Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tonqallarınız gur yansın!

Tonqallarınız gur yansın!

15.03.2022 [10:50]

Bəxtini nurda sına, sınadın, bir də sına - Bayram inancları

İlhamə HƏKİMOĞLU

İnsan torpaqdan yaranıb, son olaraq da torpağa gedir. Torpaq çərşənbəsinin anlamı əslində hiss etdiyimizdən qat-qat böyükdür. Bu, özümüz də hiss etmədən kökümüzə, yaranışımıza qayıdışdır.

Min illərdir ki, xalqımız baharın, yazın, günəşin gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadırlar. Bütün bayramlarımız mahiyyət etibarı ilə birləşdirici, bütünləşdirici xüsusiyyətə malikdir. İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqın birliyi və birlikdən doğan diriliyi dayanır.

Ömrümüzün daha bir baharını qarşılayırıq. Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbəni qeyd edirik -Su, Od, Yel və Torpaq çərşənbəsi.  Bu gün sonuncu, İlaxır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi”,”Çərşənbə-suri” adları ilə də tanınır.

 Əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Su, Atəş və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər” - deyə yerindən qalxır, dördü əl-ələ verib işıqlı dünyaya çıxırlar. Həmin gün elin əziz günü olan Axır çərşənbəyə təsadüf edirdi.

Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. İlaxır çərşənbədə havanın necə olmasından asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir.

Axır çərşənbənin gecə mərasimləri daha dəbdəbəli, bayram havasında keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir.

İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə əkinçilik həyatının başlanmasına işarədir. 

Axır çərşənbəyə bir neçə gün qalmış evlər, həyət-bacalar təmizlənər, bayrama  təmiz şəkildə çıxarlar.

Bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəhs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axır çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmaqla ağırlıqdan, azar-bezardan arınar. Bəzi ellərimizdə 7 dənə bayram tonqalı  və insanlar bir dəfə yeddi tonqalın üstündən tullanırlar. Və ya bir tonqalın üstündən yeddi dəfə tullanarkən, “Ağırlığım odda yansın” deyib dua edərlər. Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu tonqalın üstündən tullanan bütün adamların ağırlığının küllə birlikdə uzağa atılması anlamına gəlir.

Axır çərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar.

İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Yeməklərin şahı plovdur və mifoloji anlamda götürsək, düyü bərəkət rəmzidir. Sözsüz ki, süfrədə yazın gəlişi, təbiətin oyanmasının nişanəsi olan səməni də olmalıdır. Eləcə də şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir. Səməni xonçası hazırlayıb, bütün kənddə evləri gəzərlər, evində qara bayram olan və ya bayramı qeyd edə bilməyənləri bu xonçaya qonaq edərlər. Kasıb insanların evlərinə bayram nemətləri aparmaq  ənənəsi sübut edir ki, Novruz xeyirxahlıq, humanizm və bərabərlik bayramıdır. Bu bayramda Kosanın qapı-qapı gəzib pay toplaması da elə paylaşmağın, əl tutmağın rəmzidir.

Bu bayramda dünyasını dəyişmiş qohumların ruhlarını sevindirmək  şərtdir. Deyirlər ki, həmin vaxt ruhlar evlərin bacalarında oturarlar. Ailəsinin, övladlarının necə dolandığı ilə maraqlanarlar. Ona görə həmin insanların adlarına müxtəlif şirniyyatlar hazırlanar ki, ruhlar ailə üzvlərindən nigaran qalmasın.

İlaxır çərşənbənin inancları və bəxt falları

İlaxır çərşənbəsində ya da Novruz axşamı ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedərlər. Qapı dalında durub içəriyə qulaq asarlar. Eşidilən ilk kəlmə, cümlə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könülaçan söhbətlər edilməsi şərtdir.

Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər, qorxanların başından su töküb qorxunu götürərlər. İnanca görə,  axır çərşənbədə qonşuya ələk verməzlər.

Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırar, şamı yarımçıq söndürməzlər. Bayram gecəsi evdən qonşuya od, kibrit, neft verməzlər. Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar. Axır çərşənbə günü ertədən lampa yandırarlar. Axır çərşənbədə gün çıxmamış su üstündən tullanarlar.

İlaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli, həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox əgər iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir.

Bu bayramda qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək, gənc qız həmin yaşda ailə həyatı quracaq.

İlaxır çərşənbədə sevən oğlanlar sevgilərini etiraf etmək üçün bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayardılar. Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlardısa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub geri qaytarardılar.

Bundan başqa, səhər tezdən lal su gətirilir, mərasimdə iştirak edəcək qızlar hərə bir əşyasını, məsələn, sancaq və ya üzüyünü suya atarlar. Axşamüstü bayatı- vəsfi-hal deyə-deyə üstü örpəklə örtülmüş sudan əşyalar çıxarılar, əşyası çıxan qız öz niyyətini deyilən bayatı ilə uyğunlaşdırar.

İki alma götürüb ona xəlvəti bir işarə qoyulur. Ürəkdə niyyət edilir, sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar.

Subay qızlar duzlu qoğal yeyərlər. Yuxuda  evlənəcəkləri oğlanı görəcəklərinə inanarmışlar. 

 Bayram fallarından biri də yumurta falıdır. Ağ yumurtanı yuyub quruladıqdan sonra onu ocaq başında, təndir yanında və ya tövlədə (şəhər yerlərində balkonda, gül ağacının dibində və ya mətbəxdə) heç kəsin görmədiyi bir yerə qoymaq lazımdır. Yumurtanın sağ tərəfinə qırmızı, sol tərəfinə qara qələm  qoyulur. Deyilənə görə, mələklər insanın gələcək taleyinə uyğun olaraq yumurtanın üzərinə bu qələmlərdən biri ilə xətt çəkirlər.

Torpağın müqəddəsliyi vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Ona “Ana torpaq” deyərik, anamız qədər sevərik. Torpağ ruzimizdir, dolanışığımız, əvvəlimiz, axırımızdır. Buna görə Torpaq Çərşənbəsi ayrılıqda bir böyük torpaq bayramıdır. Torpaq qədər bərəkətli, qayım-qədim, dözümlü, güclü, qədirli, qiymətli olasınız, əziz soydaşlarımız. Ömrünüzün bu baharı daha düşərli olsun. Nə qədər dərdiniz, tasanız, nigaranlığınız, narahatlığınız varsa, hamısı İlaxır çərşənbənin tonqallarında yansın, işıqlarımız sönməsin, ocağımız isti, dilimiz də bayram paxlavası kimi şirin olsun. Bayramınız mübarək olsun!

Paylaş:
Baxılıb: 901 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31