Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb

13.05.2016 [10:12]

Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mükafatlandırılma mərasiminə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, ali təhsil ocaqlarının rektorları, müxtəlif yaradıcı təşkilatların rəhbər və nümayəndələri qatılıblar. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların - Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav, Katolik, Dağ və Avropa Yəhudiləri dini icmaları, Heydər Məscidi, Mir Mövsüm Ağa ziyarətgahı, Gəncə və Bərdə imamzadələri, Lənkəran, Zaqatala, Qusar rayon dini icmalarının tədbirdə iştirakı və müsabiqə iştirakçıları arasından öz qaliblərini seçərək mükafatlandırması mərasimə xüsusi rəng qatıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yaradıcılıq Fondunun sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın təşəkkülü və inkişafında böyük xidmətlərini qeyd edib. O bildirib ki, bu gün ölkəmizdə multikulturalizm və tolerantlığın varlığı Ulu öndər Heydər Əliyevin siyasətinin təntənəsidir. Dövlət müşaviri bu gün Azərbaycanın dünyaya təqdim edəcəyi bir çox dəyərlərinin olduğunu diqqətə çatdırıb, müsabiqənin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür edib, onların fəaliyyətini yüksək qiymətləndirib. “Müsabiqəyə belə böyük maraq gənclərimizin saflığının göstəricisidir”, - deyən Kamal Abdullayev bu cür müsabiqələrin davamlı olacağını, digər səmavi dinlərin müqəddəs kitablarının motivləri əsasında da müxtəlif yaradıcılıq müsabiqələrinin keçiriləcəyini bildirib.
Çıxışını yekunlaşdıran Kamal Abdullayev birinci yerin qalibinə - “85-ci gün” adlı hekayənin müəllifi Mirmehdi Ağaoğluna mükafatı təqdim edib.
Mərasimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbindən heç zaman silinməyəcək xatirəsinə ehtiramın ifadəsi olan bu tədbir həm də ölkəmizdə Ulu öndərin banisi olduğu multikulturalizm siyasətinin, tolerantlıq təntənəsinin göstəricisidir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi və bu il icrası nəzərdə tutulan tədbirlərin davamlı şəkildə həyata keçirilməsi, ölkəmizin multikulturalizm mərkəzi kimi dünyaya təqdim olunması hər bir Azərbaycan vətəndaşının xidmətidir. Ölkəmizdə müxtəlif dini icmaların nümayəndələrinin sülh, dostluq şəraitində yaşaması Azərbaycanı bir çox ölkələr üçün multikulturalizm və tolerantlığın nümunəsinə çevirib.
Sonra Mübariz Qurbanlı “157, 158” adlı hekayəsinə görə ikinci yerə layiq görülmüş Elçin Aslangilə mükafatı təqdim edib.
Üçüncü yerin qalibinə - “Katarsis” adlı hekayənin müəllifi Günel Eyvazlıya isə mükafatı layihənin reallaşmasına dəstək göstərmiş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təqdim edib.
Daha sonra müsabiqəyə təqdim olunmuş hekayələr arasından öz qalibini seçən qurumlar - Mədəniyyət və Turizm Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Bakı Dövlət Universiteti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı, Mətbuat Şurası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Universiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı İslam Universiteti, Heydər Məscidi, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Mir Mövsüm Ağa ziyarətgahı, Azərbaycan Texniki Universiteti, Gəncə İmamzadə ziyarətgahı, Lənkəran şəhəri Böyük Bazar “Cümə” məscidi, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icması, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Milli Kitabxana, Qusar rayonu Hil kəndi dini icması, Zaqatala rayonu Əliabad qəsəbəsi “Cümə” məscidi, Avropa Yəhudilərinin Bakı dini icması, “525-ci qəzet”, Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bərdə şəhəri “İmamzadə” məscidi dini icması, Bakı Musiqi Akademiyası öz qaliblərinin adlarını elan edərək onları müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıblar.
Mükafatlandırma mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli belə müsabiqələrin keçirilməsinin müstəsna əhəmiyyəti olduğunu qeyd edib. “Xristianlar dini motivlər əsasında çox ciddi musiqi əsərləri yaradıblar, ancaq biz bu məsələlərdə xeyli gecikirik”, - deyə çıxışını davam etdirən Fərhad Bədəlbəyli bildirib ki, bu tədbir məhz bu baxımdan müstəsna əhəmiyyətə malikdir: “Ümid etmək istərdim ki, bizdə də bu məqama diqqət yetiriləcək və dini motivlər əsasında gözəl əsərlər yaranacaq”.
Fərhad Bədəlbəyli daha sonra “Pərvərdigara” əsərini ifa edib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxışında bildirib ki, indiyədək çox tədbirdə iştirak edib, ancaq bu cür özünəməxsus tədbir görməyib: “Hansı dinin məsuliyyəti ilə dünyaya gəlmək alın yazısıdır. Multikulturalizm, tolerantlıq isə din adlı üzüyün qaşıdır. Biz multikultural dəyərləri qorumaqla, öz tolerantlığımızla bu üzüyün qaşını parıldadırıq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov bu günün müqəddəs bayram olduğunu bildirib: “Kitabla bağlı olan bayram müqəddəsdir. Müqəddəs kitabla bağlı olan tədbir isə ikiqat bayramdır”.
Rəfael Hüseynov həmçinin, Ulu öndər Heydər Əliyevin dini dəyərlərə çox yüksək qiymət verməsi ilə bağlı xatirələrini bölüşüb.
Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi Tahir Abbasov və başqaları öz qaliblərinə mükafatlar təqdim etdikdən sonra belə layihələrin keçirilməsinin əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin davamlı olacağına inamlarını ifadə ediblər.
Qeyd edək ki, müsabiqənin münsifləri - filologiya elmləri doktoru, professor, tənqidçi Tehran Əlişanoğlu, ilahiyyat üzrə fəlsəfə doktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu, “525-ci qəzet”in redaktor müavini Seyfəddin Hüseynli tərəfindən dəyərləndirilən hekayələr arasından müəyyən olunan ilk 3 yerin sahibinə müvafiq olaraq 700, 500 və 300 manat pul mükafatı və diplomlar, digər müəlliflərə isə müxtəlif qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.
Beləliklə, Azərbaycanda ilk dəfə olaraq müxtəlif səmavi dinlərin nümayəndələri, paytaxt və regionlarımızdan olan müxtəlif dini icma rəhbərləri, yaradıcı təşkilatlar, ali təhsil ocaqları, ölkə ziyalıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin parlaq şəxsiyyəti işığında bir araya gələrək belə bir tədbirin reallaşmasına, Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin daha da möhkəmlənməsinə öz töhfələrini veriblər.
Daha sonra mərasimin bədii hissə ilə davam etdirilib. Gənc Tamaşaçılar Teatrının aktrisası Zenfira Əbdülsəmədova Hüseyn Cavidin “Qız məktəbində” şeirini söyləyib, həmçinin “Savalan” qrupunun ifasında “İlahilər” səsləndirilib.

Paylaş:
Baxılıb: 906 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30