Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Turist axını niyə azalır?

Turist axını niyə azalır?

18.07.2026 [10:19]

Yeni Dövlət Proqramında turizmi inkişaf etdirmək üçün vacib istiqamətlər müəyyənləşib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 871,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır. Ölkəmizə gələn turistlərin 27,2 faizi Rusiya Federasiyası, 22 faizi Türkiyə, 8,4 faizi İran, 5 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,3 faizi Çin, 2 faizi İsrail, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,8 faizi digər ölkələrin payına düşür. Qeyd edilən ölkələrdən əsas etibarilə İran, Pakistan, İsrail, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrindən gələnlərin sayında azalma baş verib. Körfəz ölkələrindən gələnlərin sayı 31,6 faiz azalaraq 105,2 min nəfərə düşüb. Ancaq Avropa İttifaqı (Aİ) regionundan gələnlərin sayında artım qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 faiz artaraq 44,2 min nəfər təşkil edib. MDB ölkələrindən gələnlərin sayı isə 3 faiz artaraq 336,5 min nəfərə bərabər olub.

Geosiyasi risklər körfəz ölkələrindən axını xeyli azaldıb

Azərbaycana turist axınının azalması əsasən regiondakı geosiyasi gərginliklər, İranın Hörmüz boğazını qapatmasından sonra logistika pozulmalarının aviasektora təsirləri, Yaxın Şərqdəki münaqişələr və Hindistan-Pakistan arasındakı problemlərlə bağlıdır. Qeyd edilən bölgələrdə davam edən münaqişələr, eləcə də İran ətrafındakı vəziyyət və körfəz ölkələrinin aviaşirkətlərinin bəzi uçuşları dayandırması bu regiondan gələn turistlərin sayına kəskin mənfi təsir göstərib. Göründüyü kimi Azərbaycana gələn turistlərin say tərkibində ən kəskin azalma da adıçəkilən region ölkələridir. Oman, Pakistan, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər regionlardan gələn turistlərin sayında turist gəlişində düşüşün əsas səbəbləri həmin ölkələrdə hava reyslərində yaranmış çətinliklər, Hörmüz boğazının qapadılmasından sonra yanacağın qiymətinin artması ilə əlaqədar aviakompaniyalarda qiymət və xidmət tarazlığının pozulması, təyyarə biletlərində qiymət artımları və s. ilə bağlıdır. Bu isə həmin turistlərin səfərlərinə mənfi təsir göstərib.

Təyyarə biletlərinin bahalaşması da səfərlərə təsir edir

Bununla, yanaşı, son 6 ayda qlobal bazarda təyyarə yanacağının bahalaşması aviakompaniyaların təyyarə biletlərinin qiymətini artırmağa məcbur edib, ötən illə nisbətdə aviareyslərdə ən azı 20 faiz artım var. Bu amil də turistlərin coğrafi baxımdan yaxın ölkələrə və gəmi ilə səyahətlərinə təsir edir. Bu səbəbdən ölkəmizə turist paketində xüsusi yer tutan ərəb və Hindistan vətəndaşlarının sayı xeyli aşağı düşüb. Son aylarda Aralıq-Qara dəniz regionlarında yerləşən ölkələrə, o cümlədən Gürcüstana gəmi səyahətlərinin sayının artması da bunu təsdiləyir.

Yuxarıda qeyd edilən səbəblərdən başqa, bir sıra amillər var ki, bu da Azərbaycana turist axınının artmasına mane olur. Bunlar əsas etibarilə birbaşa daxili amillərdir. Bura turizm xidmətlərinin təşkilindəki nöqsanlar, qiymətlərin baha olması, turistlərin yerləşdirilməsindəki bahalı infrasrtruktur obyektlərinin daha çoxluğu və regionlarda kiçik və fərdi turist məntəqələrinin sayının az olması ilə əlaqədardır.

Xidmət nöqsanları, qiymət uyğunsuzluqları...

Azərbaycan zəngin sərvətlərə və irsə sahibdir, infrastruktur və nəqliyyat, otel və yerləşdirmə yerləri ən müasir tələblərə uyğundur. Ölkəmizdə viza rejimi də olduqca sadə və əlverişlidir. “ASAN Viza” elektron portalının fəaliyyəti ikitərəfli vizasız gediş-gəliş sazişləri üçün hüquqi istinadlardan biridir və xaricilərin ölkəmizdə 30 günədək qalmaq hüququ verir. Avropa İttifaqına üzv ölkələrin vətəndaşları üçün də viza rejimi xeyli sadələşdirilib. Bu amillər turizm üçün mühüm əhəmiyyət daşıyır. Bütün bunlara baxmayaraq, turizmdə ciddi problemlər qalır, xüsusilə də xidmət və qiymət bölmələri, turizstlərin yerləşdirilməsi üçün əlavə infrastrukturların təkmiləşdirilməsinə ehtiyac vardır.

Statistika göstərir ki, Azərbaycanda turizm paketinin qiymətləri bahadır. Xüsusilə də 4 və 5 ulduzlu hotellərin qiymətlərində artım daha çoxdur. Beynəlxalq onlayn turizm platformaları olan “TripAdvisor”, “Four Square”, “Booking.com” bronalaşdırma portallarında yerləşdirilmiş qiymət cədvəlindən də aydın olur ki, cari ilin ilk 5 ayında Azərbaycandakı 5 ulduzlu hotellərdə bir günlük orta qiymət təxminən 300 manat təşkil edir. Regionlarda isə aşağı klaslı turizm paketləri yoxdur, kənd turizmi çox zəifdir.

Problemlər hökuməti də düşündürür

Bütün dünyada turizm enerji daşıyıcılarından və İT sektorundan sonra ən çox valyuta gətirən sektor hesab olunur. Turizm iş yerlərinin yaradılması, iqtisadi fəallığın artması, ölkənin gəlirlərinin yüksəlməsi və büdcəyə vergi yığımlarının həcminin çoxalmasında mühüm rol oynayır. Eləcə də turizm sənayesi xidmət sektoru, aqrar və yeyinti sahəsinin inkişafına təkan verir. Ona görə də bu sahənin inkişafı üçün çoxşaxəli tədbirlərin görülməsi, institusional dəyişikliklər edilməli, turizm müəssisələrinin xidmət strukturları daha da müasirləşdirilməli, keyfiyyətli turizm arxitekturası qurulmalıdır.

Hazırda bölgədə qeyri-neft sektorunun ən gəlirli sahəsi kimi turizm və xidmət sənayesində rəqabət dərinləşir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində zəngin turizm landşaftının olması isə regional rəqabətdə üstünlüyü ələ keçirməyə əlavə imkan verir. Bu baxımdan yeni şəraitdən düzgün istifadə edilməlidir, qətiyyən gecikmək olmaz.

Bu problemlər sözsüz ki, hökuməti də düşündürür. İyulun 10-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın keçirilən növbəti iclasında turizm sənayesindəki vəziyyət və “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi barədə geniş müzakirələrin aparılması da bunu təsdiqləyir. İclasda turizmin inkişafına mane olan amillərə nəzər salınıb və yeni təşviqedici addımların atılması üçün tapşırıqlar verilib. 2026-2030-cu illəri əhatə edəcək Proqramda müəyyən edilmiş hədəflərə nail olmaq üçün konkret icra mexanizmləri və fəaliyyət planı formalaşdırılıb. Proqram çərçivəsində hava məkanından istifadənin liberallaşdırılması, beynəlxalq hava əlaqələrinin genişləndirilməsinin təşviqi və gəlmə turizm məqsədilə vizasız rejimin tətbiqi əsas prioritetlər sırasında yer alır. Eyni zamanda, regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması da proqramın mühüm istiqamətlərindən biridir.

Turist axınının stimullaşdırılması məqsədilə Proqram çərçivəsində Azərbaycanın qastronomiya, sağlamlıq, qış və ekoturizm destinasiyası kimi tanıdılması planlaşdırılır. Yeni çimərliklərin yaradılması, Turizm və Rekreasiya Zonalarında investisiyaların artırılması və mikro, kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi də nəzərdə tutulur. Həmçinin sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi, turizm sahəsində təhlükəsizlik və keyfiyyət standartlarının gücləndirilməsi, regionlarda əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, hədəf turizm bazarlarında təbliğat və sosial media kampaniyalarının genişləndirilməsi proqramın digər vacib istiqamətlərindəndir. Dövlət Proqramı turizm sahəsinə aid təhsil proqramlarının və müvafiq infrastrukturun inkişafını, Turizm İnformasiya Sisteminin yaradılmasını və tədqiqat layihələrinin dəstəklənməsini də əhatə edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31