Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Mənə göstərilən etimadı layiqincə doğrultmağa çalışacam”

“Mənə göstərilən etimadı layiqincə doğrultmağa çalışacam”

03.03.2016 [10:07]

Nəsib Məhəməliyev: İnanırıq ki, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcək

 

*** ÖMÜR YOLU ***
Məhəməliyev Nəsib Məhəmməd oğlu 1961-ci ildə Balakən rayonunun Qazıma kəndində anadan olub. Kuybışev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 1982-ci ildə Saransk şəhərində 2 saylı təmir-tikinti idarəsində başlayıb. N.Məhəməliyev 1989-cu ilə qədər Kuybışev və Saransk şəhərində müxtəlif vəzifələrdə işləyib. 1989-cu ildən 2000-ci ilin iyul ayına qədər Azərbaycan Dəmir Yolu Balakən stansiyasında növbətçi, rəis vəzifələrində çalışıb. 27 iyul 2000-ci ildən 3 mart 2006-cı ilə qədər Balakən rayon İcra Hakimiyyətinin başçısı, 3 mart 2006-cı ildən 2 sentyabr 2015-ci ilə qədər isə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırda Milli Məclisin deputatıdır.
Evlidir, üç övladı var.

 

Məlum olduğu kimi, ötən il noyabrın 1-də keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) növbəti möhtəşəm qələbəyə imza atdı. YAP-ın irəli sürdüyü namizədlərdən 71 nəfəri seçicilərin etimadını qazanaraq Milli Məclisdə təmsil olunmaq hüququ əldə etdi. Təbii ki, YAP-dan seçilmiş millət vəkilləri sırasında bu haqqı ilk dəfə qazanmış üzvlər də var. “Deputat kürsüsü” rubrikasında da Milli Məclisin yeni üzvlərini oxucularımıza təqdim edir, onların həyat və fəaliyyəti, hadisələrə baxışları, ictimai-siyasi proseslərdə rolu barədə məlumat veririk. Rubrikamızın növbəti qonağı 109 saylı Balakən Seçki Dairəsindən millət vəkili seçilmiş Nəsib Məhəməliyevdir.
İcra strukturlarında işləyərkən üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışam
- Nəsib müəllim, siz uzun müddət icraedici hakimiyyətdə yüksək vəzifə tutmusunuz, hazırda isə qanunverici orqanda təmsil olunursunuz - Milli Məclisin deputatısınız. Bu kontekstdə ölkəmizdə qanunvericilik sahəsində həyata keçirilən tədbirləri, ümumiyyətlə, qanunverici hakimiyyətin dövlət quruculuğuna töhfəsini necə dəyərləndirirsiniz?
- Mən 15 ildən artıq müddətdə icra hakimiyyəti orqanlarında rəhbər vəzifədə çalışmışam. 2000-ci ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyev tərəfindən Balakən rayonu, 2006-cı il mart ayının 3-də isə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Nəsimi rayonu İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişəm. Bəhs edilən müddət ərzində çalışmışam ki, həm Ümummilli lider Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin tapşırıqlarını layiqli şəkildə icra edim, qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirim.
2015-ci il parlament seçkilərində isə Yeni Azərbaycan Partiyası 109 saylı Balakən Seçki Dairəsindən namizədliyimi irəli sürdü və nəticələrə uyğun olaraq millət vəkili seçildim. Buna görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə və partiya rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Bundan sonra çalışacam ki, qanunvericilik prosesində fəal iştirak edim və göstərilən etimadı layiqincə doğruldum.
Bildiyiniz kimi, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsi - referendum əsasında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. Bu Konstitusiya əsasında ötən müddət ərzində Milli Məclis tərəfindən müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edilib. Zamanın tələbinə uyğun olaraq müxtəlif qanunlara əlavə və dəyişikliklər edilib ki, bütün bunlar qanunverici hakimiyyətin dövlət quruculuğuna töhfəsi kimi qiymətləndirilə bilər.
- Məlum olduğu kimi, Azərbaycanda bütün sahələrin inkişafını təmin edən başlıca amillərdən biri ardıcıl olaraq həyata keçirilən islahatlardır. Eyni zamanda, Prezident İlham Əliyev son çıxışlarında 2016-cı ilin Azərbaycan üçün islahatlar ili olacağını diqqətə çatdırıb və qarşıda duran vəzifələri müəyyənləşdirib. Bu barədə nə deyə bilərsiniz?
- “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev qlobal maliyyə-iqtisadi böhranın fonunda qarşıda duran vəzifələri çox dəqiqliklə ifadə etdi və ictimaiyyətə aydın mesajlar verdi. Həmin konfransdan sonra sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması, məmur özbaşınalıqlarının, ayrı-ayrı icra strukturlarında yaranmış bürokratik əngəllərin aradan qaldırılması, gömrük, vergi orqanlarında şəffaflığın təmin edilməsi, ixrac əməliyyatlarının stimullaşdırılması baxımından atılan addımlar, apelyasiya şuralarının yaradılması və digər tədbirlər olduqca müsbət qiymətləndirilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqları, şübhəsiz, postneft dövründə Azərbaycan iqtisadiyyatının şaxələnməsində, inkişafında müstəsna rol oynayacaq və inanırıq ki, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcək.
Təmsil etdiyim bölgənin turizm imkanları genişdir
- Dövlət başçısı tərəfindən yerli istehsalın stimullaşdırılması, bölgələrdə sənaye zonalarının yaradılması ilə bağlı da tövsiyə və tapşırıqlar verilib. Bu baxımdan, təmsil etdiyiniz bölgənin potensialını necə dəyərləndirirsiniz?
- Ötən ay Balakən rayonunda 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi və mən də həmin tədbirdə çıxış edərək bu məsələlər ilə bağlı təkliflərimi verdim. Bilirsiniz ki, Balakən Azərbaycanın sərhəd bölgəsində yerləşən, mərkəzdən uzaq bir rayonudur. Rayon ərazisinin 60 faizdən çoxu dağlıq hissədir. Bu isə, təbii ki, kənd təsərrüfatı üçün elə də yararlı deyil. Əhali rayon ərazisinin 40 faizində məskunlaşıb və burada çox sıxlıq var. Sovet dövründə yaranmış kolxoz, sovxozlardan sonra torpaq islahatı aparıldı və əhalinin torpaq payları bir sıra hallarda yaşadıqları yerdən 20-25 km aralıda yerləşir. Bu baxımdan, mən təklif etdim ki, kənd turizminin, ekoturizmin inkişafı üçün münbit şəraitdən istifadə edilsin. Rayon ərazisində yerli və respublika əhəmiyyətli çoxlu tarixi-memarlıq abidələri mövcuddur. Rayon ərazisində bir çox tarixi abidələri bələdiyyələr vasitəsilə, yerli potensialdan istifadə etməklə bərpa etmək olar. Həmçinin ekoloji cəhətdən təmiz ərzaqlardan istifadə etməklə ayrı-ayrı yerlərdə ekoloji turizmi inkişaf etdirmək mümkündür. Bundan başqa, rayonun cənub hissəsində kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün olduqca münbit şərait mövcuddur.
Balakən rayonunda logistik mərkəzlərin yaradılması da olduqca effektiv olar. Logistik mərkəzlərin informasiya-məlumat bazalarının yaradılması əhalinin məşğulluq səviyyəsinin artırılmasına çox böyük dəstək ola bilər. Bu, öz məhsullarını ixrac etmək istəyənlərin müvafiq məlumatlar almaları üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
- Siz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüsünüz. Məlumdur ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir, ikitərəfli münasibətləri uğurla inkişaf etdirir. Bu istiqamətdə hazırkı durumu və perspektivləri necə xarakterizə edirsiniz, parlament bu əlaqələrə hansı töhfələri verir?
- Azərbaycan beynəlxalq hüququn subyekti kimi bir çox regional və beynəlxalq təşkilatların üzvüdür. Ümumilikdə, Azərbaycanın xarici əlaqələrinin, beynəlxalq əməkdaşlığının inkişafında parlamentin müstəsna rolu var, onun Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Əksər ölkələrlə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir, dünya ölkələrində Azərbaycanın maraqlarının təmin olunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycanın maraqlarının təmin olunması istiqamətində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmizə qarşı məkrli planlar, xüsusilə erməni lobbisinin siyasəti iflasa uğrayır. Bunu həmin dairələrin özləri də etiraf edirlər.
Azərbaycanın multikulturalizm ənənəsi və təcrübəsi dünya miqyasında nümunədir
- Bildiyiniz kimi, Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” elan olunub və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bu barədə düşüncələrinizi bilmək istərdik...
- Dövlət başçısı tərəfindən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması dünyaya mesajdır. Yəni, dünyada baş verən dağıdıcı proseslər - müharibələr, qarşıdurmalar bu hadisələrin cərəyan etdiyi ölkələrdə həm də tolerantlığın olmaması, irqi, dini, milli ayrı-seçkiliyin mövcudluğu səbəbindən ortaya çıxıb. Belə olan şəraitdə tolerantlığın, multikulturalizm ideyalarının əhəmiyyəti daha yaxşı dərk edilir.
Ümumiyyətlə, tolerantlıq nümunəsi olan Azərbaycanın multikulturalizm ənənəsi və təcrübəsi dünya miqyasında nümunədir. Azərbaycan xalqı multikulturalizm ənənələrini yaşadan toplum kimi tanınır. Həm xalqımızın tolerantlığı, həm dövlət tərəfindən milli həmrəyliyə əsaslanan siyasətin həyata keçirilməsi Azərbaycanı bu cür təlatümlərdən xilas edib. Hər bir azərbaycanlı bu məqamı xüsusi vurğulamalıdır.
Mütaliəni və idmanla məşğul olmağı çox sevirəm
- Nəsib müəllim, bir qədər siyasətdən kənar məsələlərə toxunaq. Asudə vaxtınızı necə dəyərləndirirsiniz, mütaliəyə və istirahətə yetərincə vaxt ayıra bilirsinizmi?
- Adətən, idmanla məşğul olmağı üstün tuturam. Bir çox idman növləri ilə məşğul olmağı sevirəm, məsələn, voleybol oynamağı, üzgüçülüyü, eyni zamanda, ekstremal idman növlərini xoşlayıram, “fitnes”lə, qışda dağ xizəkçiliyi ilə məşğul oluram.
Bundan başqa, kitab oxumağı - mütaliəni sevirəm, dünya və Azərbaycan klassiklərini oxuyuram. İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyim zaman işlərin çoxluğu ilə əlaqədar kitab oxumaq üçün çox məhdud vaxtım olurdu, amma indi mütaliəni bərpa etmişəm. Həm yerli, həm də xarici ədəbiyyatı oxuyuram.
- Bəs övladlarınız sizin yolunuzu davam etdirirmi?
- Üç övladım - iki oğlum, bir qızım var. Böyük oğlum ali təhsilin bakalavr və magistratura səviyyələrini bitirib, hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində işləyir. Kiçik oğlum xaricdə - Almaniyada ali təhsil alır, artıq təhsilini bitirmək üzrədir. Təhsil alarkən proqram əsasında BMT-nin Baş Assambleyasında Yamayka iqtisadiyyatı ilə bağlı tələbələr qarşısında məruzə edib. Onlarda belə bir şərt var ki, təhsil aldıqdan sonra 6 ay müddətində işləməli və diplom almalıdır. Buna görə də, hazırda bir firmada çalışır, özünü tam təmin edir. Qızım isə Qafqaz Universitetində təhsil alır. Mən hər zaman övladlarımın təhsilinə xüsusi diqqət yetirirəm. Çalışmışam ki, onlar yüksək bilik qazanaraq, cəmiyyətimizin inkişafına öz töhfələrini versinlər.
- Müsahibə üçün təşəkkür edirik...
- Mən də “Yeni Azərbaycan” qəzetinin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm. “Yeni Azərbaycan” qəzeti çoxminli partiyamızın tribunasıdır. Hər bir vətəndaş cəmiyyətdə, partiyada baş verən prosesləri izləmək üçün bu qəzetdən məlumatlar alır. Həmçinin qəzetinizdə ən müxtəlif mövzuları əhatə edən maraqlı yazılar dərc olunur.
Bildiyim qədər kollektiviniz əsasən gənclərdən formalaşıb. Ümumiyyətlə, ölkəmizdə çox intellektual gənclər yetişir. Hər zaman istedadlı, savadlı, qabiliyyətli gəncləri üzə çıxarıb onların potensialından istifadə etmək lazımdır. Bu baxımdan, kollektivinizə yeni-yeni uğurlar arzulayıram.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 832 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30