Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilib

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilib

09.05.2014 [10:02]

Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar mayın 8-də Beynəlxalq Muğam Mərkəzində anma mərasimi keçirilib.
Əvvəlcə mərasim iştirakçıları Beynəlxalq Muğam Mərkəzinin foyesində şuşalı rəssamların əl işlərindən ibarət rəsm əsərlərinə baxıblar.
Sonra “Şərəfimiz vətəndir” adlı sənədli film nümayiş etdirilib.
Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Bildirilib ki, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunub. İşğalçı ermənilər həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatları aparıb, Meşəli, Qaradağlı, Xocalı faciələrini törədiblər.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılması barədə 822, 853, 874 və 884 saylı qətnamələrinin qəbulundan 21 ildən artıq vaxtın ötməsinə baxmayaraq, Ermənistan təşkilatın bu tələblərinə məhəl qoymadan işğalçılıq siyasətini davam etdirir.
Bayram Səfərov bildirib ki, ermənilərin bu işğalçılıq siyasəti Azərbaycan xalqına ağır maddi və mənəvi zərbələr vurub. Müqəddəs torpaqlarımızda vətəndaşlarımızı amansızcasına qətlə yetirən ermənilər insanlığa qarşı ən ağır cinayət törədiblər. Bu təcavüzkar siyasət nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.
B.Səfərov qeyd edib ki, torpaqlarımızın bütövlüyü uğrunda Şuşa şəhərindən 195 nəfər şəhid, 165 nəfər əlil olub, 58 insan isə itkin düşüb. O vurğulayıb ki, məscidləri, karvansaraları, mədrəsələri, tarixi abidələri, bulaqları ilə Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa xalqımıza görkəmli şəxsiyyətlər, incəsənət xadimləri, ziyalılar bəxş edib. Milli mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa həm də böyük memarların, xəttatların, rəssamların, xalça ustalarının vətənidir.
B.Səfərov bildirib ki, Azərbaycanın mədəniyyət və sənətkarlıq beşiyi olan Şuşa şəhəri XX əsrdə üç dəfə erməni təcavüzünün qurbanı olub. 1905-1907-ci illərdə bu şəhər ermənilər tərəfindən hücuma məruz qalaraq yandırılıb, 1920-ci ildə şəhərin xeyli hissəsi dağıdılıb. 1992-ci il mayın 8-də isə Ermənistan silahlı qüvvələri şəhəri tamamilə işğal ediblər. İşğal nəticəsində Şuşanın 8 muzeyi, 17 klubu, 8 mədəniyyət evi, 25 orta məktəbi, 25 tibb müəssisəsi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 mehmanxanası, uşaq sağlamlıq mərkəzi, sanatoriya, Şuşa televiziyası, Şərq musiqisi alətləri fabriki və bir sıra digər qədim tarixi abidələri ermənilər tərəfindən talan edilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Azərbaycanın müqəddəs və tarixi ərazisi olan Şuşa 22 il öncə erməni faşistləri və onların himayədarları tərəfindən işğal edilib. Baş nazirin müavini deyib ki, Şuşa qədim Azərbaycan ərazisidir. Sadəcə olaraq, bu şəhərin sakinləri müvəqqəti olaraq yerlərini dəyişiblər. Ermənilər də müvəqqəti olaraq burada məskunlaşıblar. Onlar başa düşməlidirlər ki, Şuşada yaşamaq, bu şəhərin suyunu içmək hələ şuşalı olmaq demək deyildir. Başqasının yurdunda, ocağında necə yaşamaq olar?! Ermənilər sonradan gedib yerləşdikləri əraziləri öz torpaqları hesab edirlər. Bu, yolverilməzdir.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqla əslində Ermənistan heç nə qazanmır, əksinə çox şey itirir.
Şuşanın Azərbaycanın qədim tarixə malik bölgələrindən biri olduğunu deyən Əli Həsənov qeyd edib ki, bu şəhər təkcə Azərbaycan deyil, bütün müsəlman dünyası üçün müqəddəs bir yerdir.
Əli Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan inkişaf edərək dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevrilib. Komitə sədri deyib: “Ulu öndər bu siyasətin, bugünkü inkişafın təməlini qoydu. Prezident İlham Əliyev bu siyasəti davam etdirərək Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına çıxardı”.
Baş nazirin müavini bildirib ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dünyanın heç bir münaqişə zonasında qaçqın və məcburi köçkünlər üçün Azərbaycandakı kimi əlverişli şərait yaradılmayıb.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan Prezidentinin uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. Baş nazirin müavini əmin olduğunu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident İlham Əliyevin gördüyü işlər tezliklə öz nəticəsini verəcəkdir və torpaqlarımız işğaldan azad ediləcək.
Tədbirdə çıxış edən “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov Fond və “Azərbaycan dünyası” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Vətən övladı” ordenini Azərbaycanın Milli Qəhrəmanı, şəhid Albert Aqarunovun qardaşı Rantik Aqarunova təqdim edib.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov ölkəmizdəki mövcud tolerantlıq mühitindən danışıb, milli azlıqlara, o cümlədən yəhudilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbir Şuşa şəhər musiqi kollektivlərinin ifasında “Sən qalib gələcəksən” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Paylaş:
Baxılıb: 956 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30