Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Multikulturalizm ilimiz mübarək!

Multikulturalizm ilimiz mübarək!

14.01.2016 [09:25]

Yaşadığımız üçüncü minillik, dünyada, bir tərəfdən, elm və texnologiyanın, informatika və qloballaşmanın yüksək səviyyəyə çatması, digər tərəfdən isə, hər bir sahədə çaşqınlıq dövrü kimi xarakterizə olunur. Əslində bu müxtəliflik qarşısında indi insanların gərgin tərəddüdlü yaşantıları müşahidə edilir. Çox mürəkkəb durumda olan dünyamızın tarixində ilk dəfə olaraq mübarizə dəyərlər və kimliklər uğrunda aparılır. Bu dəyərlərin, kimliklərin arxasında isə müxtəlif dini konfessiyalar, mədəniyyətlər, etiqadlar, inkişaf səviyyələri dayanır. Reallıq göstərir ki, bütövlükdə dünya və dünya insanı bu istiqamətdə gedən qarşıdurmalara hazır deyil.
2014-cü ilin oktyabrında Bakıda keçirilən IV Beynəlxalq Humanitar forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaranmış şəraiti müdrikliklə qiymətləndirərək qeyd edirdi ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Reallıqlar təsdiq edir ki, multikulturalizmin alternativi faşizmdir, antisemitizmdir, şovinizmdir, terrordur, müharibədir. Multikulturalizm isə yüksək insani hissləri özündə birləşdirən mədəni müxtəliflik, qarşılıqlı hörmət və səmimiyyətdir.
Sivilizasiyaların qovuşduğu Azərbaycanda təşəkkül tapmış davamlı tolerantlıq mühiti cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən danılmaz tarixi nailiyyətdir. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin siyasi və hüquqi müstəvidə bərpası təmin olundu. Hələ o zamanlar Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də, ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir”.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu ənənələrin qorunub saxlanması müasir mərhələdə dövlətimizin siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan, dini etiqad azadlığından, dövlət-din münasibətlərindən, multikultural dəyərlərdən və demokratik hüquqi şəraitdən lazımınca yararlanmaqdadırlar.
Hazırda dünya birliyində layiqli yerini tutan müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Ölkəmiz əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur. Beynəlxalq forumlara, BMT-nin Dialoq Forumuna, UNESCO-nun və İSESCO-nun mötəbər tədbirlərinə ev sahibliyi edir. Son illərdə dünya dinləri nümayəndələrinin təmsil olunduğu bir sıra ali məclislər - MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclasları, dünya dini liderlərinin beynəlxalq sammitləri Bakıda keçirilir və bu gün Azərbaycan dialoqun, multikulturalizmin sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə təbliğ olunan və dünyaya multikulturalizm nümunəsi kimi təqdim edilən Azərbaycanın tolerantlıq modeli sivilizasiyalararası dialoqun və mədəni əlaqələrin inkişafına, dəyərlərin təşviqinə öz töhfəsini verməkdədir. Azərbaycanın müasir tolerantlıq siyasəti yalnız ölkə hüdudları ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində dini abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqı və hökumətinin dünya mədəni irsinə, dini dəyərlərə verdiyi töhfədir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 8 sentyabr 2015-ci il tarixində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqlı olaraq deyirdi: “Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın”.
Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 may 2015-ci il tarixli (№167) Fərman ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biri oldu. Əslində, belə bir qurumun yaradılması və onun fəaliyyətinin dünyada böyük nüfuz sahibi olan görkəmli elm və ictimai-siyasi xadimləri özündə cəmləşdirən Himayəçilik Şurası tərəfindən istiqamətləndirilməsi və fəaliyyətinə ümumi nəzarəti həyata keçirməsi olduqca əhəmiyyətli və uzaqgörən siyasətin nəticəsi kimi qeyd olunmalıdır.
Fəaliyyətə başlamasından cəmi il yarım ötməsinə baxmayaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün bir sıra uğurlu layihələr həyata keçirmiş, ölkə daxilində multikultural dəyərlərin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində geniş əməli işlər görmüşdür. Qarşıda isə bizi əldə olunan nailiyyətləri genişləndirməklə yanaşı, bir sıra yeni layihələrin icrası gözləyir. Belə ki, əgər biz ötən il “Azərbaycan Multikulturalizmi” fənninin dünyanın 11 ölkəsinin qabaqcıl universitetlərində tədrisinə nail olmuşduqsa, bu il bu siyahıya Polşanın Varşava Universitetinin, İndoneziyanın Qadjax Mada Universitetinin də əlavə olunması üçün zəruri əməli işlər aparırıq.
Ümumiyyətlə isə, yeni ildə çalışacağıq ki, yaxın zamanlarda “Azərbaycan Multikulturalizmi” fənninin Avropa ölkələri ilə yanaşı Şərq ölkələrində də, xüsusilə də Yaponiyada, Misir və digər ərəb ölkələrində tədrisinə nail olaq. Əslində, biz bu sahədə artıq müəyyən addımlar atmış, Şərqin bir sıra qabaqcıl tanınmış universitetləri ilə qarşılıqlı anlaşmalar əldə etmişik və düşünürük ki, yaxın gələcəkdə bu layihələrin reallaşmasına nail olacağıq. Burada bir məsələni xüsusilə önə çəkmək istəyirik ki, həmin universitetlərdə tədrisin aparılmasına yerli elm adamları və mütəxəssislər daha çox cəlb olunsun. Belə bir hal Azərbaycan multikulturalizminin özünəməxsusluğu və xüsusiyyətlərini daha geniş bilən xarici mütəxəssislərin sayca artmasına səbəb olardı. Bu gün bizi sevindirən məqamlardan biri də odur ki, artıq xarici universitetlərin bir neçəsində tələbələr özlərinin gələcək elmi işlərini, mövzularını Azərbaycan multikulturalizminin öyrənilməsi ilə bağlamaq istəyirlər. Nəticədə isə Azərbaycanı sevən, onunla bağlı olan, Azərbaycan reallıqları və həqiqətlərini müdafiə edən insanların sayı çoxalır.
Xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədrisi ilə əlaqədar vahid dərs proqramımız olsa da, hazırda dərslik materialları olduqca azlıq təşkil edir. Qarşımızda duran əsas vəzifələrdən biri məhz belə dərslik kitablarının hazırlanması və çap edilməsidir. Bunun üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi AMEA, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti ilə bərabər yeni layihələr hazırlamış, bu layihələrin icrasına istər ölkəmizdə yaşayan, istərsə də xaricdə fəaliyyət göstərən görkəmli elm xadimləri, mütəxəssislər cəlb edilmişdir.
Hazırda üzərində işlədiyimiz ən mühüm layihələrdən biri Nizamnaməmizə uyğun olaraq ölkə ərazisində və xarici ölkələrdə Mərkəzin filiallarının açılması və nümayəndəliklərin yaradılması layihəsidir. Layihənin gerçəkləşdirilməsi üçün artıq bir sıra ölkələrin müvafiq qurumları ilə danışıqlara da başlamışıq.
Böyük bir tarixi keçmişə və müasirliyə əsaslanan Azərbaycan multikulturalizminin özünəməxsusluğu və dünya tərəfindən bir model olaraq qəbul edilməsi xüsusiyyətləri və əhəmiyyəti barədə biz yalnız universitet auditoriyalarında tədrisi aparmaqla kifayətlənmirik, bu işin həmçinin müxtəlif ictimai-siyasi təşkilatlarda, konfrans və seminarlarda, müxtəlif görüş və forumlarda təqdim olunmasına önəm veririk. Ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bilavasitə təşəbbüsü ilə 6 virtual “dəyirmi masa” keçirilmiş və onlardan 3-ü ingilis, rus və Azərbaycan dilində toplanaraq nəfis kitabça şəklində çap edilmişdir. Keçirilən virtual “dəyirmi masa”ların iştirakçıları dünyanın nüfuzlu ictimai-siyasi, elm xadimləri, müəllim və tələbələr olublar. Yeni ildə biz bu sahədə əldə olunan nailiyyətləri genişləndirməklə virtual “masa”lara ictimaiyyətin daha geniş nümayəndələrini cəlb etməklə müxtəlif dillərdə kitab formasında nəşr edilməsini nəzərdə tuturuq.
2015-ci il ərzində biz “Multikulturalizmə giriş” (bakalavr pilləsi) və “Azərbaycan Multikulturalizmi” (magistr pilləsi) fənlərinin ölkəmizdəki 20 universitetdə tədrisinə nail olmuşduq. Bu il ali məktəblərin əhatə dairəsini genişləndirməklə yanaşı, həmin fənlərin daha çox dəqiq elmləri öyrənən ali məktəb və kolleclərdə tədrisinə nail olmağa çalışacağıq. Həyat göstərir ki, tariximizi, mədəniyyətimizi, dini inanclarımızı və əxlaqi dəyərlərin öyrənilməsini özündə ehtiva edən multikulturalizmin orta məktəblərdə də öyrənilməsinə ciddi ehtiyac duyulur. Hesab edirik ki, müasir mərhələdə zəmanəmizə qədər gəlib çatmış yüksək əxlaqi dəyərlərin daha geniş ampluada təbliğinə böyük zərurət var.
Azərbaycan və xarici ölkələrin bütünlükdə 24 universitetindən “Azərbaycan Multikulturalizmi” fənni üzrə yüksək qiymət alan 70-ə yaxın tələbəsinin 2015-ci ilin yayında “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” devizi altında reallaşdırılan Yay məktəbinin nəticələri və bu layihənin iştirakçısı olan gənclərin bu günədək bizə göndərdikləri rəylər təsdiq edir ki, onlar həmin fənnin öyrənilməsindən çox məmnundurlar və bu fənni öyrənmək istəyənlərin sayı getdikcə artmaqdadır. Hazırda biz Yay məktəbinin davamı olaraq 8-17 fevral 2016-cı ildə baş tutacaq Beynəlxalq Qış məktəbinə ciddi hazırlıq işləri görürük. İnanırıq ki, həyata keçirdiyimiz bu tədbirlər dünyada Azərbaycan dostlarının sayını bir qədər də artıracaq.
Azərbaycan Respublikasında mədəni etnoqrafik müxtəlifliyin azərbaycançılıq məfkurəsinin inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib reallaşdırmaq, Azərbaycan gerçəkliyinin mədəni-sosial, siyasi mahiyyətinin təbliği mexanizmini hazırlamaq vəzifələrinin yerinə yetirilməsi istiqamətində Mərkəz tərəfindən 3 layihənin işlənməsinə başlanmışdır. Belə ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” kitablarının hazırlanması və nəşr edilməsi üçün işçi qrupları yaradılmış və Mərkəzin təşkilatçılığı ilə gərgin işlər həyata keçirilmişdir. Məlumat üçün deyə bilərəm ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı üzərində son tamamlanma işləri görülür, digər iki mühüm kitabın 2016-cı il ərzində hazırlanaraq çapa verilməsi mühüm vəzifə kimi qarşıda durur. Hesab edirik ki, bütün bunlar təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən şəxsiyyətin mənəvi bütövlüyünün ahəngdar inkişafına mane olan müəyyən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində konkret layihələrin gerçəkləşdirilməsini təmin edəcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2016-cı il ərzində digər bir sıra layihələrin reallaşdırılmasını da nəzərdə tutur ki, onlardan bəziləri haqqında da qısa şəkildə söz açmaq istərdik. Belə ki, bu il ərzində Mərkəzin nəzdində dünya multikulturalizm araşdırmalarını özündə ehtiva edən “Multikulturalizm kitabxanası”nın yaradılmasını, Mərkəzin rəsmi internet saytının Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsinin təmin edilməsini, Azərbaycan, ingilis və rus dillərində kütləvi populyar jurnalının nəşrini, Qazax rayonunda “Multikulturalizm muzeyi”nin istifadəyə verilməsini reallaşdırmaq kimi vəzifələr bizi gözləyir.
2016-cı ildə respublikamız müstəqilliyinin 25 illiyini təntənə ilə keçirəcək. Bu mühüm siyasi hadisə ilə əlaqədar Mərkəzimiz geniş tədbirlər planı hazırlayır və onun icrasına layiqincə nail olmağa çalışacağıq.
Ötən il ərzində görülən bu işlər, heç şübhəsiz, multikulturalizmin Azərbaycanın dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrilməsinə az da olsa töhfə verdi. Ölkəmizdə bu sahədə aparılan işləri yüksək dəyərləndirən və ümumilikdə Azərbaycanın gələcək inkişafının konturlarını öz dərin ağlı və uzaqgörənliyi ilə dəqiqliklə müəyyən edən ölkə Prezidenti İlham Əliyev məhz bu səbəbdən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bağlı qərar qəbul etdi. Bu qərar və imzalanmış müvafiq Sərəncamda qoyulan konkret məsələlər bizim üzərimizə daha böyük və şərəfli missiya qoyur. Sərəncamda qeyd edilən “Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir” sözləri məsuliyyətimizin mühümlüyünün göstəricisidir. İnanırıq ki, ölkə Prezidentinin tövsiyəsi ilə bu il və gələcək illərdə reallaşdırılması nəzərdə tutulan tədbirlər planının hazırlanması və burada qeyd ediləcək konkret hədəflərə çatmaq üçün var qüvvəmizlə çalışacaq və göstərilən etimadı layiqincə doğruldacağıq.
Göründüyü kimi, bizi qarşıda böyük işlər gözləyir. Ölkə Prezidenti İlham Əliyev cənablarının yeritdiyi müdrik daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyərək əmin etmək istəyirik ki, babalarımızdan bizə miras qalan xalqlarımızın birlik və bərabərliyini daha da möhkəmləndirmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq yolunda bütün qüvvə və bacarığımızı səfərbər edəcəyik.
Multikulturalizm ilimiz mübarək!
Aytən Qəhrəman,
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin müşaviri

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30