Ölkəmizə gələn əcnəbi turistlərin sayı artıb
13.08.2016 [10:14]
Yaxud ərəb turistləri niyə məhz Azərbaycanı seçir?
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə tərəqqi müşahidə edilir. Və bu istiqamətdə xüsusi olaraq fərqlənən sahələrdən birinin də turizm sektoru olduğunu desək heç də yanılmarıq. Bu da səbəbsiz deyil. Belə ki, istər regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər, istərsə də sırf sözügedən sahə ilə bağlı qəbul edilən və reallaşdırılan proqramlar Azərbaycanda turizmin inkişafına təkan verib. Eyni zamanda, turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm yeni inkişaf mərhələsinə qədəm qoyub. Onu da vurğulamaq yerinə düşər ki, turizmin inkişafını prioritet sahələrdən biri kimi dəyərləndirən Prezident İlham Əliyev bu sahəni daim diqqətdə saxlayır, müxtəlif sərəncamlar imzalayır. Dövlət başçısının “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Məlumat üçün bildirək ki, sözügedən Sərəncam respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.
Məhz bunun nəticəsində cari turizm mövsümündə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur ki, onlar arasında da ərəblər çoxluğu ilə xüsusi olaraq fərqlənir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, təkcə cari ilin aprelində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2.5 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur.
Bəs görəsən ərəbləri ölkəmizdə daha çox nə maraqlandırır? Həmin suala cavab tapmaq məqsədilə ölkəmizə gələn ərəb turistlərindən bəziləri ilə həmsöhbət olduq. İlk müsahibimiz Birləşmiş Ərəb Əmirliyinin Dubay əmirliyindən olan Amal Aljaben ailəsi ilə birlikdə Azərbaycana gəlib. İlk dəfədir ölkəmizdə olduqlarını və Bakıdan başqa, Qəbələdə də istirahət etdiklərini bildirən həmsöhbətim yenidən buraya gəlməyi düşündüklərini söyləyib. Onun sözlərinə görə, buraya üz tutmalarına başlıca səbəb Azərbaycanın təhlükəsiz ölkə olması və turistlərin təhlükəsizliyinin təmin olunmasıdır: “Dostlarımızın məsləhəti ilə Azərbaycana gəldik. Bura çox gözəl və həyat tərzi olduqca rəngarəngdir. İnsanların diqqətli baxışlarını çox hiss etmişik. Çox yardımsevər və qonaqpərvər xalqsınız. Azərbaycanın təhlükəsiz ölkə olması və biz turistlərin rahatlığının düşünülməsi sizi digər ölkələrdən xüsusi olaraq fərqləndirir. Ürək rahatlığı ilə istədiyimiz yerlərə gedib gəzə bilirik. Çoxlu alış-veriş də etmişik. Bura gəldiyimiz üçün çox şadıq və artıq planlaşdırmışıq ki, gələn il yenidən Azərbaycana üz tutaq”.
Növbəti həmsöhbətim 17 yaşlı Aişa Ahmed də Dubay əmirliyindən ailəsi ilə qonaq gəlib. Avropanın bir çox şəhərlərində olduğunu deyən Aişa Bakını çox sevdiyini, özünü Avropadakı kimi çox rahat hiss etdiyini söyləyib. Azərbaycan ilə bağlı məlumatı isə “Formula 1” Avropa Qran-pri yarışı sayəsində eşitdiyini bildirib: “İdmanı çox sevirəm. Azərbaycan barədə də ilk dəfə “Formula 1” yarışları sayəsində məlumat aldım. Həmin yarışları evdən çox böyük həvəslə izləyirdik. Düşünürdüm ki, yay tətilimi bu qədər gözəl bir şəhərdə keçirməliyəm. 2 həftə burada qalacağıq. Bakıdan sonra isə Qubaya və Qəbələyə getməyi planlaşdırırıq”.
Digər həmsöhbətimiz Abu-Dabi əmirliyindən olan Alia Sulaiman isə həyat yoldaşı ilə vətənimizə üz tutub. İlk dəfədir ki, Azərbaycana gəldiyini deyən A.Sulaiman 5 gündür Bakıda istirahət etdiklərini, daha sonra isə 3 günlük Qəbələyə səyahət edəcəklərini deyib. O, Azərbaycan haqqında ilk məlumatı sosial şəbəkələrdən əldə etdiyini bildirib: “Həyat yoldaşımla bu il dünya turuna çıxmağa qərar verdik. İlk gəldiyimiz ölkə isə Azərbaycan oldu. Ailəmlə istirahət etmək üçün ən münbit yerləri çox araşdırdım. Sonda buranı seçdik. Qərarımızdan olduqca razıyıq. Bakı çox firavan və dinc şəhərdir. Bir-birindən ləzzətli mətbəxinizlə də tanış olmaq fürsətimiz yarandı. Ən çox “3 bacı dolması”nı bəyəndim. Sizdə dolma olduqca məşhur və çeşidləri də boldur. Məncə, yeməklərimiz çox bənzəyir. Şərq mədəniyyəti dərhal hiss olunur. Azərbaycanda multikultural dəyərlərin yüksək olması biz turistlərin ölkənizə marağının artmasında vacib rol oynayır”.
Dubay əmirliyindən olanların biri də Muhaiz Salemdir. Azərbaycana ailəsi ilə gələn Muhaizi ən çox sevindirən məqam viza rejiminin sadələşdirilməsi olub: “İlk dəfədir ki, ailəmlə Azərbaycanda qonaq oluruq. Viza rejiminin sadələşdirilməsini öyrənən kimi çox sevindik. Artıq hava limanında bütün prosedurlar həll olunur. Daha viza üçün günlərlə gözləməli olmadıq. Daha bir məqamı da vurğulamaq istərdim ki, buradakı dükanların və butiklərin üzərində həm ingiliscə, həm də ərəbcə yazıların olması müsbətdir. Bu, bizə olan diqqəti göstərir. Bakıdan savayı, Qəbələ və Quba şəhərlərində də olduq. Sabah vətənimizə qayıdırıq. Əmin olun ki, vətənə qayıdanda bütün tanışlarımıza Azərbaycanın mətbəxi, mədəniyyəti və qonaqpərvərliyindən bəhs edəcəyik”.
Digər həmsöhbətim Mohamaad Alhaabsi qohumları ilə birlikdə Azərbaycana təşrif buyurub. M.Alhaabsi 2017-ci ildə keçirilməsi gözlənilən IV İslam Həmrəylik Oyunlarını səbirsizliklə gözlədiyini, elə bu yarışların sorağı ilə Azərbaycana gəldiyini deyir: “Qardaşım, anam və ailəmlə birgə buraya istirahətə gəlmişik. Azərbaycanda 10 gündür ki, qonağıq. IV İslam Həmrəylik Oyunlarının gələn il Azərbaycanda keçiriləcəyini biləndə çox məmnun olduq. Buraya gəlib həm Azərbaycanın mədəniyyəti, tarixi, idmanı ilə yaxından tanış olmaq, həm də ailəm ilə birgə istirahət etmək istədik. Düşünürəm ki, səyahətimizin müddətini bir az da artırıb, sonra bölgələrə gedəcəyik”.
Qeyd etdiyimiz kimi, M.Alhaabsi ailəsi və qardaşı Saleh Alhaabsi ilə birgə Azərbaycana qonaq gəliblər. Bakını çox bəyəndiyini bildirən S.Alhaabsi Qəbələni də ziyarət etmək arzusunu dilə gətirib: “Qəbələ haqqında çox eşitdik. Əksər dostlarım hazırda orada istirahət edirlər. Bakı ilə yanaşı Qəbələdə də istirahət etməyi planlaşdırırıq”.
Sonda onu da bildirək ki, ərəb ölkələrindən Azərbaycana üz tutan turistlər sayəsində ölkədə turizmin inkişafı ilə yanaşı, ərəbdilli bələdçilərə də geniş iş imkanı yaradılıb. Belə ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ərəb dili üzrə bələdçilərin hazırlanması istiqamətində mühüm işlər aparılıb. Ekskursiyalar təşkil edilib. Əsasən, Bakıya - İçərişəhərə, Qobustana, Atəşgaha, Abşeron qalalarına, eləcə də Quba-Xaçmaz və Şəki-Qəbələ bölgələrinə turlar təşkil olunub. Bu turlar həmçinin ingilis və rus dilində keçirilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39

