Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Öz kəşfləri ilə dünya elminə mühüm töhfələr verən azərbaycanlı alim

Öz kəşfləri ilə dünya elminə mühüm töhfələr verən azərbaycanlı alim

16.09.2020 [09:17]

Süleyman Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələri üzrə elm aləmində tanınmış mütəxəssisdir
Məlum olduğu kimi, bir çox soydaşımız Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində elm sahəsində mühüm kəşflərin və ixtiraların müəllifi kimi ciddi uğurlar qazanıb. Belə alimlərimizdən biri - Süleyman İfxan oğlu Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələri üzrə elm aləmində tanınmış mütəxəssisdir. Qeyd edək ki, S.Allahverdiyev AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bio-nanotexnologiyalar laboratoriyasının və Rusiya Elmlər Akademiyasının (REA) K.A.Timiryazev adına Fiziologiya İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bitkilərin fiziologiyası kafedrasının professorudur.
Süleyman Allahverdiyev 1950-ci il avqustun 1-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çaykənd kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1973-1977-ci illərdə Çaykənd orta məktəbində fizika müəllimi işləyib. 1977-ci ildə SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunun (indiki REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutu) aspiranturasına daxil olub. 1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda biofizika üzrə namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Namizədlik dissertasiyasının müdafiəsindən sonra S.Allahverdiyev SSRİ EA-nın Fotosintez İnstitutunda işləməyə başlayıb. 2002-ci ildə o, REA-nın Bitkilərin Fiziologiyası İnstitutunda “Bitkilərin fiziologiyası və biokimyası” ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. 2005-2007-ci illərdə Yaponiyanın Okazaki Molekulyar Elm İnstitutunun Molekulyar miqyaslı Nanologiya Elmi-Tədqiqat Mərkəzində çalışıb. İndiyə qədər alimin rəhbərliyi altında 2 elmlər doktoru və 6 elmlər namizədi hazırlanıb.
S.Allahverdiyevin tədqiq etdiyi 2-ci fotosistemin (FS-2) elektron-nəqliyyat zəncirində fəaliyyətin əsasını təşkil edən ilkin mexanizmlərin, fotosintez zamanı elektronların təklif olunan energetik və kinetik yerdəyişmə sxemi bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib. Sonradan S.Allahverdiyevin əldə etdiyi məlumatların məcmusu əsasında FS-2 bitki və sianobakteriyaların fəaliyyəti, eləcə də inaktivasiya mexanizmləri və stresli şəraitlərdə onun sonrakı reparasiyası haqqında yeni təsəvvürlər sistemi yaradılıb, bitkilərin fotosintez aparatının əlverişsiz ətraf mühit şəraitinə uyğunlaşdırılmasının molekulyar mexanizmləri tədqiq edilib. Habelə S.Allahverdiyev tərəfindən duz stresinə qarşı FS-2-nin dayanıqlılığında qatqısız canlı hüceyrələrin rolu müəyyən edilib, FS-2-nin ətraf mühitin stresli amillərinə müqavimətini yetərincə gücləndirən gen mühəndisliyi yolları aşkarlanıb.
Hazırda S.Allahverdiyev nano-biotexnologiyanın yeni istiqamətlərindən biri olan təbii zülal strukturu əsasında süni fotosintez sistemlərinin yaradılmasını fəal inkişaf etdirir. Bu, gələcəkdə alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin əldə edilməsinə imkan verəcək.
Elmi əsərlərinə istinad sayına görə Rusiya alimləri arasında yüksək sitat reytinqi olan yeganə azərbaycanlı
Qeyd edək ki, S.Allahverdiyev 350-dən çox məqalənin, 6 ixtiranın və 8 kitabin müəllifidir. ISI indeksinin və Hirş (Hirsch) indeksinin məlumatına görə, S.Allahverdiyevdən sitatgətirmə və elmi əsərlərinə istinad sayı müvafiq olaraq təxminən 12000 və 59-dur. O, 1000-dən çox sitat indeksi ilə (cəmi 1795 nəfər) “Milli alimlərin lider siyahısı”na (Rusiya) daxildir. S.Allahverdiyev belə yüksək sitat reytinqi (12000-dən çox) olan yeganə azərbaycanlıdır.
S.Allahverdiyev 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveç, Çexiya, Macarıstan, Türkiyə, Hindistan və s.) dəvətli professor kimi çalışıb. O, Rusiya və digər ölkələrdə keçirilən 80-dən çox konfransda çıxış edib, dünyanın 40-dan çox ölkəsində, o cümlədən Avstraliya, Macarıstan, Yaponiya, Almaniya, İspaniya, Kanada, Hollandiya, Sinqapur, Fransa, İsveç, Türkiyə və digər dövlətlərdə dəvətlə mühazirələr oxuyub. Eyni zamanda Yaponiya, Kanada, Hindistan, Macarıstan, Almaniya, Sinqapur, ABŞ, İsveç və digər dövlətlərin elmi-tədqiqat təşkilatlarının beynəlxalq layihələrində rəhbər və iştirakçıdır. O, böyük uğurla keçən “Postgenom dövrdə fotosintez: biofizikadan molekulyar biologiyaya qədər” (Kanada, 2004), “Fotosistemlərin struktur və funksiyası” (Puşşino, 2006; 2014, 2016), “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” (2011, 2013, Bakı, Azərbaycan); (2015, Krit, Yunanıstan), “Davamlı inkişaf üçün fotosintez ve hidrogen enerji tədqiqatları” (2017, Heydarabad, Hindistan) beynəlxalq simpozium və konfranslarının təşkilatçısı olub.
Görkəmli azərbaycanlı alim, həmçinin fotosintez, bitki fiziologiyası və biokimyası, molekulyar biologiya, nano-biotexnologiyalar üzrə əsərlər dərc edən aparıcı beynəlxalq jurnalların redaksiya heyətlərinin üzvüdür: “Biochimica et Biofhysica Acta” (BBA-Bioenergetics), “Beynəlxalq hidrogen enerji”, “Fotokimya və fotobiologiya” B: Biologiya, “Avropa kimya”, “Açıq struktur biologiya”, “Biotibbi elm və mühəndislik”, “Bitki fiziologiyasında sərhədlər”, “Bioloji və biotexnologiyadakı inkişaflar”. Eyni zamanda, S.Allahverdiyev aşağıdakı beynəlxalq jurnalların xüsusi buraxılışlarında qonaq redaktor olub: “Fotosintez tədqiqatı” (“Photosynthesis Research”), “Fotokimyəvi və fotobioloji elmlər”, “Biochimica et Biofhysica Acta”, “International Journal of Hydrogen Energy”, “Functional Plant Biology”, “Photosynthetica” və s.
Bununla yanaşı, S.Allahverdiyev Fotositez Tədqiqatçıları Beynəlxalq Cəmiyyətinin üzvü, Rusiya Fotobioloqlar Cəmiyyətinin üzvü, Rusiya Bitki Fizioloqları Cəmiyyətinin üzvü, Rusiya Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin üzvü, Amerika Kimyaçılar Cəmiyyətinin üzvüdür.
Süleyman Allahverdiyev Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə ali mükafatlara layiq görülüb
Vurğulamaq yerinə düşər ki, S.Allahverdiyev Rusiyanın ən tanınmış və istedadlı alimlərindən biridir. Onun ən yüksək səviyyədə yerinə yetirdiyi elmi işləri isə dünya səviyyəsində Rusiya elminin nüfuzunun formalaşdırılmasında mühüm rol oynayır.
Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə S.Allahverdiyev biologiya sahəsində ən çox istinad olunan alim kimi “Scopus Awards” mükafatına layiq görülüb. Qeyd edək ki, “Scopus Awards” mükafatı 2004-cü ildə mühüm elmi-texniki nailiyyətlərlə bağlı məlumatların nəşri ilə məşğul olan “Elsevier” şirkəti tərəfindən təsis edilib. “Scopus” elmi nailyyətlərin ən obyektiv göstəricisi hesab olunur. Elmin inkişafına hər bir alimin töhfəsi onun nəşr etdirdiyi elmi məqalələrin sayı və beynəlxalq kütləvi informasiya vasitələrində istinad indeksi ilə müəyyən olunur. Namizədlərin seçilməsi üçün “Scopus” verilənlər bazasında 11 elm sahəsi üzrə analizlər aparılır və hər bir elm sahəsi üzrə 2015-2018-ci illərdə “Scopus” bazasında indeksləşmiş nəşrlərin sayı, istinadların orta sayı, istinad indeksi nəzərə alınır. Bu mükafat Latın Amerikasında, Asiyada, Avropada, 2011-ci ildən isə Rusiyada ən çox nəşr edilən və istinad olunan müəlliflərə verilir.
Yeri gəlmişkən. onu da qeyd edək ki, S.Allahverdiyev elmmetrik analiz üzrə lider olan “Clarivate Analytics” şirkətinin 2018-ci ilin ən məhsuldar və əsərlərinə ən çox istinad edilən alimlərinin dünya üzrə siyahısına da daxil edilib. Belə ki, bu siyahıda yer alan 4058 alimdən 2639 nəfəri ABŞ, 546 nəfəri Böyük Britaniya, 482 nəfəri Çin Xalq Respublikası, 8 nəfəri isə Rusiyadandır. Qürurverici məqam odur ki, bu siyahıda yer alan Rusiyanın 8 alimindən ən çox fərqlənən məhz soydaşımız Süleyman Allahverdiyev olub.
Valid Məhərrəmov,
Fizika, riyaziyyat və
informatika təmayüllü liseyin
informatika müəllimi

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31