qərar verib. Deyir ki, Bakıda yaşamaq, şəhər mühitində gününü gün etmək həvəsində olmayıb. Onun üçün axşamlar həyətlərindəki taxtda dirsəklənib samovar çayı içməkdən gözəl istirahət ola bilməz... Amma bir ömrü də çay içməklə keçirmək mümkün deyil. İşləmək də lazımdır. Peşə məktəbində əldə etdiyi sənət bu məsələdə Gülağa Həşimovun köməyinə çatır. Bir müddət kənddə usta kimi çalışan müsahibim yenidən Bakıya qayıtmalı olur: “Bakıda yeni tikinti idarəsi açılmışdı. Əmim orada işləyirdi. İdarə açılan kimi, dalımca kəndə gəlmişdi. Məni bir az danlayıb, şəhərə gəlməyə razı saldı. Özü də bir də oraya qayıtmayım deyə, kənddən qeydiyyatdan da çıxardı. Bakıya gələndən sonra əmimin də köməyi ilə həmin idarədə işə başladım”.
...Artıq ölkədə vəziyyət gündən-günə gərginləşirdi. Sovet İmperiyasının son akkordlarını vurduğu vaxtda Azərbaycan digər ittifaq respublikalarından fərqli olaraq, bu süqutu ən ağır nəticələrlə yaşayırdı. Gülağanın əmisinin təzyiqi ilə yenidən üz tutduğu Bakı yeni sakinlərini heç də xoş sürprizlərlə qarşılamırdı. Hər yerdə mitinq, etiraz aksiyaları paytaxt küçələrini silkələyirdi. Azadlıq uğrunda mübarizəyə qalxan yüzminlərin sırasında Gülağa Həşimov da olub. O da hamı kimi, Sovet tanklarının önünə sipər olmaq üçün ayağa qalxıb: “Tanklar keçmiş “Salyanski kazarma” adlanan yerdə dayanmışdı. Bir də bilmirəm kim idi, gəldi dedi ki, qoşunlara hücum əmri verilib. Hamımızı oraya bir məqsəd toplamışdı. Nə olursa olsun, azadlıq uğrunda sonacan mübarizə aparacağıq. Amma... ilk hücumda yüzlərlə adamın şəhid olması açığı bizi bir az qorxutdu. Çünki o vaxt belə şeylərin olacağını gözləmirdik. Tarixdə bəlkə də belə şeylər olmuşdu. Amma demək olar ki, oradakı heç kəs bu hadisələri yaşamamışdı. Mənim yanımda Qeybullayev Elçini qətlə yetirdilər. Başqaları da var idi, mən Elçini tanıyırdım. İndi bəziləri o hadisələrlə bağlı bildiyini də danışır, bilmədiyini də. Tank 3-4 nəfərin üstündən keçdi, onların meyitləri parça-parça olmuşdu. Əlbəttə ki, bu dəhşətli qətllər insanların gözünü qorxutdu. Buna baxmayaraq, bütün bunlar müstəqilliyimizə gedən yolda bir mərhələ idi. Ən azından, Azərbaycan xalqının mübarizlik ruhunun, mübarizə əzminin dirçəldiyini göstərirdi”.
1992-ci ilin payızı...
Azərbaycan xalqı 20 Yanvar faciəsinin yaralarını sağaltmamış, bu məşəqqətli günlərin dəhşətli xatirələri yaddaşlarda hələ təzəliyini qoruyarkən, yeni və daha faciəli günlərə şahidlik etməyə başlamışdı. Uzun illər “qapı”mızda bəslədiyimiz “qonşu”larımız tarixi vərdişlərinə sadiq qalaraq, işğalçılıq siyasətinə start vermişdi. Ermənilərin “yuxarıdan” aldıqları dəstək isə azərbaycanlıların işini beşqat daha da çətinləşdirirdi. Dünya susur, özünü eşitməzliyə vurur, eşidənlər isə ermənilərin köməyinə qaçırdı. Belə bir şəraitdə Azərbaycan xalqının yeganə ümidi özünə, tarixini bəzəyən qəhrəmanlıq ruhuna qalmışdı. Onminlərlə, yüzminlərlə Azərbaycan oğulları əlinə silah götürüb, düşmənlə qeyri-bərabər döyüşə girişmişdi. Gülağa da onlardan biri idi. Onun döyüş səngərləri ilə tanışlığı 1992-ci ilin payızına təsadüf edir.
Tikinti idarəsində pisdən-yaxşıdan dolanışığını təmin edən Gülağa Həşimov insanın yalnız dolanışıq üçün var olmadığını da dərk edir, mühüm vəzifələrin və şərəfli borcların olduğunu anlayırdı: “Hər axşam televizorun qabağına keçib Qarabağdan gələn döyüş xəbərlərini gözləyirdik. Bilirsiniz ki, xəbərlər heç də ürəkaçan deyildi. Hirsimdən dura bilmirdim. Nəhayət, döyüşə getməyə, könüllülərə qoşulmağa qərar verdim. Bu qərarımı heç kəsə bildirmək istəmirdim. Deyirdim, onsuz da biləcəklər. İşdən bir həftəlik icazə alıb kəndə gəldim. Dedim, bu bir həftəni ailəmlə keçirim, qonum-qonşu, qohum-əqrəba ilə sağollaşım, sonra da gedim qoşulum könüllülərə. Amma bilmirdim ki, bunu necə edim. Məni qəbul edəcəklər, etməyəcəklər, bu, sonrakı məsələ idi”.
Gülağa Həşimov sonuncu dəfə Ağdərədə, o torpaqlar üzərində ayaq basıb yeriyib
Deyirlər ki, niyyətin haradırsa, mənzilin də ora olur. Gülağa ərizə yazmamış ona çağırış yazırlar. O, kənddə olanda Bakıda yaşadığı evə göndərilən çağırış vərəqəsi Gülağa üçün bir müjdə idi. Doğrudur, o könüllülər sırasında döyüşməyəcəkdi, amma döyüşməyə könüllü getməsindən zərrə qədər şübhə edən yox idi.
Gülağa Həşimov tanıdığı, bildiyi hər kəslə sağollaşıb, halallaşıb birbaşa döyüş bölgəsinə - hər gün onlarla qara xəbərin gəldiyi Ağdərəyə yollanır. Ölüm, qan qoxusu onu çəkindirmir. Çünki bu səhnəni başqa bir “cəbhədə” - “Salyanski kazarma”da yaşamışdı. Amma Vəng dağında aldığı yaranın ağrısını ilk dəfə və çox böyük sancılarla yaşadı: “Yəqin xatırlayırsınız, həmin dövrdə Ağdərə istiqamətində bir neçə uğurlu döyüş əməliyyatı olmuşdu. Bəzi mövqeləri ələ keçirmişdik. Döyüşlər getdikcə daha da qızışırdı. Yanvarın 26-da isə Vəng dağında gedən döyüşlərdə mən ağır yaralandım. Tam səmimi deyirəm, əlbəttə ki, yaram çox ağır idi, nə qədər güclü, nə qədər dözümlü olursan ol, bu, çox dəhşətli ağrılar verirdi. Amma məni aldığım yaranın əzabından daha çox, bu döyüşdə sona qədər yer almayacaq olmağım, sona qədər döyüşməyəcəyim incidirdi”.
Yaralanandan sonra Bakıya qospitala gətirilən Gülağa Həşimovun həyatı xilas olunsa da, onu bir daha ayağa qaldırmaq mümkün olmadı. Gülağa Həşimov sonuncu dəfə Ağdərədə, o torpaqlar üzərində ayaq basıb yeriyib. Ondan sonra isə Bakıda və ölkədən kənarda dəfələrlə müalicə kursları keçsə də, bunlar, sadəcə ağrılarını azaldıb...
Bibim mənə zəng vurdu ki, dövlət sənə pulsuz ev verir...
1994-ci ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında saziş imzalandıqdan sonra ölkəmiz müharibənin ağır yaralarını sarmağa başladı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında problemlər tədricən aradan qaldırılırdı. Sabitlik təmin olundu, reallaşdırılan uğurlu siyasət nəticəsində vətəndaşların güzəranı yaxşılaşmağa başladı. İlk növbədə, vətənin bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. Onlara pensiyaların təyin olunması, mənzil - məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin hədiyyə olunması bu istiqamətdə görülən tədbirlər sırasındadır. Gülağa Həşimov da Azərbaycan dövlətinin diqqət və qayğısından razı olduğunu vurğulayır: “Müharibədən sonra uzun illər müalicəmlə məşğul oldum. Daha əvvəlki sağlamlığım yox idi və kənddə yaşamağa qərar vermişdim. Hətta 1998-ci ildə dövlət mənə Bakıda yeni tikilən dördmərtəbəli binada ev təklif etmişdi, amma mən imtina etmişdim. Dedim subay adamam, gedib kənddə yaşayacam, atam-anam da qulluğumda duracaq. 2000-ci ildə ailə həyatı qurmuşdum və yeni bir həyata başlamışdım. Bakıda yaşayan bibim mənə ev almaq üçün müraciət etmişdi. Bütün sənədlərimi o, toplayıb təqdim etmişdi. 2001-ci ilin aprel ayı idi. Bilmirəm niyəsə mənə uşaqlıqdan “yekə” deyirdilər. Bibim zəng vurdu ki, yekə, ev istəmirsən? Çaşdım qaldım ki, nə ev? Cavab verdi ki, dövlət sənə pulsuz ev verir. İnanın ki, sevincimin həddi-hüdudu yox idi. Dik atıldım, elə bil, bu saat yeriyəcəm. May ayında həmin evlərin açılışı oldu. Ulu öndər Heydər Əliyev həmin evlərin açılışında iştirak etmişdi və sənədlərimizi şəxsən Özü təqdim etmişdi. Sonra da bir neçə dəqiqə bizimlə söhbət etdi. O günü heçə vaxt unuda bilmərəm. Həyatımın ən gözəl və qürurlu anı idi”.
Bu yükü sona qədər daşımaqdır qəhrəmanlıq...
2002-ci ildə isə Gülağa Həşimov başqa bir müjdəli xəbəri alıb. Dövlət ona pulsuz avtomobil hədiyyə edib. İldən-ilə pensiyasının artması isə G.Həşimovun ailəsinin yaşayış səviyyəsinin artırılmasına və onların rahatlığının təmin olunmasına əsaslı şərait yaradıb. İndi onun təkcə bir arzusu var: “Vəziyyətim yaxşıdır. Təbii ki, sağlamlığı məhdudlaşmış, arabada hərəkət etməyə məcbur olan bir insanın yaxşı ola biləcəyi qədər. Dolanışığım da şükür Allaha normaldır. Hər insan kimi, mənim də bəzən problemlərim olur, çətinliklərim olur, amma ümumən bir şikayətim yoxdur. Dövlətimiz də bizə diqqət göstərir, problemlərimiz öz həllini tapır. Yəni hər şey qaydasındadır. Amma məni bir məsələ çox narahat edir. Bəzən eşidirik ki, vaxtilə müharibənin ağrı-acısını yaşamış, döyüşlərdə hər cür fəlakəti görmüş, qəhrəmanlıqlar göstərmiş, ölümlə göz-gözə dayanmış insanlar indi heç də keçmiş döyüşçü adına uyğun olmayan hərəkətlər edirlər. Biz hamımız döyüşmüşük. Kimimiz az, kimimiz çox. Mən həmişə deyirəm ki, döyüşməliydik döyüşdük də. Vətən uğrunda, doğma torpaqlarımız uğrunda döyüşməməliydik ki? Bu, bizim Vətən qarşısında, xalqımız qarşısında vətəndaşlıq bocumuz idi. Bunu nəyinsə xətrinə etməmişik ki. Dövlətimiz də var olsun, bizə qayğı göstərir, dəstək olur. İndi ola bilər ki, kiminsə hansısa problemi var. Nə olar? Hansımızın, hansı insanın problemi olmur? Kim deyə bilər ki, mənim heç bir problemim yoxdur? Bundan ötrü, dövləti qaralamaq, öz sağlamlığına zərər vermək, həyatını təhlükə altına atmaq nə dərəcədə məntiqlidir? Biz görmüşük ki, azərbaycanlı oğulları vətəni uğrunda, torpaqları uğrunda canından keçərlər. İndi ən xırda probleminin həllinə nail olmaq üçün bu addımı atanlar görəsən nə düşünürlər? İnanmıram ki, vaxtilə Qarabağda döyüşmüş cəbhə yoldaşları onların bu addımlarını təqdir etsinlər. Qəhrəmanlıq Qarabağda sağlamlığını itirməklə bitmir, həm də bu yükü sona qədər daşımaqdır qəhrəmanlıq”.
İnsanlar Milli Ordumuza inanırlar...
“Mənim indi bircə arzum var: işğal altındakı torpaqlarımız azad olunsun, Ağdərəni gedim bir də görüm”, - deyən G.Həşimov bu arzusunun çin olacağına da şübhə etmir. Deyir ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Artıq Azərbaycan dövləti problemlərini həll edib, güclü iqtisadiyyat yaradıb, yüksək döyüş peşəkarlığına sahib olan Ordumuz var: “Hərdən mənə sual verirlər ki, sabah müharibə olsa gedə bilərəmmi? Yalan danışmağın nə mənası var. Bəllidir ki, bu formada gedə bilmərəm. Amma o torpaqların həsrəti ilə yaşayıram.
Mən həmişə bir şeyə məəttəl qalıram ki, necə oldu ki, bu qədər torpaqlarımız işğal olundu? Axı biz ermənilərdən qat-qat güclü idik, bizim 7-8 nəfərlik kiçik bir dəstəmiz gedirdi, birdən neçə-neçə kəndi azad edirdi. Kim nə oyun oynadı, kim nə etdi, kim satdı, kim aldı, bilmirəm, mən siyasətçi deyiləm, amma bir onu bilirəm ki, ermənilər heç vaxt bizimlə döyüşə bilməzdilər, onlar bizim torpaqlarımızı işğal edə bilməzdilər. Bu, təkcə mənim fikrim deyil. Döyüş yoldaşlarımla hərdən görüşürəm. Onlar da eyni şeyi düşünürlər. Cəmiyyətimizdə əhval-ruhiyyə yüksəkdir. İnsanlar Ordumuza inanırlar. Mənim də inamım sonsuzdur. Televiziyada Silahlı Qüvvələrimizin sonuncu hərbi paradını izləyəndə çox böyük qürur hissi keçirdim. Görün, Azərbaycan necə inkişaf edib. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub, ordumuz hər cür döyüş tapşırığını, hər bir əməliyyatı yerinə yetirməyə tam qadirdir. Mən özümdə düşünürəm ki, əgər müharibə başlasa, heç bir ay da davam etməyəcək. Azərbaycan Ordusu ən qısa vaxtda əməliyyatları böyük uğurla başa çatdıra bilər. Hətta tarixi torpaqlarımızı - İrəvanı, Göyçəni də geri ala bilərik. İnşallah Qarabağda Azərbaycan bayrağının dalğalanacağı gün elə də uzaqda deyil”.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

