Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BBC: İslamofobiyadan irəli gələn anti-Azərbaycan təbliğatı

BBC: İslamofobiyadan irəli gələn anti-Azərbaycan təbliğatı

09.06.2015 [09:17]

Bakıda 1-2 milyard dollarlıq çöp axtaran media nəhəngi Londonda 15 milyardlıq tiri niyə görmək istəmir?
2015-ci ilin ən mötəbər idman festivalı olan ilk Avropa Oyunlarının başlanmasına çox qısa vaxt qalır. “Köhnə qitə”nin idman tarixində əlamətdar hadisə olacaq ilk Avropa Oyunları 50 milli olimpiya komitəsindən 6000-dən artıq atleti bir araya gətirəcək. Qeyd edək ki, birinci Avropa Oyunlarının keçirilməsi ideyası uzun illər müzakirə mövzusu olub və sonda qitə yarışlarının idmanın inkişafına verəcəyi töhfələr nəzərə alınaraq yeni, innovativ oyunların təşkili haqqında qərar qəbul edilib. “Bakı-2015” ilk Avropa Oyunlarının önəmli cəhəti həm də ondan ibarətdir ki, yarış proqramına daxil edilən 20 idman növünün 12-si üzrə atletlər “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə və bu mühüm idman yarışmasını ümumavropa bayramına çevirməklə bir daha göstərdi ki, təkcə enerji təhlükəsizliyi sahəsində deyil, həm də humanitar sahədə Avropa üçün önəmli tərəfdaş ola bilər.
Təəssüf ki, idman yarışması yaxınlaşdıqca Azərbaycana qarşı təşkil olunan hücumların intensivləşməsi Avropa dairələrinin ölkəmizə qarşı münasibətinin heç də səmimi olmadığını göstərir. Belə demək mümkündürsə, əgər 2012-ci ildə Azərbaycana qarşı qarayaxma kampaniyasının lokomotivi rolunda Almaniya çıxış edirdisə, indi bu çirkin missiyanın Böyük Britaniyaya keçdiyini iddia etmək olar. Ən azından son bir neçə gündə BBC, Guardian, İndependent, Sandy Times kimi nəşrlərin Azərbaycan və birinci Avropa Oyunları haqqında əsassız, qeyri-obyektiv və qərəzli materiallar verməsi, Platform London adlı təşkilatın ilk Avropa Oyunlarının sponsoru olan bp-yə qarşı təzyiq kampaniyası təşkil etməsi, Azərbaycanın Londondakı səfirliyi qarşısında aksiya keçirmək niyyəti bunu deməyə əsas verir.
Xüsusilə, Britaniyanın ən böyük mediakorporasiyası olan BBC-nin Azərbaycana qarşı davamlı mənfi münasibətinin daha da kəskinləşməsi, onun ölkəmizə qarşı qarayaxma cəhdlərinin daha ifrat xarakter alması müşahidə olunur. Təsadüfi deyil ki, BBC tezis formasında müxtəlif absurd məsələlər qaldırır, sonra isə bu mövzular digər media orqanlarında da aktiv şəkildə müzakirə olunmağa başlayır. BBC-nin tezislərindən biri Azərbaycan hökumətinin, guya, ilk Avropa Oyunlarının təşkilinə fantastik məbləğlər xərcləməsi ilə bağlıdır. İddia edilir ki, guya, hazırlıq dövründə həyata keçirilən hər bir tədbir, görülən hər bir iş Azərbaycanın təbliği məqsədi daşıyır. BBC neftin qiymətinin aşağı düşməsi və Azərbaycanın gəlirlərinin azalması səbəbindən “ölkənin bu xərclərin altından necə çıxacağından narahatlığını ifadə edir” və Oyunların tamamilə “mənfəətsiz” olduğu iddiasını irəli sürür. Maraqlıdır, görəsən, Britaniya mediası hansı səbəbdən Azərbaycana bu qədər can yandırır? Nəyə görə BBC-ni Azərbaycanın bu vəziyyətdən necə çıxacağı, nə edəcəyi Britaniyanın özünün daxili problemlərindən daha çox maraqlandırır? Görəsən, 2012-ci ildə bütün dünyada iqtisadi böhran vəziyyəti hökm sürəndə BBC öz hökuməti qarşısında 15 milyard dolların Olimpiadaya xərclənməsinin nə dərəcədə məqsədəuyğun olub-olmaması məsələsini niyə qaldırmadı? Olmaya London Olimpiadası rentabellik rekordu vurdu? Xeyr. Çünki London Olimpiadası vaxtı əldə olunan gəlir cəmi 52 milyon 800 min funt təşkil etdi. Digər tərəfdən, Olimpiadanın Londonda keçirilməsi qərarından əvvəl Beynəlxalq Olimpiya Komitəsinə müraciətlər təqdim ediləndə, Britaniya hökuməti bu tədbirə 4,2 milyard funt sərf edəcəyini açıqlamışdı. Görəsən, Olimpiada büdcəsinin 2 dəfədən çox şişirdilməsi BBC-ni niyə narahat etmirdi? Yaxud BBC elə bir Olimpiya Oyunlarını göstərə bilərmi ki, orada gəlir çəkilən xərcə çatsın, yaxud da onu üstələsin?! Nəyə görə BBC Kanada hökumətinin XVII Panamerika Oyunlarına 2,5 milyard xərc çəkib cəmi 150 milyon Kanada dolları qazanmaq ehtimalı barədə heç nə demir?
Azərbaycana gəldikdə, bu ölkə hər zaman idman infrastrukturunun inkişafına böyük önəm verib. Azərbaycanda idman infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramı qəbul ediləndə, hər bölgədə İdman Olimpiya kompleksi tikiləndə, Bakıda möhtəşəm idman arenaları yaradılanda birinci Avropa Oyunları miqyaslı tədbirin keçirilməsi gündəlikdə yox idi. Bakıya ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabrın 8-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında verildi. Tarix gün kimi aydındır. İlk Avropa Oyunlarında yarışların keçiriləcəyi və yeni inşa olunan 5 idman qurğusundan 3-ü - Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası və Bakı Su İdmanı Sarayının tikintisinə başlanılması və ya bu barədə göstərişin verilməsi ilk Avropa Oyunlarının keçirilməsi barədə qərardan daha əvvələ təsadüf edir. Belə ki, Milli Gimnastika Arenasında tikinti işlərinə 2009-cu il avqustun 26-da başlanılıb, Bakı Olimpiya Stadionunun təməli isə 2011-ci il iyunun 6-da qoyulub. Daha bir möhtəşəm arena - Bakı Su İdmanı Sarayının tikintisi barədə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Sərəncam verib. Göründüyü kimi, BBC-nin ilk Avropa Oyunlarında idman arenalarının tikintisinə hökumətin irihəcmli maliyyə resursları ayırması fikri qərəzdən və əsassız antitəbliğatdan başqa bir şey deyil. Ümumiyyətlə, Olimpiada və qitə oyunları kimi multiidman yarışlarının ev sahibləri bundan mənfəət qazanmaq məqsədi güdmürlər. Burada əsas məqsəd beynəlxalq olimpiya və idman dəyərlərinin inkişafına töhfə vermək, idman vasitəsilə xalqları bir-birinə daha da yaxınlaşdırmaq, ölkənin beynəlxalq nüfuzunu, siyasi və iqtisadi gücünü nümayiş etdirməkdir. Belə oyunları təşkil etmək böyük təcrübədir ki, onu da maddi dəyərlə ölçmək yalnız BBC kimi mənfəət hərislərinin işidir.
Bu il ilk Avropa Oyunları ilə yanaşı, Amerika qitəsini əhatə edən Panamerika Oyunları da keçiriləcək. Yarışa iyulun 10-da start veriləcək. Nədənsə, BBC bu barədə “araşdırma” aparmaq həvəsində deyil. Panamerika Oyunlarına Kanadanın Toronto şəhəri ev sahibliyi edəcək və yarışın büdcəsi 2,5 milyard dollardır. Təkcə atletlər kəndinin inşasına 567 milyon dollar xərclənib. Təhlükəsizlik tədbirlərinə 190 milyon, nəqliyyata 70 milyon, məşəl yürüşünün təşkilinə isə 60 milyon dollar xərclənib. Görəsən, BBC bir məşəlin gəzdirilməsinə 60 milyon dollar xərc çəkilməsi ilə niyə maraqlanmır? Yenə də qayıdaq 2012-ci il London Olimpiadasına. Ekspertlər hesab edirlər ki, XXX Yay Olimpiya Oyunlarının təşkilində büdcə xərclərində kifayət qədər çatışmazlıqlar və şübhəli məqamlar olsa da, BBC “Fair” prinsipinə yenə riayət etmədi. Ən azından, bu media nəhəng Britaniya QHT-lərinin Olimpiadaya çəkilən xərclərin 15 milyarddan ən azı 3 dəfə çox olması barədə irəli sürülən ittihamları araşdırmalıydı.
Bir sözlə, yuxarıda sadalanan minimum faktlar BBC-nin nə qədər əsassız, yalan və ucuz təbliğat maşını olduğunu üzə çıxarır. Bu təbliğat ruporu həm də mahiyyətcə islamofob və antitürk informasiya siyasəti ilə məşhurlaşmağı bacarıb. Bir müsəlman ölkəsinin mütərəqqi ideyalara sadiqliyi, inkişafı, güclənməsi, qlobal səviyyyəli tədbirlərə ev sahibliyi etmək qüdrəti onu və sahiblərini qıcıqlandırmaya bilməz. İslamofob dəyərləri rəhbər tutan BBC kimi strukturların təqdimatında müsəlman ölkələri geridə qalmış, daxili problemlər, qarşıdurma və münaqişələr məngənəsində sıxılan obrazda təqdim olunur. Azərbaycan kimi inkişaf edən, regional mərkəz olan, müstəqil siyasət yürüdən ölkələr Qərb təbliğatının və onun BBC kimi ruporlarının dünyagörüşünə yaddır. 2012-ci ildə Ramin Hakimovu neft gölməçəsinin fonunda təqdim etməklə Azərbaycanı aşağılayan BBC indi həmin gölməçələrin yerində möhtəşəm parkların, dünyaya səs salan tikililərin olmasını həzm edə bilmir. Bakı Avropanın idman həyatında ilkə imza atmaqla və onun standartlarını müəyyənləşdirməklə, ən əsası, dinamik inkişaf edən müsəlman ölkəsinin yeni müasir simasını təqdim etməklə irqçi, islamofob dairələrin və onların BBC kimi təbliğat vasitələrinin bütün səylərini heçə endirir.
VA Analitik Mərkəzi

 
Paylaş:
Baxılıb: 750 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30