Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Horadizdən Lələtəpəyə uzanan döyüş yolu...

Horadizdən Lələtəpəyə uzanan döyüş yolu...

06.01.2017 [09:38]

Və ya Qarabağın azadlığı uzaqda deyil
Artıq tarixə çevrilmiş 2016-cı il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm məqamları ilə yadda qaldı. Əvvəla onu vurğulayaq ki, Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində aparılan danışıqlar prosesi ötən il də davam etdirildi. Digər tərəfdən, ötən ilin aprel ayında ermənilərin təmas xəttində törətdiyi təxribatların qarşısının Silahlı Qüvvələrimiz tərəfindən uğurla alınması, Lələtəpə yüksəkliyinin, eləcə də işğal altında olan strateji nöqtələrin azad edilməsi uzun illər idi ki, gözlənilən qələbə xəbərinin ilk qaranquşuna çevrildi. Xatırladaq ki, ötən ilin aprel ayında Silahlı Qüvvələrimizin qazandığı qalibiyyət 1994-cü ildən əldə edilmiş atəşkəs razılaşmasından sonrakı müddətdə qazanılan mühüm bir qələbədir. Atəşkəs razılaşmasına qədərki müddətdə isə Azərbaycan Ordusunun sonuncu zəfəri Horadiz istiqamətində aparılan hərbi əməliyyatlar zamanı baş verib...
1994-cü ildə qazanılan Horadiz qalibiyyəti ermənilərin məğlubiyyətinin qaçılmaz olduğunu bir daha sübuta yetirdi
Məlum olduğu kimi, 1992-1993-cü illərdə Azərbaycanda hakimiyyətə yiyələnmiş AXC-“Müsavat” cütlüyünün yarıtmaz siyasəti, eləcə də hakimiyyət daxilində ayrı-ayrı şəxslərə tabe olan silahlı birləşmələrin özbaşınalığı, həmin silahlı qruplaşmaların şəxsi maraqlar kontekstində idarə edilməsi Dağlıq Qarabağın və ətrafındakı rayonların ard-arda erməni silahlıları tərəfindən işğal olunması ilə nəticələndi. Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yarandı. Ümummilli liderin rəhbərliyi ilə nizami ordu hissələrinin yaradılmasına start verildi, Silahlı Qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi prosesi həyata keçirildi, eləcə də hərbi hissələrin texniki bazası, silah-sursat təminatı yüksək səviyyədə təmin edildi. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayil rayonunun Cocuq Mərcanli kəndi işğaldan azad olundu.
Məlumat üçün bildirək ki, 1993-cü ilin dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücum əməliyyatı həyata keçirdi. Dağlıq Qarabağın şimal-şərqindən başlanan hücum nəticəsində ermənilər Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrini tərk etdilər. Azərbaycan Silahlı Qüvvələrinin Horadizə əsas zərbələri isə Dağlıq Qarabağın cənub-şərqində Beyləqan rayonundan endirildi. Çöl zonasına keçən döyüşdə Azərbaycan hissələri düşmənin müdafiəsini dağıtdı və top atəşi, raket artilleriyası altında Füzuli rayonunun daxilinə tərəf irəliləməyə başladı. 1994-cü ilin yanvar ayının əvvəlində Silahlı Qüvvələrimiz 11 qəsəbə və 40 kilometr Azərbaycan-İran sərhədi uzunluğunda ərazini işğalçılardan azad etdi.
1994-cü ilin yanvar ayının 5-dən 6-na keçən gecə isə Azərbaycanın hərbi bölmələri düşmənin müqavimətini qırıb, Horadiz qəsəbəsinə daxil oldu, qəsəbəni, Horadiz Dəmiryol Stansiyasını və Araz çayı üzrə vacib strateji hədəf olan Xudafərin körpüsünü düşməndən azad etdi. Strateji mövqe olan Horadiz qəsəbəsi qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsi idi. Beləliklə, Azərbaycan Araz çayı üzərində Horadiz dəmiryoluna və şimal istiqamətində Füzuliyə tərəf irəlilədi. Nəticədə, yuxarıda da vurğuladığımız kimi, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Düşmən işğalı altında olan 21 min hektar sahənin nəzarəti yenidən ölkəmizə qayıtdı. Yeri gəlmişkən, bu döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıqlara görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
2016-cı ilin aprel döyüşləri Qarabağın azadlığının yaxında olduğunun müjdəçisidir
Qeyd etdiyimiz kimi, Horadiz qalibiyyətinin davamı məhz ötən ilin aprel ayında oldu. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu təxribatlar törədən, Azərbaycan mövqelərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə məruz qoyan ermənilər 2 nəfər dinc sakinin ölümünə səbəb oldu. Bu təxribatların qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirildi. Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları, o cümlədən düşmənin yüzdən çox hərbi qulluqçusu məhv edildi. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan silahlılarından tam azad olundu. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərə məxsus 14 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən 100-dən çox hərbi qulluqçusu öldürüldü. Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini bu gün də tam nəzarət altında saxlayır.
Azərbaycan Silahlı Qüvvələri qısa zaman ərzində böyük inkişaf yolu keçib
Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirməklə yanaşı, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bir daha təsdiqlədi. Bəli, Azərbaycan ordusu hər an düşmən işğalında olan ərazilərimizi azad etmək qüdrətindədir. Son 10 ildə ölkə büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi dəfələrlə artıb. Bunun nəticəsidir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərcləri ilə eyni səviyyədədir. Bu isə ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, işğal altında olan ərazilərimizin azad olunması istiqamətində hər an qətiyyətli addım atmağa imkan verir.
Məhz ötən ilin aprelində qazanılan mühüm qələbə bir daha göstərdi ki, Azərbaycanın Silahlı Qüvvələri qısa zaman ərzində olduqca böyük inkişaf yolu keçib. Bu uğurların əldə olunmasında isə orduya dövlət qayğısı böyük rol oynayıb. Məhz bu diqqətin, qayğının nəticəsidir ki, müasir silah-sursatla, yüksək səviyyəli texnika ilə təchiz olunan Azərbaycan ordusu Cənubi Qafqazın ən inkişaf etmiş və güclü ordusuna çevrilib. Azərbaycan dövləti bu gücün, potensialın inkişafı üçün bütün tədbirləri həyata keçirir. Ölkəmizdə modern hərbi sənaye kompleksi yaradılıb. Əsgərlərimizin, zabit heyətinin döyüş ruhu isə hər zaman qələbəyə köklənib. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin hər bir üzvü Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağın azadlığı üçün vuruşmağa hazırdır. Bir sözlə, Horadizdən Lələtəpəyə uzanan döyüş yolu qələbənin uzaqda olmadığını bir daha nümayiş etdirmiş oldu...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31