Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Seroloji testlərin aparılması pandemiya ilə mübarizə strategiyasının tərkib hissəsidir

Seroloji testlərin aparılması pandemiya ilə mübarizə strategiyasının tərkib hissəsidir

15.08.2020 [00:37]

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəti həftədən seroloji testlərin keçirilməsinə start veriləcək

Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı mübarizə müxtəlif sahələri əhatə edir. Azərbaycan dövləti əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görür. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiya ilə səmərəli mübarizə aparan nümunəvi ölkə kimi səciyyələndirib.

Qeyd edək ki, pandemiya şəraitində koronavirus xəstələrinin müalicəsi məqsədilə ölkəmizdə 46 xəstəxana ayrılıb. Eyni zamanda modul tipli xəstəxanaların sayının 16-ya çatdırılması nəzərdə tutulur. Bundan başqa, COVİD-19-un səmərəli müalicəsində erkən və dəqiq diaqnostika mühüm rol oynadığı üçün pandemiya şəraitində artan tələbatı qarşılamaq, xəstəliyi erkən mərhələdə və dəqiq müəyyənləşdirmək məqsədilə ölkə üzrə 31 laboratoriya fəaliyyət göstərir və onların 45-ə çatdırılması nəzərdə tutulub. Son məlumatlara görə, indiyədək müasir avadanlıqlarla təchiz olunan laboratoriyalarda 800 mindən çox test aparılıb.

Seroloji testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq

Bu məqamda vurğulamaq yerində düşər ki, dünyanın bəzi ölkələrində sınaqdan keçirilən seroloji testlərin aparılması da pandemiya ilə mübarizə strategiyasının tərkib hissəsi hesab edilir. Məhz bu səbəbdən Azərbaycan hökuməti tərəfindən də bu istiqamətdə mühüm addımlar atılır. Belə ki, Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəti həftədən seroloji testlərin keçirilməsinə start veriləcək.

Layihənin məqsədinə gəlincə, əsas hədəf əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, habelə immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycanda seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb və testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Həmin şəxslərə zəng etdikdən sonra razılaşdıqları halda, qeydiyyatda olduqları poliklinikada hazırlanmış tibbi heyət onların evinə yaxınlaşıb qan nümunələri götürəcəklər. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılacaq.

Testlər təsadüfi seçilən 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq

Xatırlatmaq gərəkdir ki, ilkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Layihəyə Bakı şəhərindən başlanılacaq və 1500-ə yaxın şəxs tədqiqata cəlb olunacaq. Daha sonra tədqiqat Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaq. Analizlər tam təmənnasız götürüləcək, hətta vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək və nəticə əldə olunduqdan sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək. Seroloji testlərlə bağlı tam statistik məlumatlar əldə edildikdən və toplandıqdan sonra nəticələr ictimaiyyətə də elan olunacaq.

Onu da vurğulamaq yerinə düşər ki, testlər təsadüfi seçilən 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq. Çünki 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur və analizlər daha çox neqativ nəticə verir. 65 yaş üzərində də nəticələr digər qrupdakı kimidir.

Qaşqay RAMAZANOV

 
Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31