Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mediası aprel döyüşlərində peşəkar davranış nümayiş etdirdi

Azərbaycan mediası aprel döyüşlərində peşəkar davranış nümayiş etdirdi

15.07.2016 [09:52]

Ölkəmizin vətəndaş cəmiyyəti institutlarının, mətbuatın və internet media resurslarının milli maraqlara söykənən mövqe nümayiş etdirməsi düşmənin informasiya məkanında da məğlub olmasını şərtləndirdi
141 illik dövrdə böyük inkişaf yolu keçmiş Azərbaycanın milli mediası ötən zaman ərzində mühüm irəliləyişlər əldə edib. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkəmizdə azad mətbuatın, plüralizmin formalaşmasında, eləcə də media ilə bağlı mühüm hüquq və azadlıqların təsbitində əsaslı rol oynayıb. Bu gün istər Azərbaycan Konstitusiyasında, istərsə də milli qanunvericiliyimizdə azad sözün qorunması ilə bağlı mühüm müddəalar öz əksini tapmaqdadır.
Bununla yanaşı, milli mediamızın dövlət maraqlarından çıxış etməsinin, Azərbaycanın milli mənafeyinin qorunmasına xidmət göstərən fəaliyyət nümayiş etdirməsinin vacibliyi hər zaman müzakirə edilən məsələlərdəndir. Çünki 20 ildən artıqdır Ermənistanın hərbi təcavüzü nəticəsində müharibə şəraitində yaşayan Azərbaycan dövləti cəbhə xətti boyunca mütəmadi olaraq düşmən təxribatları ilə üz-üzə qalmalı olur. Bu cür kritik məqamlarda isə medianın davranışında, informasiya mübadiləsində milli maraqların qorunması prinsipi mütləq şəkildə ön plana keçməlidir.
2014-cü ilin sentyabrında imzalanan Sərəncam KİV təmsilçilərinin cəbhə bölgəsində baş verənlərə daha həssas yanaşmasına yol açdı
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2014-cü ilin avqustunda cəbhədə gərginliyin yaranması ilə əlaqədar Azərbaycanın bəzi KİV-lərində, xüsusilə də internet media və sosial şəbəkələrdə çox ziyanlı süni ajiotaj müşahidə edilmişdi. Həmin dövrdə cəbhə xəttində erməni təxribatları ilə bağlı informasiyalarla spekulyasiya etməyə çalışan, yalan məlumatlar yayaraq ictimai rəydə çaşqınlıq yaradan bir sıra internet media təmsilçiləri, eləcə də düşmən dəyirmanına su tökməyə niyyətlənən, anti-azərbaycançı mövqe tutan qəzetlər dezinformasiyalar yayırdılar. Adını media orqanı qoymuş həmin qurumların hərəkətləri əhali arasında da narazılıq yaratmışdı. Həmin media təmsilçilərinin açıq şəkildə Azərbaycanın milli maraqlarının qorunması prinsipinə riayət etməməsinin, düşmən mövqeyinə xidmət göstərən yalanları tirajlamasının qarşısı alındı. Belə ki, 2014-cü il avqustun 29-da Prezident Administrasiyası rəhbərinin sədrliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə geniş müşavirə keçirildi, mövcud vəziyyət dərindən təhlil olundu, KİV-lərə və mətbuat xidmətlərinə müvafiq tövsiyələr verildi. Sentyabrın 24-də isə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzaladı. Sərəncamda bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyət qaydalarının hazırlanması və təsdiq edilməsi, Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların yayılmasının yolverilməzliyi, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər öz əksini tapdı. Sonrakı dövrdə genişmiqyaslı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, hərbi sahədən yazan jurnalistlərin peşəkarlığının yüksəldilməsi, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi və xüsusilə yeni medianın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü addımlar atıldı. Təbii ki, bütün bu tədbirlər təsirsiz qalmadı.
Belə ki, bu ilin aprel ayında qoşunların təmas xətti boyunca yenidən təxribatlar törədən ermənilər Azərbaycan Ordusunun layiqli cavabı ilə üz-üzə qaldılar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü və modern ordusu olan Azərbaycanın Silahlı Qüvvələri nəinki düşməni yerinə oturtdu, eləcə də işğal altında olan mühüm yüksəklikləri geri qaytarmağa nail oldu.
Belə çətin bir məqamda Azərbaycanın milli mediasının davranışının ötən illərdən kəskin fərqləndiyini desək yanılmarıq. Təbii ki, bu prosesdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti sektorunun əməyi də xüsusi olaraq qeyd edilməlidir. Məhz nazirliyin informasiya mübadiləsi məsələsinə cavabdeh olan sektorunun işinin operativ qurulması istər daxili, istərsə də xarici sferada yanlış, yalan və qərəzli xəbərlərin yayılmasının qarşısını aldı.
Vurğulayaq ki, aprel hadisələri zamanı milli media təmsilçilərinin mütəmadi şəkildə cəbhənin təmas xəttindən olan və rəsmi mənbəyə əsaslanan xəbərləri yayımlaması sosial şəbəkələrdə yalan məlumatların yayılmasının qarşısını aldı. Bir sıra antimilli xarakterə malik qrupların Azərbaycan əleyhinə yalan məlumatlar yaymaq cəhdləri uğursuzluqla nəticələndi. Buna səbəb isə birmənalı şəkildə təmas xəttindən operativ, düzgün xəbərlərin əhaliyə çatdırılması idi.
Xarici media orqanları təmsilçilərinin cəbhə xəttinə səfərləri erməni yalanlarını ifşa etdi
Onu da qeyd edək ki, aprel hadisələri zamanı istər ənənəvi çap mediası, istər internet media resursları və sosial şəbəkələrdə fəaliyyət göstərən bir sıra qruplar, istərsə də televiziyalar daxili arenada milli maraqlar müstəvisində çıxış etməklə yanaşı, beynəlxalq müstəvidə də dövlətin mənafeyinə xidmət edən, əsl həqiqətləri əks etdirən və erməni vandalizminin iç üzünü açan xəbərlərin təbliğində mühüm rol oynadı. Ölkəmizin bir sıra informasiya agentliklərinə, eləcə də Müdafiə Nazirliyinin saytına istinad edən xarici media resursları birmənalı şəkildə ermənilərin törətdikləri təxribatlar haqqında həqiqətlərin dünyaya yayılmasında əhəmiyyətli şəkildə iştirak etdi. Bundan başqa, Azərbaycanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə bir sıra xarici media orqanlarının əməkdaşları cəbhənin təmas xəttində yerləşən rayonlara səfər etdilər və baş verənlərlə yerindəcə tanış olmaq imkanı əldə etdilər. “Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər, eləcə də BBC, “Bloomberg”, “RİA Novosti”, İHA, “Cihan”, “Rossiya 24” kimi media orqanlarının nümayəndələrinin daxil olduğu qrup Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən “Lələtəpə” yüksəkliyini kənardan müşahidə etdilər. Daha sonra xarici jurnalistlər ermənilərin artilleriya zərbələri nəticəsində dinc əhalinin dağılan evlərinə də baxış keçirdilər.
Bundan başqa, Azərbaycan ordusunun mövqelərinin ermənilər tərəfindən intensiv atəşə tutulmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaq məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olundu. Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfəri dünya ictimaiyyətinin ermənilərin törətdikləri təxribatlarla yaxından tanış olmasında mühüm əhəmiyyətə malik oldu. Yeri gəlmişkən, bununla bağlı KİV-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfi münaqişənin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyəti aldatmaq və xüsusilə aprel ayından etibarən qoşunların təmas xəttində yaranmış gərginliyə görə daşıdığı məsuliyyəti gizlətməyə çalışır. O qeyd edib ki, ölkədaxili qanunlara və beynəlxalq hüquqa hörməti rəhbər tutan media orqanları Azərbaycan XİN-in akkreditasiyası əsasında işğal olunmuş ərazilərə səfər ediblər. Onun sözlərinə görə, Ermənistanın qoşunların təmas xəttində mülki əhaliyə qarşı törətdiyi vandalizmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün jurnalistlərin cəbhə boyu zonaya artıq iki səfəri təşkil olunub. Məqsəd Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttinə yaxın yaşayan mülki əhaliyə qarşı həyata keçirilən vəhşiliklərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.
Azərbaycan cəmiyyəti yalan, qərəzli və milli maraqlara zidd dezinformasiyaların yayılmasına qarşı kəskin müqavimət göstərdi
Bəli, bu bir həqiqətdir ki, bu gün müasir dünyamızda cəbhə xətti ilə yanaşı informasiya məkanında da mühüm mübarizə gedir. Bu baxımdan aprel ayında baş verən proseslər zamanı Azərbaycan mediasının, cəmiyyətin fəallığı və peşəkarlığı, milli maraqları qoruması və ən əsası həmrəylik nümayiş etdirməsi ermənilərin bu mübarizə meydanını da məğlub şəkildə “tərk etməsinə” yol açdı. Qeyd etdiyimiz kimi, 2014-cü ildən ötən dövrdə istər ənənəvi çap mediasında, istərsə də internet mediada mühüm maarifləndirmə işlərinin aparılması, bu istiqamətdə jurnalistlərin peşəkarlığının artırılması öz effektini verdi. Ümumilikdə, ölkənin vətəndaş cəmiyyəti institutlarının, tanınmış ictimaiyyət nümayəndələrinin, gənclərin vətənpərvərlik nümunəsi və vətəndaş mövqeyi nümayiş etdirməsi düşmənin qlobal informasiya məkanında da məğlub duruma düşməsini şərtləndirdi. Bununla bağlı fikirlərini bölüşən bir sıra ekspertlər də nəinki mətbuatımızın, bütövlükdə Azərbaycan cəmiyyətinin milli maraqlarımızın qorunması istiqamətində birlik, həmrəylik nümayiş etdirdiyini dilə gətirirlər. Ən əsası isə cəmiyyət, oxucular yalan, qərəzli və milli maraqlara zidd dezinformasiyaların yayılmasına qarşı kəskin müqavimət göstərdi. Belə demək mümkündürsə, bu dəfə Azərbaycan cəmiyyəti nizamlayıcı rolunda çıxış edərək mediamızla çiyin-çiyinə ümumi davranışların müsbət çalarlarla, yüksək peşəkarlıqla yadda qalmasına yardımçı oldu. Bu isə Azərbaycanın şücaətli ordusunun gələcək qələbələrində mühüm rola malik olacaq bir amilə çevrilməkdədir.
Pərviz SADAYOĞLU
Qarabağın Azərbaycanlı İcması ilə Parlament Jurnalistlər Birliyinin Milli Mətbuatımızın yaranmasının 141 illiyi ilə bağlı jurnalistlər
arasında “Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?”
mövzusunda keçirdiyi
müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30