Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət səhiyyə müəssisələrində xidmət ödənişsiz olaraq qalacaq

Dövlət səhiyyə müəssisələrində xidmət ödənişsiz olaraq qalacaq

29.10.2016 [10:49]

Səhiyyə Nazirliyi: Dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək. Nizamnaməyə əsasən, indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə, bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
Nizamnaməyə edilən digər dəyişikliyə əsasən, bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq. Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir. Qanuna əsasən, Azərbaycan ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir. İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ var. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir. Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur. Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin edilirlər. Yetkinlik yaşına çatmayanların peşə yararlılığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq hüququ var. Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları var.
Eyni zamanda, fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları var. Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüququna malikdirlər. Qanuna əsasən, özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərməlidirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrində pulsuz tibbi-sosial yardım göstərilir, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin olunurlar.
Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil. Nazirlikdən qeyd olunub ki, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.
Nazirlikdən o da bildirilib ki, dəyişikliklərə əsasən, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, dövlət tibb müəssisələrinin fəaliyyəti indiyə qədər əsasnamə ilə müəyyən olunurdu. Onun sözlərinə görə, “Publik hüquqi şəxs haqqında” qanuna əsasən, bundan sonra onların fəaliyyəti nizamnamə ilə müəyyən ediləcək: “İndiyə qədər dövlət səhiyyə müəssisələri nə cür fəaliyyət göstəriblərsə, publik hüquqi şəxslər bundan sonra da elə olacaq. Amma icbari tibbi sığorta sistemi tətbiq olunduqdan sonra sığorta ilə bağlı yeni maliyyələşmə siyasəti həyata keçiriləcək. Yəni ad dəyişməklə heç bir problem yaranmayacaq. Mətbuatda məsələ ilə bağlı çaşdırıcı fikirlər səslənir. Bu günə qədər hansı dövlət müəssisəsi pulsuz xidmət göstəribsə, bundan sonra da belə olacaq. Hazırda səhmlərinin çoxu dövlətdə olan bəzi xəstəxanalar var ki, onlar bu gün də ödənişli fəaliyyət göstərir. Buna misal olaraq Azərbaycan Tibb Universitetinin klinikalarını, Neftçilər Xəstəxanasını və başqalarını göstərmək olar. Amma bu müəssisələrin fəaliyyətinin hüquqi əsaslarını daha da möhkəmləndirməkdən ötrü onlar publik hüquqi şəxs kimi fəaliyyət göstərə bilərlər. Sadəcə, publik hüquqi şəxs olaraq gələcəkdə onlar Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayaraq, həmin Agentliyin vasitəsilə maliyyələşə bilər. Yəni sözügedən qərar gələcəkdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədardır və burada narahatlığa heç bir əsas yoxdur”.
Komitə sədrinin müavini deyib ki, icbari tibbi sığorta dünyada səhiyyənin maliyyələşməsinin ən müasir, optimal idarəetmə yoludur. M.Quliyev bildirib ki, icbari tibbi sığortanın həyata keçirilməsi Səhiyyə və Maliyyə nazirliklərinin, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə fəaliyyəti nəticəsində uğurlu ola bilər. Onun fikrincə, təkcə bir qurumun bu işlə məşğul olması çətindir.
“Artıq icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq Yevlax və Mingəçevirdə pilot layihələrə başlanıb. Nəzərdə tutulur ki, pilot layihə 1 il ərzində yaxşı nəticələr verərsə, bütün respublika ərazisində tətbiq olunsun. Təbii ki, bunu gələcək göstərəcək. Əgər pilot layihənin icrası zamanı hansısa problemlər ortaya çıxarsa, həmin problemlərin aradan qaldırılması müddəti və imkanları məsələsinə baxılacaq. Bundan sonra müəyyən etmək olar ki, pilot davam etsin, yoxsa bu sistem ölkə üzrə tətbiq olunsun. Bütövlükdə isə icbari tibbi sığorta bütün dünyada aparılan ən çətin və mürəkkəb islahatdır. Yəni bu sistemə keçid ictimai-sosial həyatın ən çətin və mürəkkəb islahatlarından biridir. Hesab edirəm ki, bu məsələdə tələsik qərarlar verməyə ehtiyac yoxdur. Bu prosesə həm vətəndaşlar, həm dövlət təşkilatları, həm işə götürənlər, həm də səhiyyə müəssisələri hazır olmalıdır. Fikrimcə, bu sistemin tam oturuşması üçün 4-5 il vaxt lazım olacaq”, - deyə M.Quliyev vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31