Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?

Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?

30.03.2016 [11:14]

Bu gün dünyada ciddi narahatlıq doğuran məsələlərdən biri qlobal miqyasda milli, dini və irqi zəmində münaqişələrin artması, xalqlar arasında inteqrasiyanın zəifləməsidir. Bir sıra subyektlərin diskriminasiya yaradan amil rolunda çıxış etməsi, din pərdəsi arxasında, eləcə də milli zəmində qarşıdurmalar yaratması multikultural dəyərlərin inkişafına, inteqrasiyaya böyük ziyan vurur. Bu hal istər dinlərarası dialoq mühitinə, istərsə də sivilizasiyalararası inteqrasiyaya qarşı yönəlməklə yanaşı, ekstremist-radikal qruplaşmaların din və ya milliyyətçilik adı altında insan azadlıqlarının məhdudlaşdırılmasına xidmət göstərir.
Sevindirici haldır ki, hər zaman dünyaya tolerantlıq və dialoq məkanı olaraq nümunə göstərilən Azərbaycan dövlətində bu gün multikultural dəyərlər yaşamaqda və inkişaf etməkdədir. İqtisadi inkişafına görə regionun aparıcı dövləti olan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkə kimi xarakterizə edilir. Ölkəmizdə milli, dini, irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq, mədəni dialoq mühitinin əsas komponentləri kimi çıxış edir. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə diqqət göstərilir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişafı istiqamətində mühüm addımlar atıldı. Belə ki, müstəqillik əldə olunan zaman ölkəmizdə 20-yə yaxın məscid var idi. Ulu öndər Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını gücləndirməklə Azərbaycanın, o cümlədən, Özünün İslam dininə münasibətini nümayiş etdirdi. Bundan başqa, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav Kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdi və ona baş kafedral kilsə statusu verdi. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu.
2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün katolik icmasına xüsusi bina verildi və bu bina kiçik kilsəyə çevrildi. Hazırda respublikamızın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edilib ki, xarici görkəminə görə o, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb.
Ən əsası isə Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər hüquqla təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutuna çevrildi. Bununla bərabər, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi, hər bir kəs dinə münasibətini müəyyənləşdirməsində, dini etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak etməsində, dini öyrənməsi yolunda azaddır. Lakin, təbii olaraq, dini etiqadların, dini həyat tərzinin, ibadətlərin zor işlədilməklə və ya insanlar arasında nifaq salmaq məqsədi ilə təbliği, dini etiqada məcbur etmək, eləcə də dini fəaliyyət adı altında dövlət əleyhinə iş aparmaq da qadağandır. Bugünkü gerçəklik onu göstərir ki, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycanda dini etiqad azadlığı təkcə sözdə və qanunlarda deyil, insanların gündəlik yaşamlarında da öz əksini tapır. Dini fəaliyyət sahəsində dövlət siyasətini isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Komitə öz səlahiyyətləri daxilində aktlar qəbul edir, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına əməl edilməsinə nəzarət edir. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş yüzlərlə dini icma mövcuddur. Bu icmalar onlar üçün yaradılmış geniş imkanlardan istifadə edərək azad fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycana gələn müxtəlif dinlərə mənsub olan xarici vətəndaşlar da ölkədəki dini tolerantlıq ab-havasını hiss edirlər.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan dövləti dünyada həm də İslam həmrəyliyinin daha da möhkəmlənməsinə, müsəlman dövlətlərinin inteqrasiyasına öz töhfəsini verməkdədir. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı uğurlu fəaliyyəti, eləcə də qurumun gənclər platformasında mühüm layihələrin həyata keçirilməsi, dövlətlərarası əlaqələrin inkişafındakı rolu bunu deməyə əsas verir. O cümlədən, mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində hər zaman aktiv fəaliyyəti ilə seçilir. İSESCO-nun fəal üzvü kimi Azərbaycan İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işində yaxından iştirak edir. Təsadüfi deyil ki, 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilən Bakının ardından 2018-ci ildə Naxçıvan şəhəri də bu missiyanı daşıyacaq.
Bundan başqa, dinlərarası dialoq mühitinin formalaşmasında ölkəmizin oynadığı rol hər zaman dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Mütəmadi olaraq fərqli dinlərin daşıyıcılarının, eləcə də müxtəlif millətlərin nümayəndələrinin inteqrasiyasının intensivləşdirilməsi istiqamətindəki müzakirələrə məhz Azərbaycan paytaxtı ev sahibliyi edir.
Həqiqətən də, Azərbaycan dövləti tolerantlıq nümunəsi olmaqla yanaşı, sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr verir. Təsadüfi deyil ki, 2016-cı il ölkə Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilib. Bu isə özlüyündə multikultural dəyərlərin inkişafı və yaşadılması ilə yanaşı təbliğini də özündə əks etdirir.
Ölkədə etnik-milli və dini tolerantlığın inkişafında, habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban xanım Əliyeva nəinki ölkəmizdə, habelə xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını prioritetlərindən biri hesab edir. Son illər Fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi, Parisdə Versal sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabəsi bərpa edilib, eləcə də Vatikanda bir sıra tarixi abidələr restavrasiya olunub. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən Hollandiya, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə bir sıra təhsil ocaqları müasirləşdirilib, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal layihələrə imza atılıb.
Qeyd etdiyimiz kimi, Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır və sivilizasiyaların dialoq məkanı kimi tanınır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilir, fərqli dinlərin və millətlərin nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər qlobal problemlərin müzakirəsini aparırlar. Təsadüfi deyil ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da ölkəmizdə baş tutacaq. Aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu mühüm platformadır. Ötən il oktyabrın 1-də BMT Baş Assambleyası çərçivəsində keçirilən iclasda Forumun təqdimatı keçirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən BMT Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Forumun loqotipi təsdiqlənib və veb-saytı (baku.unaoc.org) açılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Sivilizasiyalar Alyansının Qlobal Forumu dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi, doğrudan da, həm bizə verilən böyük qiymətdir, həm də ki bizim üçün böyük şərəfdir”.
Əlavə edək ki, Forum çərçivəsində iki gün ərzində 40 tədbirin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, aprelin 25-də gənclərlə bağlı tədbir keçiriləcək və burada BMT-nin baş katibi Pan Gi Mun da iştirak edəcək.
Bəli, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu kimi tədbirlərin keçirilməsi üçün ideal məkan olduğunu bir daha sübuta yetirir. Mühüm beynəlxalq tədbirlərin Azərbaycan paytaxtında keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırır. Bir daha təsdiqlənir ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu məkan olaraq bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir.
Pərviz SADAYOĞLU
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30