/ / Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər
Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər
17.07.2015 [12:01]
3-cü “dəyirmi masa”
Redaksiyadan: İndiyədək Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti əməkdaşlarının, yerli və xarici ekspertlərin iştirakı ilə iki virtual “dəyirmi masa” keçirilmişdir. Xidmətin təşkil etdiyi ilk virtual “dəyirmi masa”nın mövzusu “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” idi. Müzakirədə əldə olunan əsas fikir ondan ibarət idi ki, bu iki amil bir-birini həmahəng şəkildə tamamlayır, xalqımızın mənəvi dəyərləri sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayiət edir, həm də əsas səbəblərindən biri kimi çıxış edir.
Xidmətin təşkil etdiyi ikinci “dəyirmi masa”da “Multikultural təhlükəsizliyin əhəmiyyəti və onun təmin olunmasının yolları” problemi müzakirə olunmuşdur.
Ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi böyük təcrübəni xarici ölkələrdə yaymaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2014-2015-ci tədris ilinin yaz semestrində unikal bir layihəni həyata keçirməyə başladı. İlk dəfə olaraq 7 xarici ölkə universitetində - Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstan Respublikasının İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Rusiya Federasiyasının Rusiyanın birinci prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, Litva Respublikasının Edukologiya Universiteti, Çexiya Respublikasının Karl Universiteti, İtaliya Respublikasının Sapienza Universiteti və Belarus Respublikasının Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olundu. Eyni zamanda, bir sıra Azərbaycan universitetlərində də bu fənnin tədrisinə start verildi.
Artıq adıçəkilən universitetlərdə fənnin tədrisi bitmişdir. 100-dən çox tələbə və mütəxəssis Azərbaycan haqda faydalı biliklər almışdır.
Bugünkü üçüncü virtual “dəyirmi masa”nın mövzusu “Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər”dir. “Dəyirmi masa”da 2014-2015-ci tədris ilinin yaz semestrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunmasına başlayan xarici ölkə universitetlərinin rəhbərləri, bu fənni tədris edən müəllimlər və tələbələr iştirak edirlər.
Etibar Nəcəfov - professor, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi (Azərbaycan): Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində ölkəmizin multikulturalizmlə bağlı təcrübəsinin nadir xarakter daşıdığını göstərərək, bu təcrübənin xarici ölkələrdə öyrənildiyini qeyd etmişdir. Ölkəmizin multikulturalizm sahəsindəki təcrübəsinin öyrənilməsinin bariz bir nümunəsi kimi 7 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini göstərmək olar.
Öncə mən bu fənnin tədris olunmasına razılıq verən universitetlərin rəhbərlərinə təşəkkür edir və onlara belə bir sualla müraciət etmək istəyirəm: “Azərbaycan multikulturalizmi” fənninin universitetinizdə tədris olunmasının əsas əhəmiyyətini nədə görürsünüz?
İvan İlçev - professor, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru (Bolqarıstan): “Azərbaycan multikulturalizmi” fənni Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və Bakı Slavyan Universiteti arasında Azərbaycanın Bolqarıstanda populyarlaşması sahəsində ikitərəfli təşəbbüsün özünəməxsus davamı oldu. Təşəbbüsün başlanğıcı Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılışı və Azərbaycan dilinin tədrisi oldu. Bu, 2013-cü ildə Bakı Slavyan Universitetinin rəhbərliyi - əvvəlki rektoru, prof. Kamal Abdullayev tərəfindən təklif edilmişdi. Hesab edirəm ki, bu, təhsil sahəsində ikitərəfli münasibətlərin inkişafında böyük addım idi. Hazırda Mərkəz fəal inkişaf edir, Azərbaycanın tanınması ilə əlaqədar müxtəlif tədbir və mühazirələr təşkil edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bizim universitetdə yeni fənnin tədrisi haqda təklifi çox müsbət qarşılanmışdır və biz onu tarix, fəlsəfə, klassik və müasir filologiya fakültələrinin tədris planlarına daxil etməyi planlaşdırırıq. Mənim həmkarlarım xəbər verirlər ki, bu fənn təkcə Azərbaycan dilini öyrənən türkoloq tələbələrdə deyil, həm də bütövlükdə Şərqlə maraqlananlarda maraq oyatmışdır.
Öz tərəfimdən deyə bilərəm, şadam ki, K.Abdullayev indi də bizim ölkələrimiz arasında akademik əlaqələrin inkişafı təşəbbüsünü dəstəkləyir və Bolqarıstanda Azərbaycan haqqında yeni fənlərin yaranmasına yardım edir. Əslində, bu, çox vacibdir. Dövlətlər arasında münasibətlər həm də təhsil əlaqələrinin möhkəm əsası üzərində qurulur. Bolqarıstanın Azərbaycanda və Azərbaycanın Bolqarıstanda öyrənilməsi bizim xalqları yaxınlaşdırır və bizə bir-birimiz haqda daha çox şey öyrənməyə imkan verir.
Daniel Pommyer - dosent, Sapienza Universitetində Azərbaycan Tədqiqatları Mərkəzinin icraçı direktoru (İtaliya): Azərbaycanın tarixi və mədəniyyəti ilə məşğul olan professor, həmçinin, Sapienza Universitetində Azərbaycanı öyrənmə Mərkəzinin icraçı direktoru kimi, mən nəinki xoşbəxtəm, həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığı böyük həvəslə qəbul etmişəm. “Azərbaycan multikulturalizmi” fənni üzrə mühazirələr universitetimizə dəvət olunmuş bakılı mütəxəssis tərəfindən dörd kursda oxunmuşdur. Həmçinin, Sapienza Universitetində ixtisası üzrə təhsil alan doktorantlar üçün yekun konfrans baş tutmuşdur. Azərbaycanda neçə millət, mədəniyyət və konfessiyanın birgə və dostcasına yaşadığını öyrənən bizim tələbələrimizin üzlərindəki real təəccüb ifadəsi “Azərbaycan multikulturalizmi” kursunun tədrisinin başlıca nəticəsidir. Digər tərəfdən, biz Azərbaycanı bir ölkə olaraq nisbətən yaxın zamanlarda öyrənməyə başladığımızdan, fikrimizi əsasən tarixin və iqtisadi münasibətlərin tədqiqində cəmləşdirmişdik. Bu yeni multikulturalizm sahəsində təhlil aparmamışdıq. Bu kurs bu boşluğu doldurdu.
Marek Prşixoda - Karl Universitetinin Şərqi Avropa İnstitutunun direktoru (Çexiya): Bəzi çətinliklərə baxmayaraq, Azərbaycan çox qısa bir müddətdə güclü, siyasi baxımdan sabit bir dövlətə çevrilə bildi. Ölkəyə beynəlxalq diqqət həm də Azərbaycanın dərin təsir bağışlayan iqtisadi yüksəlişi ilə bağlıdır. İpək Yolu layihələrindən tutmuş, hazırda həyata keçirilən enerji layihələrinədək hər şey göstərir ki, Azərbaycan əsrlər boyu oynadığı nəqliyyat dəhlizi rolunu indinin özündə də uğurla icra etməkdədir. Bu, şəksiz ki, eyni zamanda, çoxsaylı etnik və dini icmaların yüzillərcə mehribanlıq şəraitində yaşadığı bir ölkədə formalaşmış aşkarlıq və qarşılıqlı zənginləşmə ənənələrinin qorunub saxlanması və inkişafına da yardım etmişdir. Və əlbəttə, gözəldir ki, Azərbaycan bu sahədə qazandığı müsbət təcrübəni digər dövlətlərlə paylaşmağa çalışır.
Əməkdaşlıq üçün bu cür imkanın olduğuna biz çox şadıq. Hesab edirəm ki, “Azərbaycan multikulturalizmi” fənninin universitetimizdə tədrisi yeni “Qafqazşünaslıq” ixtisasının açılması üçün əsas ola bilər ki, bunun da istiqamətlərindən biri “Azərbaycan dili və mədəniyyəti” olar. Bu, unikal imkandır, çünki nə bizim ölkəmizdə, nə də regionun digər ölkələrində belə ixtisas yoxdur. Düşünürəm ki, bu həm çex tələbələri, həm də Karl Universitetində təhsil alan əcnəbi tələbələr üçün maraqlı olacaq. Bu fənnin tədrisini davam etdirmək və gələn il onu əsas ixtisasa daxil olunan fənn etmək niyyətindəyik.
Olqa Malaşenkova - Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini: Azərbaycan sivilizasiyalararası dialoq üçün gözəl bir nümunədir. Və təsadüfi deyil ki, beynəlxalq humanitar forum, mədəniyyətlərarası beynəlxalq forum qəbilindən vacib tədbirlər məhz burada, Bakıda keçirilir.
“Azərbaycan multikulturalizmi” kursu müxtəlif tarixi, mədəni və dini ənənələri olan 28 ölkədən tələbə, magistr və aspirantların hazırda təhsil aldığı Beynəlxalq münasibətlər fakültəsinin bütün ixtisasları üçün böyük önəm daşıyır. Ümumiyyətlə isə, multikulturalizm siyasətinin müasir Azərbaycanda reallaşması təcrübəsi və xüsusiyyətlərinin öyrənilməsi tələbələrdə müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri ilə səmərəli tərəfdaş münasibətlərinin qurulması sahəsində lazımi bilik, bacarıq və vərdişlərin yaradılması üçün çox vacib görünür.
Aleksandr Şarapo - professor, Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiri: İcazə versəydiniz, mən öz həmkarımın dediklərini belə tamamlayardım. 2014-2015-ci tədris ilində “Azərbaycan multikulturalizmi” kursu “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan tələbələr üçün tədris edilir ki, bu tələbələr də gələcəkdə Xarici İşlər Nazirliyində, digər nazirlik və idarələrdə, həmçinin, Belarus Respublikasının müxtəlif mülkiyyət formaları olan təsərrüfat müəssisələrində işləyəcəklər. Bizim məzunlarımız dövlətin xarici siyasət kursunun ən vacib aspektlərinin reallaşması ilə məşğul olacaqlar və bu işdə onlara Belarus Respublikasının vacib beynəlxalq partnyoru olan Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsaslarını bilmək yardım edəcək.
Azad Məmmədov - professor, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xarici ölkə universitetlərinə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin təşkil olunması ilə bağlı təkliflə müraciət edəndə, ilk növbədə, xaricdə Azərbaycan haqqında, onun tolerant, multikultural bir ölkə olması haqqında həqiqətləri yaymaq məqsədini güdürdü. Sözsüz ki, bu həqiqətin yayılmasında əsas rolu bu yeni fənni tədris edən müəllimlər yerinə yetirməli idi. “Azərbaycan multikulturalizmi” fənnini tədris edə biləcək müəllimləri hazırlamaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı Slavyan Universitetində treninqlər təşkil etdi. Treninqlər AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin və professor Etibar Nəcəfovun hazırladıqları və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Azərbaycan multikulturalizmi” adlı tədris proqramının əsasında aparılırdı. Treninqləri tanınmış mütəxəssislər aparırdı. “Azərbaycan multikulturalizmi” fənnini Azərbaycan və xarici ölkə universitetlərində tədris edənlər treninqlərdə iştirak etmiş və imtahan verərək sertifikat almış müəllimlər oldu.
Etibar Nəcəfov: Azad müəllimin söylədiyi kimi, ölkəmiz haqqında dünyada həqiqətlərin yayılmasında sözügedən fənni tədris edən müəllimlər müstəsna rol oynayırlar. Buna görə də, mənim növbəti sualım “Azərbaycan multikulturalizmi” fənnini xarici ölkə universitetlərində tədris edən müəllimlərədir. Fənnin tədrisi xarici tələbələr arasında Azərbaycan haqqında həqiqətlərin yayılmasına səbəb oldumu?
Sofiya Şiqayeva-Mitreska - Bakı Slavyan Universitetinin Bolqar Dili və Mədəniyyəti Mərkəzinin direktoru, Müqəddəs Kliment Oxrisdki adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru (Bolqarıstan): Bəli, bu fənnin tədrisi Azərbaycanla maraqlanan tələbələrin dünyagörüşünü genişləndirməyə kömək etdi. Onlar Azərbaycan ədəbiyyatı, mədəniyyəti, Azərbaycan ərazisində yaşayan xalqlar, Azərbaycan ictimai-fəlsəfi fikrinin əsasları və əsrlər boyu bu ərazilərdə yayılmış müxtəlif fəlsəfi cərəyanlar, Azərbaycan əhalisinin çoxkonfessionallığı və həm qədimdə, həm də müasir Azərbaycanda müxtəlif tarixi dövrlərdə xalqların və dinlərin sülh şəraitində yaşamaları barədə biliklər əldə etdilər, ölkədəki müasir siyasi və iqtisadi vəziyyət haqqında, multikulturalizm və digər sahələrdə dövlətin hazırkı siyasətinin məqsəd və prioritetlərinə dair məlumata yiyələndilər. Bütövlükdə bolqar tələbələr Azərbaycan haqda müəyyən biliyə malik idilər. Amma elə tələbələr var idi ki, onlar Azərbaycanın nə zamansa yalnız Sovet İttifaqının bir hissəsi olduğunu bilirdilər. Tələbələrin çoxu Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan Respublikası tərəfindən işğal olunduğundan xəbərsiz idi. Bundan başqa, onların Azərbaycanın müasir dövrdə sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə etməsi, dünya siyasəti və iqtisadiyyatında layiqli yer tutmaq istiqamətində atdığı uğurlu addımlar haqqında məlumatı yox idi. Multikulturalizm üzrə məşğələlər zamanı tələbələrin eşitdikləri hər şey onlar üçün yeni və maraqlı idi.
İrina Kunina - Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasının dosenti: “Azərbaycan multikulturalizmi” kursunda Azərbaycanla bağlı həqiqətlər təqdim edilir. Ona görə də İtaliyanın Sapienza Universitetində tədris etdiyim bu kursda tələbələrin imkanı oldu ki, ölkəmiz haqqında hərtərəfli məlumat alsınlar. Keçdiyimiz fənn tələbə auditoriyasının böyük marağına səbəb oldu. Bu tədris təcrübəmdən çıxış edərək demək istərdim ki, kursun başlanğıcında tələbələrin Azərbaycan haqqında bilikləri olduqca məhdud idi. Bildikləri, demək olar, yalnız bunlardan ibarət idi: Dağlıq Qarabağ problemi və Azərbaycanda enerji ehtiyatlarının olması. İlk mühazirələrdən sonra onların Azərbaycan barədə təsəvvürləri genişlənməyə başladı. Ölkəmiz haqda daha çox öyrəndilər, o cümlədən, Azərbaycanın dünyanın ən tolerant dövlətlərindən biri olduğu, multikulturalizmin Azərbaycanın dövlət siyasəti, həmçinin, əhalinin həyat tərzi olduğu barədə məlumatlar əldə etdilər. Tələbələr Azərbaycanda multikulturalizm üçün əlverişli tarixi, mədəni, siyasi və ictimai-iqtisadi şərait haqqında konkret biliklərə yiyələndilər.
“Azərbaycan Respublikasında çoxkonfessionallıq və multikulturalizm siyasəti” mövzusu tələbələrdə xüsusilə maraq doğurdu və bu mövzu onların təsəvvüründə yer almış müəyyən stereotipləri aradan qaldırmağa kömək etdi.
Rafael Həsənov - professor, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri: Mən Litva Edukologiya Universitetində bu fənni tədris etdim. Xarici ali təhsil ocaqlarında “Azərbaycan multikulturalizmi” kursunun tədrisinin əsas məqsədi Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, eləcə də, dövlətin multikulturalizm siyasətinin tərkib hissəsi kimi daxili və xarici siyasət kursu ilə əcnəbi tələbələri tanış etmək, dinləyicilərə Dağlıq Qarabağ münaqişəsi haqda həqiqəti çatdırmaq, ölkəmizə yeni dostlar qazandırmaqdır. Mühazirə zamanı, həmçinin, litvalı tələbələrlə auditoriyadankənar görüşlərdə, müxtəlif tədbirlərdə başa düşdüm ki, ölkəmiz barədə onların dürüst məlumatı yoxdur. Mühazirələrimdə və ölkəmizə həsr olunan tədbirlərdə filmlərdən, xəritələrdən, müxtəlif əyani vəsaitlərdən istifadə edərək səy göstərirdim ki, tələbələrimdə respublikamız haqqında müsbət fikir yaradım. Mənə elə gəlir ki, buna müvəffəq oldum. Məsələn, fevral ayının 23-də bütöv bir dərsi Xocalı faciəsinə həsr etdim, tələbələrin çoxsaylı sualları, aldıqları cavablar da mövzunun dərindən mənimsənilməsinə yardım etdi.
Hüseynova Eleonora Mirzağa qızı - Belarus Dövlət İqtisad Universitetinin “İqtisadi siyasət” kafedrasının assistenti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru: Şübhəsiz ki, bu fənnin öyrənilməsi Belarus Dövlət Universitetinin tələbələri arasında xüsusi maraq doğurur. Səbəb həm də odur ki, Azərbaycan Belarus Respublikasının strateji tərəfdaşıdır. Xalqlarımızı həm ümumi tarix, həm də dostluq əlaqələri və ikitərəfli iqtisadi maraqlar birləşdirir.
Beynəlxalq münasibətlər fakültəsinin tədris proqramına bu kursun daxil edilməsi tələbələrə Azərbaycana müxtəlif rakurslardan, o cümlədən, mənəvi, mədəni, siyasi aspektlərdən baxmağa imkan verdi. Qərb ölkələrində multikulturalizm siyasətinin nəzəri-metodoloji əsasları artıq öyrənilib. Bu ölkələrin bir çoxunda multikulturalizmin problematikliyi səbəblərini anlayan tələbələrə Azərbaycan multikulturalizminin təcrübəsi, fəlsəfəsinin mahiyyəti və mədəniyyətlərarası dialoq modelləri maraqlı gəldi. Məşğələlər nisbətən yeni başladığından, öyrənilən mövzular arasında “Azərbaycanın ictimai-fəlsəfi fikri tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusu xüsusi marağa səbəb oldu. Mühazirələrdən sonra tələbələrin bir çoxu “Kitabi-Dədə Qorqud” dastanı və Azərbaycan ədəbiyyatının klassiklərinin əsərləri ilə tanış olmaq istədiklərini bildirir, bu istiqamətdə çap materiallarının necə əldə edilməsi barədə müraciətlər edirdilər.
Aleksandr Nesterov - professor, Rusiyanın birinci prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti Siyasi Elmlər İnstitutunun “Avropa tədqiqatları” kafedrasının müdiri (Rusiya): Rusiyada təhsil alan tələbələr bir qayda olaraq Azərbaycanın tarixi, mədəniyyəti, daxili və xarici siyasəti, Azərbaycan cəmiyyətinin inkişaf xüsusiyyətləri ilə az tanışdırlar. Müəyyən mənada, haqqında danışdığımız bu yeni fənn faktiki olaraq “Azərbaycanşünaslığa giriş”i əvəz etdi və bizim tələbələrimizdə ölkə haqqında ümumi təsəvvürlər əldə etməyə imkan verdi. Özü də tələbələrin suallarından və məruzələrindən aşkar oldu ki, onlar üçün multikulturalizmin mahiyyəti və praktik müstəvidə reallaşdırılmasının yolları xüsusi maraq doğurur. Zənn edirəm ki, bu kursun tədris edilməsi bizim universitetin tələbələrini Azərbaycanı öyrənməyə cəlb edəcək, bu ölkəyə marağı artıracaq. Deyə bilərəm ki, onlar artıq sizin ölkənizi sevməyə başlayıblar.
Roza Səfiyeva - Bakı Slavyan Universiteti, Çex dili və mədəniyyəti mərkəzinin direktoru: Əlbəttə, bu, belədir. Mənim Çexiyanın Karl Universitetindəki tələbələrimin də lap əvvəldən Azərbaycan haqqında məlumatları xeyli kasad, bəzi hallarda isə hətta yanlış idi. Kurs onlara Azərbaycanı öyrənməyə kömək etdi. Ölkədəki çoxsaylı etnik və dini qrupların tarixin müxtəlif dövrlərində dinc, birgə yaşayışının təmin edilməsi təcrübəsi haqda məlumatlara yiyələnmələri də tələbələrin təsəvvürlərini xeyli genişləndirdi. Düşünürəm ki, Karl Universitetində “Azərbaycan multikulturalizmi” kursunun tədrisinin təşkilində qoyulmuş məqsədə nail olunub. Əlbəttə, bu dəyərləndirməni tələbələrin öz etiraflarına əsaslanaraq ifadə edirəm. Odur ki, orada bu fənnin tədrisini davam etdirmək vacibdir. Özləri bunu çox istəyirlər.
Etibar Nəcəfov: Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin əhəmiyyəti ilə bağlı fənni tədris edən mütəxəssislərin verdikləri cavablardan bəlli oldu ki, fənnin xarici ölkələrdə tədris olunması tələbələrə Azərbaycan haqqında, onun tolerant, multikultural bir ölkə olması haqqında ətraflı bilik təqdim edir. Görəsən, tələbələrin özləri bu haqda nə düşünürlər? Onlara suallarım belə olacaq: “Azərbaycan multikulturalizmi” fənnini niyə seçdiniz? Bu fənni öyrənməyiniz sizə gözlədiyiniz nəticəni verdimi? Azərbaycan haqqında yeni biliklər əldə etdinizmi?
Polina Fofonova - Rusiyanın birinci prezidenti Boris Yeltsin adına Ural Federal Universitetinin tələbəsi: Bir tərəfdən, Azərbaycan tarixən millətlərarası qarşılıqlı təsir mexanizmlərinin əsrlər boyu formalaşdığı çoxmillətli cəmiyyət olmuşdur. Digər tərəfdən də hazırda müasir Azərbaycan hökuməti dövlət səviyyəsində multikulturalizm siyasəti yürüdür. Mənim Azərbaycanla bağlı bilgilərim olduqca az idi və bunlar ölkənin beynəlxalq imici (dövlət rəmzləri, Azərbaycanın xarici siyasəti), yaxud sıravi insanların həyat tərzinə dair bəzi məlumatlarla məhdudlaşırdı. Əlbəttə, “Azərbaycan multikulturalizmi” kursu Azərbaycanın tarixi və müasir cəmiyyəti ilə məni tanış edən uğurlu bir yol oldu. Mən azərbaycanlı şəxsiyyətinin tarixən necə formalaşdığını, dövlət sərhədlərinin necə dəyişdiyini, hansı milli problemlərin bu gün də davam etdiyini öyrəndim. Mənim düşüncəmdə çoxmillətli Azərbaycan cəmiyyətinin necə təşkil edildiyinin tam təsviri formalaşdı. Müqayisədə aydın görünür ki, termin ümumiliyi öz yerində, Azərbaycan multikulturalizmi heç də Avropa və ya Amerika multikulturalizminin analoqu və ya təkrarı deyil, bu model, fikrimcə, zaman çağırışlarına hakimiyyətin siyasi reaksiyasını ifadə etməkdən daha çox, Azərbaycan cəmiyyətində adi, normal hal olmuş mədəni müxtəlifliyi fərqli məzmunda təqdim edir.
Françeska Ekvastre - Sapienza Universitetinin tələbəsi (İtaliya): Mən çox şadam ki, Azərbaycan kimi unikal bir ölkəni öyrənmək, xüsusən də “Azərbaycan multikulturalizmi” fənni kontekstində bu ölkə haqqında geniş məlumat əldə etmək imkanım yaranıb. Bu kurs mənim gözləntilərimi doğrultdu. Müxtəlif etnik qruplar arasındakı fərqi, Azərbaycan xalqının tarixi keçmişini, eləcə də, din tarixini bilirəm. “Azərbaycan multikulturalizmi” kursunun mövzuları arasında mənim üçün ən maraqlı olan “Azərbaycan Respublikasında çoxkonfessionallıq və multikulturalizm siyasəti” idi. Bu mövzudan mən çoxkonfessiyalılığın Azərbaycan üçün nə demək olduğunu, həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində bütün dinlərə sitayişin qanun qarşısında bərabərhüquqlu olduğunun deyildiyini öyrəndim.
Tolerantlıq və mədəniyyətlərarası dialoq müasir mərhələdə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Azərbaycan zəngin fərqli ənənələri, dil və dinləri olan bir ölkədir. Azərbaycanın timsalında biz etnik tərkibi müxtəlif olan əhalinin iqtisadi və sosial rifahı, eləcə də mədəniyyətlərarası dialoqun məqsədlərinə necə uğurla nail olunduğu, bu təcrübənin beynəlxalq səviyyədə necə yayılmasını görürük. Bundan başqa, hazırda Azərbaycanla bağlı hər şey məni maraqlandırır. Bu ölkə haqqında bütün nəşrləri və xəbərləri artıq diqqətlə izləyirəm. Arzum, müvəqqəti də olsa, Azərbaycana gəlib bu ölkəni ziyarət etməkdir. Bunu gerçəkləşdirməkdən ötrü Azərbaycan dilini öyrənməyə başlamışam. Multikulturalizm mərkəzinin Azərbaycanda təşkil etdiyi Yay Məktəbində iştirak edəcəyəm. Azərbaycanı daha çox tanımaq istəyirəm.
Eva Çerlova - Karl Universitetinin tələbəsi (Çexiya): Mənim üçün “Azərbaycan multikulturalizmi” fənni əsl tapıntı oldu, çünki mənim ixtisas sahəmə keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən Şərqi Avropa ölkələri daxildir. Deyə bilərəm ki, bu fənn gözləntilərimi doğrultdu. Sosial-mədəni, etnik və dini məsələlərin həllində beynəlxalq təcrübənin öyrənilməsi ölkəmizdə multikulturalizmin həyata keçirilmə prinsiplərinin qəbul edilməsi məsələsinin həllində kömək edə bilər. Bundan əlavə, mühazirələrdən birinin mövzusu - “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı” mənə, xüsusilə, maraqlı gəldi. Mən ölkədə iqtisadi vəziyyət haqda bir çox yeni məlumatlar, eləcə də, Azərbaycan Respublikasının sosial-iqtisadi sahədə əldə etdiyi əhəmiyyətli uğurların müasir dövrdə multikulturalizm siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinə necə təsir etdiyini öyrəndim.
Əhalisinin çoxu İslam dininə etiqad edən Azərbaycan Cənubi Qafqaz ölkələrindən biri kimi cəmiyyətdə multikultural və tolerantlıq mühitinin bərqərar olunması üçün bütün şəraiti yaradır. Bunun formalaşmasında digər amillərlə yanaşı, müxtəlif etnik qrupların kompakt yaşadığı regionların sosial-iqtisadi inkişafı da mühüm rol oynayır. Mən düşünürəm ki, Heydər Əliyev çox doğru deyib: Azərbaycandakı dini və etnik müxtəliflik mədəni həyatın zənginliyidir.
Dangiole Bilayte - Litva Edukologiya Universitetinin tələbəsi: İlk növbədə onu demək istəyirəm ki, bu kurs mənə Litvadan uzaq bir ölkə haqqında biliklərimi artırmaq üçün bir şans idi. Hər mühazirədə yeni bir şey öyrənirdim, Azərbaycan haqqında biliklərim bir qədər də artırdı. İkincisi, çoxmillətli dövlətdə mədəni şəxsiyyətin qorunması və tolerantlıq ideyasının reallaşdırılmasını özündə ehtiva edən “multikulturalizm” anlayışı haqqında öyrənmək mənim üçün məlumatlandırıcı idi. Litva da Azərbaycan kimi çoxmillətli dövlətdir. Bu iki ölkənin və bu sahədə həyata keçirilən siyasətlərin müqayisəli təhlilini aparmaq maraqlı idi. Üçüncüsü, Azərbaycanda din tarixinə həsr edilmiş mühazirə mənə böyük təəssürat bağışladı. Amma ən unudulmaz mühazirə Azərbaycanın zəngin ədəbi irsi haqqında idi.
Azərbaycan, mənə görə, sirli-sehrli və həm də özünəməxsus bir ölkədir. Mühazirələr mənə bu ölkəni - Nəsrəddin Tusi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Mizə Fətəli Axundov və başqa görkəmli elm və sənət xadimlərinin ölkəsini daha yaxşı anlamağa yardım etdi. Baxmayaraq ki, ölkə Litvadan uzaqda yerləşir, bu gözəl mühazirələrin sayəsində Azərbaycan mənim üçün çox məhrəm bir diyara çevrildi. Bu kursdan aldığım təəssüratı, açığı, sözlə ifadə etməyə çətinlik çəkirəm. Hər şey çox gözəl idi.
Zornitsa Zamfirova - Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin magistri (Bolqarıstan): Mən “Azərbaycan multikulturalizmi” fənnini ona görə seçdim ki, bir dövlətin ərazisində müxtəlif mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı münasibəti və birgə yaşaması, eləcə də, mədəniyyətlərarası ünsiyyət məsələlərinə professional marağım var. Mən təəccübləndim ki, haradasa insanlar etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, həqiqətən, dinc şəkildə, birlikdə yaşayırlar. Bir sıra ölkələrdə bu hadisənin konstitusiyalarda əks edildiyinə baxmayaraq, bütövlükdə müasir dünyada insanlar, əsasən, “kosmopolit” olmalarına görə, təəssüf ki, həmişə başqa millətə, yaxud dinə mənsub şəxsə heç də həmişə tolerant münasibət bəsləyə bilmirlər. Bütün bunlar anlaşılmazlıq, qorxu atmosferi yaradır. Mən öyrəndim ki, Azərbaycanda qarışıq nikahlar heç də qəribə bir şey olmayıb, normal hal sayılır. Ölkənin maraqlı tarixi və mədəniyyəti var. Azərbaycan təcrübəsi göstərir ki, müxtəlif millətlərin və müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması, hər kəsin qanun qarşısında bərabər olduğu və dövlət tərəfindən dəstəkləndiyi halda mümkün olur. Bu fakt məni xüsusilə heyran etdi.
Azərbaycan Şərqlə Qərbi birləşdirən, olduqca zəngin mədəniyyəti, qədim tarixi olan ölkədir. Və “Azərbaycan multikulturalizmi” fənninin sayəsində ölkəni öyrənmək, Azərbaycan xalqını tanımaq imkanım oldu. Əlbəttə, təbiidir ki, yay məktəbinin iştirakçısı kimi bu ölkəni mütləq ziyarət etməyi düşünürəm. Azərbaycanın mənim şəxsimdə artıq daha bir dostu var.
Alexandra Qnedçik - Belarus Dövlət Universitetinin tələbəsi: Mən bu kursu “Beynəlxalq kommunikasiya” fənni üzrə tədris proqramı çərçivəsində öyrənmişəm. Lakin mənə ölkənin özünü - Azərbaycanı, onun dünyadakı siyasi, iqtisadi və mədəni vəziyyətini öyrənmək perspektivi maraqlı idi. Multikulturalizmə aid biliklərə gəlincə isə, bütün ölkələr içərisində bu mövzuda təcrübə öyrənmək üçün Azərbaycan dövlətinin nümunəsini daha uyğun hesab edirəm. Kursu keçməzdən əvvəl bilirdim ki, Azərbaycan təbii ehtiyatlarla zəngin, iqtisadi cəhətdən inkişaf etmiş ölkədir və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Paytaxt Bakı “Avroviziya” müsabiqəsinin, ilk Avropa Oyunlarının keçirildiyi çox müasir və gözəl şəhərdir. İndi Azərbaycan haqqında daha çox bilirəm.
Mən öyrəndim ki, Azərbaycan - müxtəlif mədəniyyətlərin, dinlərin və millətlərin nümayəndələrinin dinc şəraitdə bir arada yaşadığı dünyəvi dövlətdir. Azərbaycanda multikulturalizm siyasəti dövlət səviyyəsinə yüksəlmişdir. Ölkə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və digər ölkələrin səhvlərini nəzərə alaraq, bu siyasətin həyata keçirilməsində öz nailiyyətlərini qorumaq üçün çalışır.
Asif Hacıyev - professor, Bakı Slavyan Universitetinin rektoru: Bəzi tələbələr çıxışlarında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanda bu il təşkil edəcəyi Yay Məktəbindən danışdılar. Fürsətdən istifadə edərək “dəyirmi masa” iştirakçılarına bu haqda daha ətraflı məlumat vermək istərdim.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin ideyası və təşəbbüsü ilə 21 iyul - 01 avqust 2015-ci il tarixlərində Azərbaycanın səfalı guşələrinin birində xarici və yerli universitetlərdə bu fənni öyrənən tələbələr üçün Yay Məktəbi təşkil olunacaq. Bu işin təşkilatçılarından biri də Bakı Slavyan Universitetidir. Biz xarici tələbələri səbirsizliklə gözləyirik. Yay Məktəbinin əsas məqsədi xarici ölkə universitetlərində və bizim ali təhsil ocaqlarımızda “Azərbaycan multikulturalizmi” fənnini dinləyən tələbələrin vahid bir şəbəkəsinin yaradılması və onların Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri biliklərinin təcrübədə daha da möhkəmləndirilməsindən ibarətdir. Onu da deyim ki, ümumilikdə Yay Məktəbinə xarici ölkələrdən 650-dən artıq müraciət daxil olmuşdu. Bu müraciət edənlərin arasından Rusiya Federasiyası, Gürcüstan, Belarus, Çexiya, Bolqarıstan, İtaliya, Litva, Rusiya, Polşa, İordaniya, Misir, Ukrayna və Türkiyəni təmsil edən 50 nəfər iştirakçı seçilib. Bundan başqa, ölkəmizdə “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu ali məktəblərdə təhsil alan 20 tələbə də Yay Məktəbinin iştirakçısı kimi seçilmişdir. Qeyd edim ki, ölkəmizdən Yay Məktəbində iştirak üçün 250 nəfərdən artıq müraciət edən olmuşdu.
Oktay Səmədov - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru: Yay Məktəbinin iştirakçılarını maraqlı mühazirələr, “dəyirmi masa”lar, intellektual görüşlər gözləyir. Onlar Azərbaycan tarixçiləri, ədəbiyyatçıları, yazarları, mədəniyyətşünasları, filosofları ilə təmasda olacaqlar. Xarici lektorlarımız da dəvət olunublar. Bilik Fondu kimi biz çalışacağıq ki, bu tələbələrin Azərbaycanla əlaqəsi həmişə davam etsin. Yay Məktəbi ilə bağlı maraqlı cəhətlərdən biri də budur ki, onun xarici iştirakçılarının Quba, Qusar, Xaçmaz şəhərlərində yerli gənclərlə də təması nəzərdə tutulub.
Etibar Nəcəfov: Əlbəttə, bu son məqam çox vacibdir. Xarici tələbələrlə əsas təmas bundan sonra ən müxtəlif səviyyələrdə davam etməlidir.
Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan multikulturalizmi” fənni xarici ölkə universitetlərində birinci dəfə idi ki, tədris olunurdu. Buna görə də ilk təcrübənin təhlili, bu təhlildən əldə olunan tövsiyə xarakterli nəticələr fənnin tədrisinin təkmilləşməsinə, şəksiz, kömək edəcək. Bununla əlaqədar, “dəyirmi masa”nın bütün iştirakçılarına belə bir sualla müraciət etmək istəyirəm. Fənnin tədrisinin təkmilləşdirilməsi üçün nə təklif etmək istərdiniz?
Tsvetan Teofanov - professor, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və yeni filologiyalar fakültəsinin dekanı: Bizim fakültədə “Azərbaycan multikulturalizmi” adlı yeni fənninin tədrisi haqqında təklifi böyük bir coşqu ilə qəbul etdik. Tələbələrimiz bu yeni fənlə dərhal maraqlandılar. Bu kursun keçilməsi həm də Bolqarıstanda Azərbaycanı tanıtmaq üçün Bakı Slavyan Universiteti və Sofiya Universitetinin başladığı birgə təşəbbüsün davamı idi. Çox şadam ki, bu təşəbbüsə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də qatıldı. Təəssüf ki, bizdə Azərbaycan haqqında az şey bilirlər. Faydalı olardı ki, Azərbaycandan müəyyən sahələr üzrə ixtisaslaşan ekspertlər mühazirələr oxumaq üçün vaxtaşırı bizə gəlsinlər, tələbələrimizlə onları maraqlandıran mövzuları müzakirə etsinlər və Azərbaycan mədəniyyəti, folkloru nümunələri barədə daha konkret biliklər aşılasınlar.
İvan İlçev: Mən bu fənnin təkcə magistrantlar üçün deyil, həm də bakalavrlar üçün tədris olunmasını, kursun bir hissəsinin ümumi multikulturalizmə giriş, qalan hissəsinin isə Azərbaycan multikulturalizminə həsr edilməsini və proqrama aid dərs saatlarının artırılmasını təklif edərdim.
Froltsov Vladislav - dosent, Belarus Dövlət Universitetinin “Beynəlxalq əlaqələr” kafedrasının tədris işi üzrə müdir müavini: “Azərbaycan multikulturalizmi” kursunun məzmunu və strukturu bizim universitetin Beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər üzrə mütəxəssislərin hazırlanmasının məqsəd və vəzifələrinə uyğun idi. Tələbələrimizn gələcəkdə peşəkar fəaliyyəti xarici tərəfdaşlarla əməkdaşlığın təşkili, dünyanın müxtəlif ölkələri və bölgələrində fəaliyyətin qurulması, eləcə də, mədəniyyət, təhsil, elm sahəsində mübadilənin aparılması, müasir informasiya resurslarından istifadə ilə bağlı olacaq. Gələcəkdə bu kursun tədrisi çərçivəsində digər ölkələrin, məsələn, Türkmənistan və Çin Xalq Respublikası nümayəndələrinin iştirakı ilə birgə seminarların, kollokviumların keçirilməsi imkanını da nəzərdən keçirmək olardı. Adlarını çəkdiyim ölkələrin tələbələri hazırda bizim fakültədə təhsil alırlar. Bu, tələbələrə müasir dünyada multikulturalizm siyasətini daha yaxşı anlamaq, multikultural vəziyyətin tənzimlənməsində müxtəlif ölkələrin təcrübələrini müqayisə etmək üçün imkan verərdi.
Aleksandr Nesterov: Hesab edirəm ki, multikulturalizm siyasətinin Avropada niyə uğursuzluğa uğraması, Azərbaycanda isə uğurla həyata keçirilməsi səbəblərinin obyektiv dəyərləndirilməsi üçün tədris proqramını ölkələrarası müqayisəli təhlillərə həsr olunan mövzularla genişləndirmək mümkündür. Və, əlbəttə, bizim üçün də vacibdir ki, kursun proqramını Rusiyanın yeni təhsil standartlarına (GEF 3 +) uyğun şəklə salaq.
Eleonora Hüseynova: Tələbələrin bəzi tədris materialları ilə təmin edilməsinə ehtiyac var. Bunu edə bilsək, tədris daha məhsuldar alınar. Belarus Respublikasında Azərbaycan multikulturalizminə dair materiallar tapmaq çox çətindir. Bu materialları Bakıda hazırlamaq lazımdır.
Sofiya Şiqayeva-Mitreska: Mən də tədris-metodik materiallar məsələsinə toxunmaq istərdim. Kursun bolqar dilində keçilməsi tələbələr üçün yeni biliklər əldə edilməsini asanlaşdırmışdır. Bununla belə, tələbələr bolqar dilində bütövlükdə multikulturalizm, o cümlədən də, Azərbaycanda multikulturalizm barədə ədəbiyyat çatışmazlığı ilə qarşılaşdılar. Mövzuya aid bir çox məqalə və kitablar Azərbaycan və rus dillərində nəşr edilmişdir. Xüsusi ədəbiyyat ingilis dilində də mövcuddur, lakin Azərbaycan haqqında Azərbaycan dilində material azdır və buna görə də, tələbələr mühazirələri diqqətlə dinləməklə kifayətlənməli olurdular. Hesab edirəm ki, bu fənni tədris etmək üçün gələcəkdə dərslik hazırlamaq, onu bu fənnin tədris edildiyi ölkənin dilində dərc etmək lazımdır.
Azərbaycanda müxtəlif universitet və institutların, konkret olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yay məktəblərini təşkil etməsi də tələbələrimizin multikulturalizm üzrə maraq dairəsinin genişlənməsinə öz töhfəsini vermiş olacaq. Bundan əlavə, “Azərbaycan multikulturalizmi” proqramında tədrisin aparıldığı ölkənin multikulturalizm modelinin təhlilini vermək lazımdır ki, bu da tələbələri öz ölkələrinin modelini müqayisəli şəkildə qiymətləndirməyə, onları gələcəkdə öz ölkələrindəki multikultural durumun inkişafına dair təşəbbüslərə sövq edərdi.
Rafael Həsənov: Fikrimcə, “Azərbaycan multikulturalizmi” kursu ilə yanaşı, paralel olaraq bu sahədə müxtəlif tədqiqat işlərinə, o cümlədən etnoslararası, konfessiyalararası münasibətlər (bura müxtəlif etnik qrupların nümayəndələrinin Azərbaycanın tarixi ərazilərinə yerləşdirilməsi, azərbaycanlıların etnogenezi məsələləri daxildir), müxtəlif ölkələrdə fərqli qanun və qaydaların müqayisəli təhlili və s. məsələlər üzrə araşdırmalara da başlamaq lazımdır. Elmi tədqiqat nəticələrinə əsaslanan tədris çox səmərəli nəticələr verə bilər.
İrina Kunina: İnanıram ki, “Azərbaycan multikulturalizmi” kursu çərçivəsində xarici universitetlərlə birgə fundamental və tətbiqi çarpaz mədəni tədqiqatların təşkili, eləcə də, tələbələrin bu prosesə cəlb edilməsi bu fənnin öyrənilməsinə əlavə stimul verə bilər. Həmçinin, bəzi terminlərə aid sözlüyün tərtib edilməsi kursa böyük kömək göstərmiş olardı. Hər mühazirədə yardımçı resurslarından, ilk növbədə, vizual effekt vasitələrindən daha çox istifadə etməyin lazım olduğuna inanıram. Azərbaycan çox gözəl bir ölkədir və bunu olduğu kimi də göstərmək lazımdır. Bilirəm ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə müəyyən hazırlıq işləri görür.
Daniel Pommyer: Biz kursun məzmunundan çox razıyıq, çünki o, elə modelləşdirilib ki, burada lazım olan hər şey - tələbələrin bilik ehtiyacları və fərqli humanitar istiqamətlər, o cümlədən, incəsənət, ədəbiyyat, tarix, siyasi elmlər üzrə mədəni bazis nəzərdə tutulmuşdur. Bizə əməkdaşlıq haqda təklif bir qədər gec gəldiyinə görə tədris üçün digər kurslar çərçivəsində saat ayırmağa ancaq imkan tapdıq. Düşünürəm ki, indi artıq çox saat ayırmaqla xüsusi kurs barədə düşünmək üçün kifayət qədər vaxtımız var. Qeyd etmək istəyirəm ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə tədqiqat aparmaq fikrimiz var. Bu, İtaliya və Azərbaycanda etiqad azadlığına dair məsələlərin müqayisəli təhlilindən ibarətdir.
Loreta Çodskiyene - Litva Edukologiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri: Bu, xarici professor tərəfindən təqdim edilmiş orijinal kursdur. Tələbələrimiz Azərbaycan haqqında məlumatları bu ölkəyə aid mədəniyyətin daşıyıcısı olan şəxsdən ala bilmişlər ki, bunun da xüsusi əhəmiyyəti var. Tələbələr ümumən multikulturalizm, o cümlədən, Azərbaycanda multikulturalizm haqqında öz biliklərini təkmilləşdirmək imkanı əldə etmişlər. Bu biliklər həm də vacib praktik biliklər kimi nəzərdən keçirilə bilər, çünki bizim ali təhsil ocağımızda dünyanın müxtəlif ölkələrindən olan tələbələr təhsil alır və onlar gündəlik olaraq müxtəlif mədəniyyətlərə məxsus insanlarla üz-üzə gəlməli olurlar.
Bu fənn üzrə mühazirələr əla keyfiyyətdə olmuşdur, bunu mənə tələbələrlə “Azərbaycan multikulturalizmi” üzrə məşğələləri necə qəbul etdikləri haqda danışarkən onlar özləri təsdiqləyiblər. Elə bilirəm, daha yaxşı olardı ki, yaxın gələcəkdə kurs üzrə saatların sayı artırılsın, eləcə də proqram digər fakültələrin tələbələri üçün də uyğunlaşdırılsın.
Roza Şəfiyeva: Xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi işində çox əhəmiyyətli bir məqam bu fənnin tədrisinin ölkənin dilində aparılmasıdır. Bundan əlavə, bu kurs üzrə hər hansı ədəbiyyatın, multikulturalizmə aid dərsliklər, yaxud məqalələrin çex dilinə tərcümə edilməsi və Praqanın kitabxanalarına paylanmasını da vacib hesab edirəm.
Etibar Nəcəfov: Verilən təkliflərin hər biri olduqca maraqlıdır. Şübhəsiz ki, bu təkliflərin nəzərə alınması fənnin tədrisinin təkmilləşdirilməsinə xidmət edəcəkdir, çünki bu təkliflər tədrislə bağlı real vəziyyəti əks etdirir, fənnin tədris təcrübəsindən irəli gəlir. Bu məsələ ilə bağlı tələbələrin hansı təklifləri vardır?
Zornitsa Zamfirova: Yaxşı olardı ki, bu kurs daha uzunmüddətli olsun. Hətta Azərbaycan mədəniyyətinin (incəsənətinin, ədəbiyyatının, musiqisinin və s.) müxtəlif aspektlərinə diqqət ayıran ayrı-ayrı fənləri də bu kursa daxil etmək olar.
Kuçinskaya Yekaterina - Belarus Dövlət Universitetinin tələbəsi: Fənn mənim üçün faydalı oldu və məndə həm də ona həvəs yaratdı ki, ölkənin nümayəndələri ilə daha çox ünsiyyət yaradım. Çünki siyasət öz yerində, ancaq bu siyasətin hədəfində olan, bu siyasəti öz həyatı ilə yaşayan insanlar real uğurların, yaxud uğursuzluqların daşıyıcıları olaraq etibarlı məlumat qaynaqlarını təşkil edirlər. Daha yaxşı olardı ki, bizim üçün - Belarus Dövlət Universiteti tələbələri üçün - Azərbaycanı tez-tez ziyarət etmək imkanı yaransın. Mən özüm bu yay Azərbaycana Yay məktəbinə məmnuniyyətlə gələcəyəm.
Məryam Akçay - Litva Edukologiya Universitetinin tələbəsi: Elə bilirəm, fənnin tədris keyfiyyətini artırmaq üçün tələbələrin istifadəsinə mədəni müxtəlifliyə müxtəlif ölkələrdən olan ayrı-ayrı millətlərin fərqli münasibətlərini göstərən tədqiqat işlərinin aparılması, yaxud bu qəbildən hansısa materialların verilməsi faydalı olardı.
Rami Əziz - Sapiyenza Universitetinin tələbəsi (İtaliya): Azərbaycanın multikulturalizm modeli mədəni müxtəliflik, mədəniyyətlərarası ünsiyyəti özündə birləşdirən zəngin təcrübədir və bu, həqiqətən, işlək və dinamik bir təcrübədir. Azərbaycan haqqında öyrəndiklərimdən o dərəcədə xoşlandım və bu ölkəni o qədər sevdim ki, vətəndaşlığımı dəyişib Azərbaycanda yaşamağa belə hazıram. Fənnin tədrisinin yaxşılaşdırılması məsələsinə gəlincə isə, materialı daha yaxşı mənimsəmək üçün Bakını və milli azlıqların kompakt yaşadığı yerləri məmnuniyyətlə ziyarət edərdim. Yay məktəblərini səbirsizliklə gözləyirəm.
Diana Koytuk - Karl Universitetinin tələbəsi (Çexiya): Multikulturalizm bir ölkə daxilində müxtəlif etnik-mədəni qrupların dinc yaşamasının ən səmərəli üsuludur. Bu da Azərbaycanın misalında çox gözəl görünür. Düzü, mən Azərbaycanı özüm üçün məhz bu kursun sayəsində kəşf etdim. Tolerantlığın Azərbaycan xalqının tarixi-mədəni xüsusiyyəti olduğunu öyrənmək mənim üçün maraqlı idi. Azərbaycanın siyasəti, tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında məlumatlar da olduqca maraqlı idi. Düşünürəm ki, tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün videomateriallardan yardımçı vasitə kimi daha çox istifadə etmək yaxşı olardı.
Çox istərdim bu gözəl ölkəni ziyarət edim, haqqında çox eşitdiyim qədim Azərbaycan mətbəxinə daxil olan milli yeməkləri dada bilim.
Etibar Nəcəfov: “Azərbaycan multikulturalizmi” adlı fənnin xarici ölkə universitetlərində tədris olunması ideyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir dövrdə qarşımıza qoyduğu ideoloji hədəflərdən biridir. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi bu ideyanın reallaşdırılması və daha geniş intellektual məkanı əhatə etməsi üçün çalışır. 2014-2015-ci tədris ilinin yaz semestrində 7 xarici və 7 ölkədaxili universitetdə bu fənnin tədrisi təcrübəsi, o cümlədən, qazanılan təcrübənin bugünkü virtual “dəyirmi masa”da universitetlərin rəhbərləri, fənni tədris edən müəllimlərin və dinləyən əcnəbi tələbələrin iştirakı ilə müzakirəsi qeyd olunan ideyanın real nəticələr verdiyini, uğurla həyata keçirildiyini sübut edir. Əgər belə olmasaydı, yuxarıda adları sadalanan xarici universitet rəhbərləri bu fənnin gələcəkdə də öz təhsil müəssisələrində davamlı tədrisini arzu etməzdi.
Bugünkü dəyirmi masada bir çox təkliflər səsləndi. Bu təkliflər, ümumilikdə, xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin təkmilləşdirilməsinə yönəlmişdir. Təkliflər fənnin ötən semestrdə xarici ölkə universitetlərində tədrisinin təcrübəsinə əsaslandığına görə faydalıdır. Buna görə də səslənən təkliflərin reallaşdırılması vacibdir.
Hamınıza iştirak üçün təşəkkür edirəm.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24

